Qaynar xətt:

(+99450) 247 90 86

Bir kərə yüksələn bayrağın sönməyən işığı: RƏSULZADƏ - 142 

news/2026_01_31/m_emin_resulzade_1769869801.webp

MÜSAHİBƏ

82

31.01.2026, 18:23

Bəzi şəxsiyyətlər var ki, onların təkcə adı deyil, yaratdıqları ideologiya zamanın sınağından keçərək gələcəyə yol açır. Məhəmməd Əmin Rəsulzadə məhz belə liderlərdəndir. Yanvarın 31-i onun doğum günüdür – bir millətin taleyini dəyişən adamın günü. Biz bu gün Rəsulzadəni sadəcə xatırlamırıq, onun irsini yenidən kəşf edirik. 

Oxu24.com-un əməkdaşı  mövzu ilə bağlı tarixçilərlə həmsöhbət olub.

Tarixçi alim Firdovsiyyə Əhmədova qeyd edir:

“Müsavat” par­ti­yasının sədri, mə­həl­li-mil­li mux­ta­riy­yət fik­ri­nin ar­dı­cıl mü­da­fiə­çi­si və ak­tiv ya­zar olan Məhəmməd Əmin Rəsulzadə gənclik dövründən ictimai anlamda təşkilatlanmaya meylli siyasətçi olmuş, ömrünün sonunadək fəaliyyətində təşkilat formasında mübarizəyə üstünlük vermiş, zamanın və şəraitin imkanlarını nəzərə alaraq siyasi və ictimai məzmunlu qurumların təsisçisi olaraq mücadilə etmişdir. Nikbin ictimai-siyasi ovqatı real şərtlərlə əsaslandırdığı zəmindən – ayıq mühakimə ilə verdiyi təhlillərdən qaynaqlanırdı.

M.Rəsulzadə par­la­men­tin ən fə­al, in­ti­zam­lı üz­vü ol­muş­dur. İc­las­lar­da ar­dı­cıl iş­ti­rak et­miş, de­mək olar ki, bü­tün mə­sə­lə­lə­rin (təş­ki­la­ti, əra­zi, mil­li mü­na­si­bət­lər, qa­nun la­yi­hə­lə­ri­nin qə­bu­lu, so­si­al və­ziy­yət, xa­ri­ci si­ya­sət, öl­kə­nin mü­da­fiə­si, Qars, Da­ğıs­tan mə­sə­lə­lə­ri, Ru­si­ya ilə mü­na­si­bət­lər, fəh­lə mə­sə­lə­si və s.) mü­za­ki­rə­sin­də nə­in­ki mü­na­si­bət bil­dir­miş, pro­fes­sio­nal­lıq nü­ma­yiş et­dir­miş, həl­li­ni tap­ma­sı­na na­il ol­muş­dur.

Rəsulzadə Azərbaycan dövlətçilik tarixində modern dövlətin, yəni Respublikanın qurucusu kimi mühüm rol oynayıb. 

Milli azadlıq hərəkatından, milli ideologiyanın formalaşmasından Milli Cümhuriyyətə qədər gələn yol bir hazırlıq mərhələsi idi ki, Məhəmməd Əmin Rəsulzadə Birinci Dünya Müharibəsinin gedişatında, xüsusən də sonuna doğru, konkret olaraq Rusiyada mütləqiyyət rejimi devrildikdən sonra Azərbaycan ərazi muxtariyyəti ideyasını bir hərəkata çevirmiş və hərəkatın vüsət tapmasına rəhbərlik etmişdir. Ona görə də  Rəsulzadəni həm də Çar Rusiyasının süqutundan sonrakı dövrdə Azərbaycan dövlətçiliyinin bərpaçısı kimi dəyərləndiririk. 

Rəsulzadə tarixi situasiyanı real şərtlər daxilində düzgün dəyərləndirən, xalqının maraqları istiqamətində hədəflərə çatmağın əsas yollarını müəyyənləşdirən mahir siyasətçi kimi Azərbaycanın siyasi xadimləri sırasında öncül yer tutub.

