Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1226
az

Elgiz Əkbər: "Ulvira ilə dəhşətli problemlərimiz var idi"

13:5830 Aprel, 2018
3908
ŞOU-BİZNES
  • A
Metbuat.az-ın budəfəki müsahibi araşdırmaçı jurnalist, tanınmış teleaparıcı Elgiz Əkbərdir:

- Xoş gördük, Elgiz bəy. Öncə onu deyim ki, xəbər etmək üçün proqramlardan materiallar seçəndə sizin verilişə baxmadan da bilirəm ki, nəsə tapıb, həmin kadrları kəsib, xəbər halında yaya biləcəm. Sanki saytı da düşünürsünüz. Elə aparıcı var, verilişin sonuna kimi baxırsan, sənə material vermir. Bu baxımdan sizinlə işləmək çox rahatdı.
- Bilirsiz o nədən irəli gəlir? Mən də sizin kimi mətbuatda çalışmışam. Televiziyaya mətbuatdan gəlmişəm. İndi mətbuatda işləmək çox rahatdı, yaxşı mənada paxıllığım tutur. 6 il mətbuatda nə əziyyətlər çəkmişəm... TV-də 3 ay sınaq çəkilişlərində olmuşam. Ancaq indi, maşallah, TV-nin qapıları hamının üzünə açıqdı. Ömründə əlinə qələm almayan 70 yaşlı bir qadının aparıcı olmasına daha təəccüb etmərəm. Mənim başladığım dövrdə bu işlər belə asan başa gəlmirdi. İndi kimi gəldi aparıcı etmək olar.
- Necə oldu ki, ARB TV-də işləməyə başladınız?
- Təbii ki, evdə bütün kanalları izləyirəm. Kanalın rəngi, yaradıcı qrupun fəaliyyəti, gənclərin çox olması xoşuma gəlirdi. Sözün düzü, bu təklif ürəyimcə oldu. Ona görə də dəyərləndirdim.
- Əvvəl çalışdığınız kanal bağlandıqdan sonra 6 ay işsiz qalmağınızın səbəbi nə idi?
- O demək deyil ki, bu müddətdə mən dəvət almadım. Çox yerlərdən dəvət aldım. Ancaq düşündüm ki, bir az istirahət edim, illərin yorğunluğunu çıxardım.
- Belə çıxır ki, 6 ay ərzində çox təklif alsanız da, yaxşısı olmayıbmış.
- (Gülür). Ola bilər. İndi desəm ki, təkliflər yağ-bal içində olub, yalan demiş olaram. Siz demiş, böyük əksəriyyəti ürəyimcə olmadı. Bu təklif gəldikdə mövsümün sonuna iki ay qalmışdı. Pilot layihə etdik, “Elin gözü” sosial veriliş idi. İndi onu Rövşanə xanım davam etdirir. Sentyabrdan isə, 2 saatlıq “Səhər-Səhər” verilişinə start verdim.
- Necə oldu ki, Əli Mirəliyevlə çiyin-çiyinə aparıcılıq etdiniz, sonra üçüncü aparıcı - Nahidə Orucova da sizə qatıldı. Sizə çətin olmadı?
- Sözün düzü özümə söz vermişdim ki, heç vaxt müştərək veriliş aparmayacam.
- Niyə?
- Müəyyən məsələlər var idi.
- O vaxt ANS-də Ulvira ilə yola gedə bilmədiyinizə görə?
- (Gülür). Ulvira ilə bizim iş birliyimiz çətin alındı. Bunu tamaşaçılara hiss etdirməməyə çalışırdıq.
- Ancaq hiss olunurdu.
- Elə? Hə, bizim elə-belə yox, dəhşətli problemlərimiz var idi. İndiyə kimi eşitməmişdim ki, iki aparıcının arasında bu qədər problemlər olsun. Ancaq bütün bunlara baxmayaraq, layihə bitəndə biz bir-birimizi qucaqladıq və ağladıq. Çox təssüf ki, bu layihənin sonuna yaxın baş verdi. (Gülür). Artıq gec idi, veriliş də bağlandı, vəssalam. O vaxt çox əziyyət çəkdim deyə, özümə söz vermişdim. Əli ilə birlikdə aparıcılıq etmək təklifi gələndə, sözün düzü, şok oldum. Sonra başa düşdüm ki, bu bizim ümumi işimizə mane olmaz. Çünki Əlinin musiqi bilgiləri var. O kişi musiqi ilə bağlı hər şeyi bilir. Söhbət şoudan gedirsə, mən araşdırmaçı jurnalistəm, musiqi tərəfdən də kimsə olmalı idi. Nahidə xanım da gözəl aktrisadır. O mətbəxin şefidir. Mənə heç bir ağırlığı yoxdur.
