Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin  "Euronews" telekanalına verdiyi müsahibənin mühüm DETALLARI   —  Millət vəkili Naqif Həmzəyevin ŞƏRHİ

news/2026_01_21/17688946943318150056_1200x630_1768914728_1768990800.jpg

MÜSAHİBƏ

63

21.01.2026, 14:17

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu. Yanvarın 20-də Ümumdünya İqtisadi Forumu çərçivəsində verilən bu müsahibə Cənubi Qafqazda sülh prosesindən tutmuş beynəlxalq münasibətlərin gələcəyinə qədər geniş spektrdə məsələləri əhatə etdi.

Müsahibəyə beynəlxalq münasibətlərin transformasiyası mövzusu ilə başlayan Prezident Əliyev qlobal sistemin fundamental şəkildə yenidən qiymətləndirilməsi mərhələsində olduğumuzu vurğuladı. Dövlət başçısının sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə artıq hüquq normaları deyil, güc amili hakim mövqe tutur. Bu reallıq müxtəlif regionlarda baş verən hadisələrdə özünü göstərir.

"Hər bir ölkə öz strategiyasını və siyasətini öz potensialına əsaslandırmalı, ilk növbədə regionunda, sonra isə qlobal miqyasda mümkün qədər çox ölkə ilə yaxşı münasibətlər qurmalıdır" - bu formula Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin mahiyyətini əks etdirir.

Prezident Əliyev qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasi inkişaf yolu, suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq və ümumi dəyərlər çərçivəsində olub. Bu yanaşma kiçik və orta ölkələr üçün milli maraqları qoruyarkən beynəlxalq normalardan kənara çıxmadan fəaliyyət göstərmək nümunəsidir.

Müsahibənin ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesinə həsr olundu. Prezident İlham Əliyev açıq şəkildə bildirdi  ki, müstəqillik tarixində Azərbaycan heç vaxt sülh şəraitində yaşamamışdır. "Biz sülh şəraitində cəmi beş-altı ay yaşayırıq və bunu öyrənirik. Bu, xüsusi bir hissdir" - bu sözlər 30 ildən artıq davam edən münaqişənin arxada qaldığını və yeni dövrün başlandığını simvolizə edir.

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayedin adını daşıyan "İnsanlar Arasında Qardaşlıq" mövzusunda Zayid Mükafatına layiq görülməsi ilə bağlı təbriklərə cavab verərkən bildirdi ki, bu nüfuzlu mükafatı 30 ildən artıq qan tökülməsi, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün bərqərar edilməsi səylərinin qiymətləndirilməsi kimi qəbul edir.

Sülh prosesinin deklarativ deyil, praktik xarakter daşıdığını göstərən konkret faktlar müsahibədə xüsusi yer tutdu. Prezident Əliyev bildirdi ki, Azərbaycan Ermənistana yük daşımaları üzərindəki bütün məhdudiyyətləri götürmüşdür. Bundan da əhəmiyyətlisi, Azərbaycan Ermənistanın böyük ölçüdə asılı olduğu neft məhsulları daxil olmaqla kritik əhəmiyyətli mallarla təchiz edilməsinə başlamışdır.

"Bu, hər iki tərəf üçün qazanc deməkdir. İnanıram ki, Ermənistan və Azərbaycanın, o cümlədən vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli sülhə deyil, əbədi sülhə nail olacağıq. Bu, bizim məqsədimizdir" - Prezident Əliyevin bu açıqlaması regional sülhə yanaşımda uzunmüddətli vizyon və qətiyyəti əks etdirir.

Əlavə olaraq qeyd edilməlidir ki, keçən il avqust ayında Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması tarixi əhəmiyyət daşıyır və prosesə ABŞ-ın da daxil olması onun beynəlxalq tanınmasını təmin edir.

