Universitetdən qovulan tələbə şok video yaydı: Planı kim qurubmuş?
18 Sentyabr 2026, 19:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
58
18.09.2026, 18:56
Rəsul Mirhəşimli
Tarixin elə səhifələri var ki, onları yalnız siyasi hadisələrin, dövlətlərin və hökmdarların dəyişməsi ilə izah etmək mümkün deyil. Çünki həmin səhifələrin arxasında görünməyən, lakin əsrlər boyu cəmiyyətlərin düşüncə tərzinə, mənəvi dünyasına və dini təfəkkürünə təsir edən başqa bir tarix dayanır. Təsəvvüfün tarixi də məhz belə bir tarixdir. Bu tarixdə Şirvan coğrafiyasının xüsusi yeri var.
Bu həftə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının VII görüşü çərçivəsində keçirilən və Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunan Birinci Beynəlxalq elmi-praktiki konfransın əhəmiyyəti də, əslində, yalnız bir böyük şəxsiyyətin xatırlanması ilə məhdudlaşmır. Bu tədbir Azərbaycanın İslam dünyasının irfan xəritəsindəki tarixi yerinə yenidən nəzər salmaq üçün ciddi bir fürsət yaradır. TDT-nin Bakı Bəyannaməsində də məhz XV əsrdə yaşamış sufi şeyxi Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfrans ayrıca qeyd olunub və türk dünyasının mənəvi-mədəni irsinin öyrənilməsi istiqamətində belə elmi toplantıların əhəmiyyəti vurğulanıb.

Seyyid Yəhya Şirvani haqqında danışarkən ilk növbədə bir məsələyə diqqət etmək lazımdır.Onun tarixi missiyası yalnız bir sufi şeyxinin şəxsi mənəvi kamilliyi ilə ölçülə bilməz. Seyyid Yəhyan Bakuvinin əsas xidmətlərindən biri ayrı-ayrı müridlərin mənəvi tərbiyəsini təşkil edən irfani yolu geniş coğrafiyada fəaliyyət göstərən, öz daxili qaydaları, zikr və xəlvət praktikaları, silsiləsi, əsərləri və yetişdirdiyi xəlifələri olan sistemli bir məktəbə çevirməsi idi. Azərbaycan alimləri Vasim Məmmədəliyev və Aqil Şirinovun, eləcə də Xəlvətilik təriqətinin və Seyyid Yəhya Bakuvinin mənəvi irsinin ən yaxşı araşdırıcılarından sayılan Mehmet Rıhtımın Xəlvətilik haqqında tədqiqatında da bir məqam xüsusi vurğulanır. Azərbaycanda təşəkkül tapan Xəlvətilik Seyyid Yəhya Şirvaninin fəaliyyəti nəticəsində sistematik təriqət formasını alıb və daha sonra İslam dünyasının müxtəlif bölgələrinə yayılıb.
Bu baxımdan, “Piri-sani” ifadəsi sadəcə silsilədə ikinci adın bildirilməsi deyil. Buradakı “ikinci pir” anlayışının arxasında tarixi bir missiya dayanır. Ömər Xəlvəti ilə bağlı ənənə Xəlvətiliyin ilkin mənəvi təməlini ifadə edirdisə, Seyyid Yəhya Bakuvi həmin irsi yeni mərhələyə daşıyan, onu təşkilatlanmış mənəvi məktəb halına gətirən şəxs kimi tarixə düşdü. Müasir tədqiqatlarda da Yəhya Şirvani “Piri-sani”, yəni ikinci qurucu kimi xarakterizə olunur, bəzi araşdırmalarda onun Xəlvətiliyin faktiki qurucusu sayılmasına səbəb məhz təriqəti təşkilatlandırması və geniş coğrafiyaya yayması ilə izah edilir.
