Qaynar xətt:

(+99450) 247 90 86

 "Məhəmməd Peyğəmbər bir dəfə belə, qadınlara əl qaldırmamışdır" - İlahiyyatçı ilə MÜSAHİBƏ  

 \"Məhəmməd Peyğəmbər bir dəfə belə, qadınlara əl qaldırmamışdır\" - İlahiyyatçı ilə MÜSAHİBƏ  

MÜSAHİBƏ

191

20.02.2026, 17:34

Əfqanıstana nəzarət edən Talibanın qadın hüquqlarını ciddi şəkildə məhdudlaşdıran və zorakılığa yol açan yeni qanunvericilik aktı tətbiq etməsi dünyanı şoka salıb. Talibanın ali lideri Hibatullah Axundzadə tərəfindən şəxsən saxlanılan 90 səhifəlik sənəddə qeyd olunur ki, şəxslər ciddi təhlükə törətmək şərti ilə tabeliyində olan qadınları fiziki şəxsə verir. Fiziki zorakılıq yalnız “sümük sınığı və ya açıq yara” ilə nəticələndikdə cinayət hesab olunur.  Buna görə qadını istədiyi qədər döyən kişiyə maksimum cəza yalnız 15 gün həbsdir.

 Oxu24.com -un suallarını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb.

-Əkəm müəllim, hazırda onsuzda  islamafobiyanın  genişləndiyi bir vaxtda İslam dininin daşıyıcılarının belə qanun qəbul etməsi dünya əhalisi tərəfindən müsəlmanlara qarşı qıcıq hissini artıracaq. Qadına belə yanaşma İslam dinində, müqəddəs Quranda  olmamalıdır.

-Son günlərdə Taliban tərəfindən qadınlarla bağlı səsləndirilən bəzi sərt yanaşmalar dünya ictimaiyyətində ciddi narahatçılıq  doğurur. Xüsusilə, qadını döyməyin icazəli olub-olmaması məsələsi yenidən müzakirəyə çıxarılıb. Bu mövzuda emosional reaksiya vermək əvəzinə Qurana, Peyğəmbərin sünnəsinə və klassik alimlərin mövqeyinə baxmaq daha doğru olar. Çünki İslam ayrı-ayrı qrupların davranışı ilə deyil, mənbələri ilə ölçülür. İslamdan əvvəl Ərəbistan cəmiyyətində qadının hüquqi statusu çox  zəif idi. Qadınlar kişilərin mülkü hesab edilirdi. Hətta qız uşaqlarının diri-diri basdırılması faktı bunu açıq göstərir. Qurani Kərim bu vəhşiliyi qəti şəkildə pislədi. "Təkvir" surəsində qız uşağının hansı günaha görə öldürüldüyü soruşulacağı bildirilir. Bu, qadının həyat haqqının ilahi təminat altına alınması idi.

- Qadınları qoruyan başqa surələr də varmı?

 -Əlbəttə ki!"Nisa" surəsinin birinci ayəsində isə bütün insanların eyni nəfsdən yaradıldığı vurğulanır:” Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun”. Həqiqətən, Allah daim sizə nəzarət edir. Bu ayə yaradılış baxımdan qadın və kişinin eyni mahiyyətə sahib olduğunu göstərir. Quranda ailə münasibətlərinin əsası mərhəmət və məhəbbət kimi təqdim olunur. Rum surəsinin 21-ci ayəsində də  buyurulur ki, Allah sizin üçün özünüzdən zövcələr yaratdı ki, aranızda sevgi və mərhəmət olsun. Bu ifadə ailə münasibətinin psixoloji və mənəvi təməlini müəyyən edir. Sevgi və mərhəmət olan yerdə zorakılıq əsas norma ola bilməz. 

- Əgər İslamda qadına qarşı zorkılıq yoxdursa,  özlərini qatı islamçı hesab edən talibançılar  bu qanunu nəyə istinadən qəbul etdilər.

- Bəzən  "Nisa" surəsinin 34-cü ayəsi  kontekstdən qoparılaraq qadını döyməyə icazə kimi təqdim edilir. Bəli,  tərcümədə edilən səhvlər tərcüməni edənin savadsızlığından yox, qəsdən səhv tərcümə etməsindəndir.  Halbuki klassik təfsirçilər, o cümlədən İbn Kəsir və Fəxrəddin Razi bu ayəni mərhələli ailədaxili nizam-intizam kontekstində izah etmiş, bunun son və arzuolunmaz addım olduğunu bildirmişlər. Hətta burada işlədilən ifadənin şiddət mənasında deyil, simvolik və zərərsiz xəbərdarlıq kimi başa düşülməli olduğunu deyən alimlər olmuşdur. Müasir dövrdə bir çox müsəlman hüquqşünasları bu ifadənin faktiki olaraq zorakılığa yol açmadığını, Peyğəmbərin praktikası ilə məhdudlaşdırıldığını qeyd edirlər.

