Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı: “Vətəndaşların əli çatmır” – AÇIQLAMA  

Azərbaycanda ölümlərin 56 faizinin səbəbi açıqlandı: “Vətəndaşların əli çatmır” – AÇIQLAMA  

CƏMİYYƏT

88

20.11.2026, 13:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda ölüm hallarının 56 faizinin ürək-damar xəstəlikləri ilə bağlı olduğu bildirilir. Bu göstərici ölkədə ürək-damar patologiyalarının geniş yayıldığını və ciddi ictimai səhiyyə probleminə çevrildiyini ortaya qoyur. Mütəxəssislər hesab edirlər ki, xəstəliklərin vaxtında aşkarlanmaması və risk faktorlarına nəzarətin zəif olması ölüm hallarının artmasına təsir göstərir. Eyni zamanda, erkən diaqnostika və müntəzəm tibbi müayinələrin aparılması bu xəstəliklərin qarşısının alınmasında əsas rol oynayır. Lakin əhalinin profilaktik müayinələrə müraciət səviyyəsi hələ də qənaətbəxş hesab olunmur. Bu isə mövcud profilaktik tədbirlərin nə dərəcədə effektiv olması ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən səhiyyə eksperti Rasif Bağırov bildirib ki, ölüm risklərinin artması çox vaxt xəstələrin müntəzəm müayinələrdən keçməməyi və öz səhhətlərinə qarşı biganə yanaşmaları ilə bağlıdır:

“Bəzi xəstələr həkimə gəlməyə qorxur ki, birdən bir xəstəliyi çıxar, sonra onu fikir götürər, əsəb sistemi pozular, narahatçılıqlar başlayar. Onun dərdindən hətta gəlib yoxlanmaq da istəmirlər. Bu da əsas səbəblərdən biridir”.

Ekspert qeyd edib ki, digər ən əsas səbəb isə ondan ibarətdir ki, bu gün tibbi sığorta ilə gedib yoxlanmaq xəstələr üçün artıq bir əzab-əziyyətə çevrilib. Uzunmüddətli növbələrin gözlənilməsi, verilən analizlərin vaxtlı-vaxtında verilməməsi, müayinələrin müddətinin çox uzadılması xəstələrdə ikrah yaradır və onlar bundan imtina edirlər. Düşünürlər ki, ən yaxşısı özəl klinikaya getməkdir. Özəl klinikaya gələndə isə müəyyən qiymətlər məsələsi onların qarşısını kəsir. Lap bu qiymət məsələsinin də üstündən keçəndə, əlavə olaraq dərmanların qiyməti xəstələrin qarşısına çıxır. Beləliklə, bu maneələrin hər birini aşmaq bu gün Azərbaycan vətəndaşının hamısının əlinin çatdığı bir səviyyə deyil. 

Rasif Bağırov vurğulayıb ki, bu səbəblərdən insanların həm profilaktik, həm də müntəzəm müayinələrinin və vaxtlı-vaxtında həkimə müraciətlərinin qarşısı alınır, yaxud da bu proses zəifləməyə başlayır:

“Belə proseslər olanda tez bir zamanda qəfləti ölümlər artır. Qəfləti ölümlərin də demək olar ki, 90 faizi, bəlkə də 90 faizindən yuxarısı məhz ürək-damar sistemi xəstəliklərinin nəticəsində baş verir. Xəstələr də buna dözə bilmir. Əlbəttə ki, bu gün xəstələrin həkimə müraciət edə bilməyini asanlaşdırmaqdan ötrü yuxarıda sadaladığım problemlər aradan qaldırılmalıdır. Aradan qaldırılmayanda təbii ki, xəstəyə nə qədər desən də ki, get müayinə olun, get yoxlan, o, necə müayinə olunacaq? Müayinə olunmağın arxasında həmişə maliyyə dayanır. O maliyyə də kifayət qədər olmayanda vətəndaş məcbur olur, hər yerdən əli üzüləndə həkimə getməkdən imtina edir və özünü taleyin ümidinə buraxır. Taleyin ümidinə buraxanda da sonda ölüm hadisələrinin, qəfləti ölümlərin sayı çoxalır və getdikcə o faizlər də qalxır”.

Çimnaz Telmanqızı