Burada Xəlvətiliyin ilk piri kimi qəbul edilən Şamaxının Avaxlı kəndində dünyaya gəlmiş Əbu Abdulla Siracəddin Ömər Xəlvətinin adını ayrıca xatırlamaq vacibdir. Çünki bu gün Xəlvətiliyin tarixi haqqında danışarkən bəzən onun Azərbaycan torpağındakı ilkin izləri kölgədə qalır. Halbuki Şamaxı rayonunun Avaxıl kəndi ərazisində aparılmış arxeoloji araşdırmalar nəticəsində Pir Ömərin türbəsinin və kitabəsinin aşkarlanması Xəlvətiliyin Azərbaycan coğrafiyasındakı tarixini maddi yaddaşla da təsdiqləyən mühüm faktlardan biridir.
Pir Ömərin Şamaxı torpağındakı məzarı bu mənada yalnız bir sufi şeyxinin dəfn yeri deyil. O məzar Azərbaycanın mənəvi coğrafiyasının yaddaş nöqtələrindən biridir. Çünki Xəlvətilik sonradan İstanbulda, Anadoluda, Balkanlarda, Misirdə və Şimali Afrikada böyük təsir qazanmazdan əvvəl Şirvan torpağında bir irfan hadisəsi kimi formalaşmışdı. Bu səbəbdən Xəlvətiliyin tarixini yalnız Osmanlı coğrafiyasından başlamaq və Azərbaycan mərhələsini bir növ giriş hissəsi kimi təqdim etmək tarixi mənzərəni yarımçıq qoyar. Xəlvətiliyin Anadoluya keçidi və Osmanlı dünyasında böyük nüfuz qazanması artıq Şirvanda formalaşmış irfan xəttinin sonrakı mərhələsi idi.
Seyyid Yəhya Bakuvi məhz bu ilkin mərhələ ilə sonrakı böyük tarixi coğrafiya arasında körpü rolunu oynadı. Şamaxıda doğulan, ömrünün mühüm hissəsini Bakıda keçirən Seyyid Yəhyanın adı zaman keçdikcə “Bakuvi” nisbəsi ilə məşhurlaşdı. Onun Bakuvi kimi tanınması təsadüfi deyildi.Mənbələrdə onun Bakıda uzun müddət yaşadığı, burada müridlər yetişdirdiyi və fəaliyyətinin ən məhsuldar mərhələsini məhz bu şəhərdə keçirdiyi göstərilir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Xəlvətilikdən ayrılan qollar heç bir halda bu təriqətin parçalanması anlamına gəlmir. Çünki hər qolun qurucusu özünü Xəlvətilik təriqətinin müridi hesab edirdi.
Seyyid Yəhyanın əsərləri də bu məktəbin sadəcə şifahi mürşid-mürid münasibəti olaraq qalmamasında mühüm rol oynadı. Xüsusilə “Virdi-Səttar” əsəri Xəlvətiliyin müxtəlif qollarında oxunan əsas mətnlərdən biri kimi tanınır. Onun seyrü-süluk, mənəvi tərbiyə və insanın daxili aləminin mərhələli şəkildə saflaşdırılması ilə bağlı düşüncələri Xəlvətiliyin yalnız zahiri ritual sistemi deyil, müəyyən mənəvi-pedaqoji məktəb kimi formalaşmasına xidmət etdi.
Xəlvətiliyin əsas anlayışlarından biri olan xəlvət də burada xüsusi məna daşıyır. Xəlvət dünyadan qaçmaq deyil, insanın öz daxilinə qayıtması, nəfsini müşahidə etməsi və mənəvi intizam yaratması kimi təsəvvüfi məna daşıyır. Təriqətin adının özü də ərəb dilində “xəlvət”, yəni tənhalıq və mənəvi təcrid anlayışı ilə bağlıdır. Lakin Seyyid Yəhya Bakuvinin tarixi xidmətinə baxanda görünür ki, Xəlvətilik paradoksal şəkildə həm xəlvəti, həm də ictimai fəaliyyəti bir araya gətirən məktəbə çevrilmişdi. Mürid əvvəlcə öz daxilində dəyişməli, sonra həmin mənəvi təcrübəni cəmiyyətə daşımalı idi.
