Qaynar xətt:

(+99450) 247 90 86

Kolleclərə qəbul dayandırılır? – Ekspertdən AÇIQLAMA   

Kolleclərə qəbul dayandırılır? – Ekspertdən AÇIQLAMA   

CƏMİYYƏT

48

23.11.2026, 21:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda orta ixtisas təhsili sistemində 2027–2030-cu illəri əhatə edən dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Planlara əsasən, kolleclərin müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi, onların fəaliyyətinin universitetlərlə inteqrasiyası və tədris ixtisaslarının yenilənməsi gözlənilir. Eyni zamanda, gələcəkdə IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, bu baza üzrə qəbulun yalnız peşə təhsili müəssisələrində aparılması, kolleclərə qəbulun isə XI sinifdən sonra davam etdirilməsi təklif olunur. Bu yanaşma təhsilin pillələri arasında ardıcıllığı formalaşdırmaq və əmək bazarının real ehtiyaclarına daha çevik cavab vermək məqsədi daşıyır. Digər tərəfdən, dəyişikliklər orta ixtisas təhsilinin müstəqilliyi, şagirdlərin erkən yaşda peşə seçimi imkanları və təhsilə əlçatanlıq baxımından müxtəlif suallar yaradır. Kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsinin tədris keyfiyyətinə necə təsir edəcəyi və qəbul qaydalarının yenilənməsinin gənclərin gələcək karyera planlarına təsiri cəmiyyətdə geniş müzakirə olunur. 

Mövzu ilə bağlı fikirlərini Oxu24.com-a açıqlayan təhsil eksperti Elçin Murad kolleclərə qəbulun əslində son iki ildə yığışdırılmalı olduğunu bildirib.

Onun sözlərinə görə, iki il bundan əvvələ qədər kollec bitirən abituriyentlərin və ya tələbələrin subbakalavr kimi universitetdə təhsilini davam etdirməsi və yer tutması mümkün olurdu, lakin son iki ildə artan templə bu imkan məhdudlaşıb. 

O qeyd edib ki, artıq kollec məzunlarının subbakalavr kimi universitetdə yer tutması qeyri-mümkün hal almağa başlayıb. Bu vəziyyətdə abituriyentin kollecdə oxuyub, sabah kollec diplomu ilə gedib iş tapa bilməməsi həm maddi itki, həm də vaxt itkisi deməkdir.

Ekspert düşünür ki, peşə məktəblərinin sayının və ixtisasların sayının artırılması ölkədə daha əlverişli ola bilər. O, bəzi peşələrin davamçılarının olmadığını, bəzi sahələrdə isə keyfiyyətli usta və peşə sahibi tapmağın çətin olduğunu vurğulayıb:

“Kollecdənsə peşəni gücləndirib, elm və təhsillə bağlı məsələləri orta məktəb və universitetlə tənzimləmək və yekunlaşdırmaq daha məqsədəuyğundur”.

O əlavə edib ki, kolleclərin dayandırılması ilə yanaşı, peşə təhsili məktəblərinin gücləndirilməsi gələcəkdə daha effektiv, bazara tam yararlı və uyğun vakansiyaların yaranmasına gətirib çıxaracaq.

Çimnaz Telmanqızı