Qaynar xətt:

(+99450) 247 90 86

Uşaqlarda aqressiya və özünə zərər: valideynlər nə etməlidir? - Psixoloq DANIŞDI

Uşaqlarda aqressiya və özünə zərər: valideynlər nə etməlidir? - Psixoloq DANIŞDI

CƏMİYYƏT

60

24.04.2026, 19:37

Bakıda baş verən son hadisə yeniyetmələr arasında psixoloji durumla bağlı ciddi sualları yenidən gündəmə gətirib. Belə ki, VII sinifdə oxuyan bir qız şagird məktəbin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib.

Bu cür hadisələr cəmiyyətdə narahatlıq doğurur və xüsusilə bu yaş dövründə belə davranışların səbəbləri barədə düşünməyə vadar edir. Ümumiyyətlə, son zamanlar yeniyetmələrlə bağlı yayılan xəbərlərin bir çoxu kifayət qədər düşündürücüdür, uşağın spirt tökərək məktəbli yoldaşını yandırması, məktəbdə bıçaqlanma halları, müəllimə xəsarət yetirilməsi və digər oxşar hadisələr.

Bəs görəsən, bu yaşda özünə xəsarət yetirmək hansı amillərlə bağlıdır? Ümumiyyətlə, yeniyetmələr arasında bu cür aqressiv və təhlükəli davranışların artmasının səbəbləri nədir? Və ən əsası, belə halların qarşısını almaq, daha sağlam və emosional balanslı övlad yetişdirmək üçün valideynlər nələrə diqqət etməlidirlər?

 Oxu24.com xəbər verir ki mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, bu cür hadisələr cəmiyyətdə böyük narahatlıq yaradır və çox həssas yanaşma tələb edir.

Müsahibimizin sözlərinə görə, bu davranışların birdən-birə baş vermədiyini unutmamalıyıq:

"Onlar uzun müddət ərzində yığılan psixoloji gərginliyin nəticəsidir. Bu yaşda özünə xəsarət yetirmək çox zaman intihar məqsədli olmur; yeniyetmələr daxili ağrını və emosional yükü idarə etməkdə çətinlik çəkdikləri üçün təəssüf ki, bu yollara əl atırlar. Bunun bir neçə səbəbi var. Birincisi, "məni anlayın" mesajıdır. Yeniyetmələr daxili dünyalarında baş verən emosional qırğınlığı, diqqət əskikliyini, dəstək çatışmazlığını, gərginliyi, konfliktləri və təzyiqləri sözlə ifadə edə bilmədikdə, özlərinə zərər yetirərək "mən yaxşı deyiləm" deməyə çalışırlar. Digər səbəb isə diqqət çəkməkdən daha çox, emosional yüklənmənin yanlış idarə olunması ilə bağlıdır. Hər zaman vurğulayıram ki, bu cür davranışlarda ən doğru yanaşma nə davranışı normallaşdırmaq, nə də məsuliyyəti yalnız valideynin, məktəbin və ya uşağın üstünə atmaqdır. Biz gücümüz çatdığı qədər balanslı bir mesaj ötürməliyik. Özünə xətər yetirmək emosional yüklənmənin yanlış idarə olunması olsa da, bu səbəbsiz deyil".

Psixoloq qeyd etdi ki, burada məsuliyyəti düzgün bölməliyik:

"Uşaq öz davranışına görə məsuliyyət daşıyır, lakin bu davranışı formalaşdırmasında böyüklərin, valideynlərin, məktəbin və ətrafında təsiri var. Çox təəssüf ki, əgər bir yeniyetmə öz duyğularını tanımağı, idarə etməyi və onları ifadə etməyi öyrənməyibsə, daha riskli yollar seçə bilir.

Belə davranışların kökündə diqqət və dəstək çatışmazlığı, özünə inamın aşağı olması, dəyərsizlik hissi, sosial mediadan təsirlənmə, habelə ailədə, məktəbdə və ya dost mühitində yaşanan zorakılıq, təzyiq, təcrid olunma və konfliktlər durur. Biz sırf bu səbəbdəndir deyə bilmərik, amma nə baş verdiyinə mütləq baxmalıyıq. Bu, bir tərəfdən emosiyaların düzgün idarə olunmaması, digər tərəfdən isə mühitdə zorakılığın normallaşdırılması ilə bağlıdır. Biz bunu normallaşdırmamalıyıq. Uşağın etdiyi bu səhv addımı izah etməli və ona özünü tanıması üçün dəstək olmalıyıq".

N.Mirzəyeva vurğuladı ki, uşaq evdə, məktəbdə və ya rəqəmsal mühitdə nə görürsə, onu model kimi götürür:

"Valideyn üçün ən vacib məsələ nəzarətdən əlavə, övladı ilə emosional bağ qurmaq və ünsiyyət yaratmaqdır. Nə aşırı sərbəstlik, nə də aşırı sərhəd qoymaq lazımdır. Hər şey balanslı olduqda dəyərlidir. Biz övladlarımıza qorxduğu üçün deyil, güvəndiyi üçün paylaşmağı öyrətməliyik. Bunun üçün onları mühakimə etmədən dinləməli, hisslərini kiçiltməməliyik. Gündəlik ünsiyyət qurmalı, "nələr baş verdi?" deyə maraqlanmalıyıq. Əgər uşaq qapalıdırsa və biz valideyn olaraq gücümüz çatmırsa, mütləq mütəxəssisə müraciət etməli, məktəblə, müəllimlərlə mütəmadi ünsiyyətdə olmalıyıq.

Nəticə olaraq deyə bilərəm ki, bu cür davranışları nə sıradanlaşdırmaq lazımdır, nə də məsuliyyəti kənara qoymaq. Valideyn və məktəb mühiti olaraq övladımıza məsuliyyət hissini və özünüidarəetmə bacarıqlarını aşılamalıyıq ki, gələcəkdə bütün emosiyalara qarşı onda bir immunitet yaransın. Əsas məqsəd uşağa məsuliyyət və sağlam emosional bacarıqları qazandırmaqdır".