O, hədəfinə çatmaq üçün real məqsədlər irəli sürürdü. Məqsədləri həyata keçirərkən, bütün maneələri, şərtləri düzgün təhlil edib doğru fəaliyyət istiqaməti seçməyi ilə dövrünün siyasi xadimlərindən fərqlənirdi. Onun bu sahədə uğur qazanmasının əsas səbəbi də öz zəmanəsinin ictimai-siyasi fikir cərəyanlarına bələd olub, beynəlxalq və tarixi situasiyanı düzgün qiymətləndirməsindən qaynaqlanırdı. 

“Bir kərə yüksələn bayraq, bir daha enməz” söylədikdə Rəsulzadə azadlıq, istiqlaliyyət ideyasının əmələ çevrilib, zəmin yaratdığını nəzərdə tutub. Çünki, 23 ay ərzində mövcud olmuş Cümhuriyyətin əldə etdiyi nəticələr barəsində Stalin Rəsulzadədən soruşarkən o, bütün həyata keçirilənləri sadalamayaraq, demişdi ki, “Çox şey edə bilmədik, amma azadlıq ideyasını dadızdırdıq”. 

Halbuki,  bəzi strateji addımlar var idi ki, Cümhuriyyətin süqutundan sonra da Azərbaycan xalqına öz töhfəsini verib. Nümunə olaraq, Bakı Dövlət Universitetinin yaradılmasını deyə bilərik. 

Azadlıq nemətini bu xalqa bəxş etmək, Azərbaycanı siyasi millət olaraq var etmək nümunəsini uğurla gerçəkləşdirmək “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının mahiyyətini təşkil edir. 

Azərbaycan Sovetlər tərəfindən işğal edildikdən sonra bayraq açıq nümayiş etdirilməsə də, həm o ideyanı daşıyanların zehniyyətlərində yaşayırdı, həm də maddi olaraq da müqəddəs əmanət  kimi qorunub saxlanılırdı. 

Çağdaş dövlətçilik, demokratiyaya əsaslanan, vətəndaş cəmiyyəti, hüquqi dövlət, liberal iqtisadiyyat və bir çox prinsipləri özündə birləşdirən siyasi irsə sahib olan Cümhuriyyətdən bu günümüzə qalan miras olduqca qiymətlidir. 

Rəsulzadə hər iki Dünya Müharibəsi zamanı mövcud şərtlər daxilində öz xalqının müqəddəratı ilə bağlı yollar axtaran biri idi. Müasir dünyamızda “yeni dünya düzəni” adı altında baş verən dünya proseslərinə Rəsulzadə mükəmməl təcrübədən çıxış edən şəxsiyyət kimi öz fikirlərini yürütməklə kifayətlənməzdi. Əksinə mövcud situasiyada Azərbaycan Respublikasının suverenliyinin güclənməsi, eyni zamanda onun    “Bütöv Azərbaycan amalı”   var idi ki,   İrandakı soydaşlarımızın müqəddəratı ilə bağlı konkret fəaliyyət proqramı hazırlayardı.

Rəsulzadənin şəxsiyyət kimi xoşbəxtliyi ondan ibarətdir ki, o özünün ayıq siyasi mühakimələri ilə uğur qazanan, prosesləri düzgün dəyərləndirən biri olubdur. Bu baxımdan, Rəsulzadə irsinin aktuallığı  qüvvəsini saxlamaqdadır.  Onun amalı  xalqının  müqəddəratına xidmət etmək olubdur.

“Məmməd Əmin Rəsulzadənin və onun silahdaşları olan digər qurucu babalarımızın milli azadlıq hərəkatında Çar və Sovet işğal rejiminə qarşı mübarizədə, Cümhuriyyətin qurulmasında yeri və rolu heçnə ilə müqayisə oluna bilməz.”—Tarixçi alim Boran Əziz bildirir. 

“Onları fərqləndirən cəhətlərdən biri budur ki, 1918-ci ilə qədər xalqımızın və babalarımızın yaratdığı çoxsaylı dövlətlərin heç birinin adı Azərbaycanın paytaxtı Bakı olmayıb. Bu adda dövləti və belə paytaxtı olan Respublikanı tarixdə ilk dəfə yaradan Rəsulzadə və silahdaşları olub. Ona görə də biz onları rəhmətlə anır, yad edirik. 

