Banka borcu olanlara vəkildən MÜHÜM XƏBƏR
03 Noyabr 2026, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
102
03.11.2026, 21:04
Şəxsin öz həyatını, sağlamlığını və ya yaxınlarını qorumaq məqsədilə hücum edən şəxsə xəsarət yetirməsi hüquqi müstəvidə həssas və dəqiq yanaşma tələb edən məsələlərdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ mövcuddur. Cinayət Məcəlləsinin 36-cı maddəsində tənzimlənən zəruri müdafiə institutu məhz bu hüququn təminatına xidmət edir. Əgər şəxs özünün və ya başqalarının qanunla qorunan mənafelərini ictimai təhlükəli qəsddən müdafiə edərkən zərər yetiribsə və müdafiə həddi aşılmayıbsa, bu əməl cinayət hesab olunmur. Bununla belə, hüquqi qiymətləndirmə zamanı hücumun xarakteri, təhlükənin dərəcəsi və vurulan xəsarətin ağırlığı mühüm rol oynayır. Müdafiə həddinin açıq-aşkar pozulması isə müvafiq cinayət məsuliyyətinə səbəb ola bilər.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını Azərbaycan Respublikası Vəkilər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənova cavablandırıb.
Zəruri müdafiə zamanı vurulan xəsarətin ağırlığı və təhlükənin dərəcəsi hüquqi qiymətləndirməyə necə təsir edir?
Vəkil bildirib ki, zəruri müdafiə ilə bağlı cinayət işlərində ən çox mübahisə doğuran məsələlərdən biri müdafiə olunan şəxsin hücum edənə yetirdiyi xəsarətin ağırlığıdır. Belə hallarda yalnız xəsarətin nəticəsinə əsaslanaraq müdafiə olunan şəxsin əməlini birbaşa cinayət kimi qiymətləndirmək düzgün hüquqi yanaşma deyil. Məsələn, şəxs özünün və ya yaxınlarının həyatına real təhlükə yaradan bıçaqlı hücumun qarşısını alarkən hücum edənə ağır xəsarət yetirə bilər və hətta ölüm nəticəsinin baş verməsi də özlüyündə zəruri müdafiənin mövcudluğunu istisna etmir.
Hüquqi qiymətləndirmə aparılarkən aşağıdakı amillər kompleks şəkildə araşdırılmalıdır:
•Hücumun intensivliyi və qəfil olması.
•Hücum edən şəxslərin sayı və istifadə olunan silah və vasitələr.
•Tərəflərin fiziki imkanları və hadisənin baş verdiyi şərait.
•Təhlükənin davam edib-etməməsi.
İlhamə Həsənova qeyd edib ki, Qanun müdafiə olunan şəxsdən hücum edənə eyni üsulla və eyni qüvvə ilə cavab verməyi tələb etmir, yəni hücumla müdafiə arasında mexaniki bərabərlik prinsipi mövcud deyil.
Ali Məhkəmənin bu məsələlərlə bağlı son qərarlarının hüquqi təcrübədə rolu nədən ibarətdir?
Vəkilin sözlərinə görə, bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı ilin oktyabr ayında ictimaiyyətə açıqlanmış qərarı xüsusi maraq doğurur:
“Həmin iş qızını məişət zorakılığından qorumağa çalışan və hadisə zamanı kürəkənini öldürən şəxslə bağlı olub. Aşağı instansiya məhkəməsi şəxsi qəsdən adam öldürməyə görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Lakin Ali Məhkəmə hadisənin zəruri müdafiə vəziyyətində baş verdiyini, lakin müdafiə həddinin aşıldığını qəbul edərək əmələ verilmiş hüquqi qiyməti dəyişmiş və cəzanı 1 il 6 aya endirmişdir.
Bu qərarda diqqət çəkən əsas məqam odur ki, hücum edən şəxsin əlindən bıçağın alınması hər bir halda təhlükənin aradan qalxması kimi qiymətləndirilə bilməz; hücumun başqa formada davam etməsi və real təhlükə nəzərə alınmalıdır. Eyni zamanda, bu qərar zəruri müdafiənin mövcudluğunun bütün hərəkətləri avtomatik qanuni etmədiyini, məhkəmənin hüdudların aşılıb-aşılmadığını ayrıca müəyyənləşdirməli olduğunu göstərir”.
