Maaşlar ARTIRILDI
13 İyun 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1964
03.05.2026, 21:18
Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? – İqtisadçıdan sistemin gələcəyi ilə bağlı MÜHÜM AÇIQLAMALAR
Azərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağlı çağırışlar artsa da, məsələnin iqtisadi tərəfləri fərqli reallıqları ortaya qoyur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli pensiya sistemindəki mövcud vəziyyəti təhlil edərək, yaş həddinin salınmasının yarada biləcəyi riskləri diqqətə çatdırıb.
“Maliyyə və demoqrafik reallıq buna imkan vermir".
İqtisadçının fikrinə görə, Azərbaycanda pensiya yaşı məsələsi son illərin ən aktual sosial mövzusudur və vətəndaşların narazılığının əsaslı səbəbləri var. O qeyd edir ki, hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 64 il 6 aydır və 2027-ci ilə qədər qadınların yaş həddi hər il 6 ay artırılaraq 65-ə çatdırılacaq.
Ekspert vurğulayır ki, pensiya yaşını aşağı salmaq texniki baxımdan qanunu dəyişməklə mümkün olsa da, maliyyə və demoqrafik göstəricilər buna yol vermir.
Bunun əsas səbəbi kimi Dövlət Sosial Müdafiə Fondunun büdcə kəsirini göstərən A.Nəsirli bildirir ki, sistem "pay-as-you-go" (bu gün işləyənlərin bugünkü pensiyaçıları təmin etməsi) prinsipi ilə işləyir. İqtisadçı hesablamalarına əsasən bildirir ki, 1.1 milyon pensiyaçının illik xərci 6.5 milyard manat olduğu halda, fondun öz gəlirləri cəmi 5.1 milyard manatdır və qalan 1.4 milyard manat dövlət büdcəsindən qarşılanır.
Yaş aşağı salınsa, büdcəni nə gözləyir?
Akif Nəsirli onu da vurğulayır ki, əgər pensiya yaşı 65-dən 63-ə salınarsa, dərhal 200 minə yaxın yeni pensiyaçı yaranacaq və bu da illik əlavə 1.1 milyard manat xərc deməkdir. Yaş həddi 60-a salınarsa, xərc 2.6 milyard manat artacaq.
İqtisadçı sual edir: “Bu pul hardan gələcək? O izah edir ki, bu boşluğu doldurmaq üçün ya sosial sığorta haqlarını 25%-dən 35%-ə qaldırmaq, ya da dövlət büdcəsindən digər sahələrə (təhsil, səhiyyə, müdafiə) ayrılan vəsaitləri kəsmək lazım gələcək ki, hər iki variant iqtisadiyyat üçün ağırdır.
Ekspertin fikrincə, ikinci böyük problem demoqrafiyadır. O bildirir ki, 1990-cı illərdəki doğum azlığı səbəbindən əmək bazarına az gənc daxil olur, lakin orta ömür uzunluğu 75 ilə qədər artıb. Mütəxəssis vurğulayır ki, 2010-cu ildə bir pensiyaçıya 3.2 işləyən düşürdüsə, indi bu rəqəm 1.4-ə enib. Avropada bu nisbət 1.5-dən aşağı düşəndə sistem çökdüyü üçün yaş həddini qaldırırlar.
Həmçinin, iqtisadçı qeyd edir ki, əmək bazarında 60-65 yaşlı insanlar üçün iş yerləri yoxdur. Pensiya yaşı salınsa belə, 490 manat orta pensiya ilə dolanmaq çətindir və bu, yenidən dövlətin üzərinə sosial yardım yükü kimi qayıdacaq.
Alternativ çıxış yolları nədir?
Akif Nəsirli bildirir ki, hökumət yaşı salmaq əvəzinə üç istiqamətdə iş görür:
1.Erkən pensiya: Çoxuşaqlı analar və zərərli işdə çalışanlar üçün 5 il tez çıxmaq imkanı.
2.Pensiya kapitalı: Çox sığorta ödəyənin daha yüksək pensiya alması.
3.Könüllü yığım: Özəl pensiya fondlarının təşviqi.
Yekun nəticə: Yaş yox, məbləğ məsələsi
İqtisadçı fikrini belə yekunlaşdırır ki, pensiya yaşını aşağı salmaq kağız üzərində asan olsa da, bu, sistemdə dərhal 2 milyard manatlıq kəsir yaradacaq. O vurğulayır ki, real çıxış yolu yaşı salmaq deyil, pensiyanın məbləğini qaldırmaqdır. Bunun üçün isə kölgə iqtisadiyyatı azaldılmalı, sığorta yığımları artırılmalıdır. Əks halda, yaş həddi 55-ə düşsə belə, pensiya məbləği cəmi 200 manat civarında qalacaq.
Mütəxəssis hesab edir ki, əsas məsələ yaş həddi deyil, toplanan vəsaitin miqdarıdır.
Çimnaz Telmanqızı
00:51 / 13 İyun 2026
401
00:39 / 13 İyun 2026
578
00:31 / 13 İyun 2026
226
00:25 / 13 İyun 2026
75
00:18 / 13 İyun 2026
372
00:14 / 13 İyun 2026
222
00:00 / 13 İyun 2026
217
23:48 / 12 İyun 2026
80188
23:47 / 12 İyun 2026
821
23:28 / 12 İyun 2026
99
22:38 / 12 İyun 2026
106
22:20 / 12 İyun 2026
124
21:59 / 12 İyun 2026
1103
21:52 / 12 İyun 2026
114
21:49 / 12 İyun 2026
117
21:37 / 12 İyun 2026
467
21:24 / 12 İyun 2026
132
21:19 / 12 İyun 2026
125
21:17 / 12 İyun 2026
105
17:40 / 12 İyun 2026
173
17:20 / 12 İyun 2026
149
17:05 / 12 İyun 2026
767
16:55 / 12 İyun 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.