Qaynar xətt:

(+99450) 247 90 86

Mədəniyyətin sədaqətli əsgəri – Turan Etibaroğlu yazır...

Mədəniyyətin sədaqətli əsgəri – Turan Etibaroğlu yazır...

CƏMİYYƏT

158

04.07.2026, 17:04

Mədəniyyətin sədaqətli əsgəri – Əliqismət Lalayev 70

Bəzən bir insanın ömür yolunu vərəqləyəndə fikirləşirsən ki, görəsən bu qədər işi, bu qədər məsuliyyəti bir ömrə necə sığışdırmaq mümkündür? İnsan həyatı çox vaxt bir neçə mühüm hadisədən, bir-iki uğurdan ibarət olur, amma bəzən elə taleyə rast gəlirsən ki, onun hər onilliyi ayrıca bir kitaba mövzu ola bilər. Əliqismət Hümmət oğlu Lalayevin həyat hekayəsini təkrar-təkrar oxuyanda məhz bu hiss məni tərk etmədi. Bu gün, iyulun 4-də, mədəniyyətimizin bu görkəmli xadimi 70 yaşını tamamlayır. Rəqəm sadəcə bir tarix deyil, arxasında Naxçıvandan Bakıya, klub müdirliyindən nazirlik rəhbərliyinə, gənc rejissorluqdan teatr direktorluğuna uzanan nəhəng, dolambaclı, amma hər addımı mənalı bir yol dayanır.

Onun taleyi 1972-ci ildə, hələ gənc yaşlarında mədəniyyət sahəsinə ilk addımını atdığı gündən formalaşmağa başlayıb. O illər Azərbaycanda mədəniyyət sahəsində çalışmaq bu gün olduğu kimi asan iş deyildi, hər addımda zəhmət, hər vəzifədə məsuliyyət var idi. Klub müdiri kimi başladığı bu yol onu tezliklə “Qələbə” qəzetinin korrektorluq masasına gətirib çıxarıb. Kağızın üstündə hər sözü diqqətlə oxumaq, hər cümləni bir daha nəzərdən keçirmək, mənanı itirmədən dilin gözəlliyini qorumaq — bu iş gənc Əliqismətə səbr və diqqət öyrədib. Sözlə, mətnlə, publisistika ilə ilk təması elə o illərdə yaranıb və bu təmas bir ömür boyu davam edəcək bir sevgiyə çevrilib. 1968-ci ildən dövrü mətbuatda çıxış etməyə başlayan Ə.Lalayev bu gün yüzlərlə məqalənin, oçerkin, zarisovkanın müəllifi kimi tanınır. Bu yazılar təsadüfi qeydləil, mədəniyyətin müxtəlif sahələrini işıqlandıran, sənət və mədəniyyət xadimlərinin taleyini əks etdirən sanballı publisistik nümunələrdir. Amma onun yaradıcı taleyində əsl dönüş nöqtəsi Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olması olub. Bu qərar, deyəsən, sadə bir təhsil seçimi kimi görünsə də, əslində bütün gələcək ömrünün istiqamətini müəyyənləşdirən taleyüklü addım idi. 1980-ci ildə fərqlənmə diplomu ilə institutu bitirən gənc mütəxəssis taleyin hökmü ilə Naxçıvana yollanıb. Yeni məzun üçün doğma şəhərdən uzaqda, tanımadığı bir mühitdə işə başlamaq həmişə çətindir, amma o, bu çətinliyi uğura çevirməyi bacarıb. Elə bu diyarda, Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirdiyi illər onun yaradıcılıq şəxsiyyətinin formalaşmasında həlledici rol oynayıb. Teatr mütəxəssisləri həmin dövrdə onu bacarıqlı, ümidverici bir sənətkar kimi qiymətləndiriblər və zaman göstərib ki, bu qiymətləndirmə tam yerinə düşüb. Ordu sıralarında həqiqi hərbi xidmətə cağırılması belə onu bu yoldan döndərməyib, əksinə, xidmətdən sonra yenidən teatra qayıdıb, 1988-ci ilə qədər Naxçıvanda rejissor kimi fəaliyyətini davam etdirib.1988-ci ildə Salyana qayıdışı yeni bir mərhələnin başlanğıcı olub. Qəzet redaksiyasında məsul katiblik, rayon mədəniyyət şöbəsinin müdirliyi dərəcə-dərəcə onu böyük məsuliyyətlərə hazırlayıb. Bu illər onun üçün sınaq meydanı olub həm jurnalistika, həm inzibati idarəetmə, həm də mədəniyyət sahəsinin təşkilati tərəflərini öyrənmək imkanı yaradıb. 1993-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilməsi isə artıq onun respublika səviyyəsində tanınmasının başlanğıcı olub. Bu təyinat sadəcə bir vəzifə artımı deyildi, bu, illər boyu topladığı təcrübənin, göstərdiyi bacarığın təsdiqi idi.

