Qaynar xətt:

(+99450) 247 90 86

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır” 

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır” 

SİYASƏT

64

08.08.2026, 10:51

Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsi:

- Sizin Şah İsmayıl Xətai və Səfəvilər Dövləti ilə bağlı fikirləriniz yenidən gündəm olub. Sizə qarşı...

- Əslində son yazılarımda mənim tərəfimdən bu mövzuda hansısa müzakirə açılmayıb. Ümumiyyətlə, konkret tarixi şəxsiyyət adına da istinad etməmişəm. Sadəcə Azərbaycan dövlətinin quruluş fəlsəfəsi ilə bağlı fikirlərimi bölüşmüşəm. Bir də Səfəvi soyadlı bir iranlı generalın açıqlamasına münasibət bildirmişəm. Deyirdi ki, müasir İran dövlətinin əsasını Səfəvi ideologiyası təşkil edir, mən də onun doğru olduğunu bildirmişəm. Çünki Konstitusiyalarda yer aldığı kimi müasir Azərbaycan dövləti dünyəvi, İran dövləti isə Cəfəri məzhəbi təməlində qurulan dövlətdir. Həm də qeyd etmişəm ki, çağdaş Azərbaycan milli dövlətinin yaranması bizim üçün ən böyük tarixi nailiyyətdir. Əlbəttə, biriləri əsri-səadəti  7-ci əsrdə Peyğəmbər dövründə, digərləri 16-cı əsrdə Səfəvilər dövründə, başqaları da 1918-ci il milli dövlətimizin quruluşunda axtara bilər. Buna da normal yanaşmaq lazımdır. Ancaq Azərbaycan Respublikasının ali marağından danışanda üçüncü istiqamətin alternativi olmamalıdır.  pizza hut

- Sizin Səfəvilər dövləti və Şah İsmayılla bağlı mövqeyiniz bəllidir. Bəlkə bundan qaynaqlanır?

- Ola bilər ki, bəllidir, amma mən bu məsələyə konseptual yanaşıram. Kitablarımda da fikirlərimi açıq şəkildə yazmışam. Mən hesab edirəm ki, əgər biz Səfəvi-İran mühitindən zamanında qopmasaydıq, müstəqil dövlət qura bilməyəcəkdik. İndi sual budur: siz Azərbaycanın müstəqil dövlət olmasını istəyirsiniz, yoxsa Səfəvi-İran mühitində keçmiş imperiya xəyalları ilə yaşamağı? Məncə, bir sağlam düşüncəli azərbaycanlı üçün ikinci mənasız müzakirədir. Bəzi fürsətçilər mövzunu ayrı-ayrı tarixi şəxsiyyətlər üzərində yönəltməklə İrançılıq düşüncəsini pərdələməyə çalışırlar.

- Bununla bağlı sizin fikirləriniz dəfələrlə səslənib və mövqeyiniz belədir ki, biz Səfəvilərdən və Şah İsmayıldan imtina etməliyik.

- Kim imtina etməkdən söhbət açır? Məsələ imtina etmək deyil. Sual budur ki, bugünkü Azərbaycan Respublikasına bu düşüncənin nə aidiyyatı var? Azərbaycan Respublikasının yaranması  Səfəvi-İran siyasi arealından ayrıldıqdan sonra baş verən tarixi proseslərin nəticəsidir. 1813 və 1828-ci illərdə Azərbaycan torpaqları Rusiya tərəfindən işğal edildi və ölkə müstəmləkəyə çevrildi. Lakin həmin müstəmləkə şəraitində yetişən ziyalılarımız yaranmış tarixi fürsətdən ağıllı istifadə edərək müstəqil dövlət qurdular. Tarixin sadə izahı budur. Əgər biz o mühitdən qopmasaydıq, bu dövləti qura bilməzdik. Daha sonra sovet sistemi daxilində formal müstəqilliyimizi qoruyub saxlamaq imkanımız olduğuna görə 1991-ci ildə müstəqilliyimizi bərpa etmək mümkün oldu.

