Yüksək vəzifəyə təyinat alan xanım KİMDİR?
04 Mart 2026, 15:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7757
04.03.2026, 16:04
Hazırda Yaxın Şərqdə gərginlik pik həddə çatıb. Fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hərbi zərbələrdən sonra ölkənin ali dini lideri Əli Xameneinin öldürülməsi regionda və dünyada böyük rezonans doğurub. Bu hadisə təkcə bir siyasi fiqurun ölümü kimi deyil, həm də İranın siyasi sisteminin gələcəyi ilə bağlı ciddi suallar doğuran dönüş nöqtəsi kimi qiymətləndirilir. Çünki ali lider institutu ölkədə yalnız hakimiyyət rəmzi deyil, eyni zamanda ideoloji və strateji qərarların əsas mərkəzidir. Bu vəzifəyə kimin gələcəyi İranın daxili sabitliyinə, regiondakı qüvvələr balansına və beynəlxalq münasibətlərə birbaşa təsir göstərə bilər.
Hadisələr fonunda hərbi əməliyyatlar da davam edir. Rəsmi Tehran isə sistemin çökməyəcəyini bildirir. İranın xarici işlər naziri Seyid Abbas Əraqçının sözlərinə görə, liderin ölümü dövlət institutlarının fəaliyyətini dayandırmır və yeni ali liderin qısa müddətdə seçilməsi mümkündür.
Eyni zamanda İran ABŞ və İsrailin hücumlarına cavab olaraq bölgədə yerləşən Amerika hərbi bazalarına zərbələr endirir. İranın son hücum dalğasında ümumilikdə yeddi ölkədə ABŞ hərbi obyektlərinin hədəf alındığı bildirilir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan türkiyəli politoloq İsmayıl Cingöz vurğulayıb ki, Amerika və İran arasında diplomatik danışıqlar davam etdiyi bir vaxtda, ABŞ-ın gözlənilmədən İrana hərb müdaxilə etməsi bölgədə gərginliyi pik həddə çatdırdı:
“Bu hücum, İranın Bəsrə körfəzindəki ABŞ hərbi bazalarına raket zərbələri endirməsi ilə nəticələndi və regionu sürətlə dərin bir xaosun içində sürüklədi. İran “mən yansam, hər kəs yanar” prinsipi ilə hərəkət edərək, region ölkələrinə ABŞ-a hücumları dayandırması üçün təzyiq göstərir və özünü müdafiə məqsədilə ABŞ-ın hərbi bazalarına raket hücumları edir. İranın ali rəhbərinin ailəsi ilə birlikdə öldürülməsi və yeni dini liderin seçilməsi müzakirələri fonunda "İran parçalanacaqmı?" sualı aktuallaşır. İran etnik və demoqrafik baxımdan olduqca mürəkkəb bir struktura malikdir. Lakin strateji baxımdan ən mühüm məqam ölkədəki 45-50% civarında olan türk xalqıdır. Bəzi mənbələr bu rəqəmi az göstərməyə çalışsa da, reallıq fərqlidir. Cənubi Azərbaycanda təxminən 35 milyon türk yaşayır. İranın müxtəlif bölgələrində uzunmüddətli türk təsiri mövcuddur.
Eyni zamanda, bölgədə yeni bir təhlükə ortaya çıxa bilər: Türkiyənin şimal-şərqində kürd dövlətinin qurulması. Bunun tarixi kökləri 1946-cı ildə qurulan və yalnız 11 ay fəaliyyət göstərmiş ingilis və rusların ortaq şəkildə yaratdığı Məhabad Cümhuriyyətinə gedib çıxır. Belə bir dövlət yenidən meydana gəlsə, İran-Türkiyə sərhədində boydan - boya bir kürd dövləti formalaşa bilər ki, bu da Türkiyə ilə İrandakı türklər arasına baryer yaradar. İranın parçalanması isə iran türkləri üçün, xüsusilə azlıq olduqları bölgələrdə böyük fəlakətlər və təzyiqlər doğura bilər. Ümumilikdə, İran xaosa sürüklənər və bu xaos həm Türkiyə, həm türk dünyası, həm də bütün bölgə ölkələri üçün ciddi itkilər və tarazlıqların pozulması ilə nəticələnə bilər. Bölgədə təsir dairəsini genişləndirmək istəyən qüvvələr var. Lakin İranın parçalanma ehtimalı, ictimai və siyasi şərait baxımından hələ çox azdır. Əsas məsələ qonşu ölkələr və İran daxilində mövcud idarəetmə strukturunun necə dəyişəcəyi ilə bağlıdır”.
