İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir.
Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? Ailem.az türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir.
Soyuq və küləkli havada risk artır
Həkim bildirir ki, infarkt kişilərdə əsasən 45 yaşdan, qadınlarda isə 55 yaşdan sonra rast gəlinir: "Kişilər qadınlara nisbətən daha çox risk altındadır. Bununla yanaşı diabet, siqaret, yüksək təzyiq, yüksək xolesterol, hərəkətsiz həyat tərzi, stress və qeyri-sağlam qidalanma nəticəsində yaranan köklük infarkta səbəb olan amillər arasında göstərilir".
Kardioloqun sözlərinə görə, havaların soyumasının ürəyə mənfi təsirləri var. Belə ki, soyuq və küləkli hava ürək damarları üzərində büzüşdürücü təsir yaradaraq, təzyiqi yüksəldib ürək sürətini artırır. Bu isə həssas şəxslərdə ürəktutmaya səbəb olur. Buna görə xüsusilə ürək xəstələrinin soyuq havalarda həyat tərzlərinə xüsusi diqqət etmələrinin böyük əhəmiyyəti var.
Sinə ağrısına diqqət
R. Erdim infarktın ən önəmli və çox rastlanan əlamətinin sinə ağrısı olduğunu qeyd edib: "Ağrı adətən sinənin orta hissəsində ağırlıq və basqıya bənzər şiddətli bir ağrı şəklində özünü göstərir. Adətən 20 dəqiqədən uzun sürür və gedib-gələn bir ağrı olaraq hiss edilə bilir. Bu ağrı qollara, belə, boyuna, çənəyə və mədə üzərinə doğru yayılır. Həmçinin sinə ağrısı ilə bərabər nəfəs darlığı, halsızlıq və bayğınlıq hissi yarana bilir. Şiddətli sinə ağrısı ilə birlikdə soyuq tərləmə, bulantı və qusma kimi şikayətlərin olması mütləq ciddiyə alınmalıdır. Bu vəziyyətdə təcili olaraq xəstəxanaya getmək lazımdır".
İlk 2 saat çox əhəmiyyətlidir
Həkim deyir ki, infarktdan ölümlər adətən xəstənin həkimə gec müraciət etməsindən baş verir: "Ürək ağrısı keçirən xəstələrin təxminən yüzdə 30-u xəstəxanaya çatmadan həyatını itirir. Buna görə xüsusilə risk altındakı şəxslər bu əlamətlər başladıqdan sonra vaxt itirmədən ən yaxın xəstəxanaya müraciət etməlidirlər. Bu, həyati önəm daşıyır. Əgər tibbi müdaxilə sinə ağrısı başlandığı ilk 2 saat ərzində doğru şəkildə edilərsə, ürəkdə yaranan zədə daha az olar. 6-12 saatdan sonra müalicə edilən xəstələrdə isə ürək toxumasındakı zədə daha böyük olur və bunun nəticəsində ürək çatmazlığı yarana bilir. Hətta xəstənin həyatını itirməsinə səbəb olur".
Oxu24.com
ŞƏRHLƏR