- İslamın ən görkəmli şəxsi olan Həzrəti Peyğəmbər buyurub ki, cənnət anaların ayaqları altındadır.  Amma indi Peygəmbərin bu sözünü deyil, hardansa səhv tərcümə edilmiş fikri əsas tutmaq talibançılara  sərfəli olub.

- Doğrudur, ən mühüm meyar  Peyğəmbərin həyatıdır. Məhəmməd Peyğəmbər (ona və ailəsinə salam olsun) bir dəfə belə, qadınlara əl qaldırmamışdır. Səhih hədislərdə o buyurur ki, sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Başqa bir rəvayətdə qadınlarını döyən kişiləri qınamış və belə davranışı xoş qarşılamadığını bildirmişdir. Bu praktiki nümunə göstərir ki, zorakılıq İslam əxlaqının ruhuna uyğun deyil. Cənnət anaların ayaqları altındadır hədisi qadına verilən mənəvi dəyərin zirvəsini göstərir. Ana obrazı qadının yalnız ailədaxili rolunu deyil, onun müqəddəsliyini və hörmətini ifadə edir. Quranda valideynə yaxşılıq etmə əmri Allaha ibadətlə yanaşı çəkilir. İsra surəsinin 23-cü ayəsində ana və ataya qarşı hörmət açıq şəkildə vurğulanır. Ana burada xüsusi əziyyət çəkən tərəf kimi qeyd olunur. 

- İslama qədərki ərəb qadını ilə islam qadının  fərqi nədəydi?

-  İslama qədərki qadınlar çox vaxt mirasdan məhrum edilib, söz, sərbəstlik haqları olmayıb. sosial statusları aşağı olub. İslam qadına mülkiyyət haqqı verdi, miras haqqı verdi, evlənmək və boşanmaqla bağlı hüquqi çərçivə müəyyənləşdirdi. O dövr üçün bu, sosial inqilab idi. Qadın ilk dəfə iqtisadi və hüquqi subyekt kimi tanındı. Bu faktı həm müsəlman, həm də qərbli tarixçilər qeyd edirlər. Məsələn, qadın hüquqları üzrə araşdırmalar aparan bir sıra müasir alimlər VII əsr ərəb cəmiyyətində baş verən bu dəyişimi tarixi dönüş nöqtəsi kimi qiymətləndirirlər. Zorakılıq məsələsinə gəldikdə isə müasir psixologiya göstərir ki, fiziki şiddət ailə sistemində dərin travmalar yaradır, uşaqların şəxsiyyətinə mənfi təsir edir və cəmiyyətin gələcəyini zədələyir. İslamın məqsədi isə ailəni qorumaq, nəsli sağlam yetişdirməkdir. Məqsəd mərhəmətdirsə, vasitə zor ola bilməz. Bu gün hansısa siyasi və ya ideoloji qrupun sərt yanaşmasını İslamın özü ilə eyniləşdirmək elmi və dini baxımdan doğru deyil. 

- Ümid edək ki, dünya  İslam dinini  özünü müsəlman hesab Talibanın əməlləri ilədeyil, həqiqi İslamın qanunları ilə tanıyar. 

-İslamın meyarı Quran, səhih sünnə və ədalət prinsipidir. Qadına hörmət, qayğı və mərhəmət İslamın mərkəzi dəyərlərindəndir. Qadını alçaldan, onu zorla tərbiyə etməyə çalışan yanaşmalar dini mənbələrin ruhu ilə uyğun gəlmir. Bir sözlə həqiqət budur ki, İslam qadını ailənin şərəfi, cəmiyyətin dayağı və mənəvi dəyərin daşıyıcısı kimi təqdim edir. Qadına qarşı zorakılıq dini deyil, daha çox mədəniyyət və yanlış təfsirin məhsuludur. Dini doğru anlamaq üçün ayrı-ayrı qrupların davranışına deyil, mənbələrin özünə qayıtmaq lazımdır. İslamın gətirdiyi əsas mesaj ədalət, mərhəmət və insan ləyaqətinin qorunmasıdır. Qadın da bu ləyaqətin ayrılmaz hissəsidir.

 -Geniş təhlil üçün təşəkkür edirik, Əkrəm müəllim!

 Əntiqə Rəşid