Qaynar xətt:

(+99450) 247 90 86

Qəbul və təhsil sistemi dəyişir: Hansı yeniliklər gözlənilir?    —   TƏHLİL

Qəbul və təhsil sistemi dəyişir: Hansı yeniliklər gözlənilir?    —   TƏHLİL

CƏMİYYƏT

46

24.11.2026, 09:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, 2027–2030-cu illərdə orta ixtisas təhsili sistemində bir sıra dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır. Kolleclərə qəbulun əsasən 11-ci sinif bazasından aparılması, 9-cu sinifdən qəbulun isə peşə təhsili istiqamətinə yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, qiyabi təhsil formasının mərhələli şəkildə ləğvi və hibrid-distant təhsil modelinin tətbiqi gündəmdədir.

Bu barədə Oxu24.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda orta ixtisas təhsili müəssisələri uzun müddət diqqətdən kənarda qalmışdır:

“Son bir neçə ildə Ali və Orta İxtisas Təhsili üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra kolleclərə münasibətdə müəyyən dəyişikliklər müşahidə olunur. Burada həm rəhbərliyin yenilənməsi, həm də ümumi kadr islahatları istiqamətində müəyyən dəyişikliklər baş verib. Lakin bunlar kifayət etmir. Tədris proqramları da yenilənməlidir. Düzdür, bu istiqamətdə müəyyən işlər və islahatlar aparılır, ancaq ümumilikdə Azərbaycanda orta ixtisas təhsili sistemi artıq əmək bazarının tələblərinə cavab verə bilmir.

Bunu peşə tədris mərkəzləri ilə müqayisə etsək, görərik ki, bu sahədə sürətli inkişaf, dövlət dəstəyi və əmək bazarının tələblərinin ödənilməsi istiqamətində işlər xeyli sürətlənib. Ona görə də bu gün kolleclərdə aparılan islahatlar çərçivəsində belə bir təklif də irəli sürülüb ki, 2030-cu ilə qədər orta ixtisas təhsili müəssisələri ali təhsil müəssisələrinin tabeliyinə verilsin.

Əslində, bu təcrübə əvvəllər də mövcud olub. Belə ki, regionlarda yerləşən kolleclərin əksəriyyəti həmin ərazilərdəki universitetlərin tabeliyində idi. İndi isə şəhərlərdə də kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi genişlənib”.

Təhsil eksperti kolleclərin gələcək statusu və subbakalavr pilləsinin yaradılması ilə bağlı təkliflərini də bölüşüb:

“Subbakalavr dərəcəsi alan kollec məzunları ənənəvi olaraq ali təhsil müəssisələrinə imtahansız qəbul olunmaq imkanına malikdirlər. Bu, abituriyentlərin qəbul imtahanlarında yüksək nəticə göstərə bilmədikləri hallarda onlar üçün bir növ ümid yeridir. Belə abituriyentlər əlavə iki il vaxt itirsələr də, kolleclərdən universitetlərə imtahansız qəbul olunmaq şansından istifadə etmək üçün bu təhsil müəssisələrinə üz tuturlar. Lakin bilirik ki, ötən ildən peşə təhsili mərkəzlərində də subbakalavr dərəcəsi verilir və onların məzunları da ali təhsil müəssisələrinə imtahansız qəbul olunmaq imkanı əldə edirlər. Belə olan halda, peşə təhsili mərkəzlərində daha qısa müddətdə təhsil alaraq əmək bazarına daha tez daxil olmaq imkanı yaranır. Nəticədə kolleclərə maraq azala bilər”.

Məzahir Məmmədli vurğulayıb ki, kolleclərdə 9-cu sinif bazasından qəbulun dayandırılması da başadüşüləndir:

“Çünki bilirik ki, bir neçə il əvvəl pedaqoji ixtisaslar üzrə kolleclərə 9-cu sinif bazasından qəbul dayandırılmış, sonrakı illərdə isə bu sahə üzrə ümumiyyətlə qəbul aparılmamışdı. Yəni artıq kolleclərdə pedaqoji sahələr üzrə mütəxəssislər yetişdirilmir. Bu da kolleclərin əmək bazarındakı fəaliyyət imkanlarının müəyyən qədər daralmasının göstəricisidir.