Bəlkə də elə buna görə Xəlvətilik Osmanlı coğrafiyasında belə sürətlə kök sala bildi. Anadoluda fəaliyyət göstərən Seyyid Yəhya Bakuvinin xəlifələri vasitəsilə təriqət Osmanlı siyasi və mədəni mühitinə daxil oldu. Daha sonra Amasya Xəlvətiliyin mühüm mərkəzlərindən birinə çevrildi və xüsusilə Şeyx Çələbi Xəlifənin fəaliyyəti ilə təriqətin İstanbulda möhkəmlənməsində yeni mərhələ başlandı. Tarixi mənbələr Çələbi Xəlifə ilə Sultan II Bəyazid arasında uzunmüddətli mənəvi-siyasi münasibətin Osmanlı Xəlvətiliyinin inkişafında mühüm rol oynadığını göstərir.
Bu məqamda Xəlvətiliyin Osmanlı sultanları ilə münasibəti də diqqətdən kənarda qalmamalıdır. Sultan II Bəyazidin Amasya Sancaqbəyliyi dövründə Xəlvəti mühitinə daxil olduğu və sultan olduqdan sonra təriqətin İstanbulda möhkəmlənməsinə şərait yaratdığı barədə tarixşünaslıqda məlumatlar mövcuddur. Daha sonrakı dövrdə Sultan III Muradın da Xəlvəti şeyxləri ilə yaxın mənəvi münasibət saxladığı və təriqətin Osmanlı sarayında nüfuzunun onun hakimiyyəti dövründə xüsusilə artdığı araşdırmalarda qeyd edilir.
Lakin burada mühüm bir incəlik var. Sultanların hansısa təriqətə yaxınlığı məsələsini yalnız şəxsi dini seçim kimi oxumaq düzgün olmazdı. Osmanlı siyasi sistemində sufi şeyxləri bəzən dini-mənəvi nüfuz sahibi olmaqla yanaşı, cəmiyyətin müxtəlif təbəqələri arasında əlaqə yaradan mühüm sosial fiqurlar idi. Xəlvətiliyin saraya yaxınlaşması da bu qarşılıqlı münasibətin nəticəsi idi. Bir tərəfdən sultanlar və dövlət elitası nüfuzlu şeyxlərin mənəvi dünyasından yararlanır, digər tərəfdən təriqətlər dövlətin mədəni və dini məkanında öz fəaliyyət imkanlarını genişləndirirdi. Xəlvətiliyin Osmanlı tarixində yüksəlişini araşdıran amerikalı tarixçi və İslamşünas alim Con Karri də xüsusilə XVI əsrdə təriqətin saray və dövlət elitası ilə münasibətlərinin gücləndiyini göstərir. O, “The Transformation of Muslim Mystical Thought in the Ottoman Empire: The Rise of the Halveti Order, 1350–1650” (“Osmanlı imperiyasında müsəlman mistik düşüncəsinin transformasiyası: Xəlvəti təriqətinin yüksəlişi, 1350–1650”) adlı monoqrafiyasında Xəlvətiliyin orta əsr Azərbaycanındakı köklərindən başlayaraq Osmanlı idövlətində ən nüfuzlu sufi təriqətlərindən birinə çevrilməsi prosesini açıqlayır.
Beləliklə, Şirvanda doğulan bir irfan məktəbinin İstanbul sarayına qədər gedib çıxması təsəvvüf tarixinin ən maraqlı hadisələrindən biridir. Burada məsələ yalnız bir təriqətin coğrafi yayılmasında deyil. Məsələ Azərbaycanın mənəvi düşüncə tarixində yaranmış bir məktəbin əsrlər sonra Osmanlı dövlətinin dini-mədəni həyatında aparıcı cərəyanlardan birinə çevrilməsindədir.
