Qaynar xətt:

(+99450) 247 90 86

Pensiya və maaşlar artırılır – Ciddi dəyişiklik olacaq 

Pensiya və maaşlar artırılır – Ciddi dəyişiklik olacaq 

CƏMİYYƏT

473

19.09.2026, 19:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2027-ci ildə pensiyaların indeksləşdirilərək artırılması və minimum əməkhaqqının yüksəldilməsi gözlənilir. Sosial istiqamətə ayrılacaq vəsaitin 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin xərclərinin də 42,4 milyard manat təşkil edəcəyi nəzərdə tutulur.

Vətəndaşları isə əsasən iki məqam maraqlandırır: artımdan sonra pensiya və minimum əməkhaqqının məbləği təxminən nə qədər ola bilər və hazırkı qiymətlər fonunda normal yaşayış üçün minimum əməkhaqqı hansı səviyyədə olmalıdır?

Oxu24.com  bildirir ki, globalinfo.az-a danışan iqtisadçı Ruslan Atakişili deyib ki, hazırda 2027-ci ilin dövlət büdcəsinin yeni zərfi hazırlanır:

“Artıq yaxın vaxtlarda təqdim olunacaq. Orada növbəti ildə əhalinin sosial təminatı məsələsi yenə prioritetlərdən biridir. Ümumiyyətlə, dövlət büdcəsinin böyük bir hissəsini əhalinin sosial müdafiəsi təşkil edir. Bunun içərisində təbii ki, müavinətlər, təqaüdlər, həmçinin hər hansı avadanlıqların alınması, binaların tikilməsi və digər xərclər nəzərdə tutulur. Bunlar hər ilin dövlət büdcəsində nəzərdə tutulan istiqamətlərdir və bu il də orada onların daha da genişləndirilməsi nəzərdə tutulur. Hərçənd, ümumiyyətlə, hər il indeksləşdirilir. Yəni ölkədə qiymət artımı, həmçinin inflyasiya nəzərə alınmaqla indeksasiya həyata keçirilir. Büdcə daxilində bu indeksasiyaya uyğun olaraq müəyyənləşdirilmiş rəqəm əsasında həmin nisbətdə də artım həyata keçirilir”.

Minimum əmək haqqına gəldikdə isə, iqtisadçı qeyd edib ki, minimum əməkhaqqı ölkə başçısının fərmanı ilə müəyyənləşdirilir və hazırda ölkəmizdə minimum əmək haqqı 400 manatdır:

“Minimum əməkhaqqının artırılması məsələsinə baxılarkən bir neçə aspekt nəzərə alınmalıdır. Minimum əməkhaqqının artırılması həyat səviyyəsi aşağı olan insanlar üçün yaxşı nəticə versə də, sahibkarlar üçün bəzən problemlər yaradır.

Məsələn, minimum əməkhaqqı artanda sahibkar üçün əməkhaqqı xərcləri də artır. Minimum əməkhaqqının daha da yüksəlməsi həmin sahibkarın üç-dörd işçini ixtisar etməsinə, işçi sayını azaltmasına gətirib çıxara bilər. Yəni dolayı yolla bu, işsizliyin artmasına və yaxud da iqtisadi geriləmə aspektlərinə səbəb ola bilər”.

R.Atakişilinin sözlərinə görə, minimum əməkhaqqı ilə bağlı bəzi ölçülər həyata keçirilir:

“Bu da istər-istəməz sahibkarlara təsir edir. Ona görə də bu baxımdan, təbii ki, belə qərarlar verilən zaman müəyyən həssaslıqla yanaşılır. Dünya təcrübəsində minimum əməkhaqqı müəyyənləşdirilən zaman həmin ölkədə həyat səviyyəsi, bazardakı qiymətlər və digər amillər nəzərə alınır. Yəni istehlak səbətinə daxil olan məhsulların bazar dəyəri və əhalinin ehtiyac meyarı nəzərə alınır. Bizim ölkəmizdə də ehtiyac meyarı var. Bu, orta hesabla müxtəlif kateqoriyalar üzrə fərqlənir. Uşaqlar üçün fərqli, yaşlılar üçün fərqli göstəricilər müəyyənləşdirilir. Təbii ki, təqaüdlər müəyyənləşdirilərkən də bu amillər nəzərə alınır. O cümlədən, minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı da bunlar nəzərə alınmalıdır. Ona görə də istər-istəməz minimum əmək haqqının hansı səviyyədə olması müəyyənləşdirilərkən günümüzdə bazar qiymətləri nəzərə alınmalıdır. Bu göstəricilər dəyişdiyi zaman minimum əmək haqqının da müvafiq nisbətdə dəyişdirilməsi həyata keçirilməlidir”.

İqtisadçı daha bir məsələyə toxunub:

“Ölkəmizdə orta əməkhaqqı 1000 manatı artıq keçib. Ona görə də minimum əməkhaqqı orta əməkhaqqının faiz nisbətindən də müəyyənləşdirilə bilər. Məsələn, 60 faiz və yaxud 70 faiz nisbətində. Amma bütün bunlarla bağlı, təbii ki, hesablamalar aparılmalı, ölçülüb-biçilməli və bundan sonra qərarlar verilməlidir”.