Qaynar xətt:

(+99450) 247 90 86

"Övlad barəsində düşünmürük" - Bir zamanların məşhur müğənnisi Qismət ilə ÖZƏL MÜSAHİBƏ

news/2026_01_16/389121_1768593463.jpg

MÜSAHİBƏ

114

16.01.2026, 23:54

Oxu24.com-un növbəti qonağı Almaniyada yaşayan həmyerlimiz, tanınmış ifaçı Qismət Məmmədzadədir. O, qürbətdə keçən illərini, musiqi fəaliyyətini və gələcək planlarını oxucularımızla bölüşüb. Müğənninin ölkədən kənardakı həyat tərzi və sənətə baxışı bir çoxları üçün gözlənilməz olacaq.

Həmin müsahibəni sizlərə təqdim edirik:

-Qismət bəy, əvvəlcə özünüz haqqında bir az danışa bilərsiniz? Neçə övladınız var? 

-“Düşünürəm ki, məni sevən insanlar mənim haqqımda kifayət qədər məlumatlıdırlar. Çünki, Bakıda incəsənət fəaliyyəti ilə məşğul olanda dəfələrlə efirlərdə danışmışam, qəzetlərə müsahibə vermişəm və indiyə qədər də internetdə mənim bioqrafiyamı müxtəlif saytlar yazıblar. 

Mən, 1980-ci il aprelin 20-də Bakıda doğulmuşam. Ata tərəfim novxanılı, ana tərəfim mərdəkanlıdır. 90-cı illərdə maddi vəziyyət çətin olduğu üçün müğənni kimi işləmək üçün Moskvaya getdim. Daha sonra yenidən Bakıya qayıtdım və  incəsənət sahəsində fəaliyyətimi davam etdirməyə başladım. Mahnılar yazdırdım, kliplər çəkdirdim, səhnələrdə, efirlərdə oldum. 

12 ildir evliyəm, övlad barəsində də nə həyat yoldaşım, nə də mən bu barədə düşünmürük, yəqin ki, düşünməyəcəyik də.

-Bu günkü fəaliyyətiniz nədən ibarətdir?

- 11 ildən çoxdur ki, Almaniyada yaşayıram. Bura gəldikdə fikirləşirdim ki, musiqi ilə məşğul olmayım. Çünki, əgər mən yeni həyata başladımsa, deməli yeni həyatda yeni fəaliyyətlər də ola bilər. Və ayrıca burada musiqi ilə məşğul olmaq o qədər də  aktual deyil. Yəni, mənə pul qazanacağım iş lazım idi ki, özümü təmin edə bilim. Çünki, toylardan, məclislərdən asılı olmaq bir müğənni üçün nə qədər çətindir, bunu mən yaxşı bilirəm. Azərbaycanda bu bir az mümkündür, amma Almaniyada çox çətindir. 

Ona görə də təhsil aldım və aldığım təhsildəki o sənəti mən öyrəndim. Azərbaycan dilində tərcümə etsək,ofis meneceri kimi deyə bilərik. Və bu sənət üzrə də işləyirəm. 

Musiqi ilə məşğul olmasam da, bilirəm ki, Azərbaycanda məni sevənlər çoxdur. Xüsusilə də, Almaniyaya gəldikdən sonra, sosial medianın aktivləşməsindən sonra daha çox gördüm. Yəni, əvvəllər insanlar sevgilərini ancaq məclislərdə, təsadüfən rastlaşanda deyə bilirdilər. Amma indi insanlar sosial medialarda hər bir videonun, paylaşımın altına şərh yazıb, öz fikirlərini, sevgilərini bildirirlər. 

Amma mən hər həftə bazar günü, Bakı vaxtı ilə saat 21:00-da YouTube kanalımda “Qismətin radiosu” adlı canlı veriliş edirəm. Orada məni sevən insanlarla, dinləyicilərlə görüşürəm, canlı mahnılar oxuyuram, müxtəlif mövzuları müzakirə edirik.

-Bəs gələcəkdə Azərbaycana qayıtmaq fikriniz varmı?

-Bilmirəm gələcək nə göstərəcək. Çünki insanlar planlar, xəyallar qurur. Lakin həyat həmişə bizim istədiyimiz kimi olmur. Mənim Bakıya qayıtmağım üçün də müəyyən şərait lazımdır. Müəyyən hadisələrin baş verməsi lazımdır ki, amma təəssüf ki, bu barədə danışmaq istəmirəm, istəyirəm neqativə köklənməyək. 

Əgər nə vaxtsa o şərait olarsa, təbii ki, qayıtmaq fikrim var, ora mənim doğulduğum ölkədir, orada bir karyera qurmuşdum və davam etdirə də bilərəm. Amma bu gələcəyin işidir.

