Qaynar xətt:

(+99450) 247 90 86

Boşanmaq çətinləşdirilir? - Vəkil DANIŞDI 

Boşanmaq çətinləşdirilir? - Vəkil DANIŞDI 

CƏMİYYƏT

88

04.06.2026, 21:43

Rəsmi statistik göstəricilərə əsasən, ölkədə boşanma hallarının artması, evliliklərin isə azalması müşahidə olunur. Bu vəziyyət fonunda millət vəkili Ceyhun Məmmədov boşanma proseslərinin daha da sərtləşdirilməsi ilə bağlı təklif irəli sürüb.

 Oxu24.com xəbər verir ki  mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Araz Nurməmmədov bildirdi ki, boşanmanın çətinləşdirilməsi əslində bir neçə istiqamətdə həyata keçirilə bilər:

"Birincisi odur ki, hazırkı qanunvericiliyə əsasən tərəflər boşanmadan öncə ilkin mediasiya sessiyasından keçirlər. Yəni şəxsin ilkin mediasiya sessiyasından keçməsi qanunla məcburidir. Amma hazırkı mərhələdə praktikada görünür ki, mediasiya sadəcə bir mərhələdir. İnsanlar bundan ciddi şəkildə faydalana bilmirlər və mediasiyada olan işlərin əksər hissəsi məhkəməyə gedir, yəni tərəflərin nikahı pozulur. Başqa sözlə, bu proses bir qədər formal xarakter daşıyır. Mediasiya institutu gücləndirilə bilər. Daha sonra, məhkəmə prosesində tərəflərə barışıq üçün 3 aylıq müddət verilir".

Vəkil təklif edir ki, 3 aylıq müddət müəyyən hallarda 6 aya qədər uzadılsın:

"Təcrübə göstərir ki, boşanmağa qərar verən şəxslərin əksəriyyəti sonda bu qərarı təsdiqləyirlər. Amma hər bir halda bu müddətin də müəyyən əhəmiyyəti ola bilər və uzadılması müəyyən rol oynaya bilər. Bundan əlavə, məhkəmənin və yaxud Mediasiya Şurasının təşəbbüsü ilə boşanma prosesində olan cütlüklərin məcburi psixoloji kurslara cəlb edilməsi məsələsi də ortaya qoyula bilər. Digər məsələ dövlət rüsumunun artırılmasıdır. Hər halda dövlət rüsumu nə qədər yüksək olsa da, şəxsin boşanmaq qərarı varsa, bu ailə və həyat məsələsidir, nəticədə yenə də boşanacaq. Amma olur ki, bəzən qadınlar bu qərarı emosional şəkildə verirlər. Buna “emosional boşanma” da deyilir. Belə hallarda müəyyən mərhələlərdən keçmək həmin emosional qərarlardan imtina edilməsinə səbəb ola bilər".

Hüquqşünasın fikrincə, boşanmanın çətinləşdirilməsinin mənfi fəsadları da ola bilər:

"Bu mənfi fəsadlar ondan ibarətdir ki, təbii olaraq insanlar boşanma mərhələsinə çatırlarsa, artıq münasibətləri ciddi şəkildə pozulub və bir-birlərinə qarşı mənfi hisslər formalaşıb. Belə olan halda onların bir dam altında qalmağa məcbur edilməsi və boşana bilməmələri gələcəkdə məişət zorakılığı hallarına səbəb ola bilər. Çünki məişət zorakılığının artması riski burada çox vacib məqamdır. Əgər onların faktiki münasibətləri artıq bitibsə və birlikdə yaşamaq fiziki və psixoloji təhlükə yaradırsa, bu, bir-birlərinə qarşı zorakılıq etmə ehtimallarını artırır. Hətta ağır cinayətlərin baş verməsi də istisna deyil. Bundan başqa, insanlar arasında faktiki nikah münasibətləri də arta bilər. Yəni şəxslər görərlər ki, boşanmaq kifayət qədər çətinləşdirilib və bu halda ümumiyyətlə nikaha daxil olmazlar. Nikaha daxil olmadıqda isə uşağın atalığının müəyyən edilməsi, miras məsələləri və ümumilikdə uşaqların gələcək hüquqlarının qorunması baxımından müəyyən çətinliklər yarana bilər. Yəni belə deyək, çətinləşdirmə özü əsas həll yolu deyil. Burada məsələ sadəcə qadağalar tətbiq etmək deyil, profilaktik tədbirlər görməkdir. Məsələn, nikah müqavilələri ilə bağlı işlər aparılmalı, insanlar arasında nikah müqavilələrinin bağlanması təşviq edilməlidir".

Həmsözbətimiz bildirdi ki, evlilik öncəsi maarifləndirmə aparılmalıdır.

"Gənclər ailə hüququ, ailənin idarə olunması və psixoloji məsələlər barədə məlumatlandırılmalı, müxtəlif konsultasiyalara cəlb olunmalıdırlar. Gənc ailələrə dövlət tərəfindən iqtisadi dəstək də verilə bilər. Onlar üçün güzəştli ipoteka imkanları yaradıla, vergi güzəştləri tətbiq oluna və ya sosial paketlər təqdim edilə bilər. Çünki təcrübə göstərir ki, gənc ailələrin boşanmasının əsas səbəblərindən biri maddi çətinliklər, ev və mənzil problemidir. Ailələrin dağılmasının böyük hissəsi məhz bu amillərlə bağlıdır. Ona görə də burada əsas məqsəd boşanmaların çətinləşdirilməsi deyil, gələcəkdə boşanmaların qarşısının alınması və hazırda insanların bir-birinə münasibətlərinin normallaşdırılması olmalıdır. Münasibətlərin sağlamlaşdırılması və təkmilləşdirilməsi istiqamətində işlər aparıla bilər. Amma sırf hüquqi nöqteyi-nəzərdən hesab edirəm ki, boşanmanın çətinləşdirilməsi ilə bağlı tədbirlər ciddi nəticə verməyəcəkdir", - deyə Araz Nurməmmədov yekunlaşdırdı.