Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb
20 Noyabr 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
64
20.11.2026, 17:05
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi, dövlətlərarası əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyi bir dövrdə Azərbaycanın müxtəlif regionlarla əlaqələrini dərinləşdirməsi hususi əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri Azərbaycanın Cənub-Şərqi Asiya regionunda mövqelərinin möhkəmləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və mövcud siyasi münasibətlərin daha yüksək səviyyəyə çatdırılması baxımından mühüm hadisədir. Noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərinə, mövcud vəziyyətinə və gələcək inkişaf perspektivlərinə ətraflı toxunub. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər iki ölkə arasında münasibətlərin yalnız tarixi dostluq ənənələrinə deyil, həm də qarşılıqlı maraqlara, siyasi etimada və konkret əməkdaşlıq imkanlarına əsaslandığını bir daha nümayiş etdirir.
Bu fikirləri Oxu24.com-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixi mövcuddur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu dostluğun təməli 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını yaradıb. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirib.
Bu tarixi faktların Prezident İlham Əliyev tərəfindən xüsusi qeyd edilməsi təsadüfi deyil. Çünki cənab Prezident Azərbaycan xarici siyasətində tarixi dostluq münasibətlərinin qorunmasına, qarşılıqlı hörmət və etimadın möhkəmləndirilməsinə daim önəm verir. Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə Vyetnamla əlaqələrin inkişafına göstərdiyi diqqət bu gün də iki ölkə arasındakı münasibətlərin mühüm mənəvi-siyasi dayaqlarından biridir. Sonrakı dövrdə də qarşılıqlı səfərlər və yüksək səviyyəli siyasi dialoq əlaqələrin inkişafına təkan verib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Sanın Azərbaycana səfəri bu baxımdan mühüm mərhələlər olub. Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələ açıb. Səfər çərçivəsində qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı əməkdaşlığın məzmununu və perspektivlərini daha da genişləndirib.
Azərbaycan-Vyetnam münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də əməkdaşlığın yalnız ikitərəfli siyasi dialoqla məhdudlaşmaması, beynəlxalq platformalarda da uğurla davam etdirilməsidir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx qarşılıqlı əlaqə saxlayırlar. Bu əməkdaşlıq Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq, qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipləri əsasında dayanıqlı şəkildə dərinləşdiyini göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində formalaşan qarşılıqlı etimad ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli siyasi zəmin yaradır.
Ölkə Başçısının müsahibədə səsləndirdiyi mühüm məsələlərdən biri iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlıdır. Dövlət başçısının açıqladığı məlumata əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, Prezident İlham Əliyev bu göstəricinin mövcud potensialı tam əks etdirmədiyini və qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün geniş imkanların olduğunu bildirib. Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının ənənəvi və strateji istiqamətlərindən biridir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanın zəngin enerji təcrübəsinin Vyetnamın enerji sektorunun inkişafı ilə uzlaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artması ikitərəfli münasibətlərin yeni iqtisadi məzmun qazandığını göstərir.
Həmçinin, Azərbaycanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu da Vyetnamla iqtisadi əlaqələrin genişləndirilməsində mühüm üstünlükdür. Prezidentin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu göstərici Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu və Vyetnam üçün Avropa bazarlarına çıxış baxımından yaratdığı imkanları nümayiş etdirir. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yüklərin daşınması iki ölkə arasında ticarətin inkişafına, logistika xərclərinin optimallaşdırılmasına və yeni iqtisadi əlaqələrin qurulmasına xidmət edə bilər. Azərbaycanın Cənubi Qafqazda mühüm enerji və logistika mərkəzi, Vyetnamın isə Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olması tərəfdaşlığın qarşılıqlı faydalı xarakterini müəyyənləşdirir. Bu iki ölkənin imkanlarının birləşdirilməsi yeni bazarlara çıxış, investisiya axınlarının artırılması və sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır.
Münasibətlərin digər mühüm istiqaməti humanitar, elmi və mədəni əməkdaşlıqdır. Prezident İlham Əliyevin müsahibəsində Heydər Əliyev Fondunun Vyetnamla əlaqələrin inkişafındakı rolunu xüsusi vurğulaması bu sahəyə verilən önəmin ifadəsidir. Fondun Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və müxtəlif təhsil proqramlarına dəstək göstərməsi Azərbaycan-Vyetnam dostluğunun konkret humanitar layihələrdə təcəssümüdür. Tarixi əlaqələrin mühüm göstəricilərindən biri də sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil almasıdır. Onların əldə etdikləri bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəltməsi xalqlarımız arasında formalaşmış mənəvi bağların əhəmiyyətini göstərir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da bu tarixi dostluğun yaşadılmasına xidmət edir.
Dövlət başçısının müsahibədə ifadə etdiyi əsas mesaj ondan ibarətdir ki, Azərbaycan-Vyetnam münasibətləri artıq tarixi dostluq və siyasi həmrəylik mərhələsindən konkret iqtisadi nəticələrə, investisiya layihələrinə və genişmiqyaslı əməkdaşlığa əsaslanan yeni mərhələyə keçir. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsi, xalqlarımız arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.
17:14 / 20 Noyabr 2026
8
17:12 / 20 Noyabr 2026
32
17:09 / 20 Noyabr 2026
50
16:58 / 20 Noyabr 2026
66
16:54 / 20 Noyabr 2026
67
16:43 / 20 Noyabr 2026
255
16:21 / 20 Noyabr 2026
99
16:20 / 20 Noyabr 2026
103
16:05 / 20 Noyabr 2026
89
15:58 / 20 Noyabr 2026
89
15:55 / 20 Noyabr 2026
90
15:48 / 20 Noyabr 2026
96
15:35 / 20 Noyabr 2026
94
15:25 / 20 Noyabr 2026
100
15:23 / 20 Noyabr 2026
109
15:19 / 20 Noyabr 2026
135
15:15 / 20 Noyabr 2026
104
15:07 / 20 Noyabr 2026
105
15:00 / 20 Noyabr 2026
130
14:54 / 20 Noyabr 2026
108
14:40 / 20 Noyabr 2026
1229
14:34 / 20 Noyabr 2026
127
14:25 / 20 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.