Politoloq qeyd edib ki, İran yeni dini liderin seçimi prosesini davam etdirir:
“Molla rejimi mövcud taleyinə davam edə bilər, az da olsa dəyişikliklər edilərək xalq üzərindəki təsirini azalda bilər, ya da Türkiyə modelinə yaxın bir sistem qurularaq dini liderin dövlət idarəsindəki təsiri məhdudlaşdırıla bilər. Bu halda , İran Cümhuriyyətə çevrilə bilər.
Tarixi baxımdan, 1925-ci ildən bəri türk topluluqları İran coğrafiyasında mövcuddur. Yeni sistem qurulsa və Türkiyə modelinə uyğun dövlət idarəsi tətbiq olunarsa, İranın türk kimliyi bərpa olunaraq, 1925-ci illərdəki hüquqlarını tələb edən türk unsurların təsiri güclənə bilər. Bu isə yeni bir türk dövlətinin yaranması ehtimalını artırır”.
Türkiyəli ekspert fikrincə, Yaxın Şərqdə İran, ABŞ və İsrail arasındakı qarşıdurma uzun müddət davam edərsə və yeni dini lider “vilayəti fakt” statusu ilə cihad elan edərsə, bu, yalnız Yaxın Şərqdə deyil, dünyanın digər bölgələrinə də təsir göstərə bilər:
“ İran dini liderinə bağlı insanları nəzərə alan şiə nüfuzu, bir çox ölkədə xaosa səbəb ola bilər və bu xaos həm ABŞ, həm Avropa, hətta Avstraliyaya qədər yayıla bilər. Beləliklə, bu prosesin uzanması bölgəyə heç bir xeyir gətirməyəcək. Eyni zamanda, İran hadisələrinə dair ABŞ Konqresini öncədən məlumatlandırmadığı üçün, yaxın günlərdə ABŞ Konqresində prezident Trampın mövqeyi yenidən gündəmə gələcək və qarşıdurma ilə üzləşə bilər. ABŞ prezidenti 1973-cü il müharibəsi qanunları və seçki qaydalarına görə hər hansı bir hərbi əməliyyat apararkən Konqresə məlumat verməli və təsdiq almalıdır. Əgər məlumat vermədən və təsdiq almadan yalnız lokal əməliyyat həyata keçirsə, ABŞ hərbi qüvvələrinin 60 gün ərzində geri çağrılması və ölkəyə dönməsi məcburi olur. Bu o deməkdir ki, Trampın İrana qarşı hərbi addım atmaq istədiyi halda ciddi məhdudiyyətlərlə qarşılaşması qaçılmazdır. ABŞ-ın İrana genişmiqyaslı quru əməliyyatı aparmıası qeyri- mümkündür. Əgər ABŞ quru hücumla İran ərazisində əməliyyatlara başlasa, qarşılaşacağı fəlakət ehtimalı yüksəkdir. İran Suriyaya və digər orta şərq ölkələrinə bənzəməyən qədim və dərin tarixi olan bir ölkədir. Torpaqları və tarixi təcrübəsi ABŞ-ın burada ciddi çətinliklərlə üzləşməsinə imkan verir. Hərbi baxımdan ABŞ üstünlük sahibi olsa da, quru əməliyyatlarla İranı nəzarət altına alma ehtimalı çox zəifdir. Əksinə, bu, ABŞ üçün böyük fəlakətə çevrilə bilər”.
Oxu24.com-a danışan İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib ki, İsrail və ABŞ-ın İrana qarşı başladığı müharibənin necə nəticələnəcəyini indidən dəqiq demək çox çətindir:
“Hadisələr elə inkişaf edə bilər ki, İran rejimi devrilsin və ölkənin infrastrukturu ağır zərbələr nəticəsində demək olar ki, məhv olsun. ABŞ istədiyi halda bunu edə biləcək hərbi gücə malikdir.
