Qaynar xətt:

(+99450) 247 90 86

Səməd Vurğun müharibədən qayıdan yazıçıya necə kömək edib? 

Səməd Vurğun müharibədən qayıdan yazıçıya necə kömək edib? 

CƏMİYYƏT

50

24.11.2026, 21:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə bağlı, səmimi, qətiyyətli və duyğulu bir insan kimi tanımağa imkan verir.

Oxu24.com bildirir k, AZƏRTAC silsilənin növbəti hissəsində Səməd Vurğunun dəstək göstərdiyi yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəliyevin xatirələrini təqdim edir. O, xatirəsində şairin müharibədən sonra ona və ailəsinə göstərdiyi qayğıdan, çətin günlərində verdiyi dəstəkdən bəhs edir:

“…1940-cı ilin oktyabr ayında ordu sıralarından azad olub Bakıya qayıtdım. Böyük həvəslə yaradıcılığa başladım. Axı, çox yerlər görmüş, böyük təəssüratla vətənə qayıtmışdım.

Bu zaman Yazıçılar İttifaqında Ölkə Müdafiəsi ədəbiyyat bölməsi yaratmağı qət etdilər. Azərbaycan Yazıçılar İttifaqının katibi Zeynal Xəlilin tövsiyəsi ilə Səməd Vurğun məni yanına çağırıb dedi:

- Sənin üçün iş tapmışıq, əsl əsgər işi…

Səməd Vurğunun əmri ilə Müdafiə ədəbiyyatı bölməsinin müdiri təyin edildim. Təəssüf ki, mənim “müdafiə” fəaliyyətim az çəkdi…

Müharibənin ikinci günü kitab və əlyazmalarımı yığıb səliqəyə saldım. Əziz kiçik “balalarımı” ata-anama tapşırdım. Ailə üzvləri, qohum-qonşu, dostlarla vidalaşdım. Əsgərlikdən qayıtdığım yarım il deyildi ki, yenidən əsgər paltarı geydim…

1946-cı il oktyabr ayının 10-da Bakıya getmək üçün Çelyabinsk dəmir yol vağzalının kassasından bilet aldım…

Bakıda məni heç kəs qarşılamadı. Yenə də heç kəs mənə: “Xoş gəlmisən!” - deyə üzümə gülümsəmədi. Vətəndə heç kimim qalmamışdı. Müharibə bizim ailəyə böyük zərbələr vurmuşdu. Ata-anam mənim həlak olduğum haqqında qara xəbəri aldıqdan sonra vəfat etmişdilər. Ramanadakı evimizdə başqası yaşayırdı.

Mən öyrəndim ki, Səməd Vurğunun təşəbbüsü ilə Azərbaycan Yazıçılar İttifaqının qərarı əsasında atam hər ay Ədəbiyyat fondundan maddi yardım almış, atam vəfat etdikdən sonra anama yardım göstərmişlər. Anam vəfat etdikdən sonra isə Səməd Vurğun yetim, kimsəsiz qalmış kiçik qardaşımı Suvorov məktəbinə düzəltdirmişdi…

Mən 1947-ci ildə Bakıda Mirzə Fətəli küçəsinin 9-cu dalanındakı 2 nömrəli qaranlıq, kiçik bir evdə yaşayırdım. O zaman ilk dəfə yanıma gələn şair dostum Nəbi Xəzri mənim haqqımda yazdığı hekayədə evimi belə təsvir etmişdi: “Ev deyəndə ki, təkcə bir otaq idi. Otağa da ancaq bir çarpayı yerləşərdi. Təkcə bir kətil gözümə dəydi. Deməli, o, ancaq bircə qonağı qəbul edə bilərdi…” Bundan dəqiq demək çətindir.

Burada, bu “quş yuvası”nda yaşamaq son dərəcə ağır idi. Mən nəhayət tab etməyib ev şəraitimin son dərəcə ağır və dözülməz olduğu haqqında Səməd Vurğuna məktub yazdım. Bir neçə gündən sonra axşam çağı mənzilimin qapısı döyüldü. Qapını açdıqda gözlərimə inanmadım. Gələn Səməd Vurğun idi. Bunu heç gözləməzdim. Hörmətli şairi görcək özümü elə itirdim ki, ona “buyurun” deməyi belə unutdum. Bu boy-buxunlu adam kiçik otağıma güclə girə bildi, başı az qaldı ki, tavana dəysin. O, mənim keçirdiyim həyəcanı başa düşüb kədərlə gülümsündü.

-Ayə, otağın məktubunda yazdığından da bərbaddır… Məktubunda ev şəraitini zəif təsvir etmisən. Çoxdandırmı burada yaşayırsan?

-Bir il olar, - dedim.

- Ayə, bəs niyə susurdun?

Mən dinmədim. O, narazılıqla başını bulayıb getdi…

Lap pərt idim. Məni tər basmışdı. Elə şaşırmışdım ki, nəzakət üçün ona çay təklif etmək belə ağlıma gəlməmişdi.

Ertəsi gün üzündə yanıq izi olan, arıq, ortaboylu bir adam bizə gəldi. Özünü təqdim etdi:

-Çaparidze rayon Sovetinin sədri Məzahir Abbasov.

O dəqiqə bəzi şeylər yadıma düşdü. O, İkinci Dünya müharibəsində şöhrət qazanmış, hərbi təyyarəçi, qəhrəman döyüşçü idi. Səməd Vurğun ona şeir həsr etmişdi.

Məzahir Abbasov otağıma baxdıqdan sonra kədərli başını buladı:

-Səmədin gileylənməyə haqqı varmış… İndi gedək, sənə bu yaxınlıqdakı dalanda bir ev göstərəcəyəm.

Əvvəlcə bu söz məni sevindirmədi, öz-özümə dedim: “Yenə dalan, dalandan-dalana”.

O, məni bir faytona mindirib Tolstoy küçəsinin 7-ci dalanına apardı, 3 nömrəli otağın qapısını açdı.

-Xoşuna gəlirmi? - deyə soruşdu.

Mən bildirdim ki, o zaman mənzil almaq məsələsi çox çətin idi. Fikirləşmədən dedim:

-Əlbəttə…

Bu, əvvəlki otağıma nisbətən xeyli genişdi, pəncərəsi də vardı. Mənə elə bil dünyanı verdilər…

Hər işim yaxşı gedirdi. Birdən yenə rüzgar dəyişdi, yenə başımın üstünü qara buludlar aldı. İkinci Dünya müharibəsində düçar olduğum qəzalarla əlaqədar olaraq məni daxili işlər idarəsinə çağırıb dindirirdilər. Əsas məqsəd bu idi: bəzi məsələlərdə onlara “kömək etmək”, ən başlıcası Səməd Vurğuna qarşı çıxmaq, onu izləmək, böhtan atmaq.

Görün, kimin haqqında və kimə müraciət edirdilər?!

Səmədə həyatı boyu minnətdar olan adama. İstəyirdilər ki, tale yollarıma şeiriyyət nuru səpən şairin gülümsər gözlərindəki sevinc yox olsun. Yox, yox, qara külək nəhəng palıd ağacını yıxa bilmədi”.

Ardı var..