Qaynar xətt:

(+99450) 247 90 86

Avropaya səfərlər asanlaşa bilərmi? Ekspert Bakı–Aİ əlaqələrinin pərdəarxasından DANIŞDI  

Avropaya səfərlər asanlaşa bilərmi? Ekspert Bakı–Aİ əlaqələrinin pərdəarxasından DANIŞDI  

SİYASƏT

48

27.11.2026, 19:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması məsələsi son dövrlər ikitərəfli diplomatik gündəmin əsas mövzularından birinə çevrilib. Xarici işlər naziri Ceyhun Bayramovun litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər viza məhdudiyyətlərinin yumşaldılmasının turizm, təhsil və biznes əlaqələrinə yeni imkanlar açacağını göstərir. 2027-ci ilin ilk yarısında Litvanın Avropa İttifaqı Şurasına sədrliyi bu istiqamətdə irəliləyiş üçün mühüm fürsət kimi dəyərləndirilir. Prosesin mümkün nəticələri, qarşıda duran maneələr və sahələr üzrə gözlənilən təsirlər rəsmi açıqlamalarla yanaşı, ekspert müstəvisində də müxtəlif yönlərdən təhlil olunur. 

Mövzu ilə bağlı Oxu24.com-a  danışan siyasi şərhçi Turan Rzayev Azərbaycan–Aİ münasibətlərinin mövcud vəziyyəti və viza rejimi ilə bağlı fikirlərini bölüşüb.

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətləri kifayət qədər müsbət səviyyədə inkişaf edir. O bildirib ki, Bakının həm ittifaqın özü, həm də ayrılıqda ittifaqın üzvü olan ölkələrlə çox yaxşı münasibətləri var və münasibətlərin inkişafı ayrı-ayrı spesifik sahələrdə də əlaqələrin irəliləməsinə gətirib çıxarır:

“Qeyd edilən viza rejiminin liberallaşdırılması buna ən yaxşı nümunədir. Azərbaycan xüsusilə Avropa İttifaqı üzvü olan Balkan və Baltik ölkələri ilə çox yaxşı münasibətlərə sahibdir”.

O, Mərkəzi Avropanı da nümunə göstərərək vurğulayıb ki, heç son bir ay ərzində Azərbaycana səfər edən Avropa nümayəndələri və digərlərinin vaxtı görünür ki, var:

“Almaniyadan, İtaliyadan, eyni zamanda Latviya, Litva kimi ölkələrdən ardıcıl səfərlərin şahidi oluruq. Bu rəsmi Bakıya artan etimad və dəyişən geosiyasi reallıqlarla bağlıdır”.

Şərhçi əlavə edib ki, aydın məsələdir ki, Azərbaycan dünyada lazımi qədər etibarlı tərəfdaşlardan biri kimi tanınır. Heç bir Avropa ölkəsi Azərbaycan üçün düşmən deyil. Turan Rzayev vurğulayıb ki, Azərbaycanla dil tapmaq asandır: Azərbaycanın əsas gözləntisi olan hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq qalındığı təqdirdə, Azərbaycan kifayət qədər müttəfiq və dostlarına səxavətli bir ölkədir. 

O həmçinin qeyd edib ki, ümumiyyətlə, Baltik ölkələri ilə də – elə Litvanı nəzərdə tutaraq – uzunmüddətli əlaqələr var, sovet və ondan əvvəlki dövrlərdən gələn əlaqələr mövcuddur, bu da öz növbəsində Azərbaycan–Avropa İttifaqı münasibətlərində çox kritik bir amilə çevrilir:

“Azərbaycanla Avropa ölkələrinə, eyni zamanda Avropa ölkələrindən Azərbaycana səfərlərin qarşılıqlı şəkildə yaxşılaşdırılması, viza rejimlərinin sadələşdirilməsi və yaxud da ki, ortaq bir viza sisteminin yaradılması – yəni sərbəst hərəkəti təmin edəcək viza sistemlərinin formalaşdırılması baxımından işlər gedir və bu istiqamətdə görülən işlər də təqdirəlayiqdir”.

O bildirib ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri bu ittifaqa daxil olan ölkələrlə münasibətlər kontekstində dəyərləndirilə bilər:

“Azərbaycan fərqindədir ki, Latviya, Litva və yaxud da Macarıstan, digər ölkələr, Monteneqro kimi ölkələrlə ümumiyyətlə əlaqə qurmaq istəyirsə və bu ölkələrlə təmasları sıxlaşdıracaqsa, Avropa İttifaqı ilə də əlaqələri sıxlaşdırmalıdır. Göründüyü kimi, ikili münasibətlər də, ittifaqla münasibətlər də çox bir-birinə bağlı vəziyyətdədir”.

Buna görə də Turan Rzayevin fikrincə, Azərbaycan bu məsələdə konstruktiv yanaşır və praqmatik addımlar atılmasında maraqlıdır.

Çimnaz Telmanqızı