Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25205
az

Qarabağın Həcəri şok faktları açır: "Sarkisyan əsir qadınların boynundan zinət əşyalarını açırdı

09:5226 Fevral, 2020
3075
QARABAĞ
  • A

Bu gün Xocalı soyqırımından 28 il ötür.

Oxu24.com-un məlumatına görə, hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

 


 Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş təlimatçı , Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova Xocalı faciəsi ərəfəsində baş verənlər barədə sensasion faktlar açıqlayıb.

 Səbirə xanım bu hissədə ermənilərin törətdiyi Xocalı soyqırımının dəhşətləri, Qarabağ müharibəsi zamanı igidlik göstərmiş qəhrəmanlardan və o zamanki hakimiyyət nümayəndələrinin fəaliyyətindən danışıb.

- Səbirə xanım, Xocalıda soyqırım öncəsi vəziyyət nə yerdə idi?

- Malıbəyli və Quşçular kəndlərinin çıxarılmasından sonra baş vermiş Qaradağlı faciəsi Xocalı camaatını vahiməyə salmışdı. Qaradağlı faciəsindən sonra onsuz da heç bir əməliyyat keçirə bilməyən Tahir Əliyev bölgədən getdi və cəbhə komandanı Dadaş Rzayev müəmmalı şəkildə Lənkəran bölgəsinə dəyişirildi. Həmin vaxtlar Xocalının işığı da kəsilmişdi. Milli Qəhrəman mərhum Aqil Əliyevin vəziyyətinin ağır olduğundan Bakıya götürülməsi üçün lazım olan vertalyot da alına bilməmişdi və onun əməliyyatını lampa işığında keçirilmişdi. Dörd aya yaxın idi ki, blokada davam edirdi. 7 minlik Xocalı əhalisinin yarıdan çoxu həmin müddətdə Gəncədə yerləşən eksadrilyadan verilən mülki vertalyotlarla çıxarılmışdı. Son vaxtlar Leyla Əliyevanın dəstəyi ilə Bakıya Ukrayna diasporası tərəfindən gətirilmiş Leonid Kraveç əhalinin daşınmasında böyük xidməti olmuşdu. Bu pilot Xocalı faciəsindən iki gün sonra da mərhum Çingiz Mustafayevin və başqa repartyorları çəkiliş üçün aparmışdı. Biz onunla keçən ay Bakıda görüşəndə həmin illəri xatırladıq.

 

Amma fevralın 14-dən sonra vertalyotların ora uçuşu tam dayandırıldı. Buna da səbəb həm Rusiyanin siyasi elitasinda baş verən münaqişələr nəticəsində Şapoşnikovun qadağası həm də Azərbaycanın daxilində hakimiyyətə iddialı siyasi qüvvələrin rəhbərliyimizin Rusiyayla heç bir anlama gəlməsinə qoyulan qadağa idi.

- Müharibədə bizim də kifayət qədər döyüşən və igidlik göstərən döyüşçülərimiz olub. İstərdim həmin vaxtlarda düşmənin hücumlarının qarşısını almaq məqsədi ilə təşkil edilən əməliyyatlardan danışaq.