Ümumiyyətlə, düşünürəm ki, 9-cu sinif bazasından kolleclərə qəbulun dayandırılması düzgün qərardır. Lakin kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə verilməsindənsə, ümumiyyətlə, kollec anlayışının aradan qaldırılması və ali təhsil müəssisələrində yeni bir pillənin yaradılması daha məqsədəuyğun olardı.

Məsələn, indiyədək ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri mövcud olub. Çox yaxşı olardı ki, yeni qəbul ediləcək qərarda ali təhsil müəssisələrinin subbakalavr pilləsinin də yaradılması nəzərdə tutulsun. Beləliklə, tələbə iki il təhsil aldıqdan sonra müəyyən bilik və bacarıqlar əldə edərək əmək bazarının tələblərinə uyğun fəaliyyət göstərə bilər. Növbəti mərhələdə isə dörd il təhsil alan şəxs bakalavr dərəcəsi əldə edə bilər. Daha sonra magistratura və doktorantura səviyyələri indiki kimi saxlanıla bilər”.

Müsahibimiz hesab edir ki, kolleclərə qəbulun 11-ci sinif bazasından aparılması düzgün addımdır:

“Çünki 9-cu sinifdən sonra şagirdlərin peşə təhsili mərkəzlərinə yönləndirilməsi, orada müəyyən bilik, bacarıq və ixtisasa yiyələnməsi, daha erkən yaşda əmək bazarına daxil olaraq özünü işlə təmin etməsi daha faydalıdır.

Kolleclərlə bağlı digər bir problem də subbakalavr dərəcəsi alaraq ali təhsil müəssisələrinə qəbul olunan məzunlarla əlaqədardır. Universitetlərdən ciddi şikayətlər daxil olur ki, bu tələbələr digər tələbələrlə ayaqlaşa bilmir və tədris prosesində geri qalırlar.

Ona görə də bütün bunlar nəzərə alınaraq kolleclərdə tədris proqramlarının ali təhsil müəssisələrinin öz nəzarətində olması daha məqsədəuyğun olardı. Beləliklə, gələcəkdə ali təhsil almağı seçən subbakalavrlar digər qəbul olunmuş tələbələrlə ayaqlaşa və təhsillərini normal şəkildə davam etdirə bilərlər”.

Təhsil eksperti Əmrah Həsənli   qeyd edib ki,bu dəyişikliklər bir neçə ildir müzakirə olunan struktur problemlərdən irəli gəlir:

“Orta ixtisas təhsili uzun müddət həm məzmun, həm də keyfiyyət baxımından orta məktəblə ali təhsil arasında qalan pillə kimi qəbul olunub. Kolleclərin bir hissəsində maddi-texniki baza köhnədir, tədris prosesi isə əmək bazarının tələbləri ilə kifayət qədər uzlaşmır. Qiyabi təhsil bir çox hallarda real bilik və bacarıqlar qazandırmaqdan daha çox diplom əldə etmək vasitəsinə çevrilib.

Qəbulun tamamilə 11-ci sinif bazasına keçirilməsi və peşə təhsilinin ayrıca istiqamət kimi gücləndirilməsi bu boşluğu aradan qaldırmaq cəhdi kimi qiymətləndirilə bilər. Hibrid distant təhsil modelinin gündəmə gəlməsi isə müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsi ilə bağlıdır”.

Ekspertin sözlərinə görə, islahat düzgün həyata keçirildiyi təqdirdə şagirdlərə daha aydın təhsil trayektoriyası təklif edə bilər:

“Birincisi, kollecə daha yetkin yaşda və daha şüurlu seçimlə gələn tələbə ixtisasını daha ciddi mənimsəyir. İkincisi, 9-cu sinifdən sonra peşə təhsilinə yönələn şagird ixtisas əldə edərək əmək fəaliyyətinə daha erkən başlamaq imkanı qazanır.