1995-ci ildən 2006-cı ilə qədər, sonra isə 2006-cı ildən 2008-ci ilə kimi Mədəniyyət Nazirliyində keçirdiyi illər Əliqismət Lalayevin fəaliyyətinin bəlkə də ən az tanınan, amma ən ağır məsuliyyət tələb edən dövrü olub. İncəsənət Baş İdarəsinin rəisi kimi onun masasından ölkənin bütün teatrlarının, dövlət musiqi kollektivlərinin, sərgi salonlarının taleyi keçib. Bu, elə bir vəzifədir ki, uğur qazananda kimsə sənin adını çəkmir, amma bir problem yaranan kimi bütün baxışlar sənə yönəlir. Məhz bu görünməz məsuliyyət yükü altında o, illər boyu səssiz-səmirsiz, amma yorulmadan çalışıb, öz adını deyil, işini ön plana çıxarıb.Ən maraqlısı budur ki, Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi dövlət tədbirlərinin mədəni proqramı, Prezident inaqurasiyalarının təşkili, seçkilərlə bağlı bütün mədəni-kütləvi tədbirlər bilavasitə onun rəhbərlik etdiyi qurumun üzərinə düşüb. Təsəvvür edin: dövlətin ən yüksək səviyyəli tədbirində səhnə arxasında, işıqların, musiqinin, ifaçıların ahəngdar uyğunluğuna görə məsuliyyət daşıyan insan məhz o olub. Bir səhvin, bir gecikmənin, bir uyğunsuzluğun belə yolverilməz olduğu belə tədbirlərdə hər şeyin qüsursuz keçməsi üçün gərgin əməyin arxasında məhz bu cür insanların zəhməti dayanır. Bu, sinir gərginliyi, dəqiqlik və zövq tələb edən bir işdir və o, bu işin öhdəsindən illər boyu ləyaqətlə gəlib.Onun rəhbərliyi altında Rusiyadan Fransaya, Amerikadan Səudiyyə Ərəbistanına qədər onlarla ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Bu, sadəcə konsert təşkil etmək demək deyil, bu, bir millətin mədəni kimliyini dünyaya təqdim etmək deməkdir. Hər bir belə tədbir arxasında aylarla hazırlıq, yüzlərlə təfərrüat, saysız-hesabsız gərgin gecələr dayanır repertuarın seçilməsindən tutmuş kollektivlərin səfər sənədlərinə, səhnə avadanlığının daşınmasından tutmuş yerli tərəf-müqabillərlə əlaqələrin qurulmasına qədər minlərlə detal onun və komandasının çiyinlərinə düşüb. Onun məhz bu sahədə qazandığı təcrübə sonradan teatr rəhbərliyində ona misilsiz bir kapital kimi xidmət edib. Rəhbərlik etdiyi Baş idarə bütün ölkə teatrlarının, dövlət musiqi kollektivlərinin, sərgi salonlarının yüksək səviyyədə fəaliyyətinə cavabdehlik daşıyıb və o illərdə ölkədə teatr, musiqi və təsviri sənət sahəsindəki böyük uğurlarda bu idarənin böyük xidmətləri olub.

2008-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına direktor təyin ediləndə yəqin heç kim təxmin etmirdi ki, bu təyinat teatrın tarixində tam yeni bir səhifənin açılışı olacaq. On yeddi il ərzində Əlisimət Lalayev bu kollektivə rəhbərlik edib, amma “rəhbərlik” sözü onun teatrdakı rolunu tam əks etdirmir. Onu tanıyanlar bir səslə deyirlər ki, o, teatrda direktordan çox, böyük bir ailənin müdrik başçısı olub. Onun ən çox tərənnüm edilən xüsusiyyəti səxavətidir desək yanılmarıq. Aktyorlara, işçi heyətinə qarşı əli açıq, ürəyi geniş insan kimi tanınıb. Kiminsə çətin günündə yanında olmaq, kiminsə sevincini bölüşmək onun üçün vəzifə yox, təbiət olub. Teatr kollektivində elə bir adət formalaşıb ki, hər kəs bilirdi, problemi ilə onun qapısını döysə, boş qapıya dönməyəcək. Bu səxavət təkcə maddi mənada deyil, vaxtını, diqqətini, təcrübəsini bölüşmək mənasında da özünü göstərib. Gecə-gündüz demədən, tamaşanın son cilalanması üçün, yaxud gənc bir aktyorun problemi üçün onun qapısı həmişə açıq olub. Bilikli bir sənətkar kimi o, teatrın hər bir istiqamətindən baş çıxarırdı, rejissurdan tutmuş səhnə tərtibatına, aktyor oyunundan tutmuş musiqi tərtibatına qədər. Bu geniş bilik onu sadəcə inzibati rəhbər deyil, həm də yaradıcı məsləhətçi statusuna yüksəldib. Gənc aktyorlar onun yanına yalnız inzibati məsələ ilə deyil, yaradıcılıq sualı ilə də gəlirdilər, çünki bilirdilər ki, cavabsız qalmayacaqlar. O, hər zaman deyib ki, teatr canlı orqanizmdir və bu orqanizmin sağlamlığı onu təşkil edən hər bir fərdin rifahından asılıdır.