Əlbəttə bizim müharibədə kifayət qədər döyüşən və ad qazanan igid oğullarımız oldu. Onlar barəsində bir qədər sonra danışacam. Fevralın 12 -də Tamerlan Qarayev Ağdama gəldi və əhalidə bir az nikbinlik yarandı. Onun atası mərhum Yelmar Qarayev 1991-ci ildən müdafiə komitəsi yaratmış və bu yöndə çalışanlardan idi. Güləbird Laçın yolunun yaxınlığında İ.Mustafayevin rəhbərlik etdiyi Qayğı cəmiyyəti Qayğı qəsəbəsi salınırdı. Qarabağa Xalq Yardımı cəmiyyətinin təsis etdiyi “Səhər” qəzeti Dağlıq Qarabağda baş verənləri respublika ictimaiyyətinə çatdırmağa köklənmişdi. Mərhum yazıçımız Bayram Bayramovun yaratdığı Qarabağa Xalq Yardımı cəmiyyəti də fəaliyyət göstərirdi.
Qarabağdan olan belə insanların yaratdıqları komitələr də bir araya gələ bilmirdilər. Ağdamda ən sayılan oğulların yaratdıqları batalyonlar da vahid komandanlığın zəifliyi nəticəsində birləşib Əsgəran yolunu aça bilmədilər. Düzdür ermənilərə satılmış 366-cı polkda işləyən Ohonyanlar ruslardan bizə qarşı istifadə edirdilər. Amma cəbhədəki başıpozuqluqlar vahid cəbhə açılmasına imkan vermirdi. Bu həqiqəti deməkdə məqsədim Ağdamın döyüşən oğullarının döyüş yoluna kölgə salmaq deyil, mərkəzdən göndərilənlərin məsuliyyətsizliyini çatdırıram. Hələ Xocalı soyqırımından öncə planlanmış Xoramurd əməliyyatına Qatır Məmmədin batalyonunun tək girməsinin mühasirəyə düşməsinin və mühasirəni tək yarmasının şahidi olmuşam. Qərərgaha ratsiyalardan kömək imdadı gələndə komandanlığın laqeydliyini görmüşəm. “Necə girib eləcə də çıxsın!” Bu sözləri deyirdilər...

Mərhum Milli Qəhrəmanımız Canpoladsa acıqlı şəkildə mənə oradan çıxmağımı tələb etdi. “ Mən meydandan qadın meyiti sürüməyəcəm,çıxın!”,- dedi.Həmin saat da Tahir Əliyev, Dadaş Rzayevlə niva maşınında ora gəldilər. Dadaş Rzayev Yaqub Rzayevə - Qatır Məmmədə geri çəkilməyi əmr etsə də Yaqub aldığı postu verməyəcəyini hayqıraraq dedi. Batalyonların belə təkbaşına əməliyyatları olurdusa da Əsgəran yolu keçilməz sədd kimi dayanırdı. Xocalının prokuroru Atakişiyev son ayı qərərgahda kömək tələbiylə oturdu ki, yolu açıb,əhalini çıxarsınlar.

 

 

 

Fevralın ortasında baş vermiş həmin danışığı aparan Eldar Həsənov və Abbas Abbasov əməliyyatın niyə baş tutmadığını bir gün açıqlayar...

- Həmin vaxt hakimiyyətdə olanlar hansı tədbirləri görürdü?

- Ayaz Mütəllibov iki müşavirini Adil Hacıyevi və Abbas Abbasovu Ağdama təhkim etdi ki, Xocalı əhalisinə yardım etsinlər. Adil Hacıyev heç bir iş görmədisə də Abbas Abbasov Gəncənin polis rəisi Eldar Həsənovla birgə bütün qüvvələriylə çalışdılar. Gəncədəki diviziya komandanı Budeykinlə danışıqlar apardılar. 366- cı polk həmin diviziyaya məxsus olsa da müstəqil hərəkət edərdi.Ağdam rəhbərliyi də xeyli vəsait göndərdilər ki, diviziyadan ağır texnikalar alınsın və Əsgəran yolu açılsın . Nəticə müxtəlif amillərdən alınmadı və fevralın ortasında baş vermiş həmin danışığı aparan Eldar Həsənov və Abbas Abbasov əməliyyatın niyə baş tutmamasını yəqin ki, zamanı gələndə açıqlayar...

Ağdama gətirilən tanklardan 5-i bizimkilər tərfindən döyüş üçün götürüldü. Bu isə 366-nın əlində olan 100-dən yuxarı texnikanın qarşısında heç nə idi.

Bərdədən götürülən 3 ağır texnika,  Bakıdan gələn  texnika  da  Ağdama  çatmamış  yoxa çıxmışdı.

