Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda imtahan sistemi dəyişə bilərmi?—NAZİRDƏN AÇIQLAMA  

Azərbaycanda imtahan sistemi dəyişə bilərmi?—NAZİRDƏN AÇIQLAMA  

CƏMİYYƏT

200

10.04.2026, 20:36

Təhsil naziri Emin Əmrullayev bildirib ki, istər dil, istərsə də tarix sahəsində bəzi fənn mütəxəssisləri sualları hazırlayarkən şagirdin bilik və bacarıqlarını ölçmək əvəzinə, daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar. Nazirin sözlərinə görə, sualın əsas fəlsəfəsi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır, onu səhvə sövq etmək deyil.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, tək dil və tarix deyil, bütün sahələr üzrə sual hazırlayan şəxslər hər şeyi diqqətdə saxlayaraq sual hazırlamalıdırlar:

“Yəni, bir sualı hazırlayan mütəxəssis və yaxud bir qurum, hər hansı bir mütəxəssisə sual hazırlamağı həvalə edirsə, o mütəxəssis düşünməlidir ki: "Mən bu uşaqların bilik səviyyəsini yoxlamaq üçün sual tərtib edirəm".

Daha mən uşağı necə çaşdırım deyə, “Necə edim uşaq çaşsın deyə, mənim verdiyim suallardan 100% nəticə əldə etməsin” deyə sual hazırlamamalıdır. Çox təəssüf olsun ki, bəziləri bu istiqamətdə sanki yarışır: 

“Mənim sualımı uşaqlar yaza bilməsin. Baxın mən sual hazırladım, uşaqlar heç birini düz yazmadı".

Ekspertin sözlərinə görə, bu anlayış, bu təfəkkür, bu düşüncə qətiyyən olmamalıdır. İstər sınaq imtahanları olsun, istər qəbul imtahanları olsun, fərq etmir. Repetitor müəllimdən tutmuş, qəbul imtahanını hazırlayan şəxslərə qədər.

“Biz sual hazırlayarkən şagirdlərə görə sual hazırlayırıq, amma Bakı şəhərində, 3-5 repetitor yanına gedən, mütəxəssislərin yanına gedən şagirdlərə görə sual hazırlamırıq. Biz sual hazırlayarkən düşünməliyik ki, “Mən ucqar dağ kəndində, hansı şəraitdə tədris prosesinə cəlb olunan şagirdi nəzərə alaraq sual hazırlamalıyam”.

Sual hazırlayan fikirləşməlidir ki, “Mən orta ümumtəhsil məktəbinin buraxılış sinfində attestat almağı hədəfləyən şagirdə görə sual hazırlamalıyam”.

Ola bilsin bu uşaq heç universitetə getmək istəmir, kollecə getmək istəyir. Və yaxud da heç mütəxəssis olmaq istəmir, musiqiyə getmək istəyir. Bu uşaqlar üçün riyaziyyatdan çətin sual salmağın nə mənası var? 

Orta ümumtəhsil məktəbinin tədris prosesi nəzərə alınaraq sual tərtib olunmalıdır. 

Sualların çətinlik səviyyəsinə gəldikdə, Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanında riyaziyyat fənnindən 9-cu sinifdə salınan suallar... Həddindən artıq çətinlik səviyyəsi yüksək, hətta müəllimlər şikayət edirlər ki, səhv suallar var, yəni cavabı şübhəli olan suallar var. Nəyə lazımdır bu? 9-cu sinif şagirdi üçün belə sual lazım deyil. 

Ümumi hər kəs üçün nazirin dediyi bir qayda olmalıdır. Bunu anlamalıdırlar, düşünməlidirlər. Sual hazırlayarkən şagirdlərin bilik səviyyəsini ölçmək üçün sual hazırlamalıdırlar. Buna görə də hesab edirəm ki, suallarda, qəbul imtahanlarında, sınaq imtahanlarında müəyyən qədər problemlər yaşanır.

İngilis dili üçün Dövlət İmtahan Mərkəzi sual hazırlayır, illərlə ingilis dilində bu zamana qədər problem çıxmır. Niyə? Çünki ingilis dilində sual hazırlayan insanlarda daha çox problem çıxmaması nəyi göstərir? O sahədə mütəxəssisliyini göstərir. 

Amma riyaziyyatda hər il əksər sual səhv çıxır, hər il sualdan şikayət olunur. Demək ki, bu sualları tərtib edən adamları dəyişmək lazımdır, bunların sual hazırlama qabiliyyəti yoxdur. Və yaxud da problem var. 

Bu qədər riyaziyyatçılar fəryad edir ki, bu sual səhvdir, amma bu adam tutduğunu buraxmır ki, “Yox, səhv deyil, mən daha potensiallı sual hazırlayıram”.

Test sistemi şagirdin real bilik və bacarığını ölçə bilir? Ümumi olaraq, bəli, imtahanlar şagirdlərin real biliklərini ölçmək üçün hazırlanmış bir yoxlama metodudur. Hesab edirəm ki, imtahan özü, bizdə həm test üsulu var, həm yazılı suallar var, mətn sualları var. Ümumilikdə götürəndə şagirdin bilik və bacarığını ölçmək xarakterində hazırlanan imtahan növüdür”.

Ekspert bilik və bacarığın düzgün qiymətləndirilməsi metodları məsələsinə də toxunub. 

O bildirir ki, qəbul imtahanı prosesini asanlaşdırmalıyıq, sadələşdirməliyik:

“Dünya dövlətləri artıq, buraxılış imtahanı ilə universitetə qəbul aparır. Yəni bir-iki fənlə universitetə qəbul prosesini həyata keçirir. Bizdə beş-altı fənlə davam edir və o beş-altı fənni də çətinləşdiririk. 

Mən hesab edirəm ki, burda müəyyən bir yumşalmaya getmək lazımdır, yüngülləşməyə getmək lazımdır, sadələşdirmək, asanlaşdırmaq lazımdır.

Məsələn, mənim təklifim bu yöndədir: dörd fəndən imtahan edək. Və dörd fənni ümumi 400 bal götürək, 100 balı da verək məktəb performans balına. Məktəbdə şagirdin son illərdə, xüsusən 9, 10, 11-ci siniflərdə göstərdiyi o buraxılış nəticəsinə görə göstərdiyi performans, olimpiadaya gedibsə onun nəticələri, məktəbdə fəal iştirakı, yəni onun nəticələri, bilik və bacarığı, tərbiyəsi ilə bağlı olan məlumatlar ümumi olaraq 100 bal üzərindən qiymətləndirilsin. Bu təcrübə Avropa təcrübəsində, Amerikada da bu təcrübə var. Almaniyanın özündə, Finlandiyanın özündə... Finlandiya heç imtahan keçirmir, attestat qiymətləri, məktəb performans balını əlavə edib qəbul prosesini həyata keçirir. Yəni biz niyə bunu eləməyək?..

Çimnaz Telmanqızı