Qaynar xətt:

(+99450) 247 90 86

Politoloqdan Türkiyədəki siyasi dairələrə çağırış: Azərbaycanın qərarlarına hörmət edin! 

Politoloqdan Türkiyədəki siyasi dairələrə çağırış: Azərbaycanın qərarlarına hörmət edin! 

SİYASƏT

47

16.10.2026, 11:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmaq məqsədi daşıyan addımlar iki ölkə arasındakı qardaşlıq və dostluq münasibətlərinin təməl sütunlarını sarsıda bilməz. Bununla belə, belə hərəkətlər Azərbaycan xalqında inciklik və təəssüf hissi yaradır. Azərbaycan xalqı dost və qardaş hesab etdiyi ölkələrin daxili işlərinə qarışmır, həmin dövlətlərin qəbul etdiyi qərarlara hörmətlə yanaşır.

Politoloq Ramiz Alıyev bu barədə Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan xalqı hər zaman dost və qardaş hesab etdiyi dövlətlərin daxili işlərinə hörmətlə yanaşıb və onların qəbul etdiyi qərarlara müdaxilə etməyib.

Politoloq bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin təməl sütunlarına zərər vurmaq mümkün deyil, lakin bu cür hərəkətlər Azərbaycan xalqında inciklik və təəssüf hissi yaradır.

Onun sözlərinə görə, Azərbaycan xalqı özünə dost və qardaş hesab etdiyi ölkələrin, dövlətlərin daxili işlərinə qarışmamağı əsas prinsip kimi qəbul edir:“Hamı bilməlidir ki, Azərbaycan xalqı uzaq və ya yaxın ölkələr olmasından asılı olmayaraq, dost və qardaş hesab etdiyi dövlətlərin daxili işlərinə qarışmır. Həmin dövlətlərin qəbul etdiyi qərarlara hörmətlə yanaşır. Çünki hər bir ölkənin və dövlətin öz xalqı və ölkəsi ilə bağlı müəyyən planları, qaydaları və qanunları var. Biz çox yaxşı bilirik ki, dost və qardaş hesab etdiyimiz bir çox ölkələr müxtəlif qərarlar qəbul edirlər. Bəlkə də kənardan baxanda həmin qərarların yanlış olduğunu düşünürük. Ancaq bununla bağlı hər hansı müdaxilə etmir, həmin ölkənin rəhbəri, dövləti və xalqı haqqında xoşagəlməz ifadələr işlətmirik.Təbii ki, biz belə məsələlərə hörmətlə yanaşırıq və düşünürük ki, hər bir ölkənin dövləti və rəhbərliyi öz ölkəsi haqqında daha yaxşı məlumata malikdir. Biz başqa ölkənin rəhbərliyi və məmurları haqqında müxtəlif ittihamlar səsləndirmirik, onların dövlət idarəçiliyinə müdaxilə etmirik. Məsələn, hansısa ölkənin məmurunun dövlət resurslarını mənimsədiyini və ya həmin ölkənin özünü din üzərində idarə etdiyini iddia etmək bizim xalqımıza xas olan yanaşma deyil”.

R. Alıyev vurğulayıb ki, Azərbaycan xalqı dost və qardaş hesab etdiyi ölkələrə qarşı sosial şəbəkələrdə və mediada düşmənçilik xarakterli addımlar atan qruplara münasibətdə də öz mövqeyini ortaya qoyur.

Ramiz Alıyevin sözlərinə görə, Azərbaycan xalqı dost və qardaş bildiyi ölkələrə həm siyasi müstəvidə, həm də sosial şəbəkələr və media vasitəsilə dəstək göstərir:“Biz hər bir dövlətin öz ölkəsi üçün qəbul etdiyi qərarlara hörmətlə yanaşırıq. Xüsusilə dost və qardaş hesab etdiyimiz ölkələrə münasibətdə bu hörmət daha böyük olmalıdır. Həmin ölkələrə qarşı sosial şəbəkələrdə və mediada düşmənçilik xarakterli addımlar atan müəyyən qruplar varsa, Azərbaycan xalqı olaraq biz də onlara qarşı mövqeyimizi ortaya qoyur, dost və qardaş bildiyimiz ölkələrə dəstək veririk. Siyasətdə və digər sahələrdə olduğu kimi, sosial şəbəkələrdə və mediada da öz dəstəyimizi göstəririk.Biz belə görmüşük. Azərbaycan dövləti heç bir ölkənin daxili işlərinə qarışmır və həmin dövlətlərin qəbul etdiyi qərarlara müdaxilə etmir. Düşünürəm ki, bu, belə də olmalıdır. İnkişaf etmiş dövlətlərdə və ölkələrdə də bu prinsipə əməl olunmalıdır”.