Azərbaycanın enerji sektorunda rolu müsahibədə ətraflı şəkildə vurğulandı. Prezident Əliyev qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik və onları ixrac edən yeganə ölkədir. Region ölkələri - uzun illərdir ki Gürcüstan, indi isə Ermənistan - enerji ehtiyatlarını Azərbaycandan idxal edir.

Avropa İttifaqı ilə enerji əməkdaşlığı isə xüsusilə əhəmiyyətlidir. Azərbaycan hazırda 16 ölkəyə təbii qaz tədarük edir ki, bunlardan 10-u Avropa İttifaqı üzvüdür. Prezident Əliyevin sözlərinə görə, boru kəməri qazının coğrafi əhatə dairəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

"Bizim ehtiyatlarımız, nəqliyyat sistemimiz, müasir boru kəmərlərimiz var. Bir çox Avropa ölkələri ilə yaxşı münasibətlərimiz var və onlar üçün bu, enerji təhlükəsizliyini gücləndirmək yoludur. Bizim üçün isə bu, resurslarımızı premium bazarda satmaq imkanıdır" - bu açıqlama qarşılıqlı faydalı əməkdaşlığın mahiyyətini əks etdirir.

Prezident Əliyev həmçinin qeyd etdi ki, Azərbaycan qazını yalnız Avropaya deyil, son vaxtlar Suriyaya da ixrac etməyə başlayıb, lakin qiymət baxımından Avropa bazarı əlbəttə ki, ən yaxşı variantdır.

İranda vəziyyət və onun enerji bazarına təsiri ilə bağlı sualı cavablandırarkən, Prezident neft qiymətinin stabil olduğunu və ən azı Azərbaycan üçün uyğun səviyyədə olduğunu vurğuladı. İranda, Venesuelada və dünyanın digər bölgələrində vəziyyətin neft qiymətinə ciddi təsir göstərməməsi yaxşı əlamət hesab edilir, çünki həm istehsalçılar, həm də istehlakçılar gələcəyi planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla biləcəyini bilməlidirlər.

Müsahibənin diqqətəlayiq məqamlarından biri də Avropa Parlamentinin Azərbaycana qarşı davamlı tənqidlərinə münasibətlə bağlı oldu. Jurnalistin bu barədə sualı verərkən istifadə etdiyi "daimi tənqid" ifadəsinə Prezident Əliyevin cavabı qısa və birmənalı oldu: "Biz artıq reaksiya vermirik."

Dövlət başçısı izah etdi ki, Azərbaycan keçmişdə reaksiya versə də, indi bu qərəzli münasibətin xüsusi lobbi qrupları və Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən qüvvələr tərəfindən yaradıldığı o qədər aydındır ki, reaksiya göstərməyə ehtiyac yoxdur.

"Əslində biz bir neçə ildir ki, Avropa Parlamenti və həmçinin Avropa Şurası Parlament Assambleyası ilə hər hansı əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bizim üçün bu, kifayətdir" - bu praqmatik yanaşma Azərbaycanın selektiv əməkdaşlıq strategiyasını əks etdirir.

Prezident Əliyev bildirdi ki, Avropa Parlamenti Azərbaycana heç vaxt etmədiyi işlərdə, o cümlədən Ermənistana qarşı guya aqressiv mövqe tutmaqda ittiham edərkən özünü çox yöndəmsiz vəziyyətə salır. Halbuki Ermənistanın özü Azərbaycanla münasibətləri yüksək qiymətləndirir.

"Ümid edirəm ki, Avropa Parlamenti üzvləri Azərbaycana qarşı ədalətsiz siyasətlərini yenidən nəzərdən keçirmək üçün cəsarət tapacaqlar" - bu ifadə konstruktiv dialoqa açıqlığı saxlamaqla yanaşı, mövcud yanaşımın düzgün olmadığını birmənalı şəkildə bildirir.

Prezident İlham Əliyev regional sabitliyin Azərbaycan üçün əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, hər bir ölkə, o cümlədən Azərbaycan, öz sərhədlərində və onlardan kənarda sabitlik barədə düşünməlidir. Azərbaycan üçün bütün potensial risklər xaricdən gələ bilər, çünki ölkə daxilində belə risklər yoxdur.

