Qaynar xətt:

(+99450) 247 90 86

“Qaraciyər yağlanması siroz riskini artırır” – Mütəxəssis xəbərdarlıq edir  

“Qaraciyər yağlanması siroz riskini artırır” – Mütəxəssis xəbərdarlıq edir  

TİBB

65

29.07.2026, 12:10

Müasir dövrdə qeyri-sağlam qidalanma və az hərəkətli həyat tərzi bir çox təhlükəli xəstəliklərin yaranmasına zəmin yaradır. Bu xəstəliklər arasında ən geniş yayılanlardan biri də qaraciyər yağlanmasıdır. Əksər hallarda ilkin mərhələdə heç bir əlamət büruzə verməyən bu problem, vaxtında müayinə olunmadıqda ağır nəticələrə gətirib çıxara bilir. Hətta arıq insanlarda belə təsadüfi müayinələr zamanı bu patologiyaya rast gəlmək mümkündür. Mütəxəssislər bildirirlər ki, düzgün yanaşma və həkim nəzarəti ilə bu xəstəlikdən tamamilə qurtulmaq imkanı var.

Bu barədə Oxu24.com-a İnci Clinic-in həkim-mütəxəssisi, uzmandr. Ziya İmanov (qastroenteroloq-hepatoloq) açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, yağlı qaraciyər xəstəliyi qaraciyərdə normaldan çox yağ toplanması deməkdir. Səbəbləri müxtəlifdir:

“Bizim tibbi praktikamızda ən çox rastlaşdığımız səbəb metabolik pozğunluqlara bağlı yağlı qaraciyər xəstəliyidir. Qaraciyər yağlanması erkən mərhələlərdə simptom vermir. Xəstəlik irəlilədikdən, daha ciddi ağırlaşmalara yol açdıqdan sonra simptom verir”.

Onun sözlərinə görə, qaraciyər yağlanması müasir dünyamızda qaraciyər sirrozu səbəbləri arasında ilk sıralara keçməkdədir. Diaqnoz görüntüləmə metodları ilə (ən sadə halda ultrasəs vasitəsilə) və ya qan analizlərində görünən anormallıqlarla qoyulur.

Zəif kütləli (arıq) insanlarda təsadüfən ultrasəs vasitəsilə qaraciyər yağlanması aşkarlanarsa, o zaman altında yatan başqa xəstəliklər – metabolik qaraciyər xəstəlikləri, genetik xəstəliklər və viral infeksiyalar araştırılmalıdır.

Həkim vurğulayıb ki, yağlı qaraciyər xəstəliyi artıq çəkisi olan insanlarda, 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlərdə, xüsusilə hepatit C keçirmiş şəxslərdə, qanında yağ mübadiləsi pozğunluğu (dislipidemiya) müşahidə edilənlərdə, qan təzyiqi yüksək olanlarda və ailə anamnezində qaraciyər sirrozu olanlarda mütləq araşdırılmalıdır:

“Qaraciyər yağlanmasının müalicəsi həkim nəzarəti altında çəki atmaq və dərman müalicəsidir. Xəstə bütün bunlara riayət edərsə, qaraciyər yağlanmasının müalicəsi 100% effektivdir”.