Qaynar xətt:

(+99450) 247 90 86

Xəzərdə görünməyən təhlükə: Mütəxəssislərdən vacib xəbərdarlıq  

Xəzərdə görünməyən təhlükə: Mütəxəssislərdən vacib xəbərdarlıq  

REDAKTORUN SEÇİMİ

266

29.06.2026, 15:17

Yay mövsümünün başlaması ilə minlərlə insan sərinləmək və istirahət etmək üçün Xəzərin sahillərinə üz tutur. Lakin çimərlik mövsümü yalnız istirahət və əyləncə ilə deyil, həm də ekoloji təhlükəsizlik məsələləri ilə gündəmə gəlir. Xəzər dənizi uzun illərdir məişət və sənaye tullantıları, çirkab suları, eləcə də sahilyanı ərazilərdə ekoloji nəzarətin yetərli olmaması səbəbindən müxtəlif çirklənmə problemləri ilə üzləşir.

2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.

Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib. Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb. Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.

Bu barədə Oxu24.com-a danışan ekoloq Rövşən Abbasovun  sözlərinə görə, Bakı və Abşeron yarımadasında Xəzər dənizinin çirklənməsi ilə bağlı problemlər hələ də qalmaqdadır:

“Bir sıra ərazilərdə təmizlənməmiş çirkab sularının dənizə axıdılması halları müşahidə olunur. Buna görə də vətəndaşlar çimərliyə üz tutarkən aidiyyəti qurumların tövsiyələrinə ciddi əməl etməlidirlər. Xüsusilə hansı ərazilərdə çimməyin təhlükəsiz, hansı yerlərdə isə qadağan olunduğuna diqqət yetirilməlidir.

Abşeron yarımadasının bütün sahillərində dənizə girmək doğru deyil. Bu, həm ekoloji və sanitar baxımdan, həm də təhlükəsizlik nöqteyi-nəzərindən risk yarada bilər. Son illərdə Abşeron yarımadasında fəaliyyət göstərən ictimai çimərliklərin sayı artıb. Bu çimərliklərin yerləşdiyi ərazilərdə suyun vəziyyəti qənaətbəxş hesab olunur və vətəndaşlar həmin məkanlardan istifadə edə bilərlər. Bundan əlavə, ictimai çimərliklərdə təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təşkil olunur, xilasedici xidmətlər fəaliyyət göstərir və giriş hamı üçün ödənişsizdir.

Vətəndaşlar çimərliklərdə ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirməlidirlər. Mümkün qədər birdəfəlik plastik qablardan və plastik torbalardan istifadə edilməməli, təkrar istifadə oluna bilən əşyalara üstünlük verilməlidir. Məsələn, su qablarını yenidən dolduraraq istifadə etmək olar. İnsanlar öz davranışları ilə tullantıların həcmini azaltmağa çalışsalar, həm çimərliklərin təmiz saxlanmasına, həm də Xəzər dənizinin ekoloji vəziyyətinin qorunmasına töhfə vermiş olarlar”.

Oxu24.com-a danışan ekoloq Sadiq Həsənov  bildirib ki, Xəzər sahillərində ən çox çirklənmiş ərazilər sırasında Hövsan, Şıx və Sahil qəsəbəsi ətrafındakı çimərliklər göstərilir:

“Bu ərazilərdə dəniz suyunda bağırsaq çöplərinin miqdarının normadan artıq olması qeydə alınıb ki, bu da əsasən təmizlənməmiş çirkab sularının dənizə axıdılması ilə əlaqələndirilir. Belə hallarda həmin çimərliklərdə çimmək məsləhət görülmür.

Digər tərəfdən, Mərdəkan, Şüvəlan, Zirə və Nardaran istiqamətində yerləşən çimərliklərdə vəziyyət nisbətən qənaətbəxşdir. Monitorinq nəticələrinə və müşahidələrə əsasən, bu ərazilərdə suyun keyfiyyəti daha yaxşı qiymətləndirilir və çimərlik istifadəsi üçün münasib hesab olunur.

Suyun keyfiyyəti qiymətləndirilərkən əsas göstəricilərdən biri onun tərkibindəki mikrobioloji çirklənmə səviyyəsidir. Xüsusilə bağırsaq çöplərinin normadan artıq olması insan sağlamlığı üçün risk yaradır və çimərliklərin təhlükəsizliyi ilə bağlı qərarların qəbulunda mühüm rol oynayır.

Şıx çimərliyi ilə bağlı son illərdə müəyyən müsbət dəyişikliklər müşahidə olunur. Əvvəllər bu ərazidə məişət tullantıları və çirkab sularının təsiri daha çox hiss olunurdu. Lakin son dövrlərdə çirkab sularının dənizə axıdılmasının məhdudlaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində vəziyyət müəyyən qədər yaxşılaşıb.

