Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanla bağlı MÜJDƏ: Bu sahədə gücümüz artdı — Ekspertlər gözləntiləri AÇIQLAYIR  

Azərbaycanla bağlı MÜJDƏ: Bu sahədə gücümüz artdı   —   Ekspertlər  gözləntiləri AÇIQLAYIR  

SİYASƏT

1403

08.04.2026, 14:32

Azərbaycanın bərpaolunan enerji potensialı: yeni inkişaf mərhələsinin əsas dayağı

Azərbaycanda istehsal olunan elektrik enerjisində bərpa olunan mənbələrin payı açıqlanıb. Ölkədə istehsal olunan 62,6 milyon kilovat-saat elektrik enerjisinin 18,2 milyon kilovat-saatı – yəni 29 faizdən çoxu bərpa olunan enerji mənbələrinin payına düşür. Bu göstərici Azərbaycanın enerji balansında alternativ mənbələrin rolunun getdikcə artdığını göstərən mühüm siqnaldır. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bu enerjinin 12,4 milyon kilovat-saatı su elektrik stansiyalarında, 5,8 milyon kilovat-saatı isə günəş və külək enerjisi hesabına istehsal olunub. Eyni zamanda, enerji sektorunun iqtisadi çəkisi də diqqətəlayiqdir. 2026-cı ilin ilk iki ayında elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində 671,6 milyon manatlıq məhsul və xidmət istehsal olunub. Su təchizatı və tullantıların idarə olunması sahəsində isə bu göstərici 93,4 milyon manat təşkil edib. Bu da sektorun ölkə iqtisadiyyatında mühüm rol oynadığını bir daha təsdiqləyir.

Azərbaycanın “yaşıl enerji” strategiyasında xüsusi yer tutan istiqamətlərdən biri də işğaldan azad olunmuş ərazilərdir. Bu bölgələr zəngin hidroenerji, günəş və külək potensialına malik olmaqla ölkənin gələcək enerji təhlükəsizliyində əsas dayaqlardan biri kimi qiymətləndirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi burada həyata keçirilən layihələrin miqyasını və əhəmiyyətini artırır. Nəticə etibarilə, son statistik göstəricilər göstərir ki, Azərbaycan enerji sektorunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. 

Mövzu ilə bağlı Oxu24.com-a danışan sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, son üç ildə Azərbaycanada bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi hasilatının 20%-dən çox artması ölkənin enerji təchizatında inqilabi bir dönüş kimi qiymətləndirilməlidir:

“Bu göstərici özlüyündə bir daha sübut edir ki, Azərbaycan bir neft-qaz ölkəsi olmasına baxmayaraq, bu gün enerji təminatı sahəsində dünyanın getdiyi yolla hərəkət edir və bu sahədə heç kimdən geridə qalmaq niyyəti yoxdur. Əksinə ölkəmiz bu sahədə regionun fovarit dövləti rolunu öz üzərinə götürməyi hədəfləyibdir. Son illər ərzində əldə edilmiş nailiyyətlər  deməyə əsas verir ki, yaşıl energetikanın inkişaf səviyyəsinə görə regionda aparıcı ölkə statusunu artıq əldə etmişik.  

Əslində Azərbaycanda Sovetlər dövründə də bərpa olunan enerjinin növlərindən biri - su elektrik stansiyaları mövcud idi. Lakin müstəqillik illərində bu sahə prioritet kimi öndə olmamışdır. Hökumət bərpa olunan enerji mənbələrindən enerji hasil etmək sahəsindəki işlərə  2019-cu ildən etibarən start verdi. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən energetika sektorunda islahatlar haqqında sərəncam imzalandı və görüləcək işlərin əlaqələndirilmiş şəkildə aparılması məqsədilə xüsusi komissiya yaradıldı.

2021-ci ildə Azərbaycanda “Bərpa olunan enerji haqqında” qanun qəbul edildi bu sahəyə xarici investisiyaların axını üçün hüquqi mexanizmlər formalaşdırıldı. Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında  “yaşıl enerji” ölkənin əsas prioritet istiqamətlərindən biri kimi təsbit olunub”.

