Qaynar xətt:

(+99450) 247 90 86

Bəs Cənubi Azərbaycanda milyonlarla azərbaycanlı uşağın haqqını kim qoruyacaq?  — İRANA CAVAB

Bəs Cənubi Azərbaycanda milyonlarla azərbaycanlı uşağın haqqını kim qoruyacaq?  — İRANA CAVAB

CƏMİYYƏT

103

27.10.2026, 15:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran rəsmiləri Azərbaycan qızlarının təhsili barədə qəfil böyük narahatlıq keçirməyə başlayıblar. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf hicablı Azərbaycan qızlarını ölkəsinin universitetlərində təhsil almağa dəvət edib. Birinci vitse-prezident Məhəmməd Rza Aref isə bu təşəbbüsün məktəblilərə də şamil olunmasını istəyib. Beləliklə, məsələ sadəcə universitetlərə dəvətlə məhdudlaşmayıb, Azərbaycan məktəblilərinin taleyi ətrafında da siyasi bəyanatlar səsləndirilməyə başlanıb.

Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Şəmsi Qoca mühüm detallara toxunub.

"İlk baxışdan bu, təhsilə dəstək təşəbbüsü kimi təqdim edilə bilər. Ancaq bir dövlətin rəsmiləri başqa ölkənin uşaqlarının hüquqlarından danışmağa başlayanda təbii bir sual yaranır: həmin rəsmilər öz ölkələrində yaşayan insanların eyni hüquqlardan yararlanması üçün nə edirlər? Söhbət Azərbaycan qızlarına göstərildiyi iddia olunan qayğıdan gedirsə, onda İran ərazisində yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanına da eyni həssaslıqla yanaşılmalıdır.Başqasının dərdinə çarə axtarmaqdan əvvəl öz evindəki ədalətsizliyə baxmaq lazımdır.

Azərbaycanın Elm və Təhsil Nazirliyi oktyabrın 26-da İran rəsmisinin bəyanatına münasibət bildirərək bu cür çıxışları ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib. Nazirliyin açıqlamasında diqqəti xüsusilə bir məqam çəkir: İranda Azərbaycan dilində tədris aparılan məktəblərin olmadığı, ali təhsil müəssisələrində də Azərbaycan dilində təhsilin təmin edilmədiyi bildirilib. Açıqlamada İranda təxminən 40 milyon etnik azərbaycanlının yaşadığı da qeyd olunub.Bu rəqəmin arxasında milyonlarla insanın taleyi dayanır. Ana dilində danışan, bu dildə düşünən, övladına bu dildə layla çalan bir xalqın uşaqları öz dillərində təhsil almaq imkanından niyə məhrum qalmalıdır? Azərbaycan dilinin ailədə danışılması başqa, məktəbdə öyrənilməsi, elmi biliklərin həmin dildə mənimsənilməsi tamam başqa məsələdir. Dil yalnız gündəlik ünsiyyət vasitəsi deyil; o, xalqın yaddaşını, tarixini və gələcək nəsillərlə əlaqəsini yaşadır",-deyə ekspert bildirib.

Şəmsi Qoca hicab məsələsinə də toxunub.

"İran rəsmiləri Azərbaycan qızlarının hicab məsələsini qabardırlarsa, qoy bu suallara da cavab versinlər: Təbrizdə, Ərdəbildə, Urmiyada və digər azərbaycanlıların yaşadığı bölgələrdə uşaqların ana dilində təhsil alması üçün hansı real imkanlar yaradılıb? Azərbaycan dilində tədris aparan məktəblərin açılması, müəllimlərin hazırlanması və ana dilinin təhsil sistemində yer alması istiqamətində hansı konkret addımlar atılıb? Əgər təhsil hüququ həqiqətən bu qədər vacibdirsə, niyə həmin hüquq İranda yaşayan azərbaycanlı uşaqlar üçün eyni dərəcədə müdafiə olunmur?

İran rəsmiləri bu sualları kənara qoyub Azərbaycana məsləhət verməklə məsələni həll edə bilməzlər. Bir ölkənin təhsil sistemindəki problemlər başqa ölkənin siyasi təbliğatı üçün vasitəyə çevrilməməlidir. Azərbaycan müstəqil dövlətdir və təhsil siyasətini özü müəyyənləşdirir. Başqa dövlətlərin rəsmiləri isə Azərbaycanın daxili məsələlərinə münasibət bildirərkən öz ölkələrindəki hüquq və azadlıqlarla bağlı suallardan yayınmamalıdırlar.

