Qaynar xətt:

(+99450) 247 90 86

Ceyhun Məmmədov: “Beynəlxalq hüquq yalnız kağız üzərində qalmamalıdır”

Ceyhun Məmmədov: “Beynəlxalq hüquq yalnız kağız üzərində qalmamalıdır”

SİYASƏT

66

16.10.2026, 11:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışını çox mühüm hesab etdiyini bildirib.

Bu barədə Oxu24.com-Oxu24.com-a açılmasında deputat qeyd edib ki, bu çıxışda Azərbaycanın keçdiyi çətin və şərəfli yol, qazandığı tarixi Qələbə və beynəlxalq münasibətlərdə tutduğu mövqe bir daha diqqətə çatdırılıb.

Onun sözlərinə görə, Azərbaycanın bu gün regionda mühüm söz sahibi olması təsadüfi deyil. Ölkəmiz hər zaman müstəqil siyasət yürüdərək öz milli maraqlarını, suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışıb. Eyni zamanda, digər dövlətlərlə əməkdaşlığın inkişafına, sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verib.

Ceyhun Məmmədov bildirib ki, çıxışda onu ən çox düşündürən məqamlardan biri beynəlxalq təşkilatların ədalətli və prinsipial mövqe tutmasının vacibliyi olub. Onun fikrincə, beynəlxalq hüquq yalnız kağız üzərində qalmamalı, qəbul edilən qərarlar həyata keçirilməlidir. Əks halda, ədalətsizlik və ikili standartlar yeni münaqişələrə yol aça bilər.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə xalqımızın birliyini, əzmini və torpaqlarımıza bağlılığını nümayiş etdirib. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi tariximizin ən mühüm hadisələrindəndir. Bu Qələbə bizə göstərdi ki, xalqın iradəsi, milli birlik və güclü dövlətçilik ən çətin sınaqlardan keçməyə imkan verir.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın sülh təklif etməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki Qələbə qazanmaq qədər sülhü qorumaq, gələcək nəsillər üçün təhlükəsiz və sabit mühit yaratmaq da vacibdir. Bu gün əsas məqsəd regionda etimadın möhkəmləndirilməsi və davamlı sülhün təmin olunması olmalıdır.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın AQEM-ə sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, təhsil, elm, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakını göstərir. Bu da Azərbaycanın yalnız öz regionunda deyil, daha geniş coğrafiyada əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini təsdiqləyir.

Ceyhun Məmmədov bildirib ki, ümumilikdə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın tarixi Qələbəsini, müstəqil siyasətini və gələcəyə yönəlmiş məqsədlərini əks etdirir. Onun sözlərinə görə, bizim üçün əsas məsələ əldə etdiyimiz nailiyyətləri qorumaq, dövlətimizin gücünü artırmaq və gələcək nəsillərə sülh, təhlükəsizlik və firavanlıq şəraitində yaşaya biləcəkləri bir ölkə miras qoymaqdır.