 

Muradbəyli hərbi hissəsi fevralın 5-dən sonra əlimizdə idi. Sonralar Xocalı öncəsi Tamerlan Qarayev də orada otururdu və hərbi hissənin boşaldılmasına nəzarət edirdi. Həmin günlərin birində mən də Tamerlan bəyin yanındaykən Bərdənin icra müavini Tamerlan bəyin tələbə yoldaşı olmuş Rəhilə İsmayıllı gəldi. Xəbər verdi ki, artıq neçə gündür Bakıdan göndərilən 4 tank Bərdənin dəmir yolunda qalıb. Tamerlan bəy telefonla əlaqə salayıb xəbəri təsdiqlədi. Ancaq həmin ağır texnikanın yönü də Ağdama göndərilmiş 2 ədəd qrad qurğusunun getdiyi naməlum yollara yönəlmişdi. Bakıdan Bakı soveti sədri Rüfət Ağayevin hərbi hissələrdən göndərdiyi ağır texnika da gəlib Ağdama çatmamışdı.

Bəli, maraqlı qüvvələr hamısı Ağdam meydanında toplaşmışdı. Hansısa əməliyyat öncəsi müxtəlif dəstələr qərərgaha basqı edirdilər və əməliyyat pozulurdu. Meydanda olanların əllərində həm Əliyevin portreti vardı,həmçinin mərkəzdəki cəbhəçilərin iddiaları səslənirdi. Amma Ağdam AXC qüvvələri bütün siyasi ambisiyalardan uzaq olub, öz döyüşünü aparırdı. Heydər Əliyevi əsasən Dağlıq Qarabağ qaçqınları tələb edirdilər. Hətta, bir dəfə Musa Məmmədov mənə göstəriş verdi ki, həmin Əliyevçilərin pasportlarını yığıb Ağdam poçtundan onların tələblərini Ali Sovetə teleqramla çatdırım. Mən də yarısı Qrad atəşindən dağılmış poçta bu insanları aparıb tapşırığı icra etdim.

İllərlə prezidentin qarşısına heç xidməti olmayanları çıxarsa da, mənim əziyyətimi unutsa da, mən Elman bəyin Xocalıdan çıxmasının şahidiyəm.

- Həmin vaxt Xocalıdan sağ çıxan dinc sakinlərin aqibəti necə olurdu.Onları kim qarşılayırdı?

Ağdam həmin vaxt xocalılara qucaq açmışdı. Ağdamda qaçqınlar üçün ayrılan yeməkxana pulsuz xidmət edirdi. Avtobaza rəisi Çingiz müəllim, Baş həkim Tariyel həkim, ət kombinatının direktoru Nadir İsmayılov da həmişə ayaqda idilər. Nadir bəy Xocalı faciəsi günlərində Ağdam ət kombinatının qıfılını açıb, bütün ətraf rayonlarda belə yası verilən xocalıların ehsan ətini göndərmişdi. Mədəniyyət şöbə müdiri Çimnaz xanım qaçqınların qarşılanıb yerləşdirilməsində yardəmçı olub.Yeri gəlmişkən deyim ki, Xocalı faciəsi vaxtı Xocalının icra başçısı Elman Məmmədovgili də Çimnaz xanıma həvalə etmişdik. Bir az geciksələr də Elman Məmmədovgili özümüz qarşılamışdıq. Kimlərsə öz maraqları naminə indi yalan informasiyalar ötürürlər. İllərlə prezidentin qarşısına heç xidməti olmayanları çıxarsa da, mənim əziyyətimi unutsa da, mən Elman bəyin Xocalıdan çıxmasının şahidiyəm.

- Həmin vaxt şəhidlərin dəfni necə həyata keçirilirdi?

- Ağdam məscidinin Masallıdan olan axundu başda olmaqla Molla Muxtar və digər məscid işçiləri həm Xocalıdan öncə, həm də faciədən sonra gələn şəhidləri islam şəriətinə uyğun qaydada kəfənləyirdilər. Eşitdiyimə görə Masallıdan olan adını unutduğum axund bu gün Xındırıstan kəndində hansısa idarənin küncündə yaşayır.