Professorun sözlərinə görə, görülən bu işlərin nəticəsində Azərbaycanda yaşıl enerji istehsalı sahəsinə xarici kapital axını sürətlə artmağa başladı və bu sahədə beynəlxalq əməkdaşlıq yetərincə genişləndi:

“Avropa Yenidənqurma və İnkişaf Bankının, Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının şirkətlərinin Azərbaycanda yaşıl enerji sektoruna ciddi yatrımları baş verdi. Prezident İlham Əliyevin sözləri ilə desək, artıq bu sahəyə yatrımlar etmək üçün o qədər çox  təkliflər var ki, onları qısa zaman kəsiyində fiziki cəhətdən reallaşdırmaq mümkün deyildir. 

İndi Azərbaycan Avropanın enerji təchizatında özünün yaşıl enerji potensialı ilə yaxından iştirak etmək kimi bir layihəni gerçəklədirməyi hədəfləyir.  Şərqi Avropa ölkələri ilə aparılan danışıqlar və əldə olunan razılaşmalarla yaxın gələcəkdə Qara dənizin dibi ilə çəkiləcək xüsusi kabel vasitəsilə Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin bir hissəsi Avropanın şərqində yerləşən ölkələrə ixrac ediləcəkdir. Bu sahədə daha sonrakı hədəflər isə Mərkəzi Asiya ölkələrində istehsal ediləcək yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya ötürülməsi olacaqdır. 

Bir sözlə, 2030-cu ilə qədər Azərbaycanın enerji təchizatında yaşıl enerjinin xüsusi çəkisini 30%-ə çatdırmaq nəzərdə tutulur. Əslində isə bu sahədəki ən böyük hədəfimiz sadəcə yaşıl enerji istehsalını artırmaq deyil, Azərbaycanı regionda “yaşıl enerji mərkəzinə” çevirməkdir. Bu bir neft-qaz ölkəsinin əldə edə biləcəyi ən böyük uğur, iqtisadiyyatın şaxələndirilməsi yolunda isə mühüm nəticə hesab olunmalıdır”.

Oxu24.com-a danışan millət vəkili Vüqar Rəhimzadə deyib ki, Azərbaycanın 2030-cu ilədək “yaşıl artım” ölkəsinə çevrilməsinin hədəflənməsi, təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirməsi enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir:

“Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin builki 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında, həmçinin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu məqamlara xüsusi diqqət yönəltdi. Sözügedən müşavirədə Azərbaycanın malik olduğu üstünlüklərdən bəhs edərkən Prezident İlham Əliyev bildirdi ki, son illər ərzində aparılan işlər nəticəsində öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 ildə generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər Günəş, külək, bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir. Gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın nəhəng neft-qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması “yaşıl artım” layihəsinin həlli üçün geniş imkanlar vəd edir:

“2024-cü ildə Bakıda keçirilən COP29 iqlim konfransı Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialının təqdimatında əhəmiyyətli rol oynadı. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olduğunu nəzərə alsaq tarixi Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında bu əlaqələrin qurulduğunu və yüksələn xətlə inkişaf etdiyini qeyd edə bilərik. Böyük Qayıdış Proqramı tam tərkibdə reallığa çevrildikdən sonra Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji məkanı kimi dünyanın diqqətində olacaq, böyük investisiyalar məkanına çevriləcək. 

Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Son illər dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərə, çıxışlara diqqət yetirsək görərik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanlar əsaslı şəkildə diqqətə çatdırılır, bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasında qeyd edilir. Dövlətimizin başçısının strateji baxışı çərçivəsində Azərbaycan yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsin təmin edir. 

İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Əgər su elektrik stansiyalarının potensialını da əlavə etsək, potensialımız təbii ki, daha da böyüyəcək. Son beş ildə Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib. Hazırda əsas hədəf enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir”.

Millət vəkili Pərvanə Vəliyeva bildirib ki, ötən gün Azərbaycanda istehsal olunan elektrik enerjisinin 29,1 %-i bərpa olunan enerji mənbələrinin payına düşüb:

“Bu o deməkdir ki, biz qarşıya qoyulan hədəflərə vaxtından daha tez çatacağıq. Bundan əlavə, COP30 zamanı elan olunan yeni Milli Müəyyən olunmuş Töhfələrimizi 15 il irəli çəkərək, artıq 2050 deyil, 2035-ci ilədək karbon emissiyalarımızı 40% azaltmağı hədəfləyirik. Görünən odur ki, Azərbaycan ötən il bu hədəfi təsadüfən seçməmişdi. Ölkəmizdə icra olunan yeni yaşıl enerji layihələri ənənəvi enerji mənbələrinin sürətlə bərpa olunan mənbələrlə əvəzlənməsini təmin edir. 

