Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1343
az

Rəşid Behbudovun məşhur bacısı ölənə kimi oğlunun yolunu gözləyib

12:4403 May, 2018
5050
MÜSAHİBƏ
  • A


 Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməyiblər. Bu baxımdan Azərbaycan filmlərində kifayət qədər yaddaqalan obrazlar var.


Modern.az saytında “Azərbaycan filmlərinin ana obrazı” adlı  yeni rubrikaya start vermək qərarına gəldik. Rubrikada adından bəlli olduğu kimi, yerli filmlərimizin ana obrazlarından yazacaq, onlar haqqında müasir oxuculara daha dolğun məlumat veriləcək.


“Azərbaycan filmlərinin ana obrazı” rubrikasında ilk qəhrəmanı  tanınmış teatr və kino aktrisası, Əməkdar artist Nəcibə Behbudovadır.

Bəlkə də çoxlarına bu ad tanış deyil. Amma “Bəyin oğurlanması”da Bibixanım, “Ulduz”da  Tamam xala, “Fəryad” filmində  erməni axçısı kimi obrazlarla yadda qalan aktrisanı xatırlamaq yəqin ki çətin olmaz... Yeri gəlmişkən, Nəcibə xanım  dünya şöhrətli müğənni Rəşid Behbudovun bacısıdır.


Nəcibə Behbudovanın həyat yoluna onun nəvəsi Ülviyyə Ələkbərova  ilə nəzər salacağıq.

Arayış: Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Əslən qarabağlıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.

1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Səsinin messo-soprano idi. Hətta konsertlərdə müğənni kimi çıxış edib. Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub. Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz və Soxkoz Teatrında çalışıb.

Aktrisa 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərləri işlər görüb. Nəcibə Behbudova Tiflis teatrında repertuarındakı əsas və məcmunca sanballı tamaşalarda çıxış edib.

Tiflisdə Azərbaycan mədəniyyətinə soyuq münasibət yaradıldığına, səhnə sənətimizin inkişafı üçün əngəllər törədildiyinə görə 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb. Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Dram teatrının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurlu daxil olub. 1949-cu ildə Musiqili Komediya Teatrı bağlananda  musiqili qiraət ansamblında çalışıb. Daha çox teatra bağlı olan Nəcibə Behbudova 26 noyabr 1961-ci ildə yenidən Musiqili Teatra qayıdıb və ömrünün sonuna kimi bu teatrda çalışıb.

Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub. Teatr rejissoru Ağaəli Məstanovla evli olan Nəcibə xanımın 2 övladı var: Firuzə və Cəfər.
Oğlu Cəfər Behbudov vaxtilə Azərbaycan estrada sənətində parlayan ifaçılardan olsa da, sonradan Ukraynaya köçüb və hazırda orada yaşayır.


Nəcibə Behbudova 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub.

Bizimlə həmsöhbət olan aktrisanın nəvəsi Ülviyyə Ələkbərova  (Firuzə xanımın qızı) Nəcibə Behbudovanın son anlarına kimi yanında qalan yeganə şəxs olub.


Evin ortancılı, yeganə qız övladı....

Ülviyyə Ələkbərova: “Nənəmgil ailədə 3 uşaq idilər. Ən böyük övlad Ənvər Behbudov, ortancıl Nəcibə Behbudova , evin kiçiyi isə Rəşid Behbudov  olub. Onlar arasında münasibətlər hər zaman yaxşı idi. O, Rəşidi çox istəyirdi və aralarında heç zaman problem olmayıb. Nənəm əslində iki dəfə ailə həyatı qurub. Bunu çoxları bilmir.  Birinci  həyat yoldaşını müharibədə itirib və ondan övladı olmayıb. İkinci dəfə teatr rejissoru Ağaəli Məstanovla ailə qurub. Onlar rus teatrında tanış olmuşdular. Ağəli Məstanovdan iki övladı doğulub: Cəfər Behbudov və  anam Firuzə Behbudova.  Anam konservatoriyanı bitirib, amma bu yolla getmir. Pedaqoq olmağı sevirdi. O iki dəfə ailə qurub və  məndən başqa iki övladı da var: bacım və qardaşım. Dayım Cəfərin isə iki qızı var: Viktoriya və Saida. O da  iki dəfə evli olub”.