Digər tərəfdən, əgər İran müqavimətini qoruyub saxlaya və bir neçə həftə sonra da raket hücumlarını davam etdirə bilsə, Donald Tramp strategiyasını yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər. Belə bir vəziyyətdə o, məğlubiyyəti qələbə kimi təqdim etməyə çalışa bilər. Ancaq bu dəfə Amerika cəmiyyətinin buna inanıb-inanmayacağı sual altındadır.
Əgər İran bu mübarizədən çıxa bilsə, bu, xüsusilə qarşıdakı aralıq seçkilər fonunda Trampın siyasi mövqeyinə ciddi zərbə vura bilər. Hətta bəziləri hesab edir ki, ABŞ və ümumilikdə Qərb demokratiyası üçün ən yaxşı ssenari Trampın İranda uğursuzluğa düçar olmasıdır.
Bəzi fikirlərə görə, İran müqaviməti ABŞ-ın uzunmüddətli müharibə aparmaq imkanından daha uzun çəkə bilər. Qərbin raket ehtiyatlarının azaldığı, hətta bunun cəmi bir neçə həftə yetə biləcəyi ilə bağlı iddialar var. Hətta Ukraynaya raket verilməməsi də bu səbəblə izah olunur”.
Həmçinin oxuyun
Ekspert əlavə edib ki, əgər ABŞ İrana quru qoşunları göndərməli olsa, bu, İraq və ya Əfqanıstandakı müharibələrə bənzər, bəlkə də daha ağır nəticələrə səbəb ola bilər:
“ABŞ-ın dövlətləri dağıtmaqda güclü olduğu, lakin sonradan onları sabit şəkildə bərpa etməkdə çətinlik çəkdiyi barədə fikirlər də səsləndirilir. ABŞ geri çəkilməzsə, İranda dövlət institutlarının dağılması, vətəndaş müharibəsi, böyük miqrasiya dalğaları, etnik qarşıdurmalar və region üçün genişmiqyaslı fəlakət kimi ssenarilər mümkündür. Bu proseslər Qərb üçün də ciddi nəticələr doğura bilər — ABŞ-ın beynəlxalq nüfuzu zəifləyə, siyasi böhranlar dərinləşə, terror və iqtisadi sarsıntılar bir sıra ölkələrdə hökumətlərin dəyişməsinə və siyasi qeyri-sabitliyə səbəb ola bilər”.
Mövzuyla bağlı Oxu24.com-a danışan politoloq Rəşad Bayramov Yaxın Şərqdə gərginliyin yeni və daha təhlükəli mərhələyə daxil olduğuna diqqət çəkib:
“İran ətrafında formalaşan hərbi-siyasi dinamika artıq lokal qarşıdurma çərçivəsini aşaraq regional təhlükəsizlik arxitekturasını sarsıtmağa başlayıb. Bu vəziyyət təbii olaraq Azərbaycan üçün də risklər, geosiyasi balansın dəyişməsi və mümkün ssenarilərl bağlı strateji suallar yaradır.
İran daxilində baş verən hadisələr, yəni, hərbi təzyiqin artması, iqtisadi sanksiyaların dərinləşməsi və siyasi sistem daxilində mümkün transformasiya ehtimalları ölkəni mürəkkəb mərhələyə gətirib. Əgər proseslər daxili sabitliyin zəifləməsi ilə nəticələnsə, bu, ilk növbədə sərhədyanı bölgələrə də təsir göstərə bilər. Azərbaycan-İran sərhədi həm coğrafi, həm də sosial baxımdan həssas xəttdir. İranın şimal vilayətlərində milyonlarla azərbaycanlının yaşaması faktoru isə prosesi sırf xarici siyasət məsələsi olmaqdan çıxarıb, milli kimlik və ictimai təhlükəsizlik müstəvisinə keçirir.
Ən vacib risk sözsüz ki, humanitar təzyiqdir. Müharibə və ya kəskin daxili qarışıqlıq şəraitində qaçqın axını ehtimalı istisna deyil. Hazırda kütləvi miqrasiya dalğası müşahidə olunmasa da, uzunmüddətli qeyri-sabitlik belə ssenarini aktuallaşdıra bilər. Azərbaycan indiyə qədər sərhəd təhlükəsizliyi və miqrasiya nəzarəti baxımından ehtiyatlı siyasət yürüdüb. Lakin regionda genişmiqyaslı toqquşma baş verərsə, humanitar və təhlükəsizlik məsələləri paralel şəkildə idarə olunmalı olacaq.
