Qaynar xətt:

(+99450) 247 90 86

Meloni Bakıya niyə gəlir? – SƏFƏRİN AZƏRBAYCAN ÜÇÜN ÖNƏMİ 

Meloni Bakıya niyə gəlir? – SƏFƏRİN AZƏRBAYCAN ÜÇÜN ÖNƏMİ 

CƏMİYYƏT

174

22.04.2026, 09:58

 İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri planlaşdırılır. “Euronews”un yaydığı məlumata görə, səfərin əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycan təbii qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya nəqlinin artırılması imkanları olacaq.

Oxu24.com  səfərlə bağlı iqtisadçı və siyasi ekspertlərlə gündəmi müzakirə edib.

Zəfər Vəliyev: "Cənub Qaz Dəhlizi son əlli ilin bənzərsiz layihəsidir".

İqtisadçı, enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev layihənin qlobal iqtisadi əhəmiyyətini belə şərh edib:

"Yeddi ölkədən keçən bir-birinə bağlı üç boru kəmərindən ibarət Cənub Qaz Dəhlizi (CQD) son əlli ildə qlobal neft-qaz tarixində bənzərsiz layihədir. Bu gün Yaxın Şərqdə baş verənlər qlobal enerji təhlükəsizliyini təhdid altına almaqla yanaşı, sənaye istismarında olan ixrac güclərinin inkişafını, mənbələrin inkişafını və şaxələndirməsini qaçılmaz edir. Bu mənada Cənub Qaz Dəhlizi Azərbaycan qazını region ölkələrinə və CQD-nin Avropa ayağı olan TAP üzərindən Avropanın artan sayda ölkələrinə etibarlı və təhlükəsiz şəkildə çatdırılması baxımından rolu və əhəmiyyəti böyükdür.

2025-ci ildə Azərbaycan və SOCAR Avropa İttifaqının üzv dövlətlərinə 12,5 mlrd. kubmetr təbii qaz tədarük etmişdir ki, bu göstərici 2021-ci illə müqayisədə 53,8% artım deməkdir. Cənub Qaz Dəhlizinin əsas elementlərindən olan TAP-ın 2020-ci ilin dekabr ayında sənaye istismarına verilməsindən 2025-ci ilin sonun kimi Avropanın qaz bazarına 52 milyar kubmetrdən çox mavi yanacaq ixrac edilmişdir. Təbii ki, qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının artması və ixrac infrastrukturuun genişləndirilməsi, Azərbaycanın aktivində olan qaz yataqlarına yönəldiləcək investisiya və maliyyə tələblərinin yerinə yetirilməsindən asılı olacaq. Bu məsələlər həllini taparsa, qarşıdakı illərdə Azərbaycandan Avropanın qaz bazarlarına əlavə qaz həcmlərinin çatdırılması mümkündür.

Bölgənin təchizat xəritəsi göstərir ki, Cənub Qaz Dəhlizi ən etibarlı və təhlükəsiz ixrac gücüdür. Yaxın Şərqdəki münaqişələr və Rusiyaya qarşı sanksiyalar qarşıdakı illərdə təbii qaz qiymətlərinin yüksək olmasına əsas verir. Bu mənada yüksək təbii qaz qiymətlərindən yararlanan ölkələrdən biri də Azərbaycan olacaq."

Rauf Arifoğlu: "Avropanın Azərbaycana ehtiyacı, Azərbaycanın Avropaya ehtiyacından daha çoxdur".

Siyasətçi, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu səfərin siyasi və strateji çəkisini vurğulayaraq bildirib:

"İtaliya ilə münasibətlərimiz 1992-ci ildən başlayır və bu gün artıq “çoxölçülü strateji tərəfdaşlıq” səviyyəsinə yüksəlib. Hazırda İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və bu fakt münasibətlərin real mahiyyətini ən aydın şəkildə ortaya qoyur. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 15,7 milyard dollara çatması, İtaliyanın Cənubi Qafqazla ticarətinin 85-90 faizinin Azərbaycanın payına düşməsi bu əlaqələrin artıq strateji xarakter daşıdığını göstərir.

