Qaynar xətt:

(+99450) 247 90 86

Mirzə Qədimdən TƏBİB-ə: Sistem dayanıbsa, xəstə də dayansın?  

Mirzə Qədimdən TƏBİB-ə: Sistem dayanıbsa, xəstə də dayansın?  

CƏMİYYƏT

75

27.11.2026, 17:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mirzə Qədim eşitmişdi ki, müasir səhiyyədə rəqəmsallaşma gedir, hər şey elektron sistemə keçir, xəstələrin işi asanlaşır. O da bu yeniliklərə sevinirdi. Düşünürdü ki, daha xəstəxanalarda növbələr azalacaq, adamlar qapı-qapı düşməyəcək, həkimə çatmaq üçün yarım gün sərf etməyəcəklər. Amma deyəsən, Mirzə bir şeyi nəzərə almamışdı: sistem işləyəndə hər şey yaxşıdır, sistem dayananda isə xəstə də, həkim də, qeydiyyatçı da onunla birlikdə dayanmalıdır.

Bu günlərdə 19 nömrəli şəhər poliklinikasında baş verən bir hadisəni eşidəndən sonra Mirzə Qədim eynəyini çıxarıb masanın üstünə qoydu. Məsələni diqqətlə dinlədi, sonra da dedi: “Ay bala, bu nə gözəl səhiyyə modelidir belə? Kompüter işləmirsə, deməli, xəstənin də xəstələnməyə ixtiyarı yoxdur!”

Hadisə belə olub. Vətəndaş analiz vermək üçün poliklinikaya gedib. Laboratoriyaya təqdim etməkdən ötrü əvvəlcə qeydiyyat pəncərəsindən çek almalıdır. Yaxınlaşıb, məlum olub ki, sistem dayanıb. Qeydiyyatçı qızlar kompüterə baxır, kompüter də sanki onlara baxıb susur. Nə qızların əlindən bir iş gəlir, nə də kompüterin könlündən sistemə qayıtmaq keçir.

Bir azdan pəncərənin qabağına xəstələr yığışmağa başlayıb. Kimisi irəli keçmək istəyir, kimisi etiraz edir, kimisi səsini qaldırır, kimisi də əsəbdən söyüş söyür. Bir sözlə, poliklinikanın qeydiyyat pəncərəsi səhiyyə müəssisəsindən çox, bazar meydanını xatırladır. Hamı gözləyir ki, bəlkə bu dəqiqə sistem açıldı. Bir saat keçir, sistem açılmır.

Vətəndaş qeydiyyatçı qızdan soruşur:

– Bəs sistem axşama kimi açılmasa, nə olacaq?

Cavab çox sadə və səhiyyə tariximiz üçün olduqca orijinaldır:

– Heç nə. Heç kim heç yerə gedə bilməyəcək, həkimlər xəstə qəbul etməyəcək. Ölən öləcək, qalan qalacaq.

Mirzə bu cavabı eşidəndə az qala çayını aşıracaqdı. Dedi: “Bərəkallah! Deməli, səhiyyəmizdə yeni bir qayda tətbiq olunub: sistem işləyirsə, müalicə var; sistem dayanıbsa, xəstə taleyi ilə barışmalıdır. Bəs sabah sistem bir həftə işləməsə, xəstələrə bir həftə xəstələnməmək barədə xəbərdarlıq göndəriləcək?”

Vətəndaş bir az da gözləyib bu dəfə başqa sual verib:

– Yaxşı, belə hallar, fövqəladə vəziyyətlər üçün TƏBİB-in bir təlimatı yoxdurmu? Axı sistem dayananda başqa qayda ilə işləmək, xəstələrin qeydiyyatını alternativ yolla aparmaq olmazmı?

Cavab yenə ürəkaçan olmayıb: heç bir təlimat yoxdur, hər kəs başının çarəsini qılsın.

Mirzə burada lap təəccüblənib. Axı TƏBİB tabeliyindəki tibb müəssisələrinə rəhbərlik edir, onların işini təşkil etməlidir. Bəs fövqəladə vəziyyətlər üçün ehtiyat qaydalar, alternativ qeydiyyat mexanizmi, xəstələrin qəbulunun dayanmasının qarşısını alan göstərişlər haradadır? Yoxsa TƏBİB-in təlimatları yalnız iclaslarda, təqdimatlarda və hesabatlarda işləyir?

Vətəndaş da vəziyyətin belə davam edəcəyini görüb analiz üçün gətirdiyi materialı cibinə qoyaraq poliklinikanı tərk edib. Çünki özü, öz təbirincə desək, praqmatik adamdır. TƏBİB-in işinə az-çox bələd olduğundan başa düşüb ki, sistem bu gün açılmayacaq. Ertəsi gün yenidən poliklinikaya gedib. Soruşub, məlum olub ki, bədbəxtçilikdən, dünənki ehtimalı düz çıxıb: sistem açılmayıb. Deməli, xəstələr bir gün əvvəl axşama qədər gözləyiblər, amma kompüter öz qərarından dönməyib.

Mirzə Qədim bu əhvalatı eşidib TƏBİB-ə beş tövsiyə hazırlayıb.

*Birinci tövsiyə:* Kompüterə izah edin ki, o, səhiyyə müəssisəsində xəstələrə xidmət etmək üçün qoyulub, xəstələri qapıda saxlamaq üçün yox. Sistem dayananda poliklinikanın fəaliyyəti də dayanmalı deyil.

*İkinci tövsiyə:* Hər tibb müəssisəsində sistemin işləmədiyi hallar üçün yazılı təlimat olsun. Elektron qeydiyyat mümkün deyilsə, müvəqqəti qeydiyyat aparılsın, xəstənin müraciəti qeydə alınsın, analiz və həkim qəbulu əsassız olaraq dayandırılmasın. Sonradan məlumatları sistemə daxil etmək mümkündürsə, bunun qaydası əvvəlcədən müəyyənləşdirilsin.

*Üçüncü tövsiyə:* Qeydiyyat pəncərəsində çalışan işçiləri xəstələrin qəzəbinin qarşısında tək qoymayın. Onlara nə edəcəkləri barədə göstəriş verilmirsə, günahı da onların boynuna yıxmayın. Kompüterin susması qeydiyyatçının günahı deyil, amma idarəetmənin susması artıq başqa məsələdir.

*Dördüncü tövsiyə:* Belə hallarda məsul şəxsin kim olduğunu müəyyənləşdirin. Sistem dayananda xəstə bir saat, iki saat, hətta bütün günü gözləməli deyil. Kimsə qərar verməli, kimsə məsuliyyət daşımalı, kimsə də xəstəyə izah etməlidir ki, onun taleyi kompüterin kefindən asılı deyil.

*Beşinci tövsiyə:* Səhiyyədə rəqəmsallaşmanı insan amilini unutmaq kimi başa düşməyin. Kompüterin yaddaşı var, amma vicdanı yoxdur. Xəstənin isə həm xəstəliyi var, həm də vaxtı məhduddur. Ona görə sistemin rahatlığı xəstənin sağlamlığından üstün tutulmamalıdır.

Mirzə Qədim yazının sonunda bir cümlə də əlavə edib:

“Əziz TƏBİB, elektron sistem qurmaq yaxşıdır. Amma sistem dayananda səhiyyənin də dayanması nə deməkdir? Xəstə kompüterin proqramını gözləyə bilər, amma xəstəliyi gözləmir. Siz də heç olmasa, sistemin işləmədiyi günlər üçün bir təlimat hazırlayın. Yoxsa sabah xəstə qeydiyyata yaxınlaşanda ona belə deyəcəklər: ‘Sistem yoxdur, zəhmət olmasa, sabah yenidən xəstələnin!’”

Mirzə QƏDİM