ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində aparıcı Mətanət Əliverdiyevanın, "Qadın səni hansı həddə çatdırmalıdır ki, Manaf bir qadına əl qaldırsın?” sualına Manaf Ağayevin cavabı cəmiyyətdə birmənalı qarşılanmayıb:
“Vallah, mənim biraz belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm, elə bir kəlmə sözlə başını kəsə bilərəm”.
Müğənninin bu cavabı sosial mediayada geniş müzakirələrə səbəb olub və tənqid edilib.
Zorakılığı və cinayətkarlığı təbliğ edən bu cür fikirlərin efirdə səsləndirilməsinə görə kanal rəhbərliyi birbaşa məsuliyyət daşıyırmı?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən ATV-in icraçı direktoru İsmayıl Həsənov bildirib ki, qeyd olunan veriliş bir prodakşn layihəsidir, ATV-nin daxili istehsalı deyil:
“Dünən Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyi ATV rəhbərliyi ilə məsələni müzakirə edib. Bundan sonra kanal rəhbərliyi prodakşn rəhbərliyini dəvət edib və bu barədə profilaktik söhbət aparılıb. Belə halın bir daha yaşanmaması üçün onlara xəbərdarlıq edilib”.
İcraçı direktor bildirib ki, efirə gedən verilişlərin yoxlama mexanizmi var. Lakin kənarda istehsal olunan verilişlərin yoxlanması bəzən mümkün olmur:
“Verilişlər yoxlanılır, baxılır. Lakin daxili istehsalda buna daha çox nəzarət edə bilirik, xarici istehsallarda verilişlərin daxil olma zamanından asılı olaraq, bəzən bu kimi nüanslar yaranır. Zaman-zaman hər bir kanalda oxşar problemlər olur. Televiziya rəhbərliyi məsələyə ötəri yanaşmır, belə halların təkrar olunmaması üçün prodakşn rəhbərliyinə ciddi xəbərdarlıq edilib”.
Oxu24.com
ŞƏRHLƏR