Qaynar xətt:

(+99450) 247 90 86

Aydın Mirzəzadə: İlham Əliyevin Naxçıvan siyasəti yeni mərhələyə keçir  

Aydın Mirzəzadə: İlham Əliyevin Naxçıvan siyasəti yeni mərhələyə keçir  

SİYASƏT

61

15.08.2026, 11:53

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri təkcə sosial-iqtisadi inkişaf, infrastruktur və yeni layihələrin təqdimatı ilə məhdudlaşmır. Səfərin proqramına, dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibəyə və səfərdən sonra qəbul edilən qərarlara kompleks şəkildə nəzər saldıqda, onun daha geniş siyasi və geostrateji məzmun daşıdığı görünür.

Bu sözləri Oxu24.com-a  açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri dövlət başçısının bu bölgəyə xüsusi diqqətinin növbəti göstəricisidir. Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın daxili siyasətində mühüm yer tutur və muxtar respublikanın spesifik coğrafi və geosiyasi mövqeyi onun daim diqqətdə saxlanmasını zəruri edir.

“Naxçıvan Azərbaycanın daxili siyasətində həmişə mühüm yer tutub. Təəssüf ki, tarixin müəyyən mərhələsində Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb və tarixi Azərbaycan torpaqlarında başqa dövlət yaradılıb. Buna baxmayaraq, Azərbaycanın mərkəzi hakimiyyəti Naxçıvanı daim diqqətdə saxlamağa çalışıb. Xüsusilə Ulu Öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin hakimiyyəti dövründə Naxçıvanın inkişafına xüsusi diqqət göstərilib. Muxtar respublikanın spesifik vəziyyəti nəzərə alınaraq onun büdcəsinin formalaşmasına Azərbaycanın daxili imkanları hesabına maksimum dəstək verilib, sosial-iqtisadi inkişaf məsələləri diqqətdə saxlanılıb”, – deyə A.Mirzəzadə vurğulayıb.

Deputat Naxçıvanın təhlükəsizliyinin də dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təxribatları Naxçıvan üçün də ciddi təhlükə yaradıb.

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Naxçıvana da çox ciddi şəkildə təsir göstərirdi. Müxtəlif dövrlərdə Naxçıvan istiqamətində hərbi təxribatlar baş verib. Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə onun həyata keçirdiyi siyasət muxtar respublikanın qorunmasında mühüm rol oynadı. Sonrakı mərhələdə də Naxçıvanın təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu”, – deputat bildirib.

A.Mirzəzadənin sözlərinə görə, Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar gələcəkdə mümkün təhlükələrin qarşısının alınmasında mühüm rol oynayıb. O qeyd edib ki, Naxçıvanda hərbi birliklərin yaradılması və sərhədlərin möhkəmləndirilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticələrindən biridir.

Deputat Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılan vəsaitlərin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Prezidentin son səfərindən sonra muxtar respublikanın inkişafı ilə bağlı böyük həcmli vəsaitin ayrılması Naxçıvana dövlət qayğısının növbəti nümunəsidir.

“Səfərin başa çatmasından sonra Naxçıvanın inkişafı üçün 248 milyon manat vəsaitin ayrılması xüsusi əhəmiyyət daşıyır. Bu vəsait müxtəlif istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Buraya məktəblərin və uşaq bağçalarının tikintisi, yaşayış məntəqələrini birləşdirən yolların əsaslı təmiri, kommunal infrastrukturun yenilənməsi və digər layihələr daxildir. Bütün bunlar göstərir ki, Naxçıvan bundan sonra da Azərbaycanın diqqət mərkəzində olacaq”, – deyə A.Mirzəzadə söyləyib.

O bildirib ki, Naxçıvanın inkişafı yalnız sosial məsələlərlə məhdudlaşmır. Muxtar respublikanın strateji coğrafi mövqeyi onun gələcəkdə mühüm logistika və nəqliyyat mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır.

Deputat Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərin də mühüm strateji əhəmiyyət daşıdığını qeyd edib.

“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda yeni nəqliyyat və kommunikasiya imkanları yaranıb. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında da regionda nəqliyyat əlaqələrinin bərpası məsələsi öz əksini tapıb. Hazırda bu istiqamətdə proseslər daha intensiv xarakter alıb”, – deputat deyib.

A.Mirzəzadə Azərbaycanın öz ərazisində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər gördüyünü bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinə qədər uzanan avtomobil və dəmir yollarının yenilənməsi, Naxçıvanda dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi gələcəkdə regional yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

Deputat qeyd edib ki, yeni nəqliyyat imkanlarının yaradılması Naxçıvanın logistika mərkəzinə çevrilməsinə şərait yaradacaq. Bu prosesin anbar, xidmət, mühəndislik və digər sahələrdə yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və regionun iqtisadi potensialının artmasına səbəb olacağı gözlənilir.

“Burada söhbət təkcə Azərbaycanın daxili yükdaşımalarından getmir. Şərqdən, Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin daha sonra Naxçıvan, Türkiyə və Avropa istiqamətində daşınması üçün geniş imkanlar yaranacaq. Naxçıvan gələcəkdə mühüm logistika mərkəzinə çevrilə bilər. Bu isə həm yeni iş yerlərinin yaradılması, həm xidmət sektorunun genişlənməsi, həm də regionun iqtisadi fəallığının artması deməkdir”, – A.Mirzəzadə vurğulayıb.

Deputat enerji sahəsində əməkdaşlığın da regional proseslər baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan elektrik enerjisi istehsalını artıraraq ixrac imkanlarını genişləndirir. Naxçıvanda yeni elektrik stansiyalarının, o cümlədən bərpa olunan enerji layihələrinin həyata keçirilməsi də bu prosesə töhfə verəcək.

“Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkələrdən birinə çevrilir. Naxçıvanda su və günəş elektrik stansiyalarının yaradılması regionun enerji potensialını artırır. Bu, həm Naxçıvanın enerji təminatının gücləndirilməsi, həm də Azərbaycanın elektrik enerjisi ixracının genişləndirilməsi baxımından əhəmiyyətlidir”, – deputat deyib.

A.Mirzəzadə Ermənistanın da regionda yeni nəqliyyat və enerji imkanlarından faydalana biləcəyini qeyd edib. O bildirib ki, regional kommunikasiyaların açılması Ermənistanın uzun müddət davam edən iqtisadi və nəqliyyat blokadasından çıxmasına imkan yarada bilər.

“Ermənistan üçün də bu layihələr mühüm iqtisadi imkanlar yaradır. Nəqliyyat kommunikasiyalarının açılması investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər. Buna görə də regionda kommunikasiyaların bərpası bütün tərəflərin maraqlarına cavab verən mühüm prosesdir”, – A.Mirzəzadə bildirib.

Deputat, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə Naxçıvanın vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsinin əhəmiyyətini vurğulayıb.

“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan ayrı-ayrı bölgələr kimi deyil, Azərbaycanın vahid sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissələri kimi inkişaf etdirilə bilər. Azərbaycanın bunun üçün kifayət qədər imkanları və resursları var. Əsas məqsəd həmin imkanlardan səmərəli istifadə edərək regionların iqtisadi potensialını daha da artırmaqdır”, – deyə deputat qeyd edib.

A.Mirzəzadə Azərbaycanın qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, neft və qazdan əldə olunan gəlirlərin infrastrukturun, insan kapitalının, kənd təsərrüfatının və digər sahələrin inkişafına yönəldilməsi ölkənin iqtisadi dayanıqlığının artırılmasına xidmət edir.

O əlavə edib ki, bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanın gələcək enerji strategiyasında mühüm yer tutur. Günəş və digər alternativ enerji layihələrinin genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə, həm də karbohidrogen ehtiyatlarının daha çox ixrac edilməsinə imkan yarada bilər.

“Prezident İlham Əliyevin Naxçıvana səfəri çox uğurlu keçdi. Səfər bir daha göstərdi ki, Azərbaycanın inkişaf strategiyası bütün istiqamətləri əhatə edir. Naxçıvanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, nəqliyyat və enerji infrastrukturu, kənd təsərrüfatı və digər sahələr dövlətin diqqətindədir. Əminəm ki, bundan sonra da Naxçıvanda yeni layihələrin həyata keçirilməsi və onların nəticələrinin cəmiyyətə təqdim olunması ilə bağlı xəbərləri görəcəyik”, – deyə A.Mirzəzadə əlavə edib.

Turan Etibaroğlu