Politoloq qeyd edib ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərarlara siyasi və ya dini don geyindirərək sosial şəbəkələrdə və mediada ölkəmizə, eləcə də Azərbaycan liderinə qarşı xoşagəlməz bəyanatlar səsləndirilməsi yolverilməzdir.

Onun sözlərinə görə, Türkiyənin hüquq-mühafizə orqanları qardaşlığa və dostluğa qarşı yönəlmiş bu cür addımların qarşısını almalıdır:“Bu gün Azərbaycan dövlətinin qəbul etdiyi qərarlara siyasi və ya dini don geyindirərək sosial şəbəkələrdə, mediada Azərbaycan dövlətinə və Azərbaycan liderinə qarşı xoşagəlməz münasibət sərgilənirsə, bəyanatlar səsləndirilirsə, hesab edirəm ki, dost və qardaş bildiyimiz Türkiyə dövlətinin hüquq-mühafizə orqanları mütləq şəkildə müdaxilə etməli, qardaşlığa və dostluğa qarşı yönəlmiş bu addımların qarşısını almalıdır.Türkiyə böyük və dünyada mühüm mövqeyə malik dövlətdir. Türkiyə bilməlidir ki, dövlətlərin daxili işlərinə qarışmaq olmaz. Dost və qardaş hesab edilən ölkələrə münasibətdə isə bu prinsipə xüsusi həssaslıqla yanaşılmalıdır.Hər hansı bloqerin, siyasətçinin və ya siyasi partiya nümayəndəsinin bu barədə fikirləri varsa və həmin fikirlərdə təhqiramiz ifadələr işlədilirsə, Türkiyənin hüquq-mühafizə orqanları buna mütləq müdaxilə etməlidir. Təəssüf ki, bu gün belə hallarla bağlı lazımi addımları görə bilmirik. Bu da Azərbaycan xalqını incidir və təəssüfləndirir”.

R. Alıyev vurğulayıb ki, Azərbaycan xalqının Türkiyədə baş verən analoji hadisələrə münasibəti hər zaman qardaşlıq və dostluq prinsiplərinə əsaslanıb.

Politoloq bildirib ki, Türkiyə də dövlət olaraq müxtəlif qərarlar qəbul edir və Azərbaycan həmin qərarların doğru və ya yanlış olmasından asılı olmayaraq, ölkənin daxili işlərinə müdaxilə etmir:“Biz düşünürük ki, Türkiyədə belə bir vəziyyət yaransaydı, Azərbaycan xalqı və Azərbaycan dövləti hansı mövqedən çıxış edərdi? Əvvəla, Türkiyə də dövlət olaraq müxtəlif qərarlar qəbul edir. Həmin qərarların doğru və ya yanlış olması ilə bağlı biz onların daxili işlərinə qarışmırıq. Hesab edirik ki, Türkiyə dövləti bu addımları öz xalqını və dövlətini düşündüyü üçün atır”.

Ramiz Alıyevin sözlərinə görə, Azərbaycan Nazirlər Kabinetinin məktəbli geyimi ilə bağlı qəbul etdiyi qərar düzgün addımdır və Azərbaycanın suveren dövlət olduğunu bir daha nümayiş etdirir.

Politoloq əlavə edib ki, Türkiyədə bəzi siyasi partiya liderləri qərarın məzmunu ilə tanış olmadan onun əleyhinə çıxış edirlər:“Mən bu məsələni diqqətlə izləyirəm. Türkiyədəki siyasi partiya liderlərinin bir çoxunun, görünür, qəbul edilən qərarların məzmunundan xəbəri yoxdur. Onlar həmin qərarları oxumadan və mahiyyətini öyrənmədən münasibət bildirirlər.Belə insanlara sual vermək lazımdır: Siz kimsiniz ki, başqa bir ölkənin daxili işlərinə qarışır, onun qəbul etdiyi qərarın səhv və ya doğru olduğunu müəyyənləşdirməyə çalışırsınız? Siz öz siyasi fəaliyyətinizə, partiyanızdakı vəziyyətə baxırsınızmı? Bir neçə düşüncəsiz insanı ətrafınıza toplamaqla özünüzü ağıllı hesab edə bilməzsiniz. Yaxud hansısa bloqerləri önə çıxararaq, onları Azərbaycan dövlətinə dərs keçməyə yönəltməklə düzgün mövqe nümayiş etdirdiyinizi düşünməyin. Bunların hamısı yanlış addımlardır. Təbii ki, belə şəxslər idarə oluna bilərlər, ancaq onları idarə edənlər də ağılsız addımlar atırlar”.

R. Alıyev vurğulayıb ki, Türkiyədə 2014-cü ilə qədər orta məktəblərdə geyimlə bağlı məhdudiyyətlər mövcud olub və bu fakt nəzərə alınmalıdır.Azərbaycan Nazirlər Kabinetinin qəbul etdiyi qərarda dini amil yoxdur. Qərarın mahiyyətini öyrənmədən onun əleyhinə çıxış edənlər isə onlara verilən tapşırıqlar əsasında hərəkət edirlər.

Politoloq bildirib ki, Azərbaycanda universitetlərdə geyimlə bağlı ümumi qadağaların mövcudluğu barədə səsləndirilən iddialar da əsaslı deyil:“Əvvəla, Türkiyənin özündə 2014-cü ilə qədər orta məktəblərdə geyimlə bağlı məhdudiyyətlər mövcud olub. Bunu hər kəs bilir. Azərbaycan Nazirlər Kabinetinin qəbul etdiyi qərarda isə dini amil yoxdur. Qərarın məzmununu oxumayan, mahiyyətini bilməyən şəxslər onlara verilən sifarişlər və tapşırıqlar əsasında danışırlar.Azərbaycanın hansı universitetində geyimlə bağlı bu cür qadağalar var? Belə bir qadağanın mövcudluğundan xəbərimiz yoxdur. Bəlkə də hansısa məqamlar var, amma biz bilmirik. Ancaq özlərini Türkiyənin siyasi partiya liderləri kimi təqdim edən şəxslər çıxıb pafoslu çıxışlar edir, Azərbaycan universitetlərində geyim qadağalarının olduğunu iddia edirlər. Bu, yanlışdır. Bilmədiyin məsələ haqqında necə danışmaq olar? Əgər hansısa siyasi partiyanın fəaliyyəti bu cür mübahisələrə, parçalanmalara və qarşıdurmalara yol açırsa, deməli, burada başqa məqsədlər də ola bilər. Siyasi partiyalar arasında müxtəlif oyunların getdiyini, müəyyən qüvvələrin bu proseslərdən istifadə etdiyini yaxşı bilirik. Ancaq bunlar bizim müdaxilə etməli olduğumuz məsələlər deyil”.

Ramiz Alıyev fikirincə, hər bir ölkənin siyasi dairələri ilk növbədə öz dövlətlərində baş verən proseslərə diqqət yetirməli və daxili problemlərin həlli ilə məşğul olmalıdırlar.

Politoloqun sözlərinə görə, Azərbaycan dövlətinə qarşı atılan bu cür addımlar gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Buna görə də başqa ölkələrin nümayəndələri Azərbaycanın qəbul etdiyi qərarları diqqətlə oxumalı və mahiyyətini öyrənməlidirlər.

R. Alıyev vurğulayıb ki, hər hansı qərarda dinlə bağlı müddəaların olub-olmaması məsələsinə ilk növbədə Azərbaycan xalqı özü qiymət verməlidir:“Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, hər kəs öz işi ilə məşğul olmalı, ilk növbədə öz ölkəsində baş verən proseslərə diqqət yetirməli və ölkəsini düşdüyü çətinliklərdən çıxarmağa çalışmalıdır. Bu prinsip bütün ölkələrə aiddir. Hər kəs öz ölkəsinə aid məsələlərlə məşğul olmalıdır.Bu gün Azərbaycana və Azərbaycan dövlətinə qarşı atılan belə addımlar gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Buna görə də digər ölkələrin nümayəndələri Azərbaycan dövlətinin qəbul etdiyi qərarları diqqətlə oxumalı və mahiyyətini öyrənməlidirlər. Əgər həmin qərarlarda dinlə bağlı hansısa müddəa varsa, bunun cavabını Azərbaycan xalqının özü verəcək. Azərbaycan xalqı öz dövlətindən tələb etmək hüququna və imkanına malikdir. Əgər hər hansı qərarda dini məsələlərə və dini geyimlərin qadağan olunmasına dair müddəalar olarsa, xalqımız bunu özü müzakirə edər və zəruri hesab etdiyi halda həmin qərarların dəyişdirilməsini tələb edə bilər.Ancaq başqa bir ölkənin bloqeri, siyasi partiya nümayəndəsi və ya dövlət adamı Azərbaycan xalqının əvəzinə qərar verə bilməz. Azərbaycan xalqı öz qərarlarını özü verir və həmin qərarların arxasında dayanır”.

Politoloq qeyd edib ki, Mərkəzi Asiyanın bir sıra ölkələrində, o cümlədən Qazaxıstan, Türkmənistan və Tacikistanda məktəbli geyimi ilə bağlı müəyyən qaydalar tətbiq olunur.Bu qaydalar dini mənsubiyyətdən asılı olmayaraq, bütün şagirdlərə eyni yanaşmanı nəzərdə tutur. Məqsədlərdən biri də uşaqlar arasında ailələrin maddi imkanlarından irəli gələn geyim fərqlərini aradan qaldırmaqdır.

Ramiz Alıyevin sözlərinə görə, belə məsələlərdən süni qalmaqal yaratmaq üçün istifadə etmək düzgün deyil:“Bu gün Mərkəzi Asiya ölkələrində, o cümlədən Qazaxıstan, Türkmənistan, Tacikistan və digər dövlətlərdə də məktəbli geyimi ilə bağlı müəyyən qaydalar mövcuddur. Burada söhbət təkcə İslam dininə mənsub insanlardan getmir. Xristian, yəhudi və ya başqa dinə mənsub olmasından asılı olmayaraq, bütün uşaqlara eyni yanaşma tətbiq edilir. Əsas məsələ məktəbli geyiminin vahid olmasıdır.Bu qaydaların məqsədlərindən biri də sosial vəziyyəti zəif olan ailələrin uşaqları ilə maddi imkanları yüksək olan ailələrin uşaqları arasında geyim fərqinin aradan qaldırılmasıdır. Yəni, imkansız ailələrin uşaqlarının daha sadə, imkanlı ailələrin uşaqlarının isə daha bahalı geyimlərlə məktəbə gəlməsinin yaratdığı fərqlərin qarşısı alınır. Buna görə də xırda bir məsələni böyüdərək geniş rezonans doğuran mübahisəyə çevirməyin heç bir əsası yoxdur”.

R. Alıyev vurğulayıb ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərarlar xalqın gələcəyini və milli maraqlarını nəzərə alır.Azərbaycan dost, qardaş, əməkdaşlıq etdiyi və tərəfdaş hesab etdiyi ölkələrin maraqlarına hörmətlə yanaşsa da, daxili qərarlarını öz xalqının və gələcək nəsillərinin maraqlarına uyğun şəkildə müəyyən edir.Müxtəlif ölkələrin qərarları ilə bağlı mübahisələr yarana bilər, lakin Azərbaycan xalqının mədəniyyəti və dünyagörüşü süni qalmaqallar yaratmağa əsas vermir:“Bu gün Azərbaycan dövlətinin qəbul etdiyi qərarlar xalqımızın gələcəyini düşünən və milli maraqlarımıza xidmət edən addımlardır. Hesab edirəm ki, Azərbaycan dövləti öz xalqının mənafeyini əsas götürərək qərarlar qəbul edir. Biz dost, qardaş, əməkdaşlıq etdiyimiz və tərəfdaş hesab etdiyimiz ölkələrin maraqlarına hörmətlə yanaşırıq. Ancaq daxili qərarlarımızı öz xalqımızın və gələcək nəsillərimizin maraqlarına uyğun şəkildə müəyyən edirik. Bunu hər kəs bilməlidir.Əgər araşdırma aparsaq, müxtəlif ölkələrin öz xalqının və dövlətinin gələcəyi baxımından mübahisə doğuran qərarlar qəbul etdiyini görə bilərik. Ancaq bizim xalqımızın mədəniyyəti və dünyagörüşü həmin qərarlarla bağlı süni qalmaqallar yaratmağa imkan vermir. Biz xalq olaraq belə yanaşmaların əleyhinəyik”.

Politoloq bildirib ki, süni şəkildə yaradılan şoular Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə və iki xalq arasında gərginlik yarada bilər.Azərbaycan Nazirlər Kabinetinin qəbul etdiyi qərar məktəblərdə vahid məktəbli geyiminin müəyyənləşdirilməsi və şagirdlərin eyni geyimdə olmasının təmin edilməsi ilə bağlıdır.Bu qayda şagirdlərin sosial vəziyyətindən, dini baxışlarından və ailələrinin maddi imkanlarından asılı olmayaraq, hamısına eyni yanaşmanı nəzərdə tutur:“Birmənalı şəkildə hesab edirəm ki, bu cür addımlar və süni şəkildə yaradılan şoular Azərbaycan-Türkiyə qardaşlığına və dostluğuna zərbə vurur. Bir daha təkrar edirəm ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərar məktəblərdə vahid məktəbli geyiminin müəyyənləşdirilməsi və şagirdlərin eyni geyimdə olmasının təmin edilməsi ilə bağlıdır.Burada əsas məqsəd uşaqların sosial vəziyyətindən, dini baxışlarından və ailələrinin maddi imkanlarından asılı olmayaraq, onların eyni geyimdə məktəbə gəlməsini təmin etməkdir. İstər imkanlı, istərsə də aztəminatlı ailələrin övladları üçün vahid qaydanın tətbiqi nəzərdə tutulur. Azərbaycanda azyaşlıların məktəblərdə müxtəlif təbliğat və siyasi fəaliyyətlərə cəlb edilməsinə də imkan verilməməlidir.Əgər bu məsələyə siyasi prizmadan yanaşsaq, təbii ki, başqa məqamlar da ortaya çıxacaq və həmin məqamlar müəyyən ölkələrin ayrı-ayrı dairələrinin maraqları ilə əlaqələndirilə bilər. Ancaq biz bu cür məsələlərə önəm vermirik. Qısa şəkildə bildiririk ki, öz xalqımızın gələcəyini düşünür, dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən qaydaları nəzərə alaraq, ölkəmizdə də uyğun qaydaların tətbiqinə çalışırıq”.

Ramiz Alıyev qeyd edib ki, məktəblərdə vahid geyim qaydasının tətbiqi uşaqların gələcəkdə fərdi seçim hüquqlarının məhdudlaşdırılması demək deyil.Şagirdlər böyüyüb universitetə daxil olduqdan və müəyyən yaşa çatdıqdan sonra qanun çərçivəsində öz geyimlərini seçməkdə və şəxsi seçimlərini etməkdə sərbəstdirlər:“Uşaqlar böyüyüb universitetə daxil olduqdan və müəyyən yaşa çatdıqdan sonra həm universitet həyatında, həm də digər sosial mühitlərdə qanun çərçivəsində öz istədikləri geyimləri seçə və öz seçimlərini edə bilərlər. Onların bu hüquqlarına ümumi şəkildə qadağa qoyulmur. Söhbət məktəblərdə vahid geyim qaydasından gedir. Vaxtilə Azərbaycanda müəyyən məktəblərin açılması ilə bağlı cəmiyyətimizdə mübahisələr yaşanıb. Həmin dövrlərdə Azərbaycan xalqının milli maraqlarına zərbə vuran addımların qarşısının alınması ilə bağlı müxtəlif mövqelər ortaya qoyulub. Bu gün də bəzi qüvvələr oxşar üsullarla süni şoular yaratmağa çalışırlar. Ancaq bu şouların heç bir əsaslı tərəfi yoxdur. Belə addımlar yalnız dövlətlər və xalqlar arasında münasibətlərin pisləşməsinə, gərginliyin artmasına gətirib çıxara bilər”.

Politoloq sonda vurğulayıb ki, Türkiyə dövləti Azərbaycanla qardaşlıq münasibətlərini nəzərə alaraq, iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək təhqiramiz çıxışlara hüquqi qiymət verməlidir.Qanun pozuntusu olduğu təqdirdə, belə şəxslərin qanun qarşısında cavab verməsi təmin olunmalıdır:“Mən hesab edirəm ki, Türkiyə böyük dövlətdir. Türkiyə ilə Azərbaycan həmişə qardaş ölkələr və qardaş dövlətlər olublar. Düşünürəm ki, Türkiyə dövləti belə məsuliyyətsiz şəxslərin — siyasi partiya nümayəndələrinin, siyasətçilərin, dövlət adamlarının və bloqerlərin təhqiramiz ifadələr işlətməsinə hüquqi qiymət verməli, qanun pozuntusu olduğu təqdirdə onların qanun qarşısında cavab verməsini təmin etməlidir.Bu, Türkiyənin Azərbaycana qardaşlıq münasibətinin nümunəsi ola bilər”, — deyə Ramiz Alıyev bildirib.

Turan Etibaroğlu