Qaynar xətt:

(+99450) 247 90 86

Aydın Quliyev: Vyetnamla strateji tərəfdaşlıq Azərbaycanın geosiyasi mövqeyini gücləndirir

Aydın Quliyev: Vyetnamla strateji tərəfdaşlıq Azərbaycanın geosiyasi mövqeyini gücləndirir

SİYASƏT

67

20.11.2026, 15:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vietnam-Azərbaycan əlaqələri bir neçə nöqteyi-nəzərdən həm tarixi, həm də geosiyasi əhəmiyyətə malikdir. Tarixi əhəmiyyət onunla izah olunur ki, Vietnam-Azərbaycan əməkdaşlığının kökləri ötən əsrin ortalarına, II Dünya müharibəsindən sonrakı dövrlərə təsadüf edir. Sovet Azərbaycanında Vietnamla əlaqələr, Vietnamın neft sənayesinin yüksəlişində Azərbaycan neftçilərinin iştirakı, Vietnamla Azərbaycanın arasında, düzdür, Sovet dövləti kontekstində humanitar-təhsil əlaqələri bu gün o əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı fundament rolunu oynayır. Heç təsadüfi deyil ki, 90-cı illərin ortalarından, yəni Azərbaycan müstəqilliyə qovuşandan sonra da bu ənənə unudulmadı və Heydər Əliyevin dövründən də Vietnam ilə Azərbaycanın münasibətləri daha da dərinləşdirilməyə başladı. Bu əlaqələrin tarixi kökü var, cəmiyyətlərin və dövlətlərin arasında qarşılıqlı anlaşma mühiti var.

Bu sözləri “Bakı xəbər” qəzetinin baş redaktoru, əməkdar jurnalist, politoloq Aydın Quliyev Oxu24.com-a açıqlamasında bildirib.

Aydın Quliyevin sözlərinə görə, eyni zamanda perspektivə yaxşı mənada hesablanmış bir əhval-ruhiyyə var, əməkdaşlıq əhval-ruhiyyəsi var. Vietnam ilə əməkdaşlığın geosiyasi özəlliyi də xüsusi diqqət cəlb edir. Bəllidir ki, Azərbaycanın bir neçə ölkə ilə strateji tərəfdaşlıq razılaşması var. Bu ölkələr coğrafi təmsilçilik etibarilə Avropaya, Amerikaya, Asiyaya aiddir. Konkret dövlətlərin adını çəkmirəm. Burada Amerika var, Böyük Britaniya var, Almanya var. Mərkəzi Asiya dövlətləri var, Çin var, amma Cənub-Şərqi Asiya ölkələri, xüsusilə də qlobal cənub ölkələrinin içərisində Vietnam bəlkə də Azərbaycanla strateji tərəfdaşlıq bəyannaməsi ilə tənzimlənən münasibətlərə malik yeganə ölkədir. Yəni, Azərbaycanın geosiyasi, geostrateji tərəfdaşlarının coğrafiyası Vietnamın timsalında yenilənir və yeni bir coğrafiya yaranır. Bu da Cənub-Şərqi Asiya-Sakit okean hövzəsidir. Bəllidir ki, ötən il Vietnam ilə Azərbaycan arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır.Elə bu, Azərbaycanın qlobal miqyasda strateji tərəfdaşlıq fəaliyyətinin çərçivəsinin demək olar ki, yeni bir istiqamətdə genişlənməsini göstərən amildir.

Aydın Quliyev qeyd edib ki, bəlkə də Vietnam ilə strateji tərəfdaşlıq olmasaydı, Azərbaycanın bu yönümdə fəaliyyətini tam mükəmməlliyə doğru atılmamış bir addımın qaldığı kimi təsəvvür eləmək olardı. Amma bu gün artıq atılmamış addım qalmadığı bir vəziyyəti biz görürük. Yəni, dünyanın bütün qütbləri üzrə Azərbaycanın geostrateji tərəfdaşlığı inkişaf etdirilir. O cümlədən, Vietnamla Azərbaycanın əlaqələrini bu sıraya aid eləmək olar. Eyni zamanda Azərbaycanın da Vietnama təqdim eləyə biləcəyi böyük imkanlar var. Sözügedən imkanlar sırasında Azərbaycanın Şimal-Cənub və Cənub-Qərb marşrutlarının üzərində yerləşməsi, çox gözəl transit infrastruktur imkanlarına malik olması Vietnamın Azərbaycan üzərindən Avropaya bir ticarət yolunun, həm də etibarlı ticarət yolunun açılmasını təmin edir.Yəqin gələcəkdə bu da nəzərdən keçiriləcək ki, Azərbaycan üzərindən Avropadan Vietnama, Vietnamdan isə yenə də Azərbaycan üzərindən Avropaya mal transit daşınmalarında etibarlı bir yol kimi istifadə olunacaq. Həm də Yaxın Şərqdəki müharibə Vietnamın qarşısında Azərbaycandan keçən transit yolunun əhəmiyyətini daha da artırır.

Turan Etibaroğlu