Əlbəttə, dünyada baş verən hazırki enerji böhranı, enerji bazarlarında qeyri-müəyyənlik alternativ və bərpa olunan enerjiyə inteqrasiyanın nə qədər vacib olduğunu bir daha göstərdi. Azərbaycan bu baxımdan əlverişli ehtiyatlara malikdir. Azərbaycan bərpaolunan enerji mənbələrinə — Günəş, külək və hidroenerjiyə investisiyalar cəlb edir. Bu sahədə texniki potensialımız quruda 135 giqavat, dənizdə isə 157 giqavat bərpaolunan enerji resurslarını əhatə edir, iqtisadi potensialımız isə təxminən 27 giqavatdır — bu da düzgün siyasət və investisiya dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatların innovasiyada lider ola biləcəyini sübut edir.

Hazırda Azərbaycan yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində onlarla layihə həyata keçirir. Bunlara 4 yaşıl enerji dəhlizi və 3 yaşıl enerji zonası daxildir ki, bu da Azərbaycanı regionun enerji mərkəzinə çevirib. Ənənəvi enerjidən şaxələndirilmiş sistemə uğurla keçid edən Azərbaycan bərpaolunan enerji və enerji səmərəliliyini dövlət siyasətinin əsas prioritetlərinə çevirib.

Azərbaycan enerji potensialını texnoloji və intellektual resurslarla birləşdirməyə yönəlib. Hazırda 10 min meqavata bərabər olan generasiya gücünün ən azı 2 min meqavatı istifadə edilməyən gücdür. Bu sərbəst resurs rəqəmsal infrastrukturun və süni intellekt texnologiyalarının inkişafı üçün hazır baza rolunu oynayır. Yaşıl enerji növləri üzrə imzalanmış müqavilələr gələcəkdə enerji generasiya gücünü daha da artıracaq ki, bu da rəqəmsallaşma prosesinin dayanıqlılığını təmin edəcək”.

P.Vəliyeva əlavə edib ki, 2021-ci ilin 3 may tarixli 2620 nömrəli Prezident Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sənəd imzalanıb:

“Bu sərəncam çərçivəsində beynəlxalq təcrübəyə əsaslanmaq üçün Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlıq qurulmuş və “Yaşıl enerji zonası” konsepsiyası hazırlanmışdır. Hazırda bu ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılmışdır. Cəbrayıl rayonunda “Şəfəq”, “Üfüq” və “Şəms” kimi günəş enerjisi layihələri həyata keçirilir. Bununla yanaşı, 307 MVt gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir.

2050-ci ilə qədər isə azad olunmuş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması planlaşdırılır ki, bu da Azərbaycanın qlobal dekarbonizasiya səylərinə mühüm töhfə verəcəkdir.

Bu sahədə hüquqi baza da təkmilləşdirilib. Dövlət Başçımızın 29 may 2019-cu il tarixli Sərəncamı ilə enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsası formalaşdırılıb. Qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında“ Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir. Qanunvericilik “yaşıl” enerjinin tətbiqini stimullaşdırır, həmçinin, bu sahədə dövlət-özəl tərəfdaşlığı vergi güzəştləri ilə təşviq edilir”.

“Bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalı layihələri üzrə dövlətin satınalma öhdəliyi ilə fəaliyyət göstərən fərdi sahibkarlar və hüquqi şəxslər, müvafiq müqavilə əsasında, 30 ildən çox olmamaq şərtilə həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisindən və torpaqlara görə torpaq vergisindən azaddırlar. Praktikada bu, yaşıl enerji layihələrinə investisiya qoyan sahibkarların əmlak və torpaq vergisi yükündən azad olmasını təmin edir və investisiya mühitini stimullaşdırır.

Bundan başqa, 2026-cı il yanvarın 1-dən qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulması müəyyən edilmişdir. Bu da investisiya mühitini yaxşılaşdırmağa hesablanıb,- deyə millət vəkili sonda qeyd edib.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "regionların sosial-iqtisadi inkişafının təşviqi" mövzusunda hazırlanıb.