- Elgiz Əkbər və Əli Mirəliyev tamamilə başqa-başqa insanlardı. Heç cür yola getmirsiniz. İstəyirəm bu suala səmimi cavab verəsiniz: Efirdəki qalmaqalınızın neçə faizini öncədən planlaşdırırsınız?
- Sizə tam səmimi deyirəm, ömrümdə bir dəfə də efirdən öncə nəyisə planlaşdırmamışam. Bu olanların hamısı öz-özünə alınır. Əslində bu, normaldı. Çünki mənim dünyagörüşüm başqa, Əlininki başqa. Təbii ki, öz təpkimi göstərməliyəm. Tutaq ki, Əli qonşusundakı qadının başına gələn bədbəxt hadisəni danışır. Deyir, qadın yol getdiyi yerdə başına tramvayın dəmirləri düşdü, öldü. Bu hadisəni danışıb, gülür. Ancaq mən dəhşətə gəlirəm. Bu, mənim üçün faciədir, belə hadisəyə gülə bilmərəm. Elə efirdəcə etrazımı bildirdim. Bunu öncədən necə səhnələşdirmək olar ki? Onu deyim ki, hansı verilişdə öncədən “sən bunu deyəcəksən, mən bunu deyəcəm, sonra sən belə edəcəksən” - deyə, uydurma səhnələr qururlarsa, o veriliş süni alınır. Tamaşaçı da hiss edir, vallah. Tamaşaçını aldatmaq olmaz. Kim aldatmağa çalışırsa, onun verilişi baxımsız olur.
- İradınızı bildirmək bir yana, Əli Mirəliyevlə ciddi-ciddi dalaşırsınız. Buna görə tamaşaçı sizi qınayır.
- Bilirsiz, mənim fikirimcə, onun fikiri ona aiddir. Sona kimi özümü müdafiə edirəmsə, fikrimin üzərində dayanıramsa, kiminsə məni qınaması heç vecimə də deyil. Qınasınlar də.
- Əli Mirəliyev gələn qadınların çoxunu qucaqlayıb, öpür. Siz niyə elə eləmirsiniz?
- Hə, o hərəkətinə görə məndə qıcıq yaranır. Ona görə acılayıram. Hə, bax yaxşı sual verdiniz. Mən gələnləri qucaqlamıram. Ancaq üstümə gəlib qucaqlayırsa, itələmirəm. Biri də var ki, qonaq istəmədən bərk-bərk qucaqlayıb, o üzündən, bu üzündən öpəsən. Mənim xoşum gəlmir. Əli köhnə fikirli kişidi. İndi artıq dünyada kənardan salamlaşma vərdişi yaranıb. Belə olmalıdı məncə.
-Siz ona görə qınanılırsınız ki, o yaşlıdır, siz cavan. Tamaşaçılar sizdən ona hörmət qoymağınızı gözləyir. O gün ona Nahidə xanımla birləşib, xarakterinə görə soyad qoydunuz: Mindilov. Daha doğrusu, təklif elədiniz ki, soyadını dəyişsin.
- (Gülür). Sizə bir söz deyim, xahiş edirəm bunu yazın. Ümumi götürəndə, Əli çox gözəl insandı. Onun ürəyi gül kimidi, onda kin yoxdur. Bu xarakterinə görə onu çox istəyirəm. Ancaq nə edək e... özü də taleyi ilə barışıb. Əli bir gün işə gəlməsə, dəli olaram. O, özünə hörmət qazanıb, pis adam deyil. O, elə bir mühitdə böyüyüb ki, “ala” ilə danışmaq-filan xarakterinə hopub. Mən onun bu şeylərini necə tərgidə bilərəm? Ancaq buna çalışıram.
