Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?

ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?

SİYASƏT

139

16.07.2026, 13:27

Konstantin Sokolov təyinatı pərdəarxası razılaşmadır, yoxsa biznes qərarı? — ŞƏRH

ABŞ Dövlət Departamenti tərəfindən Zəngəzur dəhlizində həyata keçiriləcək nəhəng tikinti işləri üçün yaradılan “TRIPP+ Enterprise Fund” fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub.

Bu təyinat region ölkələrində, xüsusilə Rusiyanın geosiyasi təsir imkanlarının güclü olduğu post-Sovet məkanında müəyyən suallara və şaiyələrə yol açıb.

Bəzi siyasi dairələrdə bu addım Moskva və Vaşinqton arasında pərdəarxası koordinasiya siqnalı kimi qiymətləndirilsə də, prosesin pərdəarxası daha çox iqtisadi və strateji maraqlara dayanır. 201 milyon dollarlıq bu fond Cənubi Qafqaz və Mərkəzi Asiyada özəl sektorun strateji inkişafını, o cümlədən mühüm kommunikasiya layihələrini stimullaşdırmaq məqsədi daşıyır. Ermənistanın ən böyük telekommunikasiya şirkəti olan “Viva Armenia”nın əsas səhmdarı olan Sokolovun bölgəni yaxından tanıması onun bu vəzifəyə gətirilməsində əsas amillərdən biri hesab olunur. Bəs, Rusiya əsilli investorun bu layihəyə rəhbərlik etməsi həqiqətən Moskva ilə Vaşinqton arasında gizli razılaşmanın göstəricisidir, yoxsa sırf praqmatik biznes seçimidir?

Mövzu ilə bağlı Oxu24.com-a danışan siyasi şərhçi Müşfiq Abdulla məsələnin görünməyən tərəflərinə işıq salıb:

"Rusiya əsilli Konstantin Sokolovun “TRIPP+ Enterprise Fund” fonduna rəhbər təyin edilməsi sırf kommersiya xarakterli qərardır və bunun Vaşinqton və Moskva arasındakı siyasi münasibətlərə heç bir aiddiyyatı yoxdur. Sokolov ABŞ vətəndaşıdır, Çikaqoda yaşayır və bu vəzifəyə təyin edilməsində onun ABŞ Prezidenti Donald Trampla yaxın münasibətləri mühüm rol oynayıb. Hətta Konstantin Sokolov Trampın irəli sürdüyü Ağ Evin “Bal zalı” layihəsinə 350 milyon dollar ianə köçürmüş böyük sərvət sahiblərindən biridir”.

Şərhçinin sözlərinə görə, onun “Tramp marşrutu” layihəsinə rəhbər təyin edilməsi isə tamamilə onun böyük investor və kommunikasiyalar üzrə beynəlxalq səviyyəli mütəxəssis olması ilə bağlıdır:

Sadəcə olaraq, Sokolovun Rusiya əsilli olması bu təyinatın guya Moskvanın maraqlarının nəzərə alınmasına dair şaiyələrə rəvac verib:

“Rusiyanın geosiyasi təsirinin güclü olduğu post-Sovet ölkələrində belə şaiyələrin yayılması gözləniləndir, hətta bu cür siyasi nağılların Ermənistanda da səslənəcəyini təxmin etmək çətin deyil”.

Müşfiq Abdulla Zəngəzur dəhlizinin gələcək statusuna və fəaliyyətinə gəlincə qeyd edib ki, bu məsələ artıq həm 2025-ci il avqustun 8-də qəbul edilmiş Vaşinqton Bəyannaməsi, həm də Ermənistan və ABŞ arasında imzalanmış ikitərəfli müqavilərlə konkret şəkildə müəyyən edilib:

“TRIPP” layihəsində Rusiyanın heç bir yeri yoxdur. Rusiya Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək üçün müxtəlif siyasi variasiyalar edir — Kreml gah dəhlizin açılmasına qarşı çıxır, gah da payçı kimi dəhlizin idarə olunmasında iştirak etmək istəyir. Lakin bütün hallarda ABŞ və Ermənistan buna razı deyil. Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanın da milli maraqlarına cavab vermir”.

O vurğulayıb ki, Sokolovla bağlı deyilənlər daha çox konspiroloji məzmun daşıyır:

“Unutmaq lazım deyil ki, Sokolov Rusiya əsilli olsa da, vətəndaşı olduğu ABŞ-nin maraqlarından çıxış edir. O, “TRIPP Enterprise Fund”ın rəhbəri olmaqla yanaşı, eyni zamanda ABŞ Dövlət Departamentinin yeni Sahibkarlıq Fondunun direktoru təyin edilib. Rusiyanın maraqlarına xidmət edən bir şəxsə belə strateji vəzifəni əsla həvalə etməzlər. Dövlət Departamentinin rəsmi açıqlamasından da məlum olur ki, ABŞ perspektivdə Orta dəhlizin inşası, idarə edilməsi və ona nəzarət strategiyasının həyata keçirilməsində maraqlıdır və bu prosesə rəhbərliyi təcrübəli mütəxəssis kimi Konstantin Sokolova tapşırıb”.

Sonda siyasi şərhçi əlavə edib ki, sözügedən 201 milyon dollarlıq fond Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla Cənubi Qafqaz və Orta Asiyada özəl sektorun strateji inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulub. Bura qiymətli kağızlar, investisiyalar, səhm kapitalı və qrantların təmin edilməsi aiddir. Sokolov həmçinin Avropa ilə Afrika arasında təmiz enerji sualtı kabeli və fiber-optik rabitə layihəsini həyata keçirən “Şimal Enerji Dirəyi” konsorsiumunda yüksək vəzifə tutur. Yəni o, kommunikasiyaların idarə edilməsi və kommersiyası sahəsində olduqca yüksək biliyə malikdir.

“Konstantin Sokolovun eyni zamanda, Ermənistanda da investor kimi fəaliyyət göstərməsi bu təyinatda böyük rol oynayıb. Belə ki, Konstantin Sokolov Ermənistanın ən böyük telekommunikasiya şirkəti olan “Viva Armenia”nın əsas səhmdarıdır. Məhz bu səbəbdən Tramp administrasiyası Ermənistan ərazisindən keçəcək və onu digər regionlarla birləşdirəcək bu mühüm kommunikasiya layihəsinin qurulmasını həm Ermənistanı, həm də bütövlükdə bölgəni yaxşı tanıyan təcrübəli investora həvalə edib”,- deyə M.Abdulla bildirib. 

Çimnaz Telmanqızı