Qaynar xətt:

(+99450) 247 90 86

Milli Qəhrəmanın doğum günündə xanımından etiraflar: "Ən çox onun səsi və gülüşü üçün darıxıram" – ÖZƏL  

Milli Qəhrəmanın doğum günündə xanımından etiraflar: \"Ən çox onun səsi və gülüşü üçün darıxıram\" – ÖZƏL  

MÜSAHİBƏ

76

19.05.2026, 14:04

Bu gün Azərbaycanın hərb və mülki aviasiya tarixinə adını qızıl hərflərlə yazdırmış, göylərin qorxubilməz qartalı, Milli Qəhrəman, təyyarə kapitanı İqor İvanoviç Kşnyakinin anadan olmasının 64-cü ildönümü tamam olur. Ömrünü Azərbaycan səmalarının təhlükəsizliyinə, xalqına xidmətə və yüzlərlə insanın həyatını xilas etməyə həsr edən bu böyük insanın rəsmi bioqrafiyası hər birimiz üçün qürur mənbəyidir. Lakin rəsmi sənədlərin, quru faktların arxasında dayanan o böyük, həssas, sevgi dolu qəlbi yalnız onu ən yaxından tanıyanlar bilirdi.

Oxu24.com olaraq, Milli Qəhrəmanımızın doğum günündə onun rəsmi sənədlərdə görünməyən tərəflərinə boylanmaq, ailə mühitində necə bir insan, necə bir ata və yoldaş olduğunu öyrənmək üçün onun ən yaxın sirdaşı – ömür-gün yoldaşı ilə həmsöhbət olduq. Səhifələrlə yazılan qəhrəmanlıq dastanının arxasındakı sadə, humanist və əvəzolunmaz insanı bir də onun ailəsinin gözü ilə tanıyaq.

Rəsmi sənədlərin dililə İqor Kşnyakin kim idi?

Milli Qəhrəman İqor Kşnyakin 1962-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Hələ uşaq yaşlarından göylərə, pilot peşəsinə olan sonsuz sevgisi onu böyük bir karyera yoluna çıxarıb. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində, Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Elmə və öz sənətinə dərindən bağlı olan İqor bəy, həmçinin 1992-ci ildə Rusiya Dövlət Hidrometeorologiya İnstitutunun Meteorologiya fakültəsini də müvəffəqiyyətlə bitirib.

Onun əmək fəaliyyəti addım-addım ucalan bir peşəkarlıq məktəbidir:

-1982-ci il: Yevlax Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu;

-1984-cü il: Zabrat Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu;

-1990-cı il: Azərbaycan Mülki Aviasiya İdarəsinin "Yak-40" hava gəmisinin 2-ci pilotu;

-1994-cü il: “Yak-40" hava gəmisinin komandiri;

-1997-ci il: “Azərbaycan Hava Yolları" (AZAL) "Yak-40" hava gəmisinin kapitanı;

-1998-ci il: “Tu-134" hava gəmisinin 2-ci pilotu;

-2005-2008-ci illər: “An-140" təyyarəsinin kapitanı və "ATR-42/72" hava gəmisinin kapitanı vəzifəsinə yüksəliş.

Həyatını daim yenilənməyə və peşəkar inkişafa həsr edən kapitan, 2013-cü ildə "Embraer-170/190" təyyarəsi üzrə yenidən təlim kursunu bitirərək stajçı pilotluqdan AZAL-ın Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində "Embraer-170/190" təyyarəsinin kapitanı vəzifəsinə təyin edilib.

Onun adı tariximizə təkcə peşəkar pilot kimi deyil, həm də sərnişinlərinin həyatı üçün öz canını ortaya qoyan fədakar bir qəhrəman kimi düşüb. 2020-ci ildə Bakıdan Moskvaya uçarkən idarə etdiyi təyyarədə sərnişinlərdən birinin halı qəfildən pisləşir. Kapitan Kşnyakin soyuqqanlılığı və yüksək peşəkarlığı sayəsində təyyarəni təcili eniş etdirərək həmin sərnişinin həyatını xilas edir. Bu, onun insan həyatına verdiyi dəyərin və humanistliyinin növbəti sübutu idi.