İndi keçmiş imperiyalarla, “şanlı dövlətimiz vardı” kimi yanaşmaların bugünkü Azərbaycan üçün nə əhəmiyyəti var? Səfəvi dövlətinin ideyası və ideologiyası bu gün hansı dövlətdə yaşayır? Əlbəttə, İranda. Biz isə dünyəvi dövlət qurmuşuq. Bu model bizim üçün daha uğurlu və uyğundur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları – Məhəmməd Əmin Rəsulzadə və silahdaşları da məhz bu modeli əsas götürüblər. Biz bununla qürur duymalıyıq. Keçmişdə bu torpaqlarda müxtəlif sülalələr hakimiyyətdə olub. Bunlar tarixi öyrənmək, müzakirə etmək baxımından maraqlı ola bilər. Yəni kim haçan hakimiyyətə gəldi, kim kimlə döyüşdü, kim qazandı, kim də məğlub oldu. Amma bunların bugünkü həyatımıza nə təsiri var?

Bizim üçün əhəmiyyətli olan odur ki, dilimizin ilk dram əsərini, nəsr əsərini Mirzə Fətəli Axundzadə yazdı, ilk fəlsəfi traktatımızı o yaratdı. Bunlar müstəmləkə dövründə baş verdi. Ardınca Həsən bəy Zərdabi gəldi, milli mətbuatımızı yaratdı. Sonrakı maarifçilər də qaranlıq keçmişə tənqidi yanaşaraq cəmiyyətin inkişafı üçün çalışdılar.

Biz bu dövləti Məhəmməd Əmin Rəsulzadənin hazırladığı ideya üzərində qurmuşuq. Sonradan Nəriman Nərimanov sovet dövründə Azərbaycanın adının və hüquqi mövcudluğunun qorunmasına müəyyən töhfə verib. Milli azadlıq hərəkatının da öz rolu olub. Dövlətin ən çətin dövrlərində onun qorunması istiqamətində Prezident Heydər Əliyevin müstəsna xidməti olub. Daha sonra ölkənin ərazi bütövlüyünün bərpası işini  Prezident İlham Əliyev fövqəladə cəsarətlə tamamladı. Tarixi ardıcıllıq budur. Biz bunu başqa cür necə təqdim edə bilərik? Keçmiş sülalələri bu zəncirə necə daxil edək?

Adamlar deyir ki, mənim inancım budur, belə yaşamaq istəyirəm. Get istədiyin kimi yaşa! Ancaq heç bir halda mənim müstəqil dövlətim üçün təhlükə yara bilməzsən! Mən deyirəm ki, ağlın yolu çağdaş problemlərimizin həllinə yönəlməkdədir. Biz yalnız və yalnız müasir və çağdaş dövlət qurmağımızla fəxr etməliyik. Tarixin hansısa dövründə mövcud olmuş bir sülalənin və ya təriqətin dövləti sadəcə tarix bilgisi baxımından maraqlı ola bilər.

- Siz özünüz də tarixə məhz bu prizmadan yanaşmırsınızmı? Çünki Şah İsmayıl və Səfəvilərlə bağlı tənqidi fikirləriniz dəfələrlə səslənib.

- Mən Şah İsmayılı şəxsiyyət kimi tənqid etmirəm. O, bir təriqət şeyxinin oğlu idi, dövrünün hakimiyyət mübarizəsində qalib gəldi və öz dövlətini qurdu. Sonra həmin hakimiyyətin ideologiyası İran coğrafiyasında müəyyən müddət davam etdi. Eyni proses Osmanlıda da yaşandı. Osmanlı imperiyasında da böyük fəthlərlə yanaşı çoxlu nöqsanlar, yanlış qərarlar və gerilik vardı. Əgər o sistem ideal olsaydı, Mustafa Kamal Atatürk onu qoruyub saxlayardı. Halbuki, Atatürk sultanlığı və xilafəti ləğv etdi, onların yerində müasir Cümhuriyyət qurdu. Atatürk dünyəvi Cümhuriyyət yaratdı. Eyni prosesi bizim babalarımız da edib. İndi Türkiyədə əlbəttə, Osmanlı mirası ilə qürur duyan çox sayda insan var. Olsun. Amma düşünən insanlar ən böyük dəyərin Türkiyə Cümhuriyyəti olduğunu qəbul edirlər. Ona görə də məsələ keçmiş imperiyaların mövcudluğunda deyil, onların yaratdığı mədəniyyətin tranformasiyasındadır.  Dindarlar arasında bir qismi əsri-səadəti 7-ci əsrdə, bir qismi Mehdinin zühurunda axtarır. Ancaq sağam düşüncəli insan anlayır ki, keçmişdə axtardığın mücərrəd əsri-səadət sənə məxsus ola bilməz. Onu indi yaşadığın zamanda və məkanda ədalətli cəmiyyət qurmaqla yaratmalısan.