Burada başqa bir ziddiyyət də var. İran qadınlarının geyimi və şəxsi seçimləri uzun illərdir ölkədə ciddi ictimai mübahisələrin mövzusudur. Məcburi hicab qaydalarına etiraz edən qadınların mübarizəsi beynəlxalq diqqət çəkib. Belə bir şəraitdə İran rəsmilərinin Azərbaycan qızlarının geyimi və təhsili barədə özlərini xüsusi himayədar kimi təqdim etməsi ciddi suallar doğurur. Əgər qadınların seçim hüququ bu qədər əhəmiyyətlidirsə, həmin prinsip niyə bütün qadınlara münasibətdə eyni ardıcıllıqla müdafiə olunmur?

Bununla belə, bir məsələni də aydın demək lazımdır: Azərbaycanda məktəbli geyimi ilə bağlı qaydalar ətrafında yaranan sualların cavabı da açıq və əsaslandırılmış olmalıdır. Heç bir uşağın təhsildən kənarda qalması məsələsi laqeydliklə qarşılanmamalıdır. Qaydaların tətbiqi zamanı yaranan problemlər aidiyyəti qurumlar tərəfindən aydınlaşdırılmalı, uşaqların təhsil hüququ qorunmalıdır. Ancaq bu məsələlərin müzakirəsi İran rəsmilərinə Azərbaycan cəmiyyətinin adından danışmaq və ölkəmizin daxili siyasətinə müdaxilə etmək səlahiyyəti vermir.

İranın təhsil təklifində ən çox diqqət çəkən məqamlardan biri də onun praktik tərəfinin aydın olmamasıdır. Hansı məktəblər və universitetlər qəbul həyata keçirəcək? Təhsil hansı dildə aparılacaq? Qəbul şərtləri, yaşayış, maliyyə təminatı və xüsusilə azyaşlı məktəblilərin təhlükəsizliyi necə təşkil olunacaq? Bu suallara aydın cavab verilmədən səsləndirilən böyük vədlər daha çox siyasi bəyanat təsiri bağışlayır. Uşaqların gələcəyi şüarlarla deyil, konkret və etibarlı imkanlarla təmin edilməlidir.

Məsələnin diqqətçəkən başqa bir tərəfi də var. Oktyabrın 26-da Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri İran prezidentinə açıq məktub ünvanlayaraq İranda yaşayan azərbaycanlıların ana dilində təhsil imkanlarının yaradılmasını tələb ediblər. Məktubda Azərbaycan dilinin məktəblərdə tədrisi, bu dildə təhsil müəssisələrinin açılması və müəllimlərin hazırlanması kimi məsələlər qaldırılıb. Deməli, söhbət yalnız bir nazirin bəyanatına verilən cavabdan getmir. İranda yaşayan azərbaycanlıların ana dili hüququ konkret addımlar tələb edən ictimai məsələyə çevrilib.

İndi İran rəsmilərinin qarşısında seçim var: Azərbaycan qızlarının təhsili barədə bəyanatlarla kifayətlənmək, yoxsa öz ölkələrində yaşayan azərbaycanlıların təhsil hüququ ilə bağlı suallara əməli cavab vermək. Əgər məqsəd doğrudan da təhsil hüququnu qorumaqdırsa, onda ana dilində təhsilə dair tələblər də eşidilməli, bu istiqamətdə real imkanlar yaradılmalıdır. Əks halda, başqa ölkənin uşaqlarına göstərilən qayğı barədə deyilən sözlərin səmimiliyi haqlı olaraq şübhə altına düşəcək.

İran rəsmilərinə xatırlatmaq lazımdır: Azərbaycan qızları heç kimin siyasi nümayişinin vasitəsi deyil. Onların təhsili, hüquqları və gələcəyi Azərbaycan cəmiyyətinin və dövlətinin məsuliyyət daşıdığı məsələlərdir. Eyni zamanda, İranda yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil almaq arzusu da siyasi ritorikanın kölgəsində saxlanıla bilməz. Bu, milyonlarla insanın dili, kimliyi və gələcəyi ilə bağlı məsələdir.

Tehranın Azərbaycan qızlarına qayğısı səmimidirsə, qoy əvvəlcə İranda yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil hüququ ilə bağlı konkret addımlar atsın. Çünki başqasının övladına himayədarlıq etmək barədə danışmaq asandır. Əsl sınaq öz ölkəndə yaşayan insanların haqqını tanımaq, onların dilinə, kimliyinə və təhsil almaq istəyinə hörmət etməkdir.

Azərbaycan xalqı öz qızlarının gələcəyi barədə qərar vermək üçün kənardan himayədar axtarmır. İran rəsmilərinin cavab verməli olduğu sual isə açıq qalır: Azərbaycan qızlarının təhsili barədə bu qədər danışdığınız halda, İranda yaşayan azərbaycanlı uşaqlar nə vaxt öz ana dillərində təhsil almaq imkanı əldə edəcəklər?",-deyə Ş.Qoca bildirib.

Nigar