Zəruri müdafiə həddinin aşılması hansı məsuliyyətə səbəb olur?
Müsahib vurğulayıb ki, Cinayət Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddinin aşılması hesab olunur. Burada xüsusilə “açıq-aşkar uyğun gəlməmə” meyarına diqqət yetirilməlidir:
“Müdafiə zamanı tətbiq olunan qüvvənin hücumun xarakterindən müəyyən dərəcədə fərqlənməsi hələ özlüyündə həddin aşılması demək deyil.
Zəruri müdafiə həddinin aşılması nəticəsində qəsdən adam öldürmə Cinayət Məcəlləsinin 123.1-ci maddəsi, qəsdən sağlamlığa ağır zərər vurma isə 130.1-ci maddəsi ilə cinayət məsuliyyəti yarada bilər. Lakin bu maddələrin tətbiqi üçün şəxsin həqiqətən zəruri müdafiə vəziyyətində olması və həmin müdafiənin həddini qəsdən aşması sübuta yetirilməlidir. Hücum başa çatdıqdan və təhlükə aradan qalxdıqdan sonra qisas almaq məqsədilə xəsarət yetirilməsi isə zəruri müdafiə kimi qiymətləndirilə bilməz”.
Məhkəmələr bu cür işlərə baxarkən hansı psixoloji və obyektiv amilləri əsas götürməlidirlər?
Vəkil hesab edir ki, zəruri müdafiə ilə bağlı işlərdə ən mühüm məsələlərdən biri hadisənin yalnız son nəticəsinə görə deyil, müdafiə olunan şəxsin real təhlükə ilə üzləşdiyi andakı vəziyyəti nəzərə alınmaqla qiymətləndirilməsidir. Qəfil hücuma məruz qalmış, həyatı və ya yaxınlarının təhlükəsizliyi üçün ciddi qorxu keçirmiş şəxsin davranışını hadisədən sonra sakit şəraitdə aparılan mücərrəd mülahizələrlə qiymətləndirmək ədalətli olmazdı. Bu zaman şəxsin psixoloji vəziyyəti, qorxu və təşviş hissi, hadisələrin sürətlə inkişaf etməsi və müdafiə vasitəsini seçmək üçün real imkanlarının nə dərəcədə məhdud olması mütləq araşdırılmalıdır.
“Nəticə etibarilə, qanun insanı real hücum qarşısında passiv qalmağa məcbur etmir, lakin bu hüquq heç vaxt qisas almaq və ya cəzalandirmək vasitəsinə çevrilməməlidir. Hər bir belə hadisəyə fərdi yanaşılmalı və tətbiq edilən vasitələrin konkret şəraitə uyğunluğu hərtərəfli araşdırılmalıdır”,- deyə vəkil əlavə edib.
Çimnaz Telmanqızı
22:01 / 03 Noyabr 2026
1
21:56 / 03 Noyabr 2026
13
21:47 / 03 Noyabr 2026
33
21:34 / 03 Noyabr 2026
157
21:27 / 03 Noyabr 2026
58
21:24 / 03 Noyabr 2026
99
21:18 / 03 Noyabr 2026
53
21:10 / 03 Noyabr 2026
562
21:08 / 03 Noyabr 2026
97
21:02 / 03 Noyabr 2026
61
20:51 / 03 Noyabr 2026
125
20:49 / 03 Noyabr 2026
67
20:42 / 03 Noyabr 2026
72
20:39 / 03 Noyabr 2026
64
20:31 / 03 Noyabr 2026
92
20:28 / 03 Noyabr 2026
3252
20:27 / 03 Noyabr 2026
170
20:20 / 03 Noyabr 2026
165
20:19 / 03 Noyabr 2026
101
20:09 / 03 Noyabr 2026
92
20:00 / 03 Noyabr 2026
134
19:49 / 03 Noyabr 2026
659
19:39 / 03 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.