- Fazil bəy, bir ifadə işlətdiniz. Dediniz ki, Şah İsmayıl bu dövləti İran coğrafiyasında yaratdı. Amma bu dövlət daha çox Azərbaycan coğrafiyasını əhatə edirdi...

- Azərbaycan adı daha çox müasir İranın şimal hissəsinə və müasir Azərbaycan Respublikasının müəyyən qisminə aiddir. Şirvanşahların mövcud olduğu ərazi tarixən “Arran” adlanıb. Şirvanşahlar Səfəvilər tərəfindən süquta uğradılandan sonra bu bölgələr iki imperiyanın arasında əl dəyişib. Sonra Səfəvilərin, ardınca da Əfşarların çöküşündən sonra yaranan xanlıqlar da yenə Qacar və  ya Osmanlı nüfuzuna söykənərək nisbi müstəqilliklərini qoruyublar. Sonra da Rusiya gəlib hər ikisinin əlindən alıb müstəmləkəyə çevirib. Rusiyanın şəriət hüququnu dünyəvi məhkəmələrlə, mədrəsələri müasir məktəblərlə əvəzləməsi bizim yenidən formalaşmamız üçün faydalı olub. Əlbəttə, bugünkü anlayışlarla keçmişi olduğu kimi qiymətləndirmək düzgün deyil. Tarixə bu cür yanaşsaq, hindular da deyə bilərdilər ki, Amerika hindularındır. Halbuki, bu gün ortada ingilislər, ispanlar, fransızlar Amerika dövləti qurub, yeni siyasi sistem və mədəniyyət yaradıblar. Əgər məsələ daha çox torpaq fəth etməkdirsə, Nadir Şah İsmayıldan daha böyük ərazilər fəth edib. Özü də türk-əfşar tayfasından idi və fars millətçiliyindən uzaq düşüncəyə sahib idi. Bəs niyə onu eyni şəkildə idealizə etmirsiniz? Bu, mənim fikrimcə, irançılıq düşüncəsinin təsirindəndir. İran mətbəxində hazırlanmış ideoloji şüarlar var və insanlar onları təkrarlayaraq özünə doğmalaşdırırlar. Mən isə deyirəm ki, Azərbaycan dövlətinin yaranma tarixini düzgün qiymətləndirməliyik. Azərbaycanın müasir dili, ədəbiyyatı, qrammatikası, əlifbası və milli şüuru formalaşan dövrə lazımi dəyər verilməlidir. Məhz həmin proses bizi milli dövlətin qurulmasına gətirib çıxardı. Ondan əvvəlki tarixi mərhələlər də vacibdir. Ancaq onların dəyəri əsasən müasir milli dövlətimizin formalaşmasına zəmin hazırlaması ilə müəyyənləşə bilər. Bunu qəbul etməkdə qeyri-adi heç nə yoxdur. Bu gün isə mövzu daha çox populizm predmetinə çevrilib. Hər kəs bu tarix üzərində öz romantik təsəvvürünü cəmiyyətə yoluxdurmağa çalışır.