Xəlvətiliyin Azərbaycan irfan yaddaşındakı əhəmiyyətini də məhz bu geniş tarixi çərçivədə dəyərləndirmək lazımdır. Azərbaycan torpaqları orta əsrlərdə həm də müxtəlif fəlsəfi, mistik və ezoterik düşüncə cərəyanlarının qarşılaşdığı, formalaşdığı və başqa bölgələrə yayıldığı bir mənəvi məkan olub. Şirvan, Bakı, Təbriz, Ərdəbil, Naxçıvan kimi şəhərlərin İslam düşüncəsi və təsəvvüf tarixində görünən və görünməyən əlaqələri bu coğrafiyanın yalnız mərkəzi mövqedə olmayan deyil, İslam Şərqinin mühüm intellektual mərkəzlərindən biri olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycanda qurulan təriqətlər yalnız Xəlvətiliklə məhdudlaşmır. Azərbaycanın dahi mütəfəkkiri Fəzlullah Nəiminin qurucusu olduğu Hürufiliyin Azərbaycan və Şirvan mühitində, xüsusilə Nəsimi kimi böyük simaların yaradıcılığında dərin iz buraxması ayrıca tarixi həqiqətdir.
Eyni şəkildə Səfəvilik təriqətinin tarixini də sadələşdirmək doğru olmaz. Səfəvilik Ərdəbil mərkəzli sufi təriqəti kimi formalaşıb, Şeyx Səfiəddin Ərdəbili ilə bağlı olub və sonrakı nəsillərdə siyasi-dini xarakteri ciddi şəkildə dəyişib.
Azərbaycan coğrafiyası Hürufilikdən Səfəviliyə, Xəlvətilikdən müxtəlif sufi təriqətlərinə və bu təriqətlərin qollarına qədər İslam Şərqinin böyük mənəvi proseslərinin mühüm kəsişmə məkanlarından biri olub. Xəlvətilik isə bu mənzərədə xüsusilə fərqlənir. Xəlvətiliyin ilk və ən mühüm simalarının bir qisminin Şirvan və Azərbaycanla bağlı olması, təriqətin burada sistemləşməsi və daha sonra Anadolu, Osmanlı, Balkanlar, Misir və Şimali Afrikaya qədər yayılması Azərbaycanın irfan tarixinin coğrafi sərhədlərini ölkənin bugünkü siyasi xəritəsindən çox-çox kənara çıxarır.
Bu mənada Pir Ömərin Şamaxıdakı məzarı ilə Seyyid Yəhya Bakuvinin Bakıda Şirvanşahlar sarayında yerləşən məqbərəsi arasında mənəvi bir xətt görmək mümkündür. Birincisi ilkin təməli, ikincisi həmin təməlin məktəbə çevrilməsini simvolizə edir.

Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq konfransın keçirilməsi də bu səbəbdən yalnız yubiley xarakterli elmi tədbir kimi qiymətləndirilməməlidir. Burada söhbət Azərbaycanın öz irfan tarixinin mühüm səhifələrindən birinin yenidən elmi dövriyyəyə qaytarılmasından gedir. TDT çərçivəsində keçirilən belə bir tədbirin başqa bir mənası da var. Seyyid Yəhya Bakuvi təkcə Azərbaycanın deyil, onun əsrlər əvvəl formalaşdırdığı məktəbin yayıldığı geniş Türk-İslam coğrafiyasının ortaq mənəvi yaddaşının bir hissəsidir. TDT Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Bakı görüşü çərçivəsində onun irsinə xüsusi konfrans həsr olunması da bu irsin türk dünyasının ortaq mənəvi xəzinəsindəki yerinin müzakirə edilməsi baxımından əlamətdardır.
Bəlkə də bu gün Seyyid Yəhya Bakuvini yenidən oxumağın əsas səbəblərindən biri budur. Onun irsi keçmişin qapalı səhifəsi deyil. Xəlvət, nəfsin tərbiyəsi, mənəvi məsuliyyət, elm, əxlaq və insanın öz daxilini dərk etməsi kimi anlayışlar onun məktəbində bir-birindən ayrılmırdı. Bu səbəbdən Xəlvətiliyin tarixini yalnız sufi təriqətlərinin nəsil şəcərəsi, soy-kökü kimi deyil, insanın mənəvi kamilləşməsi haqqında düşüncə tarixinin bir hissəsi kimi oxumaq mümkündür.