Cümhuriyyətə qədər qurulan bütün dövlətlər birmənalı şəkildə ayrı-ayrı tayfalar və ailələr tərəfindən yaradılıb. Amma “torpağı nurla dolmuş”Rəsulzadə və onun silahdaşları ilk dəfə milli dövlət qurdular. Yəni, əhalinin ən müxtəlif təbəqələrinin içərisində müxtəlif bölgələrdən olan ziyalıları da öz ətraflarında bir iman, bir ideologiya ətrafında birləşdirərək yoxdan bir dövlət qurmağa nail oldular. 

Onları fərqləndirən və insanlara sevdirən başqa bir cəhət “torpağı nurla dolmuş” insanların yaratdıqları dövlətin yeraltı və yürüstü zənginliklərindən şəxsi məqsədləri üçün istifadə etməmələri idi, əksinə həm öz qazandıqları, həm də ata-babalarının var-dövlətlərini bu yolda sərf etmələri idi. Buna aid çoxlu sayda yazılar, misallar da vardır. 

Məmməd Əmin Rəsulzadə və silahdaşlarının xidmətlərindən biri də türk və müsəlman dünyasında ilk dəfə parlamentli Respublika yaratması idi. Buna qədər müsəlman və türklərin dövlətləri şahlıq, sultanlıq, dini dövlət olub. 

Onlar bir bayrağa aid simvol ortaya qoymuşdular ki, bu simvolda mavi-nəhənglik, böyüklük bildirirdi.  Avropa elm və texnikasına yiyələnməklə demokratiya və insan haqlarını əxs etmək, bərabərliyi üstün tutmaq ideologiyasını özündə əks etdirən bayraq yaratmağa nail oldular. 

Bu adicə parça birliyi və qumaşların birləşdirilməsindən ibarət olan parça deyildi. Bu ideologiyadır, simvoldur. Bu simvol qəbul edildikdən sonra onun enməməsi üçün, bir daha qalxması üçün 1920-1991-ci illərdə Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Azadlıq Hərəkatının 4-cü mərhələsində çoxlu sayda adamlar qeyri-bərabər mübarizə aparmış, bu yolda özlərini fəda etmişlər. 

Cümhuriyyətin qısa müddət ərzində yaşamasına baxmayaraq, o, Azərbaycan xalqının fikir və düşüncələrini,  istək və arzularını özündə əks etdirdiyinə görə Sovet işğal rejimi onu insanların yaddaşlarından çıxara bilmədi və məhz ona görə də Sovet işğal rejiminə qarşı mübarizənin qeyri-bərabər dövründə insanlar öz həyatını təhlükə altına ataraq Azərbaycanda və xaricdə ona qarşı mübarizə aparıb. Təbii ki, insanların qan yaddaşının qorunub saxlanmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında bu Cümhuriyyət və onun idealarının, bayraqdan irəli gələn simvolun, ideologiyanın təsiri şübhəsiz ki, böyük olub. Bu baxımdan Məmməd Əmin Rəsulzadənin nəinki, yaratdığı ən böyük əsər paytaxtı Bakı olan Azərbaycan dövlətidir, həm də Vətən müharibəsindəki qələbə və Azərbaycan dövlətinin nə qədər mürəkkəb təməllər üzərində qurulduğunu, yaşam qabilliyyətinə malik olduğunu sübut etdi. 

1923-cü ilin sentyabrın 19-dan 20-nə keçən gecə antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi Cümhuriyyətin güclü təməllərə malik olduğunu bir daha sübut etdi. 

Onun olduqca çoxsaylı əsərləri vardır. Bu əsərlər Azərbaycanın görkəmli ziyalısı, professor, Bakı Dövlət Universitetinin müəllimi Şirməmməd Hüseynov tərəfindən onun əsərlərinin çoxcildliyi çap olunub. Bunların hər biri bu gün çox aktualdır.

Məmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti”, “Milli Azərbaycan Hərəkatı”, “Bolşeviklərin Şərq siyasəti” adlı əsərlərini geniş təhlil etdik. Və bu əsərlər Azərbaycan tarixinin təməl konsepsiyalarını özündə əks etdirir. Əsərlərdə irəli sürülən nəticələrsiz Azərbaycan tarixinin əsas problemlərini yazmaq, insanlara doğru yolu göstərmək mümkün deyildi.

