Qaynar xətt:

(+99450) 247 90 86

Alen Simonyan Bakıya yox, bu şəhərlərə gələcək: Sülh müqaviləsi imzalanır? – AÇIQLAMA  

Alen Simonyan Bakıya yox, bu şəhərlərə gələcək: Sülh müqaviləsi imzalanır? – AÇIQLAMA  

SİYASƏT

55

20.11.2026, 16:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla Ermənistan arasında münasibətlər inkişaf edir, sərhədin delimitasiyası və demarkasiyası istiqamətində addımlar atılır, eləcə də qarşılıqlı təmaslar genişlənir. Son vaxtlar tərəflər arasında baş tutan səfərlər, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri və vətəndaş nümayəndələrinin görüşləri siyasi dialoqun yeni mərhələsindən xəbər verir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlaması bu prosesdə diqqət çəkən əsas məqamlardan biridir. Qarşıdakı səfərin mümkün keçirilmə məkanı, Ermənistandakı konstitusiya referendumu ilə əlaqəsi və sülh müqaviləsinin imzalanma ehtimalı ictimai və siyasi müstəvidə geniş müzakirə olunur.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Elşad Həsənov səfərin mahiyyəti, mümkün şəhərlər və regional sülh perspektivləri barədə fikirlərini bölüşüb.

Politoloq Elşad Həsənov bildirib ki, Alen Simonyanın Azərbaycana səfəri qarşılıqlı etimadın artırılması və siyasi dialoqun yeni mərhələyə keçməsi kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, sərhədin delimitasiyası gedir, baş nazirin müavinləri səviyyəsində görüşlər keçirilir, artıq Qazax ərazisində 12 kilometr yarım ərazinin delimitasiya-demarkasiyası aparılıb, sərhəd dirəkləri basdırılıb və Azərbaycan sərhədçiləri orada çalışır. Qarşılıqlı səfərlər və vətəndaş nümayəndələrinin görüşləri – sonuncu dəfə Ermənistan nümayəndələrinin Qəbələdə olması – normal prosesdir.

Hikmət Hacıyevin sonuncu dəfə Ermənistana səfərindən sonra indi Ermənistan tərəfinin cavab səfəri etməli olduğunu deyən politoloq hesab edir ki, bu səfər elə Simonyanın özünün dediyi kimi yaxın günlərdə, dekabrda həyata keçiriləcək:

“Bu görüş Bakıda olmayacaq. Görüş Azərbaycanın Qazax, Gəncə və ya Bərdə şəhərlərində keçirilə bilər və bu seçim, təbii ki, Azərbaycan tərəfindən asılıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə yeni konstitusiyanın ictimaiyyətə təqdim olunacağını, müzakirəyə veriləcəyini və referendum yolu ilə onun qəbul olunmasına çalışacağını, əks halda vəzifəsindən istefa verəcəyini bildirib”.

Politoloqun sözlərinə görə, bu gün Ermənistanda müxalifət və xaricdən idarə olunan beşinci kolon üzvləri konstitusiyanın dəyişdirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin diktəsi ilə edildiyini desələr də, həm Paşinyan, həm də Alen Simonyan bildirirlər ki, 90-cı illərdə qəbul olunmuş konstitusiya ilə yeni real Ermənistan qurmaq mümkün deyil. Hətta Paşinyan parlamenti buraxacağını və yeni qüvvələrin bu məsələyə baxışını istəyəcəyini açıqlayıb. 

Elşad Həsənov bu baxımdan Alen Simonyanın Azərbaycana səfərinin müsbət qarşılanmalı olduğunu və referendum ərəfəsində baş tutmasının vacibliyini vurğulayıb.

Politoloq onu da əlavə edib ki, Simonyanın sözlərinə görə, yeni konstitusiya qəbul olunandan bir neçə gün sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası olan konstitusiyası ilə sülh müqaviləsi imzalanası deyil. Keçən il avqustun 8-də Vaşinqtonda Trampın iştirakı ilə paraflanan Azərbaycan-Ermənistan müqaviləsi məhz Ermənistan konstitusiyasına dəyişiklik edildikdən sonra imzalanacaq”.

Ekspert həmçinin qeyd edib ki, artıq Azərbaycan Ermənistana böyük dəstək göstərir, Azərbaycan üzərindən Ermənistana mallar daşınır, yanacaq gedir, Azərbaycan Ermənistana neft məhsulları satır və bütün bunlar münasibətlərin yaxşılaşdırılmasına xidmət edir. Kənar qüvvələr Azərbaycan-Ermənistan münasibətlərini pozmağa çalışsalar da, Azərbaycan və Ermənistan rəhbərliyi bu təxribatlardan qaçır və Cənubi Qafqazda daimi, əhatəli və davamlı sülhü əldə etməyə çalışırlar.

Çimnaz Telmanqızı