Hövsan ərazisində isə problem hələ də aktuallığını qoruyur. Burada Bakı şəhərinin kanalizasiya sisteminə xidmət edən əsas təmizləyici qurğulardan biri yerləşir. Həmin qurğuların fəaliyyətinin bütün hallarda tam səmərəli olub-olmaması ilə bağlı ictimaiyyət üçün açıq məlumatlar məhduddur. Bundan başqa, ətraf qəsəbələrdən və bəzi obyektlərdən çirkab sularının birbaşa dənizə axıdılması riski də qalmaqdadır.

Ümumilikdə, Xəzərin çirklənməsi son illərin deyil, onilliklər ərzində formalaşmış problemdir. Uzun illər ərzində dənizə axıdılan məişət və sənaye tullantıları su hövzəsində və dib çöküntülərində toplanıb. Xəzər dənizinin son illərdə geri çəkilməsi nəticəsində həmin çöküntülərin bir hissəsi üzə çıxır ki, bu da bəzi sahilyanı ərazilərdə ekoloji və estetik problemlər yaradır.

Bu səbəbdən vətəndaşlar çimərlik seçərkən yalnız suyun görünüşünə deyil, aidiyyəti qurumların rəsmi məlumatlarına da diqqət yetirməlidirlər. Məqsəd istirahət zamanı sağlamlıq riskləri ilə qarşılaşmamaq və təhlükəsiz mühitdə dincəlməkdir”.

Tibb üzrə ekspert Rasif Bağırov Oxu24.com-a açıqlamasında vətəndaşlara çimərlik mövsümündə xüsusilə günəş şüalarından qorunmağın vacibliyini xatırladıb:

“Dənizə getmək üçün vaxtın düzgün seçilməsi çox vacibdir. Xüsusilə saat 11:00-dan 15:00-dək olan müddətdə günəş şüalarının təsiri daha güclü olur. Bu saatlarda uşaqların, yaşlı insanların və xroniki xəstəlikləri olan şəxslərin dənizə girməsi məsləhət görülmür. Əgər hər hansı səbəbdən həmin saatlarda çimərlikdə olmaq zəruridirsə, mütləq kölgəliklərdən istifadə edilməli və günəşin ultrabənövşəyi şüalarından qoruyan vasitələr tətbiq olunmalıdır. İnsanlar yalnız suya daxil olduqları zaman açıq günəş altında olmalı, digər vaxtlarda isə kölgədə qalmağa üstünlük verməlidirlər.

Günvurma riskini azaltmaq üçün çimən şəxslər baş nahiyəsinin həddindən artıq qızmasının qarşısını almalıdırlar. Uzun müddət başın birbaşa günəş şüalarına məruz qalması başgicəllənmə, halsızlıq, huşun itirilməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Belə hallar xüsusilə suda olarkən təhlükəli nəticələr doğura bilər”.

R.Bağırov qeyd edib ki, çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən suyun keyfiyyəti qiymətləndirilməli, təhlükəsiz çimərliklər barədə əhali məlumatlandırılmalıdır:

“İnsanlar yalnız suyun təmizliyi təsdiqlənmiş ərazilərdə çimməyə üstünlük verməlidirlər.

Çimərlikdən sonra təmiz su ilə duş qəbul etmək, gigiyena qaydalarına əməl etmək və hər hansı narahatlıq hiss olunduqda həkimə müraciət etmək tövsiyə olunur”.

 Ekspert dəniz suyunun udulmasının təhlükəli nəticələrə səbəb ola biləcəyini də vurğulayıb:

“Bir çox insanlar dənizi sağlamlıq mənbəyi kimi qəbul edir. Həqiqətən də, düzgün istifadə edildikdə dəniz havası və suyu insan orqanizminə müsbət təsir göstərir. Lakin təhlükəsizlik və gigiyena qaydalarına əməl edilmədikdə müəyyən risklər yarana bilər.

Dəniz suyunda müxtəlif mikroorqanizmlər, bakteriyalar, mikroskopik yosunlar və digər canlı orqanizmlər mövcuddur. Bu səbəbdən çimərkən suyun udulmamasına xüsusi diqqət yetirilməlidir. Çirklənmiş suyun həzm sisteminə daxil olması bəzi hallarda mədə-bağırsaq pozğunluqlarına, infeksion xəstəliklərə, hətta ölüm hallarına da səbəb ola bilər. Xüsusilə gözlə görünməyən mikroorqanizmlər insan orqanizmi üçün təhlükə yarada bilər. Bu səbəbdən vətəndaşlar yalnız təhlükəsizliyi təsdiqlənmiş çimərliklərdən istifadə etməli, aidiyyəti qurumların xəbərdarlıq və tövsiyələrinə əməl etməlidirlər.

Dəniz istirahət və sağlamlıq məkanıdır. Lakin bu istirahətin faydalı olması üçün həm çimərlik seçiminə, həm də şəxsi təhlükəsizlik və gigiyena qaydalarına ciddi riayət edilməlidir. Əks halda sağlamlıq üçün arzuolunmaz nəticələr yarana bilər”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.