Şamaxıdan başlayan, Bakıda sistemləşən və Anadolu üzərindən Osmanlı dünyasına, oradan Balkanlara və Misirə qədər uzanan bu yol əslində Azərbaycanın irfan yaddaşının nə qədər geniş olduğunu göstərir. Pir Ömərin Şamaxıdakı məzarı, Seyyid Yəhya Bakuvinin Bakıda Şirvanşahlar sarayındakı məqbərəsi və onların ardınca əsrlər boyu dünyanın müxtəlif guşələrində fəaliyyət göstərən Xəlvəti dərgahları eyni mənəvi xəritənin ayrı-ayrı nöqtələridir. Bu xəritənin mərkəzində isə bir həqiqət dayanır. Azərbaycan İslam dünyasının irfan tarixində yalnız irfanı qəbul edən coğrafiya deyil, onu yaradan, sistemləşdirən və başqa diyarlara daşıyan məkanlardan biri olub.

Seyyid Yəhya Bakuvinin Piri-sani adlandırılmasının əsl mənası da məhz burada axtarılmalıdır. Onun tarixi xidmətini yalnız “Xəlvətiliyin ikinci piri” ifadəsi ilə məhdudlaşdırmaq Yəhyanın gördüyü işi kiçiltmək olardı. O, özündən əvvəl gələn mənəvi irsi qorudu, onu sistemləşdirdi, mürid və xəlifələr vasitəsilə yaydı, yazılı irs yaratdı və nəticədə Xəlvətiliyin əsrlərlə yaşayan böyük bir irfan məktəbinə çevrilməsində həlledici rol oynadı. Ona görə də Xəlvətilik tarixində Ömər Xəlvəti və Pir Ömər Şirvaninin adı başlanğıcı, Seyyid Yəhya Bakuvinin adı isə məktəbin geniş miqyaslı inkişafını ifadə edən əsas mərhələ kimi oxunmalıdır.
Bəlkə də ən mühüm nəticə budur ki, Şirvanın bu mənəvi tarixini yalnız keçmişin xatirəsi kimi qorumaq kifayət deyil. Onu elmi şəkildə araşdırmaq, mətnlərini öyrənmək, silsilələrini bərpa etmək, Şamaxıdan Bakıya, Bakıdan Amasyaya, İstanbuldan Misirə qədər uzanan irfan xəritəsini yenidən oxumaq lazımdır. Çünki bir xalqın yaddaşı yalnız onun savaşları və dövlətləri ilə ölçülmür. Bəzən bir xalqın dünyaya verdiyi ən uzunömürlü miras bir şeyxin mədrəsədə dediyi söz, bir müridin başqa diyara apardığı fikir və əsrlər sonra hələ də oxunan bir vird olur.
Seyyid Yəhya Bakuvi də Azərbaycanın belə mənəvi miraslarından biridir. Onun adı ilə bağlı Xəlvətilik isə Şirvanın daşından, torpağından və insan yaddaşından çıxaraq Osmanlı coğrafiyasının böyük şəhərlərinə, Balkanlara və Misirə qədər gedən, Azərbaycanın irfan tarixini dünya təsəvvüf tarixinin mühüm səhifələrindən birinə çevirən mənəvi məktəbdir.
19:42 / 18 Sentyabr 2026
1
19:21 / 18 Sentyabr 2026
162
19:20 / 18 Sentyabr 2026
37
19:08 / 18 Sentyabr 2026
35
19:06 / 18 Sentyabr 2026
68
19:05 / 18 Sentyabr 2026
37
18:58 / 18 Sentyabr 2026
65
18:55 / 18 Sentyabr 2026
74
18:50 / 18 Sentyabr 2026
52
18:48 / 18 Sentyabr 2026
56
18:40 / 18 Sentyabr 2026
60
18:28 / 18 Sentyabr 2026
169
18:23 / 18 Sentyabr 2026
60
18:21 / 18 Sentyabr 2026
213
18:18 / 18 Sentyabr 2026
76
18:16 / 18 Sentyabr 2026
124
18:14 / 18 Sentyabr 2026
102
18:06 / 18 Sentyabr 2026
61
17:55 / 18 Sentyabr 2026
69
17:19 / 18 Sentyabr 2026
74
17:00 / 18 Sentyabr 2026
68
16:40 / 18 Sentyabr 2026
80
16:20 / 18 Sentyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.