Tamerlan bəyin imzasıyla Ayaz Mütəllibova vurulmuş telefonoqramın mətnini gördüm. Xocalının ağır durumunu şərh edən mətnin axır cümləsi belə idi...

 

25.02.1992 -ci il tarixdə Ayaz Mütəllibova vurulmuş II teleqram


- Hakimiyyətdə olanlar Xocalıda baş verə biləcək soyqırımdan məlumatlı idimi?


- Fevralın 20-ə qədər Xocalının ağır durumu barədə ölçü götürülməsindən ötrü Musa Məmmədov 2 dəfə Bakıya getdisə də boş qayıtdı. Fevralın 20-də Bakıya gedib DTK sədri İlhüseyn İlhüseynovla görüşdüyüm haqqında sizə demişdim. Həmin görüşdə Xocalıda da Qaradağlı kimi qırğın olacağını dedim. Amma heç bir nəticəsi olmadı. Xocalı aeroportunun qətiyyən Ermənistanın ixtiyarına verilməyəcəklərinin və əhalinin cığır alınıb ordan çıxarılacağını söyləmişdilər. Amma Xocalıda erməni cinayətkarlarının törətdiyi qətliam gecəsi mərhum aeroport rəisi milli qəhrəmanımız Əlif Hacıyev uçuş zolağını məhv edə bilmədi.Fevralın 22 –si günü mərhum Yelmar Qarayevin stolunun üstündə Tamerlan bəyin imzasıyla Ayaz Mütəllibova vurulmuş telefonoqramın mətnini gördüm. Xocalının ağır durumunu şərh edən mətnin axır cümləsi belə idi : “Xocalı gedərsə bu sizin hakimiyyətinizin sonu olacaq”.

Xocalı soyqırımı günü üç dəfə Şuşaya - Rəhim Qazıyevə zəng etdim...

Elə həmin günlər xəbər gəldi ki, ruslar yenə vertalyotlar ayıracaq. Tamerlan bəy də Xocalı radistlərinə demişdi ki, Xocalıya gəlirəm. Amma vertalyotlar verilmədi. Fevralın 25 -i axşam saat 9 –dan hay saldılar ki, ağır texnikalar, Xocalı ətrafinda cəmləşir. Saat 11-də Xocalını mühasirəyə alıb vurmağa başladılar. Xocalı telefonçusu Brilliantın harayını biz də bütün ölkəyə çatdırdıq. Qərərgah bu tərəfdə qalan xocalılarla və Bərdədən, Ağcabədidən haya gələnlərlə dolu idi. Onların təkidiylə bütün respublikanı köməyə çağırdıq. Onların basqınından öncə qərərgahdan məsul işçilər hamısı çıxmışdılar. Aləm bir-birinə dəymişdi. Tək Uroqan telefon salamat qalmışdı ki, onunla da şəxsən üç dəfə Şuşaya - Rəhim Qazıyevə zəng etdim. Camaat tələb edirdi ki, vurun Xankəndini erməninin başı qarışsın və Xocalı çıxsın. Birinci dəfə razılıq verən Qazıyev o biri zənglərimizə danışıqların aparıldığı günlərdə buna ixtiyarının olmadığını səbəb gətirdi. Həmin günədək Xankəndinə Qrad yağışı tökülsə də hətta 366- nin həyətinə mərmi düşsə də həmin gecə Şuşadan bircə güllə atılmadı. Səbəb isə “danışıqları” pozammarıq idi. O zaman Rusiyanın xarici işlər naziri Koziryevlə danışıqlar gedirdi. Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin aradan qaldırlması üçün növbəti ciddi cəhdlər İrandan gəldi. 24 fevral 1992-ci ildə İranın Xarici İşlər Naziri Əli Əkbər Vəlayəti vasitəçilik məqsədilə bölgəyə səfər etdi. Tərəflər arasında atəşkəsin əsas prinsipləri barədə danışıqlar davam edərkən Ermənistan tərəfi Xocalı soyqırımını həyata keçirmişdir

Aylardan bəri xidməti vəzifəsini bölgədə aparan Azərtacın bölgə müxbiri Elxan Rüstəmov da qərərgahda idi, həmin vaxt əli silahlı tanımadığım şəxslər içəri girib divarları və telefonları güllələdilər.