İranla bağlı vəziyyətə toxunan Prezident, bu qonşu ölkədə müəyyən qeyri-sabitlik əlamətlərindən narahat olduqlarını bildirdi. "Bizim üçün sabitlik, proqnozlaşdırıla bilənlik və regionda sülh ən böyük sərvətdir. Biz işğaldan, müharibədən, minlərlə qurban verməkdən əziyyət çəkmişik. Bu gün hər bir ölkə üçün sabitlik və təhlükəsizlik uğur qazanmağın yeganə yoludur" - bu sözlər Azərbaycanın tarixindən çıxardığı dərsləri və gələcəyə yanaşımını əks etdirir.

Prezident ümidvar olduğunu bildirdi ki, Cənubi Qafqazda və ətrafında vəziyyət pisləşməyəcək və hər bir ölkənin regional sabitliyə və təhlükəsizliyə töhfə verəcəyi.

Müsahibə zamanı qeyd olunan Zayid Mükafatının verilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bu mükafat təkcə Prezident İlham Əliyevin şəxsi nailiyyəti deyil, eyni zamanda ölkənin regionda sülh və sabitliyin təmin edilməsində oynadığı rolun beynəlxalq tanınmasıdır.

Davos kimi nüfuzlu beynəlxalq platformada çıxış etmək və məsələlərin açıq şəkildə müzakirə edilməsi Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında artan rolunu təsdiqləyir. Prezident Əliyevin müsahibəsi ölkənin daxili və xarici siyasətdə qazandığı uğurların, regional liderliyinin və beynəlxalq əməkdaşlığa açıqlığının kompleks təqdimatı oldu.

Prezident İlham Əliyevin "Euronews"a verdiyi müsahibə bir neçə əsas mesajı özündə birləşdirir.

Azərbaycan dəyişən dünya düzənində öz yerini aydın şəkildə müəyyənləşdirib və milli maraqlarını beynəlxalq hüquqa hörmətlə uzlaşdıraraq müstəqil siyasət yürüdür.

Ermənistanla sülh prosesi deklarativ xarakter daşımır, konkret addımlarla dəstəklənir və regional əməkdaşlığa çevrilir. Əbədi sülh məqsədi təkcə söz deyil, real fəaliyyətlə təmin edilir.

Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropa üçün etibarlı və mühüm tərəfdaşdır. Ölkənin enerji potensialı və infrastrukturu regional və qlobal əhəmiyyət kəsb edir.

Azərbaycan qərəzli yanaşmaları qəbul etmir, lakin konstruktiv əməkdaşlığa açıqdır. Avropa Parlamenti ilə münasibətlərdə birmənalı mövqe ifadə edilsə də, Avropa Komissiyası ilə əməkdaşlıq davam edir.

Regional sabitlik və təhlükəsizlik Azərbaycanın prioriteti olaraq qalır və ölkə bu istiqamətdə fəal siyasət həyata keçirir.

Ümumiyyətlə, bu müsahibə Azərbaycanın müasir dünyada öz yerini möhkəmləndirən, konstruktiv beynəlxalq münasibətlər quran və regional sabitliyə töhfə verən müstəqil, güclü və etibarlı dövlət kimi mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin açıq, konkret və məntiqli açıqlamaları ölkənin beynəlxalq aləmdəki nüfuzunu gücləndirən və Azərbaycanın gələcək perspektivlərini əks etdirən mühüm siyasi bəyanat oldu.

Davosdan səslənən bu mesajlar Azərbaycanın yalnız regional deyil, qlobal proseslərdə də mühüm rol oynamağa hazır olduğunu göstərir. Sülh, sabitlik və inkişaf üçüncülüyü üzərində qurulan bu strategiya gələcəkdə də ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.

 Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü,millət vəkili  Naqif Həmzəyev