Qaynar xətt:

(+99450) 247 90 86

Bu model Azərbaycanda da tətbiq oluna bilərmi? — Ekspert RƏYİ  

Bu model Azərbaycanda da  tətbiq oluna bilərmi? — Ekspert RƏYİ  

CƏMİYYƏT

80

10.07.2026, 13:17

Avropanın ən zəngin dövlətlərindən biri olan Lüksemburq, ictimai nəqliyyatı hər kəs üçün tamamilə ödənişsiz etməklə dünya ölkələrinin diqqət mərkəzindədir. Təxminən altı il öncə qüvvəyə minən bu qərar təkcə yerli sakinlərin deyil, ölkəyə gələn turistlərin də büdcəsinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaradır. Pulsuz nəqliyyat sistemi həmçinin ekoloji mühitin qorunmasına və şəhərdəki tıxacların azalmasına xidmət edir. Bu uğurlu təcrübə digər inkişaf etməkdə olan ölkələr üçün də bir nümunə rolunu oynayır. Sosial layihələrin səmərəliliyi baxımından bu addım Lüksemburqun turizm potensialını və qlobal nüfuzunu xeyli artırıb. Bəs analoji addımın Azərbaycanda atılması və ictimai nəqliyyatın ödənişsiz olması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, bu məsələyə yanaşarkən ilk növbədə Lüksemburqun bu sistemi hansı vəsaitlər hesabına formalaşdırdığına diqqət yetirmək lazımdır:"Lüksemburq nəqliyyatı dövlət büdcəsi, yəni vergilərdən gələn pullar hesabına pulsuz edib. Üstəlik, Lüksemburqun böyük bir maliyyə, investisiya fondları və bank mərkəzi olması onun öz gəlirlərini düzgün bölüşdürməsinə imkan yaradır. Əgər bizim ölkədə hökumət belə bir addım atmaq istəsə, bu, əhalinin digər təbəqəsinin (vergilərin) hesabına reallaşmalıdır ki, bu zaman da başqa bir təbəqə narazı düşəcək”.

"Bu, sadə bir məsələ deyil"

Ekspert qeyd edib ki, pulsuz nəqliyyat modelinə keçid mərhələli şəkildə baş verməlidir və Lüksemburq da bu səviyyəyə birdən-birə nail olmayıb:“Bu növ qərarlar verilməzdən əvvəl vəsaitin hansı mənbədən çıxılacağı dəqiq müəyyənləşməlidir. Lüksemburq bu sistemə subsidiyalar vasitəsilə tədricən gəlib və sonda dövlət tərəfindən qarşılanan hissə 10%-ə düşdükdən sonra tamamilə pulsuz qərarı verilib”.

Ekspert qeyd edib ki, Azərbaycanda hələ ki, ictimai nəqliyyatın sayı kifayət qədər deyil. Köhnə avtobusların xətlərdən çıxarılması və yenilənməsi prosesi hələ də davam edir.

Raqif Raufoğlunun sözlərinə görə, indiki mərhələdə Azərbaycanda ictimai nəqliyyatın tam pulsuz olması sistemin işləməsini sual altında qoya bilər:“Hazırda atıla biləcək ən real addım birinci mərhələdə tələbələr və digər həssas qruplar üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasıdır”.

Ekspert sonda vurğulayıb ki, bu istiqamətdə qarşıda hələ keçilməsi vacib olan çox uzun bir yol var.

Çimnaz Telmanqızı