Qaynar xətt:

(+99450) 247 90 86

Özəl klinikalarda "saxta diaqnoz" və "ziddiyyətli analiz" xaosu: Vətəndaşlar necə qorunmalıdır? — AÇIQLAMA  

Özəl klinikalarda \"saxta diaqnoz\" və \"ziddiyyətli analiz\" xaosu: Vətəndaşlar necə qorunmalıdır? — AÇIQLAMA  

TİBB

74

10.06.2026, 12:48

Son illər Azərbaycanda özəl səhiyyə sektorunun şəbəkəsi genişlənsə də, bu müəssisələrin təqdim etdiyi xidmətlərin keyfiyyəti, xüsusilə də diaqnostika prosesi ciddi narazılıqlara səbəb olur. Bir çox vətəndaş eyni şikayətlə müraciət etdiyi müxtəlif özəl klinikalarda bir-birinə tamamilə zidd, bəzən isə tamamilə uydurma diaqnozlarla qarşılaşır. Bir mərkəzin "təmiz" dediyi analiz cavabı, digərində qorxulu bir xəstəliyin göstəricisi kimi təqdim olunur. Bu vəziyyət həm pasiyentlərin psixoloji və maliyyə baxımından istismarına yol açır, həm də yanlış müalicələr səbəbindən onların həyatını birbaşa təhlükəyə atır. Bəs, səhiyyə sistemində dərin yaraya çevrilən bu nəzarətsizliyin, yanlış və şübhəli diaqnozların qarşısını almaq üçün hansı mexanizmlər mövcuddur? Vətəndaş özünü bu xaosdan necə qorumalıdır?

Oxu24.com bu aktual mövzunu tanınmış səhiyyə eksperti Rasif Bağırov ilə müzakirə edib.

Ekspert özəl klinikalarda yaşanan bu acınacaqlı vəziyyətin pərdəarxası məqamlarını, reaktiv fırıldaqlarını və çıxış yollarını bütün təfərrüatları ilə açıqlayıb.

“Kabinetlər boş qalmasın deyə işə götürülən "diplomsuz həkimlər"

Səhiyyə eksperti Rasif Bağırov bildirir ki, yanlış diaqnozların qoyulmasının arxasında çoxlu səbəblər dayanır. Bəzən özəl klinikaların rəhbərliyi tərəfindən heç bir tanışlıq keçirilmədən, yəni həkimin bilik səviyyəsi müəyyən edilmədən kadrlar işə götürülür. Sırf klinikadakı müəyyən kabinetlər boş qalmasın deyə həmin şəxsləri orada oturdurlar, insanlar da bilmədən onlara müraciət edirlər. Ekspertin sözlərinə görə, ortalıqda kifayət qədər biliyi olmayan, hətta ümumiyyətlə həkimlik diplomu belə tapılmayan adamlar var: 

“Onlar müəyyən yerlərdən saxta sənədlər düzəldib gəlib klinikalarda otururlar; bilib-bilmədiyi, el arasında tətbiq olunan kor-koranə işlərlə günü yola verməyə çalışırlar. Təbii ki, belə savadsız kadrlar çox vaxt diaqnozu səhv qoyur, nəinki diaqnozu, heç həkimlik prosesini də düzgün apara bilmirlər. Nəticədə isə bu bərbad fəaliyyət klinikanın adına pis təsir edir, xalq arasında hörmətdən salır və prosesi bilən şəxslər bir daha ora müraciət etmirlər”.

Maliyyə imkanı zəif olan vətəndaşların çarəsizlikdən saxta analizləri gətirib həkimin qabağına qoyduğunu deyən Rasif Bağırov bildirir ki, həkim də xəstənin imkansızlığını görüb onu yenidən analiz verməyə məcbur edə bilmir. Çıxılmaz vəziyyətdə qalan həkim məcbur olub həmin saxta sənədlər əsasında diaqnoz qoyub müalicə yazır. Sonralar bu müalicə effekt vermədikdə isə variantlardan xəbərsiz olan pasiyent günahı həkimdə görür, onun səhv diaqnoz qoyduğunu düşünür.

Rasif Bağırov vurğulayır ki, "3 il əvvəl tam sağalmışam" deyən belə pasiyentləri yenidən analizə cəlb edəndə qanlarında heç bir dəyişiklik olmadığı, yəni vaxtilə həkimin onlara yalandan diaqnoz qoyduğu üzə çıxır.

Özəl müəssisələrdə icbari sığortanı yox, digər sığorta şirkətləri ilə gələn pasiyentlərin də incidildiyini deyən ekspert, sığorta şirkətlərinin həkimlərin işinə kobud müdaxiləsindən danışır:

“Həkim xəstəyə dəqiq diaqnoz qoymaq üçün 4 dənə mühüm analizin verilməsini vacib hesab edir. Klinikanın qeydiyyat şöbəsi dərhal sığorta şirkəti ilə əlaqə saxlayıb həkimin tələbini ötürəndə isə qarşı tərəf sanki “mal bazarlığına” başlayır. 

Həkim etiraz edib, analizin nəticəsinə baxmadan dərman yaza bilməyəcəyini desə də, sığorta şirkəti inadından dönmür. Nəticədə xəstənin diaqnozu da, müalicəsi də yarımçıq və effektsiz qalır”.

Ekspert eyni zamanda aparatların yol verdiyi xırda, texniki xətalara da aydınlıq gətirib. Bildirib ki, məsələn, bir laboratoriyada analizin cavabı 3, digərində isə 4 çıxa bilər. Bu cür cüzi fərqlər aparatın normal xətası sayılır və buna əhəmiyyət verməyə dəyməz. 

Lakin xəstələr tibbi savadı olmadığından elə bilirlər ki, bütün aparatlar eyni şəkildə, tamamilə eyni rəqəmi çıxarmalıdır və dərhal həkimləri şərləməyə başlayırlar.

Səhiyyə eksperti Rasif Bağırov sonda vurğulayır ki, vətəndaşların öz hüquqlarından sona qədər istifadə edə bilməməsi bu gün Azərbaycan xalqının qarşısında qlobal bir problem kimi dayanmaqdadır. Bu xaosun qarşısını almaq üçün ölkədə mütləq şəkildə müstəqil fəaliyyət göstərən “Xəstələrin Hüquqlarının Müdafiə Komitəsi" adlı qeyri-hökumət təşkilatları yaradılmalıdır. Eyni zamanda sığorta sisteminin tərkibində də klinikaların fəaliyyətinə, analiz proseslərinə ciddi şəkildə nəzarət edən xüsusi mexanizmlər qurulmalıdır ki, vətəndaşlar özəl klinikaların cibinə və canına göz dikən fırıldaqlarından tam qoruna bilsinlər.

Çimnaz Telmanqızı