Qaynar xətt:

(+99450) 247 90 86

Cənubi Qafqazın yeni geosiyasi sınağı: sülh bəyanatlardan real əməkdaşlığa keçə biləcəkmi?

Cənubi Qafqazın yeni geosiyasi sınağı: sülh bəyanatlardan real əməkdaşlığa  keçə biləcəkmi?

SİYASƏT

49

25.11.2026, 15:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cənubi Qafqazda noyabrın 23-də baş verən iki hadisə – Ermənistanın yeni Konstitusiya layihəsini açıqlaması və TRIPP layihəsinin praktiki mərhələsinə start verilməsi – regionun gələcək siyasi arxitekturası ilə bağlı müzakirələri yeni mərhələyə daşıyıb.

Bu proseslər münaqişədən sonrakı regional nizamın bir-birini tamamlayan istiqamətləridir. Əsas məsələ sülh sənədinin imzalanması ilə kifayətlənməyərək razılaşmaları təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq

mexanizmlərinə çevirməkdir. Ermənistanın yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə

istinadın çıxarılması Azərbaycanın diqqətə çatdırdığı konstitusion ziddiyyətin aradan qaldırılması istiqamətində mühüm addım sayıla bilər. Həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəaya istinad mövcud Konstitusiyanın preambulası ilə əlaqələndirilirdi. Xarici işlər naziri Ceyhun Bayramov layihədə Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndirib. Ancaq layihənin təqdim edilməsi onun qəbul olunması demək deyil: referendum üçün parlamentdə konstitusion çoxluq və seçicilərin dəstəyi tələb olunur. Müxalifətin ilkin etirazları prosesin daxili siyasi mübarizədən kənar olmadığını göstərir. Konstitusiya məsələsi Ermənistanın gələcək siyasi kursunu müəyyənləşdirən seçimdir. Bakı üçün əsas meyar təqdimat deyil, Azərbaycana qarşı ərazi iddialarının Ermənistanın hüquqi-siyasi çərçivəsindən real və davamlı şəkildə çıxarılmasıdır. Eyni gündə TRIPP layihəsinin praktiki mərhələsinin başlanması sülh prosesinə iqtisadi və geostrateji məzmun verir. Ermənistanın Sünik bölgəsində elan edilən işlər hələ tammiqyaslı nəqliyyat xəttinin qurulması deyil, hazırlıq və ilkin icra mərhələsidir. Layihənin dəmir yolu, avtomobil yolu, enerji və digər bağlantıları əhatə etməsi nəzərdə tutulur. Azərbaycan üçün əsas nəticə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı quru bağlantısının yaranması və Orta Dəhlizin imkanlarının genişlənməsidir. Prezident İlham Əliyevin noyabrın 24-də səsləndirdiyi mövqe bu bağlantının regional ticarət və tarixi İpək Yolunun dirçəldilməsi baxımından əhəmiyyətini önə çəkir. Naxçıvanla əlaqə Türkiyə ilə quru bağlantısını genişləndirə, Orta Dəhlizin rəqabət qabiliyyətini artıra, Mərkəzi Asiya ilə Avropa arasındakı ticarətə əlavə imkanlar yarada bilər.

TRIPP-i yalnız iqtisadi layihə kimi təqdim etmək geosiyasi mənzərəni natamam saxlayar. ABŞ-ın təşəbbüsdə aparıcı iştirakı Vaşinqtonun Cənubi Qafqazdakı iqtisadi və diplomatik mövqeyini gücləndirir. İran sərhədləri yaxınlığında regional balansın dəyişməsindən narahatdır. Noyabrın 23-də İran rəsmiləri nəqliyyat əlaqələrinin inkişafını prinsipcə dəstəkləsələr də, üçüncü ölkələrin mümkün təhlükəsizlik iştirakına və geosiyasi dəyişikliklərə etiraz ediblər. Rusiyanın ənənəvi təsirinin yeni formatlarla üzləşməsi də layihəni regional güc rəqabəti kontekstində izləməyi zəruri edir.Layihənin uğurunu siyasi simvolika deyil, konkret icra mexanizmləri müəyyən edəcək. Marşrutun idarə olunması, gömrük və sərhəd prosedurları, təhlükəsizlik təminatları, maliyyələşmə, tikinti qrafiki və iştirakçıların hüquq və öhdəlikləri aydın olmalıdır. Ermənistanın suverenliyi və yurisdiksiyası qorunmalı, Azərbaycanın Naxçıvanla bağlantısı isə maneəsiz və etibarlı işləməlidir. Qarşılıqlı fayda bu iki prinsip eyni vaxtda təmin edildikdə mümkündür; əks halda layihə yeni siyasi fikir ayrılıqlarına səbəb ola bilər.Nəticə etibarilə, noyabrın 23-dəki hadisələr Cənubi Qafqazda sülhün yeni mərhələsinin qapısını açsa da, tərəflər siyasi iradəni ölçülə bilən öhdəliklərə çevirməlidirlər. Ermənistanın konstitusion seçimi sülhün hüquqi əsaslarını, TRIPP isə iqtisadi və nəqliyyat dayaqlarını formalaşdıra bilər. Davamlı regional nizam Azərbaycanın suveren hüquqlarının və Naxçıvanla bağlantısının təmin olunması,Ermənistanın suverenliyinə hörmət və bütün tərəflərin razılaşdırılmış öhdəlikləri ardıcıl icra etməsi ilə mümkündür.

Müəllif: Murad Hüseynli — jurnalist, siyasi şərhçi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis