Qaynar xətt:

(+99450) 247 90 86

İsrailin bu addımı Türkiyəyə siyasi mesajdır”: ŞƏRH  

İsrailin bu addımı Türkiyəyə siyasi mesajdır”: ŞƏRH  

SİYASƏT

62

30.06.2026, 21:17

Xəbər verdiyimiz kimi, İsrail hökuməti qondarma “erməni soyqırımı”nın rəsmi tanınması ilə bağlı təklifi yekdilliklə təsdiqləyib. Hökumətin bu qərarından sonra sənədin yaxın günlərdə İsrail parlamenti – Knessetdə müzakirəyə çıxarılması və səsverməyə qoyulması gözlənilir. Rəsmi Təl-Əvivin bu addımı regionda böyük rezonans doğurmaqla yanaşı, layihənin arxasında hansı siyasi və geosiyasi maraqların dayandığı sualını aktuallaşdırıb.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Müşfiq Abdulla İsrail hökuməti tərəfindən atılan bu addımın pərdəarxası məqamlarını, onun daxili və xarici siyasi təsirlərini ətraflı şərh edib.

O, ilk olaraq vurğulayıb ki, İsrail hökumətinin son illər dırnaqarası “erməni soyqırımı” məsələsini gündəmə gətirməsi birinci dəfə baş vermir. 

Siyasi şərhçi xatırladıb ki, hələ ötən il – 2025-ci ilin avqust ayında İsrailin Baş naziri Benyamin Netanyahu 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri dırnaqarası "erməni soyqırımı" adlandırmışdı. O, qatıldığı bir podkast proqramında İsraildə bu uydurmanı tanıyan ilk şəxs olduğunu iddia edən ifadələr işlətmişdi ki, bu da həmin dövrdə Türkiyənin ciddi narazılığına səbəb olmuşdu.

Müşfiq Abdullanın sözlərinə görə, məsələnin ən diqqətçəkən tərəflərindən biri Ermənistan hökumətinin bu mövzuya yanaşmasıdır:

“Həm ötən il Netanyahunun çıxışı zamanı, həm də hazırkı proseslərdə Nikol Paşinyan hökuməti İsrailin bu addımlarına müsbət yanaşmayıb və öz etirazını bildirib. Rəsmi İrəvan İsrail rəsmilərinin bu cür çıxışlarını daxili və xarici siyasi manipulyasiya aləti kimi qiymətləndirib”.

Siyasi şərhçi qeyd edir ki, İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən bu məsələnin yenidən gündəmə gətirilməsi Ermənistana olan hansısa rəğbətdən qaynaqlanmır. Ermənistanın və ya uydurma iddiaların İsrailin xarici siyasətində heç bir strateji əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq Türkiyə ilə mövcud olan gərgin münasibətlər fonunda rəsmi Ankaraya qarşı yönəlmiş bir təzyiq mesajı və siqnalıdır.

Lakin bu cür zəif düşüncəli siyasətçilərin cəhdləri ciddi nəticə verməyəcək. Çünki İsrail dövləti anlayır ki, ona regionda Türkiyə kimi böyük bir güc mərkəzi ilə tam düşmənçilik etmək yaramır. Eyni zamanda, Azərbaycan kimi etibarlı, müsəlman bir müttəfiqlə münasibətləri korlamaq və soyuqluq yaratmaq Təl-Əvivin maraqlarına tamamilə ziddir:

“Münasibətlərdə yarana biləcək hər hansı soyuqluq yalnız İsrailin düşməni olan İran rejiminin əlində güclü bir təbliğat vasitəsinə çevrilə bilər. Həmişə düşmənçilik toxumu səpməyə çalışan rəsmi Tehran bu fürsətdən dərhal istifadə edərək İsrail ilə Azərbaycanın arasını vurmağa, münasibətlərdə qarşıdurma yaratmağa cəhd göstərəcək”.

M.Abdulla layihənin daxili siyasi tərəflərinə də toxunaraq bildirib ki, qarşıdan gələn oktyabr ayında İsraildə parlament – Knesset seçkiləri keçiriləcək:

“İsraildəki bəzi dairələr bu sənəd vasitəsilə ölkədə və xüsusən də Qüdsdə yaşayan ermənilərin səsini, dəstəyini qazanmaq üçün siyasi spekulyasiya edirlər.

Bununla belə, ideya müəllifləri mühüm bir faktı nəzərə almalıdırlar ki, İsraildə və Qüdsdə məskunlaşan ermənilər tarixən yəhudilərə qarşı həmişə düşmən münasibət bəsləyiblər. Onlar yəhudiləri həmin torpaqlardan çıxarmağa çalışıb, yəhudilərin yaşadığı məhəllələrə qarşı əsassız ərazi iddiaları irəli sürüb və son illərdə dəfələrlə Qüdsdə toqquşmalar törədiblər. Ən əsası isə, bu icma regionda hər zaman Hizbullah terror qruplaşmasına və İran rejiminə açıq dəstək nümayiş etdirib. Odur ki, normal təfəkkürlü heç bir siyasətçi bu addımı atmamalıdır”.

Sənəd Knessetdən keçəcəkmi?

Müşfiq Abdulla bəyan edib ki, hökumət səviyyəsində layihə yekdilliklə təsdiqlənsə də, o, parlament mərhələsində uğursuzluğa düçar olacaq. Şərhçi əmindir ki, İsrail dövlətinin rasional regional maraqları və strateji tərəfdaşlıq reallıqları fonunda bu təklif Knesset tərəfindən qəbul edilməyəcək və İsrail rəsmən dırnaqarası soyqırımını tanımayacaq.

 

Çimnaz Telmanqızı