Gənclərin dostu olmaq onun üçün sadəcə bir söz yox, real həyat tərzi olub. Teatra yeni gələn gənc aktyorlar, rejissorlar onun yanında özlərini sıxılmadan, sərbəst hiss ediblər. O, gəncləri qorxutmaq yox, ruhlandırmaq metodunu seçib, onların səhvlərini tənqid etməkdənsə, düzgün istiqamətə yönəltməyi üstün tutub. Bu münasibət nəticəsində teatrda neçə-neçə istedadlı gənc formalaşıb, özünə inam qazanıb və bu gün Azərbaycan teatrının tanınmış simalarına çevrilib. Onların bir çoxu bu gün də minnətdarlıqla xatırlayır ki, ilk səhnə addımlarını atarkən arxalarında dayanan, onlara inanan bir insan olub. Amma bu səxavət və mehribanlıq heç vaxt intizamsızlıqla qarışmayıb. Əksinə, onu tanıyanlar deyir ki, o, ən sərt, ən dəqiq nizam-intizam tələb edən rəhbərlərdən biri olub. Məşqə gecikmək, öhdəliyə məsuliyyətsiz yanaşmaq, səhnəyə hazırlıqsız çıxmaq onun heç vaxt bağışlamadığı hallar olub. O, hər zaman deyib ki, sənət səhlənkarlıq qəbul etmir, səhnə ilə zarafat etmək olmaz. Bu tələbkarlıq və mehribanlığın vəhdəti, bəlkə də, onun rəhbərlik fəlsəfəsinin ən mühüm sirri olub: sevgi ilə tələbkarlığı bir yerdə saxlamaq bacarığı. Çoxları bilir ki, ən çətin rəhbərlik məhz budur insanları həm sevdirmək, həm də intizama öyrətmək, onları həm dost, həm də lider kimi qəbul etdirmək.

Bu ikili xüsusiyyət bir tərəfdən atalıq qayğısı, digər tərəfdən polad kimi intizam teatr kollektivində nəinki qorxu, əksinə, dərin hörmət və sevgi doğurub. Kollektiv onu təkcə direktor kimi deyil, mənəvi dayaq kimi qəbul edib. Elə buna görədir ki, onun rəhbərliyi dövründə teatrda kadr sabitliyi qorunub, gənc istedadlar teatrdan üz döndərmək əvəzinə, məhz bu kollektivdə qalmağı üstün tutublar. Belə bir mühitdə çalışmaq hər bir sənətkar üçün bəxtəvərlikdir, çünki yaradıcılıq yalnız etimad və rahatlıq şəraitində çiçəklənir. Bu mühitin nəticəsi olaraq teatrda diqqəti cəlb edən uğurlu tamaşalar hazırlanıb. N.Qoqolun “Evlənmə”(Rejissor – Bəhram Osmanov ) dövlət teatrları tarixində ilk antrepriz tamaşa kimi yadda qalıb və “Zirvə” mükafatına layiq görülüb. Ü.Hacıbəylinin “O olmasın bu olsun” (Rejissor – Cənnət Səlimova) komediyası da eyni mükafatla təltif olunub. Bu uğurlar təsadüfi deyil, illər boyu qurulan etimad mühitinin, azad yaradıcılıq şəraitinin təbii nəticəsidir. Bir teatrın uğuru heç vaxt bir gündə yaranmır, o, illər boyu formalaşan mədəniyyətin, ənənənin, qarşılıqlı hörmətin bəhrəsidir.

