Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın strateji mövqeyi ABŞ üçün niyə daha da önəm qazanır? — ŞƏRH  

Azərbaycanın strateji mövqeyi ABŞ üçün niyə daha da önəm qazanır? — ŞƏRH  

DÜNYA

63

29.07.2026, 11:36

ABŞ Konqresinin respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşdən sonra nüfuzlu "Newsmax" nəşrində diqqətçəkən məqalə ilə çıxış edib. Konqresmen məqaləsində rəsmi Bakının geosiyasi əhəmiyyətindən, regional təhlükəsizlik və qlobal enerji təminatındakı əvəzsiz rolundan ətraflı bəhs edib. Həmçinin nümayəndə vurğulayıb ki, Azərbaycan hazırda dünyanın ən strateji və vacib mövqeyinə malik ölkələrindən biridir. Vaşinqtonun Bakı ilə əlaqələrə verdiyi bu yüksək qiymət və Cənubi Qafqazdakı yeni reallıqlar fonunda Azərbaycanın artan rolu ABŞ üçün nə dərəcədə prioritetdir? 

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, Azərbaycanın artan önəmi – istər enerji məsələlərində, istərsə də tranzit-ticarət məsələlərində olsun – təkcə Amerika Birləşmiş Ştatları üçün deyil, artıq dünyanın bir çox ölkəsi üçün önəmli hala gəlməkdədir. Bu ölkələrin arasında böyük dövlətlərin – Qərb və Avropa dövlətlərinin, ABŞ-nin özünün, Çinin və ümumiyyətlə, qlobal layihələrdə iştirak edəcək hər bir böyük dövlətin adını çəkə bilərik. Onların hər biri Azərbaycana və onun Cənubi Qafqazda yaratdığı yeni sülh reallıqlarına mənunluqla yanaşırlar. Başa düşürlər ki, bu, onların da maraqlarına uyğun olan bir haldır.

Bunun səbəbini qeyd edən ekspert vurğulayıb ki, hazırda ən təhlükəsiz, etibarlı yol sayılan quru marşrutları üzrə Şərq-Qərb ticarətində üç əsas alternatif ola bilərdi:

“Rusiya, İran və Azərbaycandan keçməklə Cənubi Qafqaz alternativi. Bunların ikisi artıq dünya üçün qənaətbəxş sayılmır. Ona görə ki, Rusiya Ukraynaya hücum etdi, Avropa kollektiv şəkildə müdafiə siyasətinə keçdi, Rusiyaya karşı kütləvi sanksiyalar həyata keçirdilər. Eyni zamanda başa düşdülər ki, uzun illərdir Rusiyadan enerji asılılığının davam etməsi kollektiv Avropa üçün bir növ strateji təhlükəsizlik məsələsi deməkdir.

İran alternatividə də aşağı-yuxarı Rusiya ilə bənzər problemlər yaşanmaqdadır. Avropa yaxşı başa düşür ki, hazırda çox ciddi siyasi fikir ayrılıqları mövcuddur, bu özünü sanksiyalar siyasətində göstərir”.

Həşim Səhrablı bildirib ki, Avropa-İran ticarəti demək olar ki, dayanmış vəziyyətdədir və ya biz çox az örnəklər görməkdəyik. Ona görə də İran alternativi də Avropa üçün, ümumiyyətlə qlobal ticarət və tranzit məsələləri üçün o qədər də effektiv deyil:

“Bir növ Avropa tərəfi də, ABŞ-nin özü də hesab edir ki, İran və Rusiya alternativləri işə düşərsə, bunlar əsas tranzit mahiyyətini alarsa, onda bu üstünlüyün İran və ya Çinə verilməsi ilə nəticələnəcək.

Ama üçüncü bir alternativ var və bu alternativ dünyanın bütün ölkələri üçün qənaətbəxş sayılır. Bu, Azərbaycan alternatividir, Azərbaycandan keçən Cənubi Qafqaz alternatividir, ümumiyyətlə Orta Dəhlizin Zəngəzur koridoru vasitəsilə canlanması məsələsidir. Bu həm məsafəni daha da qısaldacaq, beləcə xərclər azalacaq”.

“Eyni zamanda Azərbaycanı, eləcə də Cənubi Qafqazın digər ölkələrini nə qlobal güc yarışına qoşulub ərazi iddiaları irəli sürürlər (həmin o böyük dövlətlərə, yəni layihə tərəflərinə qarşı), nə onların təhlükəsizliyini təhdid edəcək hər hansı addımlar atırlar, nə də ki öz maraqlarını ön plana qoyub “mütləq bizim daha çox qazandığımız, daha güclü olduğumuz bir ssenari izlənməlidir” deyirlər”,- deyə o əlavə edib. 

Tədqiqatçı qeyd edib ki, 2020-ci ildən sonra Azərbaycan bölgədə yeni reallıq formalaşdırdı. Bu hər kəsə artıq bəllidir:

“Artıq Cənubi Qafqaza sülh gəlməlidir, Cənubi Qafqaz ticarət mərkəzinə, iqtisadiyyat mərkəzinə, diplomatiya mərkəzinə çevrilməlidir, kommunikasiya xətləri işə düşməlidir. Orta Dəhliz Zəngəzur koridoru vasitəsilə canlanmalıdır, Çinin 'Bir kəmər, bir yol' layihəsi canlanmalıdır, 'Şimal-Cənub' marşrutu da həmçinin. Azərbaycan bütün tərəflərə elan etdi ki, biz münaqişə tərəfi deyilik, münaqişə yolunu seçmirik, biz münaqişə yolunu seçənlərə seçim şansı vermirik – nə Şərqi, nə Qərbi, nə Şimalı, nə Cənubu seçmirik. Biz hər tərəfi seçirik, biz hər tərəfli dinc, bərabərhüquqlu münasibətlər qurmağa istiqamətlənmişik. Bunu dünya üçün, dünya təhlükəsizliyi üçün, enerji böhranlarının qaldırılması üçün, digər iqtisadi böhranların yaranmasının qarşısını almaq üçün uğurlu bir alternativ görürük və bunu həyata keçiririk”.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları da uzun müddətdən sonra, təəssüf ki, bu reallığı anlamağa gecikdilər. Belə uğurlu alternativin, belə uğurlu bir xarici siyasətin faydalı olacağını görürlər. Bu faydaya qarşı deyil, fayda ilə birlikdə hərəkət etməklə özlərinin də belə qlobal məsələlərin bir parçası olmasını və öz maraqlarının təminatı üçün çalışırlar”.

Bunun ABŞ üçün ona görə prioritet olduğunu qeyd edən tədqiqatçının sözlərinə görə, ABŞ həmişə dinc dövrdə, iqtisadi əlaqələrdən qazanmağı bacaran tərəf olub. İndi də Amerika Birləşmiş Ştatları görür ki, bu onlara qazandıracaq layihədir. Azərbaycanla əməkdaşlıq həm tranzit məsələlərində, həm enerji təhlükəsizliyi məsələlərində, yaşıl enerji məsələsində və ya inkişaf etməkdə olan və dünyanın gələcəyi sayılan texnoloji, süni intellekt məsələlərində çox uğurlu bir alternativ ola bilər. Onlar da bir prioritet kimi belə uğurlu alternativdə əlaqələrini daha yaxşı etməyə, möhkəmləndirməyə çalışacaqlar”.

Çimnaz Telmanqızı