Məsələn, 30 il öncə “Bütöv Azərbaycan” ideyası daha populyar idi. Amma bu gün həmin ideyanın nə yeri var? Soydaşlarımız təkcə İranda yaşamırlar. Onlar Gürcüstanda, Rusiyada və başqa ölkələrdə də yaşayırlar. Azərbaycan Respublikası isə prinsipial olaraq başqa dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini və heç bir ölkədə separatçılığı dəstəkləmədiyini bəyan edir. Eyni zamanda öz ərazisində də separatçılığı qəbul etmir.

Bizim məqsədimiz bu respublikanın bütün vətəndaşları – türklər, talışlar, ləzgilər, avarlar, kürdlər və digər xalqlarla birlikdə ölkənin gələcəyini qurmaqdır.

Söhbət məhz bundan gedir. Amma cəmiyyəti bu məqsəddən yayındıraraq tarixi romantizm və xəyali ideyalar ətrafında mübahisələr yaratmağa çalışırlar.

Bu gün İranla qonşuyuq. Normal qonşuluq və dostluq münasibətləri qurmaq bizim maraqlarımıza uyğundur. İranda yaşayan azərbaycanlılar da həmin dövlətin vətəndaşlarıdır. Sabah İran daha dünyəvi və açıq dövlətə çevrilsə, bu, bizim üçün yalnız müsbət nəticələr verər, ideoloji gərginlik də azalar. Belə olan halda, tarixə əsaslanaraq başqa dövlətlərə ərazi iddiaları irəli sürməyin bugünkü milli maraqlarımıza nə faydası var? Mən hesab edirəm ki, bütün məsələlərə Azərbaycan Respublikasının maraqları prizmasından yanaşmalı və gələcəyimizi də bu istiqamətdə qurmalıyıq.

Gələcəyə baxa bilməyən insanlar adətən keçmişdə yaşayırlar. Kimsə Şah İsmayılı, kimsə başqa bir tarixi şəxsiyyəti ideal hesab edə bilər. Bu, onun şəxsi seçimidir. Amma bunun Azərbaycan Respublikasının idealları ilə hansı əlaqəsi var? Biz dünyəvi dövlətik. Dini dövlət deyilik ki, yüzillər əvvəl yaşamış hökmdarların və ya təriqətlərin ideologiyasını bu gün dövlət ideologiyasına çevirək. 1980–1990-cı illərdə, sovet dövründə, imperiya tərkibində olduğumuz üçün Babək, Şah İsmayıl, Nadir şah və digər tarixi şəxsiyyətləri ön plana çıxarmağın müəyyən mənada siyasi faydası vardı. Məqsəd xalqın tarixi yaddaşını və milli qürur hissini imperiya qarşısında göstərmək idi.  Amma müstəqillik dövründə əsas diqqəti artıq çağdaş Azərbaycan dövlətinin qurucu  qəhrəmanlarına yönəltməliyik. Məsələn, Bakının azad olunmasında mühüm rol oynayan Nuru Paşaya cəmiyyət lazımi dəyəri verməlidir. Yaxud Bakı uğrunda döyüşmüş digər tarixi şəxsiyyətləri tanımalıdır.

Bu gün cəmiyyət onların bir çoxunu tanımır. Əvəzində diqqət daha çox orta əsrlərə və bugünkü dövlət modelimizlə birbaşa əlaqəsi olmayan tarixə yönəlir. Məncə, prioritetlərimizi düzgün müəyyənləşdirməliyik.

Müstəqillikdən öncəki siyasi rejimlərində qeyd olunan adları bu qəhrəmanlarımızdan uca tutacağıqsa, deməli biz Cümhuriyyət, müstəqillik fəlsəfəsini anlamamışıq. Bizim dediyimiz açıq mətn budur. Yoxsa kiminsə kimisə ideallaşdırması öz şəxsi münasibətidir. Demokratik və Milli dövlətin qurulma tarixi M.Ə.Rəsulzadədən başlayır. Kim hansı dövrə getmək istəyir getsin və özünə qəhrəman tapsın. “Anam Tomris kəsmədimi Keyxosrovun başını” misralarını nə qədər istəyirsiniz təkrarlayıb vəcdə gəlin.  