Onun rəhbərliyi dövründə teatr kollektivi okean o tayına, Amerikaya səfər edən ilk Azərbaycan teatrı olub. Bu, sadəcə coğrafi bir nailiyyət deyil, Azərbaycan teatr sənətinin beynəlxalq arenada tanınmasının rəmzi idi. Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq şəhərlərində, Gürcüstanda (Tiflis, Marneuli, Bolnisi), Türkiyədə (Bayburt), İranda (Təbriz, Tehran), Albaniyada (Elbasan) qastrollarda çıxış edən kollektiv hər dəfə Azərbaycan teatr sənətinin ləyaqətini uca tutub. Hər bir belə səfər teatrın adını, Azərbaycan mədəniyyətinin adını xarici tamaşaçıya çatdırıb, milli sənətin sərhədləri aşmasına töhfə verib. 2012-ci ildə “Yaxşıların yaxşısı” Milli Mükafatına layiq görülməsi bu böyük xidmətlərin təbii nəticəsi olub.

Əliqismət Lalayevi tanıyanlar onun haqqında danışanda ilk növbədə bir cəhətini xüsusi vurğulayırlar, o da onun sənətə olan sədaqətidir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent elmi dərəcəsinə yiyələnməsi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət departamentinə rəhbərlik etməsi, Türk Dünyası Ağsaqalları Birliyi İdarə Heyətinin üzvü olması onun yalnız inzibatçı deyil, həm də dərin biliyə malik bir ziyalı olduğunu göstərir. Bu, bir insanın həm praktiki, həm də elmi-nəzəri sahədə eyni dərəcədə uğur qazana bilməsinin nadir nümunəsidir.Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə o, dəfələrlə yüksək mükafatlara layiq görülüb: 1986-cı ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət xadimi, 2016-cı ildə isə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına yiyələnib. 2013-cü ildə “Ədəbi Lider” qızıl döş nişanı, 2016-cı ildə “Fəxri mədəniyyət işçisi” adı və döş nişanı, 2019-cu ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub. 2022-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı ilə də təltif edilməsi onun fəaliyyət dairəsinin nə qədər geniş olduğunu göstərir. Bu təltiflərin hər biri arxasında konkret zəhmət, konkret uğur, konkret töhfə dayanır — onlar sadəcə formal rəsmiləşdirmə deyil, illər boyu göstərilən xidmətin layiqli qiymətidir.

Bu gün dövlət vəzifəsindən təqaüdə çıxsa da, Əliqismət müəllim sənətdən heç vaxt uzaqlaşmayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir, gənc nəslə biliyini, təcrübəsini ötürür. Bu, onun üçün sadəcə bir iş deyil, illər boyu topladığı zəngin təcrübəni gələcək nəsillərə ötürmək missiyasıdır. Auditoriyada onun qarşısında oturan gənclər bilmirlər ki, qarşılarında hansı yolu keçmiş, nə qədər tədbirin, nə qədər tamaşanın arxasında dayanmış bir insan durur, amma hiss edirlər ki, bu müəllimin sözündə illərin təcrübəsi, ürəyində isə hələ də sönməyən bir sənət eşqi var. Yenə yazır, yenə axtarır, yenə fəaliyyət göstərir. Bir sözlə, dayanmır, istirahət etmir. Axı deyirlər ki, əsl sənət adamı heç vaxt dayanmaz — o, hər zaman yeni bir layihənin, yeni bir fikrin, yeni bir nəslin içində olur. Bu, yalnız bir məşğuliyyət deyil, bir həyat fəlsəfəsidir: sənətlə yaşayan insan üçün “təqaüd” anlayışı yalnız kağız üzərində mövcuddur, ürəkdə isə yaradıcılıq həmişə davam edir.

Belə bir ömür yolunu geridə qoymaq, 70 illik zəngin bir yaradıcılığı özündə daşımaq və hələ də dayanmadan, yorulmadan işləmək bu, həqiqətən nadir insanlara xas olan keyfiyyətdir. Əliqismət müəllim öz nümunəsi ilə göstərir ki, sənətə həsr olunmuş bir ömür heç vaxt bitmir, sadəcə yeni formalarda davam edir. Bu gün onun keçdiyi yola nəzər salanda anlayırsan ki, həqiqi sənətkarlığın ölçüsü tutduğu vəzifə yox, insanların qəlbində qoyduğu izdir. Naxçıvandan başlayan bu yol Bakıda, teatr səhnələrində, universitet auditoriyalarında, mətbuat səhifələrində davam edib və bu gün də davam etməkdədir.

Yubeley günündə ona möhkəm cansağlığı, uzun və bərəkətli ömür arzulayırıq. Qoy qapısı hər zaman gənc istedadlar üçün açıq qalsın, sənəti heç vaxt sönməsin, qələmi həmişə işlək olsun.