Tam məsuliyyətimlə deyə bilərəm ki, bu əsərlərdə yazılan fikir və düşüncələr öz əhəmiyyətini bu gündə itirməyib. Məsələn, “Bolşeviklərin Şərq siyasəti” kitabı hələ 20-ci illərdə Sovet rejiminin Ukraynada apardığı soyqırım siyasətini və siyasətin işğalçı mahiyyət daşıdığını dəqiq faktlar əsasında sübut etdi. O kitabı oxumaqla bu gün Ukraynada nələrin baş verdiyini aydın bilmək olur. 

Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində, eyni zamanda,  nəşr etdirdiyi “Açıq söz” qəzetində, 1915-ci ildə “Tutacağımız yol” adlı məqaləsində yazırdı ki, “Gələcək müharibə sülhlə başa çatacaq, amma o sülh etibarlı, möhkəm olacaqdır ki, o dövlət onu ərazisində yaşayan xalqlara layiq olan haqq və hüquqları verəcək”.

Rəsulzadə hələ 1915-ci ildə yazırdı ki, “Bu səbəbdən biz xalqımızı gələcəkdə öz haqq və hüquqlarını anlayan, Avropa xalqları kimi azad, bərabər hüquqlu bir xalq kimi yaşamağa layiq olduğunu sübut etməyə hazırlamalıyıq”.

1917-1918-ci illərdə baş verən proseslər də onun nə qədər uzaqgörən olduğunu xalqa çatdırdı. Əlbəttə, Rəsulzadəni ən çox narahat edən məsələ həm qonşumuz Rusiya, həm də İrandan gələn təhdidlər olub. Onun o dövrdə yazdığı məqalələr də bunu çox aydın göstərirdi. 

Azərbaycanın müstəqilliyi, iqtisadi cəhətdən güclülüyü, hərbi cəhətdən qüdrətli bir dövlət olması ən böyük ideallarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti var, azad xalq var, Məmməd Əmin Rəsulzadə həmişə yaşayacaq, onun əsərlərində ana xətt hər zaman bizi bu ideya altında birləşdirəcək”.

Rəsulzadəni anlamaq — gələcəyi proqnozlaşdırmaqdır. Çünki onun qoyduğu prinsiplər zamanın fövqündə dayanan dəyərlərdir. 

Tarix üzrə fəlsəfə doktoru, Dosent Cəmilə Vaqif qızı Həsənova Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixinin ən parlaq və həlledici simalarından biri olduğunu qeyd edir:

“Onun tarixi rolu təkcə bir dövlət xadimi kimi deyil, həm də bir ideoloq, jurnalist və milli azadlıq hərəkatının lideri kimi çoxşaxəlidir.

Rəsulzadənin ən böyük tarixi xidməti Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurulmasındakı roludur. O, Azərbaycanın müstəqilliyinin elan edilməsinin əsas təşəbbüskarı və Milli Şuranın sədri kimi İstiqlal Bəyannaməsinin dünyaya çatdırılmasında əsas fiqur olmuşdur.

Rəsulzadənin rəhbərliyi və ideyaları sayəsində Azərbaycanda qısa müddət ərzində çoxpartiyalı sistem, parlament mədəniyyəti və söz azadlığı bərqərar oldu. Onun dövründə qəbul edilən qərarlar (məsələn, qadınlara seçki hüququnun verilməsi) Azərbaycanı dövrün ən mütərəqqi ölkələri sırasına çıxardı.

1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Rəsulzadə mühacirətdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirmişdir. Türkiyə, Polşa və Almaniyada nəşr etdirdiyi əsərlər ("Azərbaycan Cümhuriyyəti", "Əsrimizin Səyavuşu") və jurnallar vasitəsilə o, Azərbaycan məsələsini beynəlxalq arenada gündəmdə saxlamış və sovet işğalına qarşı ideoloji müqavimət göstərmişdir.

Rəsulzadə Azərbaycan xalqı üçün müstəqillik və azadlıq rəmzidir. Onun məşhur "Bir kərə yüksələn bayraq, bir daha enməz!" kəlamı, sadəcə bir şüar deyil, xalqın azadlıq mübarizəsinin fəlsəfəsinə çevrilmişdir.