– Bu məsələyə populist mövzu kimi yanaşdınız. Amma eyni zamanda bir az da həssas bir mövzu kimi həssaslıqla yanaşmaq mümkün deyilmi? Ən azından Səfəvilərdən bizə dini məzhəbçilik qalıb və Azərbaycanda əksəriyyət şiə təriqətinə qulluq edir.

– Bu barədə rəsmi statistika heç yerdə yoxdur. Kimin hansı təriqətə və məzhəbə sahib olduğu bilinmir. Kimin şiə və ya sünni, müsəlman, ya da xristian olmasının bizə dəxli yoxdur. Azərbaycan dini dövlət deyil. Bizdə din dövlətdən ayrıdır. Dünyəvi dövlətlər bütün dinlərə eyni prizmadan baxır. Başqa ölkələrdə də yüzlərlə təriqət var. Hər birinin tabe olduğu sistemlər ola bilər. Bizdə din azaddır. Dini də, dinsizliyi də yaşaya bilərlər. Hamısı Konstitusuyamızın və dünyəvi dövlətin hüdudları çərçivəsində ola bilər. Azərbaycan heç bir məzhəbin dövləti deyil. Ona görə də məsələyə baxışımız realist olmalıdır. Hər kəs sərbəst şəkildə dini inancını yerinə yetirə bilər. Tarix üzərində də təriqətçilik və məzhəbçilik anlayışının kök salması da bəzi qüvvələrin marağına xidmət edir. Bu gün sağlam düşüncəli bir özbək türkü böyük türk sərkərdəsi Teymurun kəsdiyi başlarla deyil, qurub yaratdığı rəsədxana və elmi müəssisələrlə, mədəniyyət abidələri ilə öyünəndə daha dəyərli ola bilər.

Osmanlı da gedib Avropada məscid, hamam tikib, amma bunlar qalıcı dəyər deyil. Qalıcı dəyər orada elm müəssisəsi yaratmaq, düşüncə sistemi qurmaq idi. Bunlar qurulmayıb deyə, həmin məkanlarda çox az iz qoyub. Roma imperiyası  çöküb, amma Roma mədəniyyəti bu gün də dünyada dəyərini qoruyub saxlayır. Qədim yunanlar tarixdən qeyb olsalar da yunan mədəniyyəti fəlsəfədə və düşüncədə öz mövcudluğunu qoruyub. Söhbət mədəniyyətdən gedirsə, mədəniyyət ölkə alıb əhalisini qul etmək, dinini dəyişdirmək deyil.

– Yəni Səfəvilərdən bu günə mədəni irs olaraq nəsə qalımayıb?

– Mədəni nə qalıb? Bir sanballı düşüncə kitabının adını çəkin. Çünki həmin dövr Avropa renessansının başladığı dövrlərdir. “Dədə Qorqud” Səfəvilərə aiddir? Bayındırlı mədəniyyətinin məhsuludur. Uyğur mədəniyyətinin məhsulu olan Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsəri kimi bir əsər yarada biliblər? Yaxud məscidlərdə hansısa elmi, fəlsəfi kitablar qorunub? Minatür rəsmləri,   müəyyən sənət nümunələri əlbəttə ki, olub, ancaq qalıcı mədəniyyət intibahından danışmaq çox çətindir. Doğrudur, italyan de Vallenin 1620-ci ildə İsfahanda yazdığı “Türk dilinin qrammatikası” əsəri mövcud olsa da, yerli müəlliflərin dilin təşəkkülü ilə bağlı bir əsərinə rast gəlmək mümkün deyil.