Lakin burada əsas risk ondan ibarətdir ki, 14-15 yaşlı uşağın peşə seçiminə yönləndirilməsi tələsik qərarlara və sonradan dəyişdirilməsi çətin olan seçimlərə gətirib çıxara bilər. Buna görə də bu yaşda peşə təhsili yolun sonu kimi deyil, ali təhsilə keçidin də mümkün olduğu açıq və çevik bir istiqamət kimi təqdim edilməlidir. Əks halda, bu istiqamət sosial baxımdan ikinci dərəcəli seçim kimi qəbul olunacaq və ailələr uşaqlarını ora yönləndirməkdən çəkinəcəklər”.

Əmrah Həsənli 9-cu sinif məzunlarının peşə təhsilinə yönləndirilməsini prinsip etibarilə məqsədəuyğun hesab edir:

“Çünki bu, dünyada uğurlu təcrübəyə əsaslanır. Məsələn, Almaniya və Finlandiya təcrübəsi məhz güclü peşə təhsili sisteminə əsaslanır. Lakin bunun effektiv olması üçün üç şərt vacibdir: peşə təhsili müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, tədrisin real müəssisələrdə təcrübə ilə əlaqələndirilməsi və şagirdlər arasında 9-cu sinifdən etibarən peşəyönümü işinin ciddi və sistemli şəkildə aparılması. Bu şərtlər təmin olunmadan yalnız qəbul qaydasının dəyişdirilməsi gözlənilən nəticəni verməyəcək.

Qiyabi təhsilin mərhələli şəkildə ləğvinin üstünlüyü təhsilin keyfiyyətinin və diplomun dəyərinin artması, formal təhsil amilinin isə azalmasıdır. Eyni zamanda, bunun müəyyən çətinlikləri də var. Belə ki, işləyə-işləyə təhsil alan, regionlarda yaşayan və ailə öhdəlikləri olan insanlar üçün təhsilin əlçatanlığı məhdudlaşa bilər. Bu baxımdan, hibrid və distant təhsil modeli mövcud çatışmazlığı aradan qaldıra bilər. Lakin bunun üçün internet infrastrukturu, rəqəmsal savadlılıq, keyfiyyətli onlayn platformalar və qiymətləndirmənin şəffaf mexanizmi təmin edilməlidir.

Ona görə də mərhələli keçidi vacib hesab edirəm. Qərarların tətbiqindən əvvəl ictimai müzakirələrin aparılmasının, təhsil ictimaiyyətinin və mütəxəssislərin rəylərinin nəzərə alınmasının tərəfdarıyam”.

Təhsil eksperti Səbuhi Abdullayev isə peşə təhsilinin gücləndirilməsinin gələcək əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynaya biləcəyini bildirib:

“Təhsil eksperti qeyd edib ki, 9-cu sinifdən sonra müvafiq peşə ixtisasına yiyələnmək istəyən şagirdlərə peşə təhsili müəssisələrinə yönəlmək tövsiyə olunur:

“Bu yanaşma, eyni zamanda, ali təhsil müəssisələrinə aşağı balla qəbul olunanların sayının əhəmiyyətli dərəcədə azalmasına da xidmət edəcək. Belə ki, təhsil naziri də qeyd etmişdi ki, məsələn, 200 balla kompüter elmləri ixtisasına qəbul olmaq mümkündür, lakin bu, həmin şəxsin yüksək ixtisaslı mütəxəssis kimi yetişəcəyinə zəmanət vermir. Tövsiyə olunur ki, bu sahələrə daha hazırlıqlı və yüksək nəticə göstərən abituriyentlər qəbul olunsunlar. Bu da gələcəkdə əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, qiyabi təhsilin effektiv olmaması nəzərə alınaraq, distant təhsilə keçidin perspektivləri barədə də uzun müddətdir müzakirələr aparılır. Bu model həm işləyən şəxslərin təhsilə çıxış imkanlarını genişləndirə, həm də müasir tədris vasitələri ilə onların bilik və bacarıqlarını artırmağa şərait yarada bilər”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.