Bir neçə gündür yerli mətbuatda həbs olunduğu deyilən “biznes lady”,Mak Marin LTD şirkətinin rəhbəri Mətanət Süleymanzadə haqqında yazılanlara ilk dəfə cavab verib.
Oxu24.com saytına özəl müsahibə verən şirkət rəhbəri onun həbs olunması xəbərinin kökündən yalnış olduğunu bildirib.
- Mətanət xanım, şirkətiniz ətrafında nə baş verir?
- “Mak Marin LTD” şirkəti hər zaman sıfırda olan vətəndaşların yanında olub. Bizim şirkət vətəndaşları ixtisaslaşdırıb, müəyyən layihələrə yönləndirib. Məqsədimiz sıfırda olan vətəndaşlara ixtisas verib, işə yönləndirməkdir. Şirkəti yaradanda məqsədimiz yerli mütəxəssislərin hazırlanması idi. Bizim əsas fəaliyyətimiz Dövlətimizin apardığı uğurlu siyasətə dəstək olmaqdır.
Bizim şirkət qanuni olaraq fəaliyyət göstərir. Biz vergi ödəyicisiyik. Buna görə də, bizim vasitəmizlə kurslara gedən və sertifikat alan vətəndaşlardan Dövlət rüsümu alınırdı. Bu rəsmi ödəniş çeki ilə ödənilən pullardır. Çünk i biz özümüz –özümüzü maliyyələşdirən şirkətik. Vətəndaşlara rəsmi şəkildə ödədiyi dövlət rüsumuna görə çeklər verilib. Burada qanundan kənar bir şey yoxdur.
- Həmin məbləğin miqdarı nə qədərdir?
- Bu məbləğ veriləcək sertifikatdan fərqli olaraq 200-500 manat aralığında dəyişib. Bir daha qeyd edim ki, vətəndaşdan qəbul olunan həmin rəsmi dövlət rüsumu 200-500 manat aralığında dəyişir. Bütün bunlar Vergilər Nazirliyinin nömrələnmiş çekləri verilməklə qəbul edilib.
- Mətbuatda vətəndaşlardan külli miqdarda pul alıb aldadıldığ yazılır. Burada söhbət 5000 -6000 məbləğdən gedir. Bu pulu kim alıb vətəndaşlardan?
- Mən bu ilin əvvəlində tam təsadüf nəticəsində bir vətəndaşı dindirdim.Vətəndaş mənim qəbulumda olanda dedi ki, fəhləlik işinə düzəlmək üçün 3 min manat pul verib. Bu sözü eşidəndə şoka düşdüm. Həmin vətəndaşın sözündən sonra şübhələndim və bu sözün haradan qaynaqlandığını araşdırmağa başladım. Gördüm ki, müəyyən şəxslər mənim adımdan istifadə edərək vətəndaşlardan böyük məbləğdə pul alaraq işə düzəltmək adı ilə bizə yönləndiriblər. Onlar vətəndaşlara tapşırıblar ki, mənim yanıma gələndə pul verdiklərini deməsinlər.
Mən bir siyahı ələ keçirdim. 21 nəfər vətəndaşdan 93 min manat pul alınıb.
Mən bu adamların kim olduğunu müəyyən etmək üçün Nərimanov Rayon Prokurorluğuna rəsmi ərizə ilə müraciət etmişəm. Vətəndaşları aldadıb mənim adımdan istifadə etməklə pul alan şəxslər arasında bizim ofisdə çalışmış və onlarla əlaqəyə girmiş kənar şəxslərin də əli var. Bütün bunlara hüquq mühafizə orqanları hüquqi qiymət verəcək.
- Yerli media sizdən kütləvi şəkildə şikayət olunduğunu və Sizin həbs olunmağınızı yazdı. Buna cavabınız necədir?
- Çox təəssüf edirəm ki, yerli media araşdırmadan, həqiqətin kökünü tapmadan bu informasiyanı yazdı. İlk dəfə olaraq ATV kanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev heç bir araşdırma aparmadan mənim haqqımda efirdə fikirlər səsləndirdi. Onlar hətta məni “dələduz” belə adlandırdı.Zaur Baxşəliyevin diqqətinə çatdırım ki, bu ölkənin məhkəmə sistemi var. Kimin dələduz, cinayətkar olmasını hüquq-mühafizə orqanları müəyyən edir. Bu Zaur Baxşəliyevin verəcəyi qərar deyil. Həmin veriliş efirə getdiyi zaman mənə çoxaylı zənglər gəldi. Çıxılmaz vəziyyətə düşüb intihara cəhd etdim. Qolumu kəsdim. Onlar məni ölüm həddinə qədər çatdırdı. Buna görə də Nərimanov Rayon Prokurorluğuna rəsmi şikayət ərizəsi ilə müraciət etmişəm. Maraqlıdır ki, vətəndaşların heç biri mənə pul verdiyini demir. Çünki mən vətəndaşdan pul almamışam. Pulu məndən xəbərsiz müəyyən adamlar alıb. İndi araşdırma getdiyindən mən adları açıqlamıram. Hamısını hüquq-mühafizə orqanları araşdırır.
- Şirkət rəhbəri olaraq aldadılan vətəndaşlara sözünüz nədir?
- Mən aldadılan hər bir vətəndaşın yanındayam. Vətəndaşı aldadıb pulunu alan şəxslərin cəzalandırılmasının və vətəndaşlara vurulan zərərin ödənilməsini o şəxslərdən tələb edəcəm. Mən bu işdə hüquq-mühafizə orqanlarından kömək istəyirəm. Ölkəmizdə kifayət qədər peşəkar hüquq-mühafizə orqanları əməkdaşları var. İnanıram ki, hər bir detal araşdırılacaq.
ŞƏRHLƏR