Başqa necə olur ki, imperiyanın mövcud olduğu 200 illik bir dövrdə türkcə bir ədəd də olsa elmi bir tərəfə, monqolların Rəşiddədinə yazdırdığı şəkildə türklərə dair bircə mifoloji mətn belə yoxdur. M.F.Axundov da deyirdi ki, onlardan bizə qalan elmi, fəlsəfi miras yoxdur. Mirası M.F.Axundov yaradıb. O tarixə aid ciddi bir əsərə istinad edə bilməyib. Çünki kitab yoxdur.  Tək Səfəvilər yox, Ağqoyunlular və digər dövlətlər də kitab, yazı qoruyucu mədəniyyətinə sahib olmayıblar. Axundov kitabı, Həsən bəy Zərdabi isə mətbuatı yaradıb. Bunlar nağıl deyil. Onların missiyası əsasında dövlət qurulub. Bunu anlamayanlar gəzib-dolaşıb yenə də feodal tarixə ibadət yeri kimi baxmağa can atırlar. Səfəvilərdən qalan hansı kitab və ya mətn üzərində düşüncə sistemimiz, çağdaşlıq anlayışımız formalaşıb? Orta çağda 50-60 şairin hərəsi xeyli şeir yazıb. Şeirlər əlbəttə ki, dilin varlığının qorunmasına fayda verib. Ancaq şeirin ardınca elmi, fəlsəfi mətnlər gəlməmiş, çünki teokratik sistemlər düşüncənin çiçəkləməsinə imkan tanımamış. Ortaçağda Avropada Şekspirin, Hötenin, Lokkun, Leybnisin, Nyutonun düşüncə sistemi əsasında dövlət dəyərləri şəkillənib. Bəlli səbəblərdən bizdə bu olmayıb. İnanc həmişə ağılı üstələyib, boğub və gömüb. Bizim çağdaş milli dövlətimizin ideya təməli birmənalı şəkildə 19-cu əsrin ortalarından sonra qoyulub. Müstəqillikdən əvvəlki dövrdə bunları sübut etmək çətin görünürdü, amma biz hazırda ən vacib problemlərini həll edə bilmiş böyük xalqıq. Ona görə ki, milli dövlət qura bilmişik. Qura bilməsəydik, ölüb-batan xalqlardan bir fərqimiz olmazdı. Biz şəxsiyyətimizi bununla qazanmışıq. Amma bəziləri deyir ki, biz bunu feodal dövründə qazanmışıq. O zaman şahsevənliklə iş bitməz, bunun əyani nümunələrini və və kitabını göstərin.

– Biz toplum olaraq “şahsevən” olmuşuq. Bəlkə bu düşüncələr şüuraltından qaynaqlanır?

– Başa düşüləndir, elmi, təhsili olamyan insanlarımızın qulaqdan-qulağa nəyisə eşidib həyat idealına çevirə bilər. Amma diplomu, təhsili olan adamlar meydana çıxıb orta əsrlərin nağıllarını dövlətin əsasına soxuşdurmağa çalışanda buna  hökmən dirəniş göstərməliyik. Bəli çağdaş Azərbaycan dövlətçiliyi deyəndə bu silsiləni əzbərləməyi təklif edərdim: Məhəmməd Əmin Rəsulzadənin ideyaları üzərində bu dövlət qurulub, Nuri Paşa dövlətin paytaxtının azad etməklə ona real mövcudluq bəxş edib, Sovet sistemi içində cəsur ziyalılarımız və  Əbülfəz Elçibəyin başçılığı ilə Milli Azadlıq Hərəkatı dövlətin yenidən bərpası prosesində əhəmiyyətli rol oynayıb. Heydər Əliyev ən çətin anda gəlib dövləti dağılmaqdan, ölkəni parçalamaqdan xilas edib, İlham Əliyev isə Azərbaycan Respublikasının işğalçılardan təmizləyərək ərazi bütövlüyünü tam şəkildə bərpa edib.

– Sizə qarşı səslənən ittihamlardan biri də budur ki, Səfəvilərin Azərbaycan dövləti və dövlətçiliyinə heç bir aidiyyəti olmadığını demisiniz. Bu ifadələr doğrudurmu?