Məhəmməd Əmin Rəsulzadəni öz dövrünün digər görkəmli şəxsiyyətlərindən fərqləndirən cəhətlər onun həm nəzəriyyəçi, həm də praktik lider kimi çoxşaxəli fəaliyyətində gizlənir.

Rəsulzadə sadəcə siyasi qərarlar verən şəxs deyildi, o, "millətin səsi" idi. Onun qələmi, nitqi, duyğusal və fəlsəfi dərinliyi olan məqalələri xalqın ruhunu oyadırdı. Cümhuriyyət süqut etdikdən sonra bir çox xadimlər siyasi səhnədən çəkildi və ya sovet rejimi ilə əməkdaşlıq etdi. Rəsulzadə isə heç vaxt geri çəkilmədi.

 

Bu ifadə sadəcə bir şüar deyil, Azərbaycan milli istiqlal hərəkatının fəlsəfi özəyi və mənəvi konstitusiyasıdır.Rəsulzadə bu sözlərlə həm daxili bədbinlərə, həm də xarici qüvvələrə mesaj verirdi ki, Azərbaycan hökuməti müvəqqəti bir qurum deyil, xalqın azadlıq iradəsi isə sarsılmazdır. O, üçrəngli bayrağın sadəcə bir parça olmadığını, millətin ruhunu təmsil etdiyini vurğulayırdı.

Cümhuriyyətin ömrü fiziki baxımdan cəmi 23 ay sürsə də, Məhəmməd Əmin Rəsulzadənin ideyaları bu gün müasir Azərbaycan dövlətinin "siyasi və mənəvi onurğa sütununu"təşkil edir. Onun qoyduğu irs sadəcə tarix kitablarında qalan xatirə deyil, bu günümüzü formalaşdıran canlı bir mexanizmdir.

Rəsulzadənin rəhbərliyi ilə Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi və dinin dövlətdən ayrı olması prinsipi bu gün Azərbaycanın yaşam tərzinin əsasıdır.

Cümhuriyyət dövründə Azərbaycan dilinin dövlət dili elan edilməsi (1918-ci il 27 iyun qərarı) tarixi bir dönüş nöqtəsi idi.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu varisliyi dövlət ideologiyasına çevirdi. O, çıxışlarında tez-tez vurğulayırdı ki, müasir Azərbaycan AXC-nin varisidir, lakin biz o Cümhuriyyəti yaşatmaqla yanaşı, onu daha da inkişaf etdirməliyik.

Onun "Azərbaycan Cümhuriyyəti" (1923) kitabı Azərbaycanın pasportudur. Bu kitabda o, dünyaya sübut edir ki, Azərbaycan təsadüfən yaranmış bir dövlət deyil, qədim tarixi, mədəniyyəti və dövlətçilik ənənəsi olan bir ölkədir. Bu kitab bu gün erməni təbliğatına və "Azərbaycanın tarixi yoxdur" deyənlərə qarşı ən tutarlı cavab mənbəyidir.

 

Məhəmməd Əmin Rəsulzadənin həyatına, əsərlərinə və mübarizə yoluna nəzər saldıqda, onun bu gün yaşasaydı, sevinc və narahatlığı eyni anda yaşayacağınıproqnozlaşdırmaq olar. O, şübhəsiz ki, Azərbaycanın müstəqil dövlət kimi varlığından, Qarabağ zəfərindən və bayrağımızın Şuşada dalğalanmasından qürur duyardı. 

Rəsulzadə dil məsələsində çox prinsipial idi. Bu gün qloballaşma adı altında gənclərin öz ana dilindən uzaqlaşması, nitqimizdə yersiz xarici terminlərin (rus və ingilis) işlədilməsi və milli mədəniyyətin "pop-mədəniyyət" içində əriməsi onu ciddi narahat edərdi”.

Söhbətimizi Rəsulzadənin öz sözləri ilə bitirmək bəlkə də ən doğru yekun olar: 

“Məfkurə elə bir nurdur ki, zülməti boğar, qaranlıqları aydınladar”.

Bu gün tarixçilərimizlə bərabər həmin nurun izinə düşməyə çalışdıq. Ümid edirik ki, bu söhbət hər bir oxucunun qəlbində bir azadlıq və vətən eşqi işığı yandıracaq!!!

Müsahibəni hazırladı: Çimnaz Telmanqızı