- Yəni kənardan baxan biri kimi deyirəm, o, sizdən çox böyükdü, sizin onu efirdə danlamağınız bəzən tamaşaçıda qıcıq yaradır. Baxın, o gün Əli Mirəliyev dayanmadan Telli Borçalının gözəlliyinə tərif söyləyirdi. Siz onunla razılaşmayaraq, sənət adamı üçün xarici görünüşün önəmli olmadığını söylədiniz və gözəl səsli Kubariyədən müsahibə götürəndə gözlərinizə inanmadığınızı söylədiniz. Həmin vaxt Əli Mirəliyev aşığa baxanda yaşamaq, ona baxanda ölmək istədiyini bildirdi. Siz də meyxanaçı Aydına müaraciət edib, dediniz ki, Aydın, bu dəqiqə bu özünü batıracaq, buna dərman verin.
- Mən demişəm? Həyatda ola bilməz. Yox, yox qətiyyən. Mən özüm bilirəm nə demişəm. Səhv təqdim ediblər.
- Axı saytlar bunu “Elgiz Əkbər Əli Mirəliyevi biabır etdi” başlığı ilə yaydılar...
- Yox, inanmaram. İndi texnika inkişaf edib. Varsa, internetdə olacaq. Qoyun, baxın.
- Yaxşı, keçək digər suala. Şoudan başqa özünüzü hansı formatda verilişlərdə görürsünüz?
- Mən TV-yə “Bağlama” verilişi ilə başlamışam. 12 il bundan əvvəl Kamran Həsənli aparırdı. Sonra 8 il sosial “Elgizli axşamlar” verilişini aparmışam. İlk dəfə Azərbaycanda tolk-şounun aparıcısı mən olmuşam. İlk dəfə insanların axtarışına mən başlamışam.
- Bəs siz o layihəni niyə əlinizdən qaçırdınız?
- Xoşqədəm xanım məndən cəld tərpəndi. Mən onu “Elgizli axşamlar”ın içində edirdim. Ancaq Xoşqədəm xanım onu ayrı bir layihə kimi başladı. İlk dəfə Türkiyənin Balıkəsir qəsəbəsində türkiyəli qəssabın bir gəncəli xanımın başına açdığı oyunu araşdırmışdım. Burdan qadını aparıb, guya balıq zavodunda işə düzəldəcək. Sən demə, qadını satmağa aparıb. Qadını türkiyəli balıqçıya satıb, yazıq hamilə qalıb, uşağı olub. Kişi qadını evdən qovub. Başqa qadınla evli olub, uşağı olmurmuş, bu yetimdən istifadə edib. Bu məsələnin sonuna qədər getdim, uşağı tapdım, ancaq təssüf ki, uşaq anasını tanmadığı üçün biz onu bura gətirə bilmədik. Onda yadıma gəlir, mən nə qədər ağladım. Daha sonra ilk dəfə işə düzəltmə layihəsini də mən etmişəm. Sosial layihə olub. O mənim özümün ideyam idi. Ən qəribəsi də bu olub ki, heç ağlıma da gəlməzdi ki, bu layihə Dünya Bankının illik hesabatına düşsün. Dünya Bankı bunu uğurlu layihə kimi dünya TV-lərinə məsləhət gördü. Hindistandan, Braziliyadan, Dünya Bankından mənə məktub gəldi. Özümü çox xoşbəxt hiss etdim. Bu, mənim uğurum idi. Sonra sosial sifarişli layihəm “Toy olsun” verilişi olub. Onu da birinci mən etmişəm.
- Ancaq həmin veriliş uğursuz oldu elə bil. Çünki boşanma da çox oldu. Bu fiziki qüsurluların evləndirilməsi olsaydı, daha yaxşı olmazdımı? Bu layihə Türkiyədə də qeyri-ciddi qəbul olundu və bütün verilişləri bağladılar.
- Normal həyatda da evlənənlər boşanır də. Hə, nə qədər fiziki qüsurlu şəxsi evləndirdim. Bilirsiz nə qədər Elgizlər, Çingizlər var? Hamısı da bayramlarda mənimlə əlaqə saxlayırlar. Yaxşı ailələrimiz çoxdur. Həmin veriliş olmasaydı, 30-a yaxın insan ailə qurmayacaqdı.