– Azərbaycan dövləti yaranmazdan əvvəl mövcud olanların hamısı sülalə dövlətləri idi. Orada türk də, talış da, monqol da, tat da olub. Osmanlıda da vəziyyət belə idi. Türkü heç adam yerinə qoyan yox idi. Osmanlı türkə ən çox zərər verən dövlət olub. Türkə şəxsiyyəti Atatürk qazandırıb. Bizə də bunu qazandıran Məhəmməd Əmin Rəsulzadə olub. Nağıl oxuyuruq ki, Təbrizdə dörd inqilab olub. Nəticələrinə də baxın. Həmin inqilabların hansı Azərbaycan türklərinin maraqlarına uyğun olub? Çünki o mühitdən Azərbaycan qopa bilməyib. Biz qopa bildiyimiz üçün ilk fürsətdə müstəqillik qazanmışıq. Əgər orada qalsaydıq, kölə vəziyyətində bir xalq olardıq. Dili olmayan, hüquqları olmayan bir xalq kimi yaşayacaqdıq. Buna niyə sevinmirsiniz? Məhz biz Səfəvi-İran arealından qurtulmaqla yenidən öz şəxsiyyətimizi formalaşdırdıq.

– Bakıda Şah İsmayıl Xətai adına rayon, eyni zamanda heykəli var. Sizcə, bunların qalmasına ehtiyac varmı?

– Xalq Cəbhəsi dövründə bu cür yanaşmalar var idi. Deyirdilər ki, filankəs proletar inqilabçısıdır, heykəlini götürək. Məsələn, Nəriman Nərimanovla bağlı belə fikirlər səslənirdi. Mənim fikrimcə, bu, çox sərt yanaşmadır. Kiminsə adını götürməklə düşüncələri dəyişə bilməyəcəyik. Daha yaxşı olar ki, qalsınlar öz yerlərində. Adları dəyişib əlavə pul xərcləməyə ehtiyac yoxdur. Hətta kommunist dövründə də xalqa xeyir vermiş insanların xatirəsi yaşadıla bilər. Məsələn, İmam Mustafayevin, Mirzə İbrahimovun, Vəli Axundovun da xatirəsinə ehtiramla yanaşılmalıdır.Daha çox milli dövlətin varlığı üçün çalışan insanları tanıtmalıyıq. Keçmişi insanların öhdəsinə buraxmaq lazımdır. Əsas vəzifəmiz dövlətə aid olan dəyərləri önə çıxarmaqdır. Nuru Paşanın dəyərini lazımi qədər verməmişik. Murad Gəray Tlexas Bakı qubernatoru olub. Onu günlərlə Bakıda at arabasında, qəfəsin içində nümayiş etdiriblər, məhkəmədən sonra da bolşeviklər güllələyiblər. Son söz olaraq o deyib ki, “Əynimdə Azərbaycan əsgərinin mundirindən daha şərəfli heç nə yoxdur”. Bu sözləri deyən adamın adı isə heç yerdə yoxdur. Yaxud da üçrəngli bayrağımız Qız Qalasının üzərində ilk dəfə asan Cahid Hilaloğlunu adına rast gəlirikmi? Biz məhz belə şəxsiyyətlərin tanıdılması üçün çalışmalıyıq. Söküntü və dağıntı heç bir düşüncəni dəyişmir.

Bizdə onsuz da günümüzdə də əsas təbliğat şifahi xalq yaradıcılığıdır. İnsanlar kitab mətnini anlamağa önəm vermirlər. Yüz mətn oxuyur, yenə də deyir ki, mən şahsevənəm. Ziyalı danışanda deyir ki, “mənim şah babam”. Dindar deyir ki, “mənim imamım”, “mənim şeyxim”. Amma “mənim Quranım” deyən çox azdır. Halbuki, əsas kitabdır. Kitaba istinad etməyən topluma hər cür xəyalı və düşüncəni aşılamaq mümkündür. Onlar hər şeyi nağılla öyrənirlər. Dini də, tarixi də nağılla öyrənirlər. Həyatlarından məmnundurlar, sanki məşhur filmimizdəki Sehrli xalatın içində gələcəyə uçmağ növbəsinə yazılıblar. Sadəcə Rəsulzadəni və Əhməd Ağaoğlunu ciddi şəkildə oxusaq, Azərbaycan dövlətinin mahiyyətini qətiyyən qaranlıq keçmişimizdə, İran bataqlığında aramazdıq.