Daha bir risk geosiyasi balansın dəyişməsi ilə bağlıdır. İran Cənubi Qafqazda mühüm aktorlardan biridir. Onun zəifləməsi və ya siyasi kursunun dəyişməsi regiondakı qüvvələr nisbətinə təsir göstərə bilər. Azərbaycan üçün əsas vəzifə balanslaşdırılmış və praqmatik xətti qorumaqdır. Bakı indiyə qədər həm Qərb, həm də regional güclərlə paralel işləmə modelini saxlayıb. Yeni reallıq bu çevik diplomatiyanı daha da zəruri edir”.
Politoloqun fikrincə, daha bir vacib məsələ rəhbərlik amilidir:
“Ali Xamenei sonrası dövr İran üçün dönüş nöqtəsi ola bilər. Əgər hakimiyyət daxilində daha praqmatik və iqtisadi islahatlara açıq qüvvələr önə çıxarsa, Bakı-Tehran münasibətlərində normallaşma və əməkdaşlıq imkanları genişlənə bilər. Əks halda, ideoloji xəttin sərtləşməsi sərhəd boyunca ritorikanın və təzyiq elementlərinin artmasına səbəb ola bilər. Bu isə qarşılıqlı etimad mühitini zəiflədər.
Münaqişənin arealının genişlənməsi də real ehtimallar sırasındadır. İranın regional müttəfiqləri və proksi strukturları var və bu faktor qarşıdurmanı çoxvektorlu edə bilər. Eyni zamanda, ABŞ siyasətində mümkün sərt qərarlar müzakirə mövzusudur. Donald Trump administrasiyasının quru qoşunları göndərməsi hazırda yüksək ehtimal kimi görünməsə də, siyasi ritorikanın sərtləşməsi riskləri artırır. Quru əməliyyatı ABŞ üçün həm maliyyə, həm də ictimai rəy baxımından ağır qərar olardı. Daha real ssenari hava və texnoloji üstünlük üzərindən təzyiq strategiyasının davamıdır.
Hərbi baxımdan ölkə asimmetrik imkanlara, yəni raket proqramı, dron texnologiyaları və regional şəbəkələrə malikdir. Lakin iqtisadi sanksiyalar, sosial narazılıq və enerji infrastrukturunun həssaslığı uzunmüddətli qarşıdurmanı çətinləşdirir. Uzanan müharibə daxili siyasi sabitliyi sınağa çəkə bilər.
Odur ki, hazırda Azərbaycan üçün əsas prioritet risklərin qabaqlayıcı idarəsidir. Birbaşa hərbi toqquşma ehtimalı aşağı görünsə də, dolayı təsirlər – qaçqın axını, iqtisadi dalğalanmalar, sərhəd təhlükəsizliyi– realdır. Cənubi Qafqaz yeni geosiyasi dalğanın astanasında ola bilər. Bu şəraitdə rasional diplomatiya, təhlükəsizlik institutlarının gücləndirilməsi və regional tərəfdaşlıq Azərbaycanın əsas dayaq nöqtələri olaraq qalacaq”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.
17:11 / 04 Mart 2026
221
16:43 / 04 Mart 2026
96
16:33 / 04 Mart 2026
78
16:16 / 04 Mart 2026
60
16:00 / 04 Mart 2026
74
15:57 / 04 Mart 2026
78
15:45 / 04 Mart 2026
454
15:28 / 04 Mart 2026
1292
15:23 / 04 Mart 2026
195
15:09 / 04 Mart 2026
253
15:08 / 04 Mart 2026
91
15:02 / 04 Mart 2026
79
14:51 / 04 Mart 2026
140
14:42 / 04 Mart 2026
75
14:34 / 04 Mart 2026
78
14:28 / 04 Mart 2026
329
14:21 / 04 Mart 2026
82
14:18 / 04 Mart 2026
185
14:14 / 04 Mart 2026
121
14:05 / 04 Mart 2026
457
14:02 / 04 Mart 2026
77
13:59 / 04 Mart 2026
119
13:47 / 04 Mart 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.