 

 

Artıq qərərgahda heç nəyə nail olmadığımızı görüb oranı tərk edəndə Xocalı radistinin də səsi kəsilmişdi. Əhali Şelli istiqamətinə axışırdı. Ermənilər 366 –nin köməyi ilə Xocalını işğal edəndən sonra dağlara, meşələrə üz tutmuş əhalini Qarqar çayı boyunca qurduqları pusqulara salıb Naxçıvanikdə, Qaraqayada dinc əhalini qırırdılar. Şelli istiqamətinə səhər açılanda çox az qisimdə çıxanlar Qaraqayada kolluqlarda qalan mühasirədəki insanları qıracaqlarından danışdılar. Yaqubun batalyonunda döyüşlərə qatılan Əhmədavar rotasinin komandiri Oruc Cabbarov dəstəsindəki uşaqların bir qismi ilə hücumla camaatı çıxarmaq gedəcəyini söylədi. Şelli Xosrov da bu yolda nəyin bahasına olur olsun xocalıları xilas edəcəklərini elan etdi. Yaqub Rzayevin oğlu Canpolad da tankı ilə o istiqamətdə hərəkət edəcəyini və Qaraqaya mövqeyini götürüb əhalini xilas edəcəklərini bəyan etdi. Onlar irəli hərəkət etdilər .Qaraqaya uğrundakı döyüşdə Canpolad vuruldu. Onlardan sol istiqamətdə hücum edən Şelli Xosrov vurulanda kolluqdan bir qız açığa çıxıb bizimkilərə deyib ki, sizin adamınız vuruldu. Həmin döyüşdə ordaki erməni yaraqlıları məhv edilir və Qaraqaya mövqeyi Oruc Cabbarov və döyüşçüləri tərəfindən götürülür. 200-ə yaxın Xocalı sakini həmin döyüşçülərin köməyi ilə Ağdama çıxarılır.

Həmin vaxt gördüyüm bir mənzərəni ömrüm boyu unuda bilmərəm. Ölmüş gənc ananın yanında hospitala gətirilmiş 3 yaşlı körpə qanlı əllərilə ətəyimdən yapışıb çörək istədi. (red- gözləri dolur və ağlamağa başlayır)
Həmin döyüşdə şücaət göstərmiş Ağdamlılar Allahverdi Bağırovun döyüşçülərindən Əmir,Qaraqulaq, “Malış”, Şelli Xosrov və Firdovsi, Canpolad şəhid olublar. Kamil, Yaşar İsgəndər, Haliq, Nail, Zəngişalı Samir (bir ay sonra şəhid olub) yaralanıblar. Sonrakı günlər döyüşçülərimiz və yaxın kəndləri cavanları neytral bölümdən 100-a yaxın meyid çıxarmışdılar. Eyni zamanda Abdal Gülablı tərəfdən xocalıların çıxmasına köməyə gedənlər olmuşdu. Onlardan biri Allahverdi Bağırovun batalyonunda döyüşmüş Sabirabadlı Mübariz Əhmədov idi. Sonra şəhid oldu və Milli Qəhrəman adı aldı.Şelli Xosrov Tamerlan Qarayevin əqrəbalarından olub və şücaət göstərmiş oğullardandır.