Nəcibə Behbudovanın övladları ilə münasibətləri yaxşı olsa, mərhum aktrisa nəvəsi Ülviyyə xanımı daha çox sevirmiş:

“Mən  Nəcibə Behbudovanın yanında qalan yeganə nəvəsi idim. Təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq. Anam ikici dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq – nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi.  Nənəm həm qızını, həm də oğlunu sevirdi. Amma adətən analar oğul övladlarına daha çox düşkün olurlar. Nənəm də tez-tez Cəfərin adını çəkirdi. Anamla isə normal münasibətləri var idi”.


“Onun şəkillərinə baxanda əsəbiləşirdi”

Aktrisanın Ağaəli Məstənovla  qurduğu ikinci ailə həyatı uğursuz olub. Onlar müəyyən müddətdən sonra yollarını ayırıblar. Ülviyyə xanım deyir ki, babasını heç zaman görməyib:

“Babamla yollarını ayırsa da, bu nənəmin həyatına ciddi təsir etməyib. Yəni çətinliyi olmayıb. O, həyat yoldaşı ilə yola getmirmiş. Hər zaman onunla olan şəkillərinə baxanda əsəbiləşirdi. Mən ondan ayrılıqlarının səbəbini soruşanda deyirdi ki, Ağaəli Məstənov qadınlarla çox gəzirdi. Hətta bəzi şəkillərdə babam olan yerləri kəsmişdi. Yəqin xətrinə çox  dəyib”.

Müsahibimizin sözlərinə görə, Nəcibə Behbudova həmişə oğlu Cəfərdən nigaran olub:


“Ona görə  qardaşı Rəşid Behbudovla hər görüşündə Cəfərə kömək etməsini istəyirdi. Dayım Cəfər 80-cı illərdə çox məşhur müğənni olub. Amma o, ölkəni həmişəlik tərk etdi. Həmin vaxt nənəm çox pis olmuşdu. Həmişə onun geri qayıtmasını istəyirdi. Evimizin divarında ailə şəklimiz var idi. O, şəkildə Cəfərə baxıb yolunu gözləyirdi və dayımın gələcəyinə inanırdı. Ömrünün sonuna kimi onu gözlədi...”.


“Televiziyada Rəşidi görəndə ağlamağa başlayırdı”

Nəvəsinin sözlərinə görə, Nəcibə Behbudova gününün çox hissəsini evdə keçirirdi. Ara-sıra teatra gedib kolleqaları ilə görüşən aktrisa həm də yaxşı evdar qadın idi:


“Nəcibə Behbudova deyib-gülən qadın idi. Bəzən hansısa canlandırdığı  obrazları xatırlayır və oxumağa, oynamağa başlayırdı.  Sanki maraqlı tamaşa izləyirdim. Mən də hər çıxışından sonra əl çalıb “bravo” deyirdim. Nənəm əlində olan sonuncu bir şeyini belə mənə verirdi. Tutaq ki, bir manatı var idi. Mən deyirdim ki, nənə mənə pul lazımdı. “Yox, qurtarıb, pulum yoxdu” desə də, axırıncı pulunu mənə verirdi. O belə qadın idi.  Heç kim deyə bilməz ki,  Nəcibə Behbudova pis insan olub.

Nənəm  çox dadlı yeməklər bişirirdi. Xüsusilə də onun bişirdiyi səbzili plovu sevirdim. Günortadan sonra Bulvara çıxıb gəzirdik.  Onunla həmişə kinoteatrlara hind kinolarına baxmağa gedirdik. Məşhur hind aktyoru Rac Kapuru çox sevirdi. Evdə ən çox qardaşı Rəşid Behbudovun mahnılarını oxuyurdu. O rəhmətə gedəndə nənəm çox üzülmüşdü. Sonralar televiziyada Rəşidi görəndə ağlamağa başlayırdı. O, Rəşidi çox istəyirdi. Mən həmişə nənəmə “ağlama” deyəndə, “dözə bilmirəm, onun yoxluğuna alışa bilmirəm”-, söyləyirdi. Nənəm rəhmətə gedəndən sonra televiziyada Rəşid Behbudovu da, nənəmi də görəndə ağlayıram.  İndi başa düşürəm ki, nənəm nə hisslər  keçirib, nəyə görə ağlayıb”.


“Fəryad” onun iştirak etdiyi sonuncu film oldu...

Nəcibə xanım Ceyhun Mirzəyevlə yaxın dost olub. Elə buna görə də “Fəryad” filminə dəvət edilib:

“Ceyhun Mirzəyev hər zaman yeni kinoya başlayanda nənəmi dəvət edirdi.  Nənəm həmişə deyirdi ki, Ceyhun  Mirzəyev “Fəryad” filmini çəkən zaman o qədər həyəcanlanırdı ki, ona görə infarkt keçirib öldü. Onlar tez-tez teatrda görüşür, yaxud qastrol səfərlərinə bir yerdə gedirdilər. Onun sonuncu çəkilişi də “Fəryad”da olmuşdu. Son zamanlarda ancaq Ceyhun Mirzəyev onu kinoya dəvət edirdi. Başqa heç kim çağırmırdı. Bilirsiniz, nənəm Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası olub. Bir dəfə ora gedəndə divarda asılan aktyorların şəkillərini gördüm. Orada işləyən bütün aktyorların şəkli olsa da, Nəcibə Behbudovanın şəklinə rast gəlmədim. Bu məni çox heyfsləndirdi”.

Qırmızı dodaq boyası...

Ülviyyə Ələkbərova deyir ki, Nəcibə Behbudova hər zaman səliqəli və baxımlı olmağı sevirdi:

“Mən nənəmdən çox şey öyrənmişəm. O həmişə “Qadın  baxımlı olmalıdır. Kişilər dağıdandı, amma qadınlar toplayandı”-,deyirdi. Səhər duran kimi özünü səliqəyə salardı, saçını düzəldib daha sonra nahar edərdi.  O həm də qırmızı rəngli dodaq boyasını sevirdi. Bir dəfə xəstə idim və həkim çağırmışdıq. Nənəm birdən “dodaq boyasını vurmaq yadımdan çıxıb” deyib tez qırmızı dodaq boyasını vurub gəldi. (gülür). Baxmayaraq ki, məşhur şəxslərin olduğu ailədə dünyaya göz açıb, amma sadə, o cümlədən də hər kəslə dil tapan biri idi. Qətiyyən kinli insan deyildi”.


“Nənəm, yaşayıram...”

Aktrisa iki dəfəinsult keçirib. Birinci dəfə öhdəsindən gələ bilsə də, ikincidə xəstəliyə məğlub olub:

“O qədər güclü insan idi ki, ilk dəfə insultdan sonra özünü tez toplaya bildi. İkinci  insultdan sonra isə cəmi 5 gün yaşadı. O hətta ayıla bilmirdi. Bilirsiniz, mənə təsir edən həkimlərin insanlar üçün mübarizə aparmaqdan imtina etməsidir. Nəcibə Behbudova insult keçirəndən sonra “o artıq ayılmayacaq” deyirdilər. Mən bunu qəbul edə bilmirdim. 5 gün uzandığı müddətdə mən də onun yanında uzanırdım, ayrılmırdım ondan. 5-ci gündə anamgil  molla ilə bir yerdə gəlmişdilər. “Onu burax, o artıq can verir” deyirdilər. Düzdür, hər şey Allahın əlindədir. Onu məndən ayırıb aparanda 5 gündən sonra ilk dəfə gözünü açıb son nəfəsini verib öldü. Yəni əziyyət çəkmədən rahat ölüb. O öləndə elə bilirdim ki, mən də öləcəm. Amma yaşayıram. Hərdən qəbiristanlığa gedəndə deyirəm ki, “nənəm, yaşayıram”. Həmişə ən çətin zamanlarımda nənəmin yanımda olmasını arzulamışam. Sadəcə qucaqlayıb öpsəydi kifayət edərdi...”.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutuldu: 8 ölü, 21 yaralı var
Orqanizminizi mikroblardan təmizləyin
Azərbaycan incəsənətinə böyük itki: Arif Məhərrəmov vəfat edib - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