Qaynar xətt:

(+99450) 247 90 86

Əsəb dəri xəstəliklərinə səbəb olurmu? – Həkimdən AÇIQLAMA  

Əsəb dəri xəstəliklərinə səbəb olurmu? – Həkimdən AÇIQLAMA  

TİBB

63

29.06.2026, 15:35

Müasir dövrün ən böyük problemlərindən biri olan xroniki stress, gərginlik və psixoloji sarsıntılar insan orqanizmində daxili xəstəliklərlə yanaşı, özünü xarici nahiyələrdə də büruzə verir. Xüsusilə daxili gərginliyin birbaşa əks olunduğu ilk orqan məhz dərdir. Bəs gündəlik həyatımızda qarşılaşdığımız əsəb, həyəcan və gərginlik faktoru konkret olaraq hansı dəri xəstəliklərini tətikləyir, hansı fəsadlara yol açır?

Bu mövzuda ictimaiyyəti maraqlandıran ən önəmli məqamlara aydınlıq gətirmək üçün Oxu24.com-a dermatoveneroloq, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Professor Zülfüqar Fərəcov ətraflı açıqlama verib. Professor əsəb və dəri xəstəlikləri arasındakı qırılmaz bağları, eləcə də bu simptomların fərqli xüsusiyyətlərini ən xırda detallarına qədər diqqətə çatdırıb.

Professor Zülfüqar Fərəcov tibb elmində dərinin birbaşa sinir sistemi ilə əlaqəli olduğunu vurğulayaraq, diaqnozların çoxunda bu faktorun gizləndiyini qeyd edib:

“Təxmini 2000–2500-dən yuxarı dəri xəstəlikləri mövcuddur. Bunların əksəriyyətinin genezində, yəni əmələ gəlmə mexanizmində və tətiklənməsində sinir faktorları çox böyük rol oynayır. Müayinələr apardıqda açıq şəkildə görürük ki, mərkəzi sinir sistemində, eyni zamanda vegetativ sinir sistemində, simpatik və parasimpatik sinir sistemində baş verən gərginliklər bu mənfi prosesə birbaşa cəlb olunur”.

Həkim, sinir gərginliyi nəticəsində ən çox özünü büruzə verən və pasiyentlərin əziyyət çəkdiyi patologiyaların adlarını və onların tibbi yanaşmalarını açıqlayıb:

1.Neyrodermit (Atopik Dermatit): Bu xəstəlik fərqli tibb məktəblərində müxtəlif terminlərlə adlandırılır. Avropa və Amerika tibb məktəbi buna "atopik dermatit" desə də, keçmiş sovet və rus tibb məktəbində daha çox "neyrodermit" termini işlədilir. Xəstəliyin elmi adından da göründüyü kimi, burada birbaşa sinir (neyro) faktoru üstünlük təşkil edir və xəstəliyin əsas nüvəsini formalaşdırır.

2.Ekzema: Sinir sisteminin gərginləşməsi, xroniki yorğunluq və əsəb fonunda kəskinləşən, dəridə ciddi fəsadlar və qat-qat soyulmalarla müşahidə olunan digər əsas dəri xəstəliyidir.

Professor Zülfüqar Fərəcov dəri xəstəliklərində ən narahatlıq doğuran əlamətin qaşınma olduğunu bildirib. O, maraqlı bir faktı diqqətə çatdıraraq qeyd edib ki, əgər tibb dünyasında həkimlər və müəlliflər qaşınma hissini tamamilə ortadan qaldırmağa nail olsalar, mövcud dəri xəstəliklərinin yarıdan çoxu (yarıdan çox xəstəlik yükü) öz-özünə aradan qalxmış olar.

Dəridə yaranan qaşınmanın forması və nəticəsi, xəstəliyin hansı növdən xəbər verdiyini göstərir:

“Əgər pasiyent dərini intensiv şəkildə qaşıdıqdan sonra həmin nahiyədə qanama və qan sızması baş verirsə, bu sözsüz ki, atopik dermatit və ya neyrodermit xəstəliyinin əsas göstəricisidir.

Əgər qaşınan nahiyədə qabarcıqlar yaranır, dərinin üstü sulanır və ya su çıxırsa, bu əlamət birbaşa ekzema xəstəliyi üçün xarakterik və spesifikdir.

Bəzi hallarda isə pasiyentlər gün ərzində normal olub, məhz gecə saatlarında kəskin qaşınmalardan şikayət edirlər. Xüsusilə isti yerə, yatağa girən zaman qaşınma dalğası əmələ gəlirsə, bu artıq əsəb deyil, infeksion mənşəli olan qoturluq xəstəliyinin birbaşa dəlili hesab oluna bilər”,-deyə həkim qeyd edib.