 

 


Səhər obaşdan İsmayıllı rayonunda hakim işləyən bu günki millət vəkili Tahir Kərimli bir nəfərlə Şelliyə gəldi. Vəhşətlə dolu gecə keçirmiş, donmuş yaralı insanları, çıxarılan meyitləri xüsusən qana bələnmiş körpələri görəndə dizləri üstə yerə çöküb hönkürməyə başladı. Canpoladın nəşi evinə götürüləndə atası Yaqub evinə getmədi ki, camaatı çıxarıram.O deyirdi ki, oğlum Xocalıda şəhid olanlardan artıq deyil. Arada həmin saatlarda Tahir bəylə Yaqubun evinə dəyməyə gedəndə gördük ki, oğlunun cənazəsini yanına girib qapını içəridən baqlayıb və qadınları içəri buraxmayıb. Bizim xahişimizdən sonra qapını açdı Özü də otaqdan çıxdı ki, gedirəm xocalıları dəfn etməyə. Canpoladı da dəfnə hazırlayın. Baxın, Qarabaqda belə kişilər döyüşüb. Onlar balasını uf demədən millətə qurban verdi.

Canpoladı tankının üstündə gətirirdilər. Ağdamın qadınları məscidə tökülüb həmin gün şəhidlərə ağı deyirdilər. Kürdəmirdən üzü Qarabağa Gəncədən Ağdama maşın karvanları axırdı. Həmin günlər Ağdamın cəngavər oğlu Allahverdi Bağırov vaxtilə Qarabağ futbol komandasında birgə oynadığı Əsgəranlı erməni komandiri Vitaliklin köməyilə xeyli əsiri geri aldı. Özü də müavini Zanirlə danışığa əsasən tək gedirdi. Qarabağ qəhrəmanının köməyilə bu müharibədə 1000-dən artıq girov geri alınmışdı. Bunların içərisində xeyli sayda şəhid olanlar da var idi. Yadımdadır faciədən sonra Arif adlı bir əsirin geri alıdığı vaxt Allahverdinin qərərgahında olmuşam. Əhalinin onun üstünə hücum çəkərkən maşına basılıb Bakıya göndərildiyini görmüşəm.Onun ermənilərə cəsusluq etdiyi söylənirdi. Xocalı faciəsinin səhərisi gün Ağdama Bakıdan məsul işçilər gəldilər, amma Azərbaycan televiziyasi ictimaiəyyətə düzgün informasiya vermirdi. Təkcə “Səhər” qəzeti Ağdamda olan Şamil Sabir oğlunun gerçək xəbərini çatdırsa da təpkilərə məruz qalmışdı. Təsəvvür edin həmin günün səhəri dünyanın hər yerindən reportyorlar Ağdama axır. Amma dövlət susur...


Sarkisyan əsir qadınların boynundan zinət əşyalarını açırdı...

- Azərbaycana qarşı cinayətlərin törədilməsində Ermənistanın bu günkü rəhbərliyinin də olduğu məlumdur. Siz həmin illərdə düşmən tərəfi ilə bağlı hansı məlumatlara malik idiniz?

Əlbəttə bütün bu cinayətlərin törədilməsində Ermənistanın bu günki Müdafiə naziri Seyran Ohanyan, Ermənistanın eks prezidenti Robert Köcəryan və bu günki prezident Serj Sarkisyan birbaşa iştirak ediblər. Onlar Azərbaycan xalqına vəhşilik törədən və bu gün hakimiyyətdə rəhbər vəzifə tutan canilərdir. Faciədən sonra Ter Petrosyanın Koçaryana “vaxtı deyildi” iradına Kocaryan cavab vermişdi ki, “Əsl vaxtı idi...”

Xocalı faciəsində əsir götürülən qadınların üstlərindəki zinət əşyalarının açılmasına birbaşa arıqlığından o vaxt şineli boğazına keçən Serj Sərkisyan rəhbərlik edib. Etiraz edən qadının qarnını cırıb yerə tökmüşdü ki, bunu da qayıdan əsirdən eşitmişdim. Sonralar xarici mətbuata müsahibə verərkən özlərinə haq qazandıran Sərkisyan belə demişdi :”Onlar bilməliydilər ermənilərlə zarafat etmək olmaz.Onlar inanmazdılar ki, biz dinc əhaliyə əl qaldırarıq. Amma, biz bu ənənəni pozduq.”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi