Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan bu kəndi Azərbaycana qaytarmağa hazırlaşır? — Mühüm MƏQAMLAR  

Ermənistan bu kəndi Azərbaycana qaytarmağa hazırlaşır? — Mühüm MƏQAMLAR  

SİYASƏT

53

16.07.2026, 21:03

Azərbaycan və Ermənistan arasında müharibədən sonra münasibətlərin bərpası, sülh müqaviləsinin imzalanması və delimitasiya-demarkasiya prosesi regionun əsas gündəm mövzusu olaraq qalır. Bu çərçivədə Ermənistan Baş naziri Nikol Paşinyanın seçkidən sonra ilk dəfə anklav və eksklav məsələsinə toxunaraq, bu problemin delimitasiya prosesində həll edilməli olduğunu vurğulaması diqqət çəkib. Erməni ictimaiyyəti və mediası bu açıqlamanı vaxtilə azərbaycanlıların yaşadığı Nüvədi kəndinin Azərbaycana geri qaytarılacağının ilkin anonsu kimi qiymətləndirir. Bu məsələnin pərdəarxasını və delimitasiya prosesinin gələcəyini şərh edən politoloq Tofiq Abbasov Oxu24.com-a mühüm açıqlamalar verib.

Politoloq Tofiq Abbasov qeyd edib ki, əgər tərəflər sülhə doğru hərəkət edirsə, bütün mübahisəli məqamlar masaya yatırılmalıdır:

"Əgər münasibətlərin bərpası, barışıq və sülh müqaviləsi gündəmdədirsə, biz də bu istiqamətdə hərəkətimizi davam etdiririksə, deməli, bütün ağrılı məsələlər əvvəlcə müzakirə olunmalı və onlarla bağlı konsensus yaradılmalıdır. Sovet dövründən bəri Azərbaycan və Ermənistanın sərhədlərinin haradan başlayıb harada bitdiyi bəllidir. Bəli, orada eksklavlar da var, anklavlar da var”.

Keçmişdəki təsərrüfat fəaliyyətlərinə və yaşayış məntəqələrinə toxunan politoloq, keçmişə eyni şəkildə qayıtmağın qeyri-mümkün olduğunu vurğulayıb:

"Vaxtilə Ermənistan ərazisinin dərinliyində olan, azərbaycanlıların yaşadığı məntəqələrdə birtərəfli şəkildə təsərrüfat fəaliyyəti inkişaf etdirilirdi. Bizim tərəfdə də onlara aid xüsusi məntəqələr var idi. Amma reallıq budur ki, keçmişə birbaşa qayıdışımız olmayacaq, çünki ab-hava dəyişib. Nifrət və qan amili öz rolunu oynayıb. Buna baxmayaraq, biz artıq o sərt və ağrılı dövrü bitirməliyik. Bu baş verməsə, real barışıq olmayacaq və vaxtaşırı eyni ağrılı məqamları yenidən yaşamalı olacağıq”.

Tofiq Abbasov Paşinyanın tez-tez dəyişən siyasi manevrlərinə və Nüvədi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Nüvədi kəndi tarixi cəhətdən Azərbaycan üçün xüsusi önəm kəsb edir:

"Nikol Paşinyanın tez-tez siyasi rəqslərə varmaq kimi bir xüsusiyyəti var — bir ayağından o biri ayağına tullanır və həm öz cəmiyyətində, həm də xarici aləmdə qeyri-adi bir konyuktura formalaşdırmağa çalışır. Hər məsələdən sensasiya düzəltmək düzgün deyil. Bəli, siyasi aləmdə PR mühüm rol oynayır, amma hər bənd buna alət edilə bilməz.

Nüvədi məsələsinə gəldikdə isə, bəli, bu bizim üçün çox önəmlidir. Çünki orada əzəli vaxtlardan azərbaycanlılar yaşayıb. Ermənistan tərəfinin də özünəməxsus arqumentləri ola bilər, lakin bu o demək deyil ki, biz cəmiyyətə sarsıdıcı məlumatlar ötürməklə onu gərgin gözləntilərə sövq etməliyik”.

Politoloq iki ölkə arasındakı daxili vəziyyəti müqayisə edərək, Bakı ilə İrəvan arasında artıq dialoqun başlandığını və məsələlərin işçi qaydada həll edilməli olduğunu bildirib:

"Bakı ilə İrəvan arasında dialoq rəsmən başlanıb. Bəzi məsələlər üzrə danışıqlarla bağlı ümumi baxışlar mövcuddur. Deməli, artıq hər şeyi işçi qaydada həll etmək lazımdır. Azərbaycanın daxili ictimai-siyasi durumu Ermənistandakından köklü surətdə fərqlənir. Onlar seçkilərdən yeni çıxsalar da, ölkədə hələ də qeyri-stabillik, daxili qarşıdurma və terror elementləri özünü büruzə verir. Xarici qüvvələrin Ermənistanın daxili proseslərinə necə reaksiya verdiyini, bəzən Azərbaycanın adını yerli-yersiz hallandırdığını görürük”.

Tofiq Abbasov vurğulayıb ki, Paşinyan bütün bu çətinliklərə rəğmən Azərbaycanın maraqlarını və regionda yaratdığı əlverişli şəraiti qiymətləndirməlidir:

"Paşinyan mahir siyasətçi olmasa da, bu elementlərdən yararlanmağa çalışır. Amma onun hazırda əsas vəzifəsi Azərbaycanla münasibətlərdə gərginliyi artırmaq yox, əksinə, gərgin məqamların üstünü örtmək olmalıdır. Çünki rəsmi Bakı Ermənistan üçün sülh müqaviləsi olmasa belə, əlverişli vəziyyət yaradır — tranzitləri açır, müxtəlif məsələlərdə konstruktiv yanaşma nümayiş etdirir”.

Müsahibimiz hazırda Nikol Paşinyanın ən etibarlı müttəfiqi kimi məhz Azərbaycan faktoru çıxış etdiyini qeyd edib:

“Biz güclü tərəf kimi Ermənistana sülh və regional əməkdaşlıq dəstəyimizi əsirgəmirik. Ermənistan bu proseslərdən məntiqli nəticə çıxarmalı, suistifadələrdən uzaq olmalı, verdiyi vədlərə əməl etməli və Azərbaycanın dəyərini bilməlidir. Bu məsuliyyət olmasa, nə delimitasiya, nə də demarkasiya məsələləri həllini tapmayacaq. Azərbaycan öz siyasəti ilə göstərir ki, biz “örtülü bazar” oyununu inkar edirik, Paşinyan da bundan nümunə götürməlidir”,- deyə o fikrini tamamlayıb. 

Çimnaz Telmanqızı