Bu münasibətlərin əsas dayağı enerji əməkdaşlığıdır. Azərbaycan İtaliyanın xam neft tədarükündə birinci, qaz təchizatında isə ikinci əsas tərəfdaşıdır. Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazının birbaşa İtaliyaya nəqli Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu strateji səviyyəyə qaldırıb. 2023-cü ildə bu xəttlə təxminən 10 milyard kubmetr qaz nəql olunub və bu həcmin gələcəkdə artırılması planlaşdırılır. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə İtaliya bazarına neft tədarükü davam edir və artıq “yaşıl enerji” istiqamətində əməkdaşlıq, Xəzərdən Avropaya elektrik ötürülməsi layihələri də gündəmdədir.

Corciya Meloninin Azərbaycana səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu səfər formal xarakter daşımır, əksinə, artıq formalaşmış strateji tərəfdaşlığın yeni mərhələyə keçidinin göstəricisidir. Söhbət təkcə enerji əməkdaşlığından getmir – İtaliya eyni zamanda işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesinə qoşulan ilk Qərb ölkələrindən biridir və bu da münasibətlərin geniş spektrini ortaya qoyur. İtaliya Azərbaycanın sadiq tərəfdaşlarından biri kimi xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə öz mövqeyi ilə seçilib. Həmin dövrdə İtaliya Azərbaycanın haqlı mövqeyini anlayan və dəstəkləyən ölkələrdən biri olub. Post-müharibə dövründə isə Azərbaycanın yaratdığı yeni status-kvonun Avropa platformalarında qəbul etdirilməsi prosesində İtaliyanın dəstəyi hiss olunub. Bu, münasibətlərin sadəcə iqtisadi deyil, siyasi-strateji xarakter daşıdığını bir daha təsdiqləyir.

Eyni zamanda çox vacib bir məqam da ondan ibarətdir ki, İtaliya Azərbaycan–Vatikan münasibətlərinin qurulmasında da müəyyən rol oynayıb. Bu, bizim üçün son dərəcə strateji əhəmiyyət daşıyan bir xəttdir. Çünki bu münasibətlər Azərbaycanın apardığı mübarizənin mahiyyətini – Qarabağ məsələsinin dini münaqişə olmadığını, işğala qarşı aparılan ədalətli mübarizə olduğunu dünyaya çatdırmaq baxımından mühüm rol oynayıb. Ermənistanın bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi təqdim etmək cəhdlərinin qarşısının alınmasında bu diplomatik xətt ciddi əhəmiyyət kəsb edib və İtaliyanın bu prosesdə rolu ayrıca qeyd olunmalıdır.

Avropada bəzi kollektiv təsisatların – o cümlədən Avropa Birliyi, Avropa Şurası və müəyyən hallarda Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı qərəzli yanaşmaları müşahidə olunur. Lakin Avropanın ayrı-ayrı dövlətləri, xüsusilə İtaliya kimi ölkələr bu yanaşmadan fərqli olaraq, Azərbaycanla praqmatik və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmağa üstünlük verirlər. Bu da Azərbaycanın Avropa siyasətində düzgün və balanslı xətt apardığını göstərir. Hazırkı geosiyasi şərait isə Azərbaycanın əhəmiyyətini daha da artırır. Yaxın Şərqdə baş verən proseslər, ABŞ-İran-İsrail qarşıdurması və xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər fonunda Azərbaycan sabit və etibarlı enerji tərəfdaşı kimi Avropa üçün daha da önəmli ölkəyə çevrilib. Bu reallıq artıq açıq şəkildə göstərir ki, bu gün Avropanın Azərbaycana ehtiyacı Azərbaycanın Avropaya ehtiyasından daha çoxdur.

