Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
13 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
32
13.11.2026, 16:29
Dublində keçirilən Zirvə Toplantısı Azərbaycanın Avropa ilə münasibətlərinin strateji mahiyyətini, ölkəmizin qitənin enerji təhlükəsizliyində, iqtisadi əməkdaşlığında və regional sabitliyin möhkəmləndirilməsində qazandığı mövqenin əhəmiyyətini daha aydın nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropa məkanında möhkəmlənən mövqeyinin mühüm diplomatik ifadəsidir. Zirvə Toplantısının gündəliyi ilə Azərbaycanın həyata keçirdiyi strateji layihələr arasındakı uyğunluq xüsusi diqqət çəkir. Enerji təhlükəsizliyi, iqtisadi rəqabətqabiliyyətlilik, nəqliyyat bağlantıları və regional sülh məsələlərinin vahid platformada müzakirəsi ölkəmizin beynəlxalq əməkdaşlıqdakı rolunun çoxşaxəli xarakterini nümayiş etdirir.
Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Zirvə Toplantısı çərçivəsində səsləndirdiyi enerji göstəriciləri Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin konkret iqtisadi əsaslara söykəndiyini təsdiqləyir. 2022-ci ildə Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumundan sonra ölkəmizin İttifaqa təbii qaz ixracının 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlməsi 62,5 faizlik artım deməkdir. Hazırda Azərbaycanın Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etməsi ölkəmizin enerji bazarında etibarlı tərəfdaş mövqeyini gücləndirir. Bununla yanaşı, Bakıdan İtaliyaya uzanan qaz nəqli sisteminin tam yüklənməsi göstərir ki, növbəti mərhələdə ixracın artırılması hasilat potensialı ilə yanaşı, ötürücü infrastrukturun genişləndirilməsindən və yeni investisiyaların cəlbindən asılı olacaq.Məhz bu məqam Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşünün iqtisadi mahiyyətini daha aydın göstərir. Uzunmüddətli enerji müqavilələrinin və maliyyələşdirmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsi məsələsi enerji əməkdaşlığının gələcək dayanıqlılığı baxımından prinsipial əhəmiyyət daşıyır. Çünki iri enerji layihələrinin həyata keçirilməsi uzunmüddətli bazar təminatı, investisiya risklərinin səmərəli bölüşdürülməsi və maliyyə resurslarına çıxış tələb edir. Eyni zamanda, bərpaolunan enerjinin Avropa bazarına ixracı üzrə əldə olunmuş razılaşmalar Azərbaycanın enerji siyasətində yeni inkişaf mərhələsinin formalaşdığını göstərir. Ənənəvi enerji resursları ilə yaşıl enerji potensialının qarşılıqlı tamamlanması ölkəmizin uzunmüddətli iqtisadi maraqlarına xidmət etməklə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə də əlavə imkanlar yaradır.
Rövşən Muradov vurğulayıb ki, Dublin səfərinin mühüm siyasi nəticələrindən biri Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsidir. Bu sənəd otuz ildən artıq davam edən enerji əməkdaşlığının daha geniş iqtisadi və institusional müstəviyə keçməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya istiqamətlərini əhatə edən tərəfdaşlıq qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün sistemli əsas formalaşdırır. Böyük Britaniyanın Azərbaycanda Avropadan ən böyük investor olması nəzərə alındıqda, əməkdaşlığın yüksək texnologiyalar, süni intellekt, yaşıl maliyyələşdirmə və elmi tədqiqatlar sahələrinə genişləndirilməsi iqtisadiyyatımızın şaxələndirilməsi baxımından mühüm perspektivlər açır. Xüsusilə illik strateji tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılaşma əməkdaşlığın davamlı institusional mexanizmlərlə müşayiət olunmasına imkan verəcək.
Deputat qeyd edib ki, səfərin digər mühüm istiqaməti Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi münasibətlər sistemidir. Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan irəli gələn sülh gündəliyinin praktiki müstəvidə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. TRIPP layihəsi, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası və iqtisadi-ticari əməkdaşlıq üzrə müzakirələr regionda qarşılıqlı maraqlara əsaslanan yeni münasibətlər üçün zəmin yaradır. Ötən ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün daşınması iqtisadi əlaqələrin bərpası istiqamətində artıq ilkin praktiki nəticələrin əldə olunduğunu göstərir. Transsərhəd su ehtiyatlarının birgə idarə olunması və elektrik şəbəkələrinin gələcək əlaqələndirilməsi məsələləri isə sülh prosesinin iqtisadi, ekoloji və infrastruktur ölçülərinin genişləndiyini nümayiş etdirir.Bu proseslərdə Orta Dəhlizin inkişafı və Naxçıvan dəmir yolu layihəsinin müzakirəsi xüsusi geoiqtisadi məzmun daşıyır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərində mövcud potensialı ölkəmizin beynəlxalq ticarət sistemində əhəmiyyətini artırır. Yeni bağlantıların yaradılması tranzit imkanlarının genişlənməsinə, logistika xidmətlərində əlavə dəyərin formalaşmasına və regional bazarlar arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yarada bilər. Burada əsas strateji məqsəd Azərbaycanın coğrafi üstünlüklərini yüksək səmərəliliyə malik nəqliyyat, ticarət və investisiya infrastrukturuna çevirməkdir.
Rövşən Muradov əlavə edib ki, bütün bu məqamlar Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm xüsusiyyətini ortaya qoyur. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və regional sülh istiqamətlərində öz milli maraqlarına əsaslanan, eyni zamanda beynəlxalq tərəfdaşlar üçün qarşılıqlı fayda yaradan siyasət yürüdür. Dublin Zirvə Toplantısında aparılan müzakirələr və əldə olunan razılaşmalar da bu siyasətin diplomatik əhatəsini və iqtisadi perspektivlərini genişləndirir. Azərbaycanın strateji üstünlüyü məhz ondadır ki, ölkəmiz öz siyasi müstəqilliyini qorumaqla iqtisadi imkanlarını beynəlxalq əməkdaşlığın real mexanizmlərinə çevirir, regional sabitliyin möhkəmlənməsinə töhfə verir və Avropanın gələcək enerji və nəqliyyat təhlükəsizliyinin formalaşmasında fəal iştirak edir.
16:37 / 13 Noyabr 2026
11
16:08 / 13 Noyabr 2026
136
16:00 / 13 Noyabr 2026
61
15:42 / 13 Noyabr 2026
256
15:37 / 13 Noyabr 2026
80
15:30 / 13 Noyabr 2026
77
15:01 / 13 Noyabr 2026
92
14:59 / 13 Noyabr 2026
200
14:50 / 13 Noyabr 2026
101
14:46 / 13 Noyabr 2026
92
14:33 / 13 Noyabr 2026
99
14:24 / 13 Noyabr 2026
521
14:17 / 13 Noyabr 2026
428
14:12 / 13 Noyabr 2026
97
14:05 / 13 Noyabr 2026
180
14:00 / 13 Noyabr 2026
99
13:43 / 13 Noyabr 2026
207
13:41 / 13 Noyabr 2026
100
13:20 / 13 Noyabr 2026
97
13:05 / 13 Noyabr 2026
242
12:57 / 13 Noyabr 2026
167
12:45 / 13 Noyabr 2026
148
12:32 / 13 Noyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.