Biz onun keçdiyi şərəfli xidmət yolunu rəsmi sənədlərdən, xəbərlərdən böyük fəxrlə oxuyuruq. Amma onun rəsmi bioqrafiyalarda görünməyən, sadəcə ev küncündə, ailə mühitində necə bir insan, necə bir ata və yoldaş olduğunu öyrənmək üçün Milli Qəhrəmanımızın həyat yoldaşı Yana Kşinyakinaya üz tutduq. Onun kövrək, sevgi dolu və qürurverici cavabları İqor Kşnyakinin daxili dünyasını bütün çılpaqlığı ilə gözlərimiz önünə sərir.

-Onun ən yaxın sirdaşı, həyat yoldaşı siz olmusunuz. İqor Kşnyakin rəsmi bioqrafiyalarda görünməyən, sadəcə sizin bildiyiniz o ev küncündə, ailə mühitində necə bir insan, necə bir ata və yoldaş idi? Onun hansı xüsusiyyəti üçün hamıdan çox darıxırsınız?

-İqor hər zaman pozitiv düşünən, nikbin bir insan idi. Nə baş verməsindən asılı olmayaraq, ondan hər zaman bu sözləri eşitmək olardı: “Hər hansı bir problem olarsa – həll edərik”. Onun yanında hər zaman bir dinclik, böyük bir dəstək və həyat sevinci hiss olunurdu. O, hətta ən çətin anlarda belə insanın əhvalını qaldırmağı bacarırdı, onun yumor hissini və etdiyi zarafatları isə unutmaq sadəcə qeyri-mümkündür.

Evdə o, olduqca qayğıkeş, xeyirxah və sevgi dolu bir insan, mükəmməl bir həyat yoldaşı və fədakar bir ata idi. Onun rəsmi bəyanatlarda görünməyən ən böyük gücü ailəsinə bəxş etdiyi o sonsuz sevgi idi... Bu gün mən hamıdan çox onun səsi, o unudulmaz gülüşü və ətrafında yaratdığı o isti, doğma ailə atmosferi üçün darıxıram”.

Milli Qəhrəmanımızın xanımı, İqor bəyin ailəsi adından hazırda bu sətirləri oxuyan xalqımıza, onun xatirəsini əziz tutan hər kəsə ürəyindəki ən səmimi, bəlkə də indiyə qədər dilə gətirilməyən sözlərini bölüşdü. Bu sözlər bir qəhrəman ailəsinin xalqına olan sonsuz minnətdarlığının ifadəsidir. 

-Son olaraq, hazırda bizi oxuyan xalqımıza, onun xatirəsini əziz tutan hər kəsə İqor bəyin ailəsi olaraq nə demək istərdiniz, ürəyinizdə qalan, amma demədiyiniz hansı sözünüz var?

-Mən İqor Kşnyakini xatırlayan, ona uca Allahdan əbədi dinclik diləyən və onun xatirəsini hər zaman əziz tutub yaşadan hər kəsə ailəmiz adından dərindən təşəkkür etmək istəyirəm. Bu, bizim ailəmiz üçün olduqca vacib və çox dəyərlidir. Çünki insanlar bir insanı xatırladıqca, o, qəlblərdə yaşamağa davam edir. Bizim atamızı, onun keçdiyi şərəfli ömür yolunu və göstərdiyi qəhrəmanlıqları, igidlikləri unutmadığınız üçün hər birinizə minnətdaram.

Qoy uca Allah hər kəsə cansağlığı, xoşbəxtlik, firavanlıq bəxş etsin və ailələrinizə hər zaman sülh, əmin-amanlıq nəsib eləsin. Dualarımız sizinlədir”.

Səmaların əbədi kapitanı İqor Kşnyakin yalnız öz ailəsinin deyil, bütöv bir xalqın qəlbində silinməz iz qoyub. Həyat yoldaşının bu duyğu dolu, emosional xatirələri bir daha sübut edir ki, əsl qəhrəmanlar təkcə göylərdə bəxş etdikləri hünərlərlə deyil, yerdə buraxdıqları insanlıq, sevgi və xoş xatirələrlə ölümsüzləşirlər.

Oxu24.com kollektivi olaraq Milli Qəhrəmanımızın ruhu qarşısında baş əyir, ailəsinə bu səmimi və dəyərli müsahibə üçün dərin minnətdarlığımızı bildiririk. Ruhun şad olsun, cənab Kapitan! Azərbaycan xalqı səni heç vaxt unutmayacaq!

Hazırladı: Çimnaz Telmanqızı