- Yəni demək istəyirəm ki, layihə tam olaraq fiziki qüsurlu insanlarla bağlı olsaydı, daha uğurlu alınardı məncə.
- Hə, yaxşı olardı. Gərək sırf elə edəydik. İndi də bax, ARB-də toy elədik kasıblara. Bu işi davam edəcəm.
- Siz həmin toy üçün məşhurlara hədiyyə demişdiniz, söz vermişdilər ki, alacaqlar. Kim sözünə əməl etmədi?
- Hələ xınayaxdı etdik. Toyu da yola verək, kim boynuna götürdüyünü alıb gətirməsə, zəng edib sizə deyəcəm. Qoy yalançı müğənnini bütün oxucular tanısın.
- Sizcə, Elgiz Əkbər uğurlu aparıcıdırmı?
- Vallah, onu mən necə deyim? Ancaq uğurlu olmasaydım, 12 il teleməkanda olardımmı? Həm də verilişlərim reytinqli olmazdı.
- Şəxsi həyatınızla bağlı yayılan informasiyalara niyə münasibət bildirmirsiniz?
- Niyə bildirmirəm ki? Gizli heç nəyim yoxdu. Evlənmişəm, toyum da olub, efirdə də göstəriblər. Bir qızım da var 2 yaşında - Lalə.
- Allah saxlasın. Həyatda ən böyük uğursuzluğunuz hansıdır?
- O qədər şeylər olub ki... Daha çox gənclikdə baş verib bunlar. Hətta başımı götürüb ABŞ-a qaçmaq istəmişəm. Orda çox qohumlarım var. Sonra özümə “yaxşı ki, getmədim” demişəm. Ancaq son 10 ildə hansısa işdə uğursuzluğum yadıma gəlmir.
- Şou xətrinə efirdə nələri etməzsiniz?
- Heç vaxtı şou xətrinə ağlamaram, efirə ailəmi çıxarmaram. Kiminsə bostanına daş atmıram ha. Kim edir, yaxşı edir, özü bilər. Ancaq mən kimsə baxacaq deyə, anamı, atamı efirə düzmərəm. Ömrümdə bir dəfə övladımla şəkilimi çəkmək istədilər saytdan, mən də etiraz etdim.
- Niyə gizlədirsiniz? Başqa aparıcıların uşaqları da özləri qədər məşhurdular az qala.
- Heç nə gizlətmirəm, sadəcə xoşum gəlmir.
- Hansı aparıcı özünü sizə oxşadır?
- Vallah, nə deyim. Mənim efirə baxmağa vaxtım olmur deyə, baxmıram. Evə gedəndə yorğun oluram, elə xəbərləri oxuya da bilmirəm.
- Siz peşəkar aparıcı olmanıza baxmayaraq, hansısa kanallara baxıb, öyrənirsinizmi?
- Rusiya kanallarına baxıram. “Elgizli axşamlar”dakı mövzuları rus kanallarından götürmüşəm. İndinin özündə də Rusiya, Türkiyə kanallarında daim mövzu axtarıram. Yenilik gətirməyi sevirəm. İlk dəfə Yeni illə bağlı bayram efirinə canlı yayıma mən çıxmışam. Bilirsiniz ki, bayram materialları bayramdan 10 gün qabaq çəkilir. Bayram günü hamı evində olur.
- Sizin həm də yaxşı səsiniz var.Nə əcəb oxumursunuz?
- (Gülür). Mənim adamım yoxdu. Bu, zarafatdı. Mən jurnalist doğulmuşam.
- Bəs toyda aparıcı kimi iştirak edirsiniz?
- Yox.
- Niyə? Çağırmırlar?
- Yox, çox dəvət edirlər.
- Sizə pul lazım deyil?
- Bunu demək istəmirdim, ilk dəfə sizdə açıqlayacam. Mən yüksək təzyiqdən əziyyət çəkirəm. Başım səs götürmür.
- Bu nədən yaranıb?
- Əsəb-stress keçirməkdən.
- Bütün veriliş boyu Əli Mirəliyevlə bir-birinizi qırırsınız, buna əsəb sistemi dözər?