-Hazırda ölkədən uzaqda yaşamağınızın səbəbi nədir?

-2013-2015-ci illər arasında bəzi problemlər yaşadım. Getdikcə problemlər ciddiləşməyə başladı.Mən düşündüm ki, əgər belə davam edirsə, o zaman başqa ölkəyə gedib, həyatıma yenidən başlaya bilərəm. Bu məni qorxutmur. Ona görə Almaniyaya köçdüm.

-Bu günkü müasir Azərbaycan və xarici ifaçılardan kimə qulaq asırsınız?

-Deyə bilərəm ki, bir musiqiçi olaraq musiqiyə qulaq asmıram. İnandırıcı olmasa da, bu həqiqətdir. Musiqiyə qulaq asmaq təsadüfən olur. Məsələn, sosial mediada təsadüfən yaxşı mahnı rast gəlirsə, ona qulaq asıram və keçirəm. Amma elə bir ifaçı yoxdur ki, mən onu axtarım, ifalarına qulaq asım.

Bəzən olur ki, ustadım Hacıbaba Hüseynova öyrənmək məqsədilə qulaq asıram. Çünki, insan hər yaşda öyrənir və öyrənməyin sərhədi yoxdur. 

Deyə bilərəm ki, Azərbaycanda keyfiyyətli ifaçılar var, ədəbiyyatı bilən, musiqini bilən.

-Müasir mahnıları necə dəyərləndirirsiniz? 

-Bəzi mahnılar var ki, yaxşı dəyərləndirirəm. Bu zövq məsələsidir, bir az da subyektiv məsələ. Yəni mənim keyfiyyətli dediyim mahnı, başqa biri üçün keyfiyyətsiz ola bilər. Əgər söhbət sırf mənim şəxsi mövqeyimdən gedirsə, əlbəttə mən, professional musiqini yaxşı dəyərləndirirəm. 

Hazırda qeyri-professional musiqi daha çoxdur. Bu da yəqin ki, insanların tələbatından irəli gəlir. Çünki, Azərbaycanda incəsənət adamları xalqın tələbi nədirsə, ona uyğun ifalar ortaya çıxarmağa çalışırlar. 

Çoxları deyir ki, “Azərbaycan xalq musiqi bilən xalqdır”. Amma indiki şərait onu göstərir ki, bu belə deyilmiş. Əslində biz bunu Sovet vaxtında da görürdük. Sovet vaxtında, 90-cı illərdə, ümumiyyətlə internet, sosial medianın olmadığı vaxtlarda bunu bir formada demək olardı. Çünki, bunun statistikası yox idi ki, kim nəyə qulaq asır. İndi sosial media var, orada keyfiyyətsiz musiqinin nə qədər baxış əldə etdiyini, reytinq qazandığını görmək olur. Ona görə də məlum olur ki, biz xalq olaraq keyfiyyətsiz musiqini daha çox sevirik.

-Qismət bəy, müğənnilərə verilən fəxri adlarla bağlı nə düşünürsünüz?

-Müğənnilərə fəxri ad vermək Sovet vaxtında yaranan bir tendensiya idi. Müğənnilərə hökumət ad verirdi. Bunlar “Əməkdar artist” və ya “Xalq artisti” adlanırdılar, amma hamısı “hökumət artisti” idi. “Xalq artisti” adını vermək üçün xalqdan soruşmaq lazımdır. Məsələn, bir sorğu keçirilə bilər. Onun nəticəsində təyin oluna bilər ki, bu insana bu fəxri adı vermək olar yoxsa olmaz.

Fikrimcə, bu əhəmiyyətsizdir. Dünyanın heç bir ölkəsində incəsənət adamlarına dövlət tərəfindən fəxri ad verilmir. Sovet dönəmindən çox ənənələr qalıb və zamanla bu öz həllini tapacaq.

-Gələcəkdə sizi hansı layihələrdə izləyə bilərik? Hər hansı yeni musiqi və ya konsert planlarınız varmı?

-Dediyim kimi, bunu gələcək bəlli edəcək. 

Əgər Azərbaycana gəlmək üçün “münbit şərait” olarsa, planlar qurmaq, layihələr barədə fikirləşmək olar. 

Amma ola bilər ki, ağlıma yaxşı söz gələ bilər, musiqi yazıb, onu ortaya çıxara bilərəm. Və yaxud hansısa bəstəkar mənə Azərbaycanda deyə bilər, “Filan mahnı var, sənin oxumağını istəyirəm”. 

-Qismət bəy, vaxtınızı ayırıb, suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik!

-Müsahibəyə məni dəvət etdiyinizə və diqqətinizə görə minnətdaram. Oxuyan hər kəsə təşəkkür edirəm və hörmətimi bildirirəm!

Müsahibəni hazırladı: Çimnaz Telmanqızı