İtaliyanın Baş naziri Corciya Meloninin yaxın zamanda gözlənilən səfəri isə bütün bu prosesləri yeni mərhələyə daşıyacaq. Bu səfər Azərbaycan–İtaliya münasibətlərini “enerji təhlükəsizliyi qarantı” modelindən çıxararaq daha geniş, çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəldə bilər. İlk növbədə, Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsi məsələsi gündəmdə olacaq ki, bu da Azərbaycanın Avropadakı enerji payını daha da artıracaq. Eyni zamanda TAP vasitəsilə hidrogen qarışığının nəqli və “yaşıl hidrogen” ixracı perspektivləri Azərbaycanın Avropanın yeni enerji keçidində əsas oyunçulardan birinə çevrilməsini rəsmiləşdirə bilər.

Bununla yanaşı, İtaliya ilə əməkdaşlıq artıq yalnız enerji ilə məhdudlaşmır. “Made in Italy” texnologiyalarının Azərbaycana gətirilməsi, kənd təsərrüfatı, şərabçılıq və sənaye sahələrində yeni investisiyalar, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və infrastruktur layihələrinin genişləndirilməsi bu səfərin real iqtisadi nəticələri ola bilər. Bakıda Azərbaycan–İtaliya Biznes Forumunun keçirilməsi və yeni fəaliyyət planının qəbul olunması da bu istiqamətdə konkret addımlar kimi gözlənilir. Siyasi və humanitar sahədə də yeni mərhələ formalaşır. Müdafiə sənayesində əməkdaşlığın genişlənməsi, İtaliya-Azərbaycan Universitetinin inkifşafı ilə insan kapitalına investisiyanın artması və İtaliyanın Azərbaycanın regionda sülh təşəbbüslərinə verdiyi dəstək Bakının Avropa daxilində mövqelərini daha da gücləndirəcək. Yekun olaraq demək olar ki, bu səfər İtaliyanı Azərbaycan üçün sadəcə enerji alıcısı deyil, həm də texnoloji tərəfdaş və siyasi müttəfiq kimi daha dərin səviyyədə mövqeləndirəcək. Bu isə Azərbaycan–Avropa münasibətlərində yeni reallığın formalaşması deməkdir”.

Elman Telmanoğlu: "Səfər strateji tərəfdaşlıq üçün dönüş nöqtəsidir".

Politoloq Elman Telmanoğlu isə səfərin geosiyasi perspektivlərini belə qiymətləndirib:

"Corciya Meloninin Azərbaycana planlaşdırılan səfəri, İtaliya ilə Azərbaycan arasında münasibətlərin yeni, daha strateji mərhələyə keçidini sürətləndirə bilər. Bu səfər xüsusilə enerji təhlükəsizliyi kontekstində qarşılıqlı asılılığın dərinləşməsi baxımından diqqət çəkir. Avropa üçün alternativ enerji mənbələrinin əhəmiyyəti artdığı bir dövrdə Azərbaycan qazının rolu genişlənir. Bu baxımdan, İtaliyanın Azərbaycanın əsas enerji tərəfdaşlarından biri kimi mövqeyini gücləndirmək istəyi, tərəflər arasında uzunmüddətli və institusional əməkdaşlığın formalaşmasına zəmin yaradır.

Səfər çərçivəsində yeni müqavilələr və ya mövcud razılaşmaların genişləndirilməsi ehtimalı, əlaqələri sırf ticarət münasibətlərindən çıxarıb daha geniş geosiyasi əməkdaşlıq səviyyəsinə yüksəldə bilər. Eyni zamanda, bu səfər yalnız enerji sahəsi ilə məhdudlaşmaya bilər. Siyasi dialoqun intensivləşməsi, təhlükəsizlik, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərində koordinasiyanın artması da mümkündür. Xüsusilə Cənubi Qafqazın dəyişən geosiyasi reallıqları fonunda İtaliyanın regiona marağının artması, Azərbaycanın Avropa ilə əlaqələrində əlavə diplomatik təsir imkanları qazandırır. Nəticə etibarilə, C. Meloninin səfəri iki ölkə münasibətlərini taktiki əməkdaşlıqdan çıxarıb strateji tərəfdaşlıq səviyyəsinə daha yaxınlaşdıran bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”.

Hazırladı:Çimnaz Telmanqızı