- Yox, Əlidən qabaq olub. “Adam içində” verilişi məni yıxdı. O verilişdə çox stress yaşadım. Nəsilimizdə heç kimin saçı tökülməyib. Ancaq mənim saçım töküldü. Bir sezonda ordakı insanların acınacaqlı taleyi saçımı tökdü. Körpə uşağın iliyində xərçəng xəstəliyi, körpəcə qızın öz doğma atasından hamilə qalması, nə bilim e... məni məhv elədi. Ata nə qədər alçaq, şərəfsiz, şəxsiyyətsiz olar ki, bu addımı atar. Guya kişi içkili olub, qızının başına oyun açıb. Yazıq anası heç kimə açıb dərdini deyə bilmirdi. Ancaq mənə dedi. Mən də bunun üstünə düşdüm, həmin alçağa 12 il iş kəsdilər.
- Siz də evinizdə bir qız böyüdürsünüz. Qızınızın gələcəyi üçün nələr edirsiniz?
- Vallah, əlimdən gələni edirəm ki, övladım həyatın bu çirkin üzünü görməsin. Bunun üçün uşaqlara yaxşı tərbiyə və təhsil verilməlidir.
- Qızınız proqramınıza baxırmı?
- Hə, baxır, evdən çıxanda istəmir işə gedim. Deyir getmə. Deyirəm, bax, işə getməsəm, sənə istədiklərini ala bilmərəm. Görün, mənə nə deyir. Deyir, sən otur, qoy baba gedib, işləsin.
- Yoldaşınızla necə evlənmisiniz? Deyirdiniz fanatınız olub. Efirə evlənmək üçün gələn qızlardan idi?
- Yox e, mən demişəm fanatım olub? (Gülür). Yox, yox, düzgün anlaşılmayıb. Hərdən elə şeylər eşidirəm, məətəl qalıram. Yaxşı ki, sual verdiniz.
- Aranızda nə qədər yaş fərqi var?
- 14.
- Aranızda söz-söhbət olanda necə yola verirsiniz?
- Bizim aramızda söz-söhbət olmur ki... Mən lap əvvəldən onlara getmişəm, əlaqəmiz olub. Bir-birimizi tanıyıb, evlənmişik.
- Bəzən verilişinizdə baş verən hadisələri qurama və bayağı hesab edirlər? Buna münasibətiniz...
- Bayağı məsələsinə gələndə, elə qonaq olur ki, düşüncə tərzi çox aşağı səviyyədə olur. Mən onlarla Bethovendən, Şopendən danışa bilmirəm. İnsanın düşüncə tərzinə görə suallar qurulur.
- Kitab oxuyursunuz?
- Əlbəttə.
- Daha çox kimləri mütaliə edirsiniz?
- Mən hər şey oxuyuram, əlimə nə keçirsə, oxuyuram. İstər bədii, istər tarixi, istər coğrafiya ilə bağlı olsun, hər şey oxuyuram.
- Şou tipli verilişlərin aparıcılarında heç olmasa, az da olsa, intelektin olması vacib deyilmi?
- Az da olsa yox, çox olmalıdır. İntelektin olmaması biabırçılıqdır. Elə aparıcı heç vaxt yaxşı aparıcı ola bilməz. Mən hesab edirəm ki, aparıcı hər şeydən əvvəl Azərbaycan ədəbiyyatını, qrammatikasını, tarixini, yazı üslubunu bilməlidir. Nə olar şou aparıcısı olanda, siyasi hadisələri də bilmək lazımdır. 6-7 aparıcıdan bizim nazirlərimizin adlarını soruşun, görün bilirlərmi? Sizi inandırım ki, bilməyəcəklər.
- Sizcə, bizdə elə dediyiniz səviyyədə aparıcı varmı?
- Əlbəttə, var. Təəssüf ki, ayrı-ayrı aparıcılar özlərini siyasi xadim, əlçatmaz adam kimi aparmağa başlayıblar. Bu, yolverilməzdi. “Mən, mən” demək lazım deyil.
- Sizə hansısa titul verilib?
- Mən 2010-cu ildə Türkiyədə “İlin teleaparıcısı” mükafatını “Elgizli axşamlar” verilişinə görə almışam. Həmin vaxt Türkiyənin Gənclər və Turizm Nazirliyi 15 min avro da qonarar vermişdi. Elə həmin müsabiqədə xalq artisti İlhamə Quliyevaya da “Türk dünyasının sənət kraliçası” adı verilmişdi.
- Elgiz Əkbər tolk-şoudan başqa hansı verilişlərin aparıcısı ola bilər?
- Uşaqlar üçün əyləncəli veriliş apara bilərəm. Xəbər aparıcısı olmuşam. İdman verilişini apara bilərəm. Hətta idmanı şərh də edə bilərəm. Mənə hazırlaşmağa 2 gün vaxt lazımdır.
- Baxıram ki, heç bir aksessuar taxmamısınız...
- Hə, uşaqlıqdan sevmirəm. Rəhmətlik atam aksessuar sevmədiyi üçün mən də sevmədim. Ancaq taxanlara pis baxmıram. Bilirəm ki, aksessuar gələn mənfi enerjidən insanı qoruyur, ancaq sevmədiyim üçün istifadə etmirəm. Mənim daşım aqatdır, taxa bilsəm, elə o daşı taxaram. Qızılı heç sevmirəm. Bircə kimsə mənim barmağımda nişan üzüyü görə bilər.
- Deyirsiniz mənfi aura, cadu, nəfs... bunlardan necə qorunursunuz?
- Hə, olur birdən halsız oluram, başım ağrıyır, səbəbsiz yerə yuxum qaçır. Elə bunu hamı deyir mənə ki, qorunmaq lazımdır. Adam var, qalıb bütün günü falçılarda. Ancaq mən nədirsə inanmıram. Verilişimə o qədər falçı gəlirdi, biri deyə bilməz ki, mən onlara baxdırmışam. Keçmiş olub keçib, neynirəm, gələcəyi də bilsəm, yaşamağımın nə mənası olar.Gələcək sirrli qalsa, yaxşıdı.
- Uzun illərdi efirdəsiniz. Tutaq ki, sabah efirdən biryolluq getməyə qərar verdiniz. Başqa maraqlandığınız, ustası olduğunuz sahə varmı? Hansı sahəyə üz tutardınız?
- Nə gözəl sualdır. Hə, deyim də, mənim təsərrüfata çox böyük həvəsim var.
- Aaa... bir anlıq təsəvvürümə gəldi...
- (Gülür). Hə. Bilirsiniz, məndən necə gözəl kolxoz sədri olardı. Kolxoz-savxoz olsaydı, heyvandarlıq istiqamətini seçərdim. Sonra gülçülüyü çox sevirəm. Ağacları artırmaq, calaq etmək mənim hobbimdir.Mən uşaqlıqdan beləyəm, nə istəsəm, ona nail oluram. İxtisasca iqtisadçıyam. Ancaq jurnalist olmaq istəyirdim. Ömür vəfa etsə, pensiyaya çıxandan sonra təsərrüfatla məşğul olacam.
- Kənddə eviniz varmı? Ümumiyyətlə, harda doğulmusunuz?
- Mən “Podmoskvada” Yaravslavskidə anadan olmuşam. Əslimiz-nəslimiz Ağdaşşəhərindədir. Orda da evimiz var.
- Sonda belə bir sual ağlıma gəldi: Elgiz Əkbər pulpərəstdirmi?
- Həəə, vallah, deyim ki, Elgiz pulu sevmir, yalan olar. Ancaq pulun xəstəsidirmi? Yox.
- Mənə elə gəlir siz xəsis adamsınız. Yəni verən əliniz yoxdur.
- Ay sağ ol. Bilirsiniz niyə?
- Niyə?
- Çünki Elgiz Əkbər pulu zəhmətlə qazanır.
- Bəs o zəhmətinizlə qazandığınız puldan kimə əliaçıqlıqla verərsiniz?
- Ancaq ailəmə.
- Məndən narazı qalmadınız?
- Yox. Hər şey yaxşıdır.
- Çox sağ olun.
- Dəvətiniz üçün siz sağ olun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

63 yaşlı Nərgiz Cəlilovanın yeni görüntüsü - FOTO
Ad günündə insult keçirdi, aktyorlarla birgə kəlmeyi-şəhadətini gətirdi - Əməkdar artistin ölümünə nə səbəb olmuşdu?
Elza bu dəfə başına xoruz qoydu - VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi