Qaynar xətt:

(+99450) 247 90 86

Avropanın yeni təhlükəsizlik arxitekturasında BAKI AMİLİ: "TRIPP marşrutunu təhdid edən aktorlar.." – Deputatdan strateji AÇIQLAMA

Avropanın yeni təhlükəsizlik arxitekturasında BAKI AMİLİ: \"TRIPP marşrutunu təhdid edən aktorlar..\" – Deputatdan strateji AÇIQLAMA

SİYASƏT

41

27.11.2026, 18:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son həftələr Azərbaycan diplomatiyasının Avropa istiqamətində nümayiş etdirdiyi yüksək dinamika beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Dublin Zirvəsində Prezident İlham Əliyevin Avropa İttifaqı və Böyük Britaniya liderləri ilə keçirdiyi görüşlər, eləcə də Londonla Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması rəsmi Bakının Qərb cinahındakı mövqelərini daha da möhkəmləndirib. Bu siyasi xəttin davamı olaraq Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifov Brüsseldə NATO və Aİ rəsmiləri ilə mühüm danışıqlar aparıblar. Noyabrın son günlərində isə diplomatik təmasların ağırlıq mərkəzi birbaşa Bakıya transfer edib. İtaliya xarici işlər naziri Antonio Tayani, Monteneqro Baş naziri Miloyko Spayiç, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili və Litva XİN başçısı Kestutis Budris ard-arda paytaxtımıza səfər edərək ikitərəfli görüşlər keçiriblər. Xüsusilə Litva ilə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması regionlararası əməkdaşlıqda yeni səhifə açıb. Noyabrın 27-də isə Estoniya XİN rəhbəri Marqus Tsahknanın səfirliyin rəsmi açılışı məqsədilə Bakıya gəlməsi Şimali və Şərqi Avropa ölkələrinin Azərbaycana artan marağının bariz nümunəsidir. Paralel olaraq xarici işlər naziri Ceyhun Bayramovun Aİ ölkələri ilə viza prosedurlarının asanlaşdırılmasını əsas prioritetlərdən biri kimi elan etməsi əlaqələrin humanitar və praktiki müstəvidə də dərinləşdiyini göstərir. Bütün bu sıx təmaslar Avropa paytaxtlarının Bakı ilə münasibətlərə yeni strateji prizmadan yanaşdığından xəbər verir. 

Bəs Qərblə intensivləşən bu diplomatik trafik gələcək üçün hansı siyasi, iqtisadi və təhlükəsizlik perspektivləri vəd edir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hazırkı tarixi mərhələdə Azərbaycan-Avropa İttifaqı münasibətləri daha strateji əhəmiyyətli yeni bir mərhələyə qədəm qoyur.

Deputatın sözlərinə görə, Avropa öz enerji təhlükəsizliyinin və gələcək hərbi-siyasi təhlükəsizliyinin yeni arxitekturasında Azərbaycanı da görür:

“Böyük Britaniya ilə imzalanan strateji tərəfdaşlıq haqqında sənəd, NATO rəsmiləri ilə danışıqların intensivləşməsi və Avropa liderlərinin, dövlət-siyasət xadimlərinin Azərbaycana səfərləri Avropanın yeni strateji arxitekturasında Azərbaycanın yerini təyin edəcəkdir”.

Hikmət Babaoğlu vurğulayıb ki, şübhəsiz ki, bütün bunlar Azərbaycanla razılaşdırılır. TRIPP marşrutunun reallaşması kontekstində yeni iqtisadi maraqların, həm də təhlükəsizlik təminatı məsələləri müzakirə olunur: 

“Çünki TRIPP marşrutunu durmadan təhdid edən aktorlar var və bu isə əlbəttə ki, Avropanın maraqları ilə daban-dabana ziddiyyət təşkil edir, o cümlədən Azərbaycanın maraqları ilə daban-dabana ziddiyyət təşkil edir".

Deputat əlavə edib ki, bu proses sadəcə iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji təhlükəsizliyi və yaşıl enerji təhlükəsizliyi məsələsi deyil, bütövlükdə yeni geostrateji mərhələdə yeni tarixi münasibətlərin formalaşması kimi qiymətləndirilməlidir.

Çimnaz Telmanqızı