Qaynar xətt:

(+99450) 247 90 86

Deputat problemi Milli Məclisdə qaldırdı: Həll yolu nədir? - TƏHLİL  

Deputat problemi Milli Məclisdə qaldırdı: Həll yolu nədir? - TƏHLİL  

CƏMİYYƏT

59

04.11.2026, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslı kadr çatışmazlığı son dövrlər sosial-iqtisadi gündəliyin ən mühüm mövzularından birinə çevrilib. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdəki çıxışında ölkədə aqrar sahədə kadr təminatında ciddi problemlərin olduğunu bəyan edib. Deputat Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bir sıra ixtisaslar üzrə keçid ballarının olduqca aşağı səviyyədə qalmasını tənqid edərək, bu mənzərənin peşəkar mütəxəssis hazırlığına birbaşa maneə törətdiyini vurğulayıb. Onun sözlərinə görə, müasir aqroparklar və iri heyvandarlıq kompleksləri yerli mütəxəssis tapmaqda çətinlik çəkdikləri üçün xüsusilə Türkiyədən və digər xarici ölkələrdən kadr dəvət etməyə məcbur qalırlar. Qüdrət Həsənquliyev mövcud böhranın aradan qaldırılması üçün aqrar təhsil müəssisələrində köklü islahatların aparılmasını və məsələnin geniş tərkibdə Nazirlər Kabineti səviyyəsində müzakirəyə çıxarılmasını təklif edib. 

Məsələ ilə bağlı Oxu24.com-a özəl açıqlama verən təhsil eksperti Şəmsi Qoca aqrar ixtisaslara marağın azalma səbəblərini və təhsil-istehsalat inteqrasiyasının real mexanizmlərini şərh edib.

O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslı kadr çatışmazlığı təkcə ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məsələ deyil. Bu problem aqrar peşələrin cəmiyyətdəki nüfuzu, əməkhaqqı səviyyəsi, kənd yerlərində iş şəraiti, təhsilin keyfiyyəti və sektorun müasirləşmə sürəti ilə birbaşa əlaqəlidir:

“Yüksək bal toplayan gənclərin bu sahəyə meyil etməməsinin kökündə aqrar təsərrüfatın onların təsəvvüründə hələ də ağır fiziki əmək və məhdud karyera imkanları ilə assosiasiya olunması dayanır. Halbuki müasir kənd təsərrüfatı aqronomluq, biotexnologiya, genetika, baytarlıq, kənd təsərrüfatı mühəndisliyi və rəqəmsal idarəetmə kimi yüksək bilik və bacarıq tələb edən sahələri əhatə edir”.

Ekspertin sözlərinə görə, digər mühüm səbəb məzunların gələcək məşğulluğu və gəliri ilə bağlı narahatlıqlardır. Abituriyent universitet seçərkən diplomun ona hansı qazancı təmin edəcəyini nəzərə alır. Aqrar sahədə yüksək ixtisaslı mütəxəssislərin əməyinə layiqli qiymət verilmədiyi düşüncəsi bu ixtisaslara marağı azaldır. Bununla yanaşı, universitetlərdə tədris olunan nəzəri biliklərlə müasir aqroparkların, istixanaların və heyvandarlıq komplekslərinin real tələbləri arasında müəyyən uyğunsuzluq mövcuddur.

Şəmsi Qoca qeyd edib ki, lakin aşağı keçid balını avtomatik olaraq zəif mütəxəssis hazırlığının göstəricisi hesab etmək düzgün deyil. Əsas məsələ tələbənin universitetə hansı balla daxil olması deyil, təhsil müddətində hansı bilik və bacarıqlara yiyələnməsi, məzun olduqdan sonra peşəkar fəaliyyətə nə dərəcədə hazır olmasıdır.

Bəs, tələbələrin nəzəri biliklərlə yanaşı, real təsərrüfatlarda praktiki bacarıqlar əldə etməsi üçün hansı konkret mexanizmlər tətbiq olunmalıdır?

Ekspert həll yolu olaraq vurğulayıb ki, problemin həlli üçün ilk növbədə universitetlə aqrar müəssisələr arasında real əməkdaşlıq qurulmalıdır:

“Tələbələr təhsilin ilk kurslarından başlayaraq aqroparklarda, fermer təsərrüfatlarında, laboratoriyalarda və baytarlıq klinikalarında praktik hazırlıq keçməlidirlər. İstehsalat təcrübəsi formal hesabatla məhdudlaşmamalı, tələbə konkret iş prosesində iştirak etməli və bacarıqlarına görə qiymətləndirilməlidir.

Dual təhsil sisteminin genişləndirilməsi də səmərəli mexanizm ola bilər. Tələbələr vaxtlarının bir hissəsini universitetdə nəzəri biliklərə, digər hissəsini isə real təsərrüfatlarda praktik fəaliyyətə ayırmalıdırlar. Müəssisələrdə onlara təcrübəli mütəxəssislər mentorluq etməlidir.

Türkiyədən və digər ölkələrdən dəvət olunan mütəxəssislərin təcrübəsindən də məqsədyönlü istifadə edilməlidir. Onlar yalnız aqrar müəssisələrdə çalışmamalı, həm də yerli gənc kadrların hazırlanmasında iştirak etməlidirlər. Xarici mütəxəssislərin yanında yerli kadrların yetişdirilməsi bilik və texnologiyaların ölkədə mənimsənilməsinə imkan verər”.

Digər tərəfdən, o əlavə edib ki, bölgələrdə çalışan aqrar mütəxəssislər üçün layiqli əməkhaqqı, yaşayış şəraiti və sosial təminat yaradılmalıdır. Gənc kadrın universiteti bitirdikdən sonra bölgədə işləməyə maraq göstərməsi üçün real iqtisadi və peşəkar stimullar olmalıdır. Müasir aqrar təhsil həm də dronlardan istifadə, peyk məlumatlarının təhlili, avtomatlaşdırılmış suvarma, ağıllı istixanalar və süni intellekt kimi texnoloji yeniliklərə uyğunlaşdırılmalıdır.

Yekunda ekspert vurğulayıb ki, Nazirlər Kabineti səviyyəsində məsələnin müzakirəyə çıxarılması tamamilə məqsədəuyğundur. Çünki problemin həlli yalnız bir universitetin deyil, Elm və Təhsil Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və aqrar sahibkarların birgə fəaliyyətini tələb edir. Azərbaycanın məqsədi sadəcə diplomlu kadr hazırlamaq deyil, torpağı, bitkini, heyvanı və müasir texnologiyaları peşəkar səviyyədə idarə edə bilən mütəxəssislər yetişdirmək olmalıdır. Bunun üçün təhsil auditoriyadan təsərrüfata, nəzəriyyədən praktikaya doğru dəyişməlidir.

Çimnaz Telmanqızı