Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın Aİİ-yə üzvlüyü gündəmdə: Politoloq mövcud reallıqları açıqladı  

Azərbaycanın Aİİ-yə üzvlüyü gündəmdə: Politoloq mövcud reallıqları açıqladı  

SİYASƏT

62

01.07.2026, 23:06

Rusiya mediasında son dövrlər Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması məsələsi yenidən gündəmə gətirilib. Şimal mətbuatında yer alan iddialara görə, rəsmi Bakının bu quruma daxil olması üçün artıq heç bir əsas maneə qalmayıb.

Bu cür iddiaların müəllifləri öz fikirlərini onunla əsaslandırmağa çalışırlar ki, Azərbaycan uzun illər torpaqlarının Ermənistan tərəfindən işğal olunması səbəbindən Aİİ-yə üzvlüyünü qeyri-mümkün hesab edirdi. İndi isə Azərbaycan öz ərazilərini azad edib və regionda faktiki sülh şəraiti mövcuddur. Onların qənaətinə görə, bununla da rəsmi Bakının ittifaqa qoşulmasının qarşısındakı ən böyük əngəl aradan qalxmış olur.

Bəs bu iddialar nə dərəcədə əsaslıdır?

Azərbaycanın bu ittifaqdan kənarda qalması məgər yalnız torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı iləmi bağlı idi, yoxsa pərdəarxasında daha dərin geosiyasi və iqtisadi səbəblər dayanır?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Azad Məsiyev məsələnin pərdəarxası məqamlarına və mövcud reallıqlara işıq salıb.

Politoloq xatırladıb ki, Avrasiya İqtisadi Birliyi (Aİİ) təsis olunarkən Azərbaycana da bu quruma daxil olmaqla bağlı müraciətlər edilmişdi. Lakin həmin dövrdə ölkəmizin bu təklifdən imtina etməsi birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə bağlı idi:

“Avrasiya İqtisadi Birliyinin əsasnaməsinə görə, bu birliyə daxil olan dövlətlərin sərhədləri açıq olmalıdır. Biz isə Ermənistanla müharibə şəraitində idik və belə bir vəziyyətdə sərhədlərimizin açıq olması qeyri-mümkün idi. Bu baxımdan, Azərbaycan o dövrdə ittifaqa daxil olmadı”.

“Sülh müqaviləsi imzalanmayıb, maneələr qalır”

Azad Məsiyev rəsmi Moskvada bəzi dairələrin məsələyə birtərəfli yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü bərpa etsə də, Ermənistanla münasibətlər tam tənzimlənməyib:

“Rusiya tərəfi elə düşünür ki, artıq Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamadığı üçün problem yoxdur. Lakin faktiki olaraq iki ölkə arasında sülh sazişi hələ də imzalanmayıb. 

Sülh sazişinin mətni razılaşdırılsa belə, Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayan, torpaqlarımıza iddia edən məqamlar var. Bu baxımdan, sülh sazişi imzalanmadığı və Ermənistan bu qurumun üzvü olduğu halda, Azərbaycanın ittifaqda təmsilçiliyi sual doğurur”.

Politoloq qeyd edib ki, Azərbaycan hər hansı bir bloka daxil olmadan da Aİİ üzvləri ilə yüksək səviyyəli əlaqələr qurmağı bacarır. Rəsmi Bakı xarici siyasətdə balanslaşdırma və neytrallıq xəttinə sadiqdir:

“Azərbaycan istər Rusiya və Belarus, istərsə də ittifaqa daxil olan Mərkəzi Asiya respublikaları ilə həm iqtisadi, həm də siyasi sahədə yüksək səviyyəli ikitərəfli münasibətlərə malikdir. Ölkəmiz heç bir hərbi-siyasi bloka qoşulmur və öz neytrallığını qoruyur. Eyni zamanda, Avropa Birliyinin 10-a yaxın dövlətinin enerji təhlükəsizliyini təmin edərək qlobal miqyasda balanslaşdırıcı rol oynayır”.

Azad Məsiyev dövlət başçısının yürütdüyü strateji kursun milli maraqlara əsaslandığını bildirib:

“Azərbaycan Prezidentinin məşhur bir sözü var: “Biz nəyi, haçan və necə edəcəyimizi gözəl bilirik”. Cənab Prezident dövlətin və millətin maraqlarını, iqtisadi və siyasi suverenliyimizi nəzərə alaraq real addımlar atır”.

Politoloq əlavə edib ki, Rusiyada milyonlarla soydaşımızın yaşaması və onların iqtisadi fəaliyyətinin rahatlığı üçün müəyyən addımların atılması mümkündür. Lakin ümumilikdə Aİİ-yə daxil olmaq məsələsi həm siyasi, həm də iqtisadi baxımdan dərindən təhlil edilməlidir:

“Əgər bu birliyə daxil olmaq bizim iqtisadi və siyasi suverenliyimizə xələl gətirməyəcəksə, gələcəkdə bu məsələ müzakirə oluna bilər. Amma indiki məqamda, Ermənistanla sülh sazişi imzalanmadığı müddətcə, Azərbaycanın bu ittifaqa daxil olması real görünmür və dövlət başçısı reallıqları nəzərə alaraq ən doğru